BƏHRUZ BƏY KƏNGƏRLİ ƏNƏNƏLƏRİNİN DAVAMÇISI

 

Onun hər bir əsəri Naxçıvan tarixinin səhifəsidir

 

XX əsr Azərbaycan təsviri sənətinin birinci yarısının özünəməxsus bədii ənənələrlə inkişafı, yalnız taleyini bu sahə ilə bağlayan sənət fədailərinin səmərəli fəaliyyəti sayəsində baş tutmuşdur. Tanınmış fırça ustası Şamil Qazıyev (1908-1980) də belə sənətkarlardan olmuşdur.

 

Qərbi Azərbaycanın İrəvan şəhərində dünyaya göz açan rəssamın həyat və yaradıcılığının əsas hissəsi Naxçıvanla bağlı olmuşdur. Uşaq yaşlarında ailəsi ilə qədim Nuh yurduna pənah gətirən Şamil Qazıyevin üzərinə sonradan burada Azərbaycan rəssamlığının "Səməndər quşu” sayılan Bəhruz bəy Kəngərlidən başlayan ənənəni davam etdirmək məsuliyyəti düşmüşdü. Buradakı səmərəli fəaliyyəti onun adını əbədiyyətə  qovuşdurmuşdur, desək, yanılmarıq.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Görkəmli rəssam Şamil Qazıyevin 110 illik yubileyinin keçirilməsi haqqında”  2018-ci il 1 fevral tarixli Sərəncamını da onun zamanında gördüyü işlərə verilən qiymətin göstəricisi hesab olunmalıdır. Muxtar respublika rəhbərliyinin  diqqət və qayğısı ilə Ş.Qazıyevin albom-kataloqunun nəşr olunmasını, fərdi sərgisinin təşkil edilməsini və nəhayət, onun 110 illik yubileyi ilə bağlı elmi konfransın keçirilməsini də  görkəmli rəssamın xatirəsinə ehtiramın ifadəsi saymaq olar. Qənaətimizcə, bu tədbirlər onun yaradıcılıq ənənələrinin yaşadılması, təbliği, gələcək nəsillərə çatdırılması yolunda yaddaqalan töhfələr olmuşdur...

 

        Azərbaycanın görkəmli rəssamı, Naxçıvan rəssamlıq məktəbinin yetirməsi Şamil Həsən oğlu Qazıyev Bəhruz bəy Kəngərli irsinin davamçısıdır. Şamil Qazıyevin müraciət etdiyi mövzular arasında özünün məşhur sələfinin bir vaxtlar çəkdiyi "Qaçqınlar”, "Şəlalə”, "Kəndə gedən yol”, "İmamzadə”, "Qızlar bulağı”, "İlanlı dağ” və  digər motivlərə müraciətlərə rast gəlirik.

 

        Onun "Köhnə İmamzadə”, "Qaçqınlar”, "Qızlar bulağı”, "Şəlalə” və sair əsərləri bu qəbildəndir. Bəhruz bəy Kəngərlinin istər teatr, istərsə də rəngkarlıq sahəsində yolunu davam etdirən Şamil Qazıyev ustadın irsinə-bədii ənənələrinə sadiq şəkildə fəaliyyət göstərmişdir. Əsərlərini realist-gerçəkçi üslubda işləməsi də bunun göstəricisidir.

 

        Rəssamın  ömür yolu üç şəhərlə bağlı olmuşdur. 1908-ci ildə tarixi dədə-baba torpağımız olan qədim İrəvan şəhərində dünyaya göz açan, qayğısız uşaqlıq illərini burada keçirən Şamil, on üç yaşında ikən ailəsi ilə Naxçıvana köçmüşdür. Naxçıvan Dövlət  Dram Teatrında çalışdığı 14 il ərzində onlarla tamaşanın quruluşçu rəssamı olmuşdur. Həmin illərdə həm də bu gün muzeylərdə qorunan "Köhnə Naxçıvan silsiləsi”ni yaratmışdır. O, 1929-cu ildən fəaliyyətini Naxçıvan Pedaqoji Texnikumunda davam etdirmişdir. 1939-cu ildə isə Naxçıvanda şəxsi təşəbbüsü ilə rəssamlıq məktəbinin açılmasına nail olmuşdur. Lakin bu məktəb müharibənin başlanması səbəbindən cəmi iki illik fəaliyyətdən sonra bağlanır. Elə həmin illərdə, daha dəqiq desək, 1944-cü ildə Şamil Qazıyev hərtərəfli yaradıcılıq fəaliyyətinə görə muxtar respublikada ilk dəfə olaraq yenicə təsis olunmuş "Naxçıvan MSSR Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülür.

 

Ömrünün  coşqulu gənclik illərini sənətə həsr etmiş fədakar rəssam, yaradıcılığının zirvəsində olmasına baxmayaraq, 1948-ci ildə sənət mərkəzi sayılan Bakıya köçür. Ömrünün sonunadək "Azərbaycan gəncləri” qəzetində işləyir. Ömür yolunda dərin iz buraxmış Naxçıvan mühiti, doğma teatrla və digər sənət qayğıları ilə dolu gənclik illəri rəssamla yanaşı, onun yaradıcılıq səylərinə şahidlik edənlər üçün  çox yaddaqalan olmuşdur. Məhz  bu səbəbdən də Şamil Qazıyev Bakıda fəaliyyət göstərməsinə baxmayaraq, ömrünün sonuna iki il qalmış - 1978-ci ildə Naxçıvanda rəssamın fərdi sərgisi təşkil edilmişdir.

 

        Bu gün köhnə Naxçıvan foto-şəkillər, kino-kadrlar vasitəsilə göz önündə canlanırsa, Şamil Qazıyevin  tablolarında onların cəlbedici və yaddaqalan bədii təcəssümünü seyr edirik. Bu cəhətdən onun əsrarəngizliyi danılmaz olan hər bir tablosu olduqca diqqətəlayiqdir. Rəssamın hər bir əsəri  Naxçıvan tarixinin bir səhifəsidir desək, yanılmarıq. Tabloları seyr etdikcə XX əsr Naxçıvan şəhərinin, küçələrinin, evlərinin görünüşü, insanların geyimləri, məişəti, adət-ənənələri kino-kadr kimi gözümüzün önündə canlanır. Əsərlərindən birində Naxçıvan hamamlarının daxili quruluşunu, köhnə Naxçıvan sakinlərinin geyimini, hamam adət-ənənəsini təbiiliyi ilə canlandıran rəssam, uzaq-yaxın keçmişi bədii tutumda tarixə qovuşdurmuşdur.

 

        Bənzərsiz Naxçıvan təbiəti, doğma diyarın "tanınma nişanı”na çevrilən təbiət motivləri Şamil Qazıyev yaradıcılığının ana xəttini təşkil edir. Əcəmi yurdunun, onun ecazkar təbiətinin vurğunu olan rəssam, müşahidə etdiyi doğma təbiət motivlərini sonsuz məhəbbətlə sevmiş, onları əlvan boyalarla vəsf etməkdən doymamışdır. Rəssamın Naxçıvanın tarixi, təbiəti, adət-ənənələri, həyat və məişəti ilə bağlı çəkdiyi "Çoban”, "Xırmanda”, "Qalayçılar”, "Dəyirman”, "Lavaşyapanlar”, "Qaçqınlar”, "Çarıqçılar”, "Öküzlərin nallanması”, "Örtülü bazar”, "Naxçıvan hamamı”, "İnqilabaqədərki Naxçıvan”, "Naxçıvanda köhnə həyət” kimi əsərlər keçmiş tariximizin və mədəniyyətimizin öyrənilməsi üçün olduqca mühüm əhəmiyyətə malikdir. Tarixi-etnoqrafik baxımdan dəyərli olan "Lavaşyapanlar”, "Çarıqçılar”, "Qalayçılar”, "Öküzlərin nallanması” və sair əsərləri bizi bir anlıq köhnə Naxçıvanın küçə və meydanlarına aparır... Atların ayaq səsləri, insanlarla dolu, səs-küylü küçələrin kənarında oturub öz işini görən sənətkarlar və digər həyati motivlər rəssamın insan əməyinə heyranlığının təcəssümüdür. Adət-ənənəyə bağlılıq, Vətəni sevmək, ailəsinə bağlılıq əslində ona atası Həsəndən qalmış bir miras idi. Ziyalı ailədə doğulan rəssamın dünyagörüşünün formalaşmasında  atasının əvəzsiz rolu olub, desək, həqiqəti söyləmiş olarıq.

 

        Danılmaz həqiqətdir ki, əksər dünya rəssamları, o cümlədən də bir çox Azərbaycan rəssamları ən mühüm - şedevr əsərlərini ömürlərinin sonlarında yaratmışlar. Bunun da səbəbi yəqin ki, yetkin və püxtələşmiş yaş dövrünün özünəməxsus yaradıcı ab-havası ilə bağlıdır. Məhz bu incə məqam Şamil Qazıyev yaradıcılığında da duyulmaqdadır.

 

Qeyd etdiyimiz kimi ömrünün 32 ilini (5 il tələbəlik dövrünüiki il qəzetdə işlədiyi illəri də əlavə etsək 39 il olur) Bakıda yaşayan görkəmli sənətkarın duyulası kamillik çağlarında Naxçıvanı tərənnüm etmək istəyi də, heç şübhəsiz, dərin düşüncənin, rəssam ürəyinin səsi ola bilərdi. Sanki rəssam doyunca gəzsə də, doya bilmədiyi torpaqları, həmin o gənclik xatirələrini müdrik fırçasının köməyi ilə bir daha canlandırmaq istəmiş, hər tablosunda vəsf etmişdir. Bu hərarət, məhəbbət, gənclik eşqi, yaddaşın təravətli izləri tablolardakı rənglərdə də özünü büruzə vermişdir.  Onun 1977-ci ildə - bu təmiz, ilahi hisslərin "simfoniya”sında növbəti tablolarından birini – "Köhnə qala” əsərini yaratması da bunun göstəricisidir...

 

Tablonun mərkəz hissəsində boyaların solğunisti çalarları ilə vəsf etdiyi Köhnə qalanın istinad divarları rəssamın tərənnüm etdiyi vaxtlardan sonra təbii aşınmaya məruz qalsa da, son illərdə dövlətin qayğısı ilə bərpa olunmuş və xalqın istifadəsinə verilmişdir. Əvvəllər yalnız Şamil Qazıyevin tablosunda gördüyümüz, tarixi mənbələrdə oxuduğumuz bu məkan bərpadan sonra bizə şərait yaratmışdır ki, tarixin bir parçası ilə qovuşaqürur hissi keçirə bilək. Tarixi abidələrimizin bərpasında, onların əvvəlki görkəminin qaytarılmasında vasitəçi olan rəssamlarımızdan biri də məhz Şamil Qazıyev olmuşdur.

 

Köhnə qala

 

        Şamil Qazıyevin "Köhnə qalatablosunda əzəmətli qala, türk-islam mədəniyyəti tarixini yaşadan İmamzadə türbəsi, yolda sürətlə çapan atlı, zəncirvari dəvə karvanı görünür. İmamzadə türbəsindən bir qədər aşağı hissədə qəbiristanlıq təsvir olunub. Günümüzə bu mənzərədən qalan, yeni bərpa olunmuş Köhnə qalanın divarları və İmamzadə türbə kompleksidir. Yeni şose yolu, müasir yaşayış binaları, yol kənarı yaşıllıqlar, insanların istirahəti üçün nəzərdə tutulmuş məkanlar, bərpa olunmuş Nuhun türbəsi və digər tikintilər Naxçıvanın nə qədər də inkişaf etdiyini göstərir.

 

XIX əsrin əvvəllərində Naxçıvan

 

        Şamil Qazıyevin köhnə Naxçıvanı, onun təbiətini, abidələrini, adət-ənənəsini, sakinlərini tərənnüm edən tablolarını bütünlükdə "Köhnə Naxçıvan” silsiləsi adlandırmaq olar. Bu gün Naxçıvan Dövlət Tarix Muzeyində qorunan "Köhnə Naxçıvan” silsiləsinə daxil olan əsərlər keçmiş tariximizi yaşatmaq baxımından böyük əhəmiyyətə malikdir. Rəssam Bakıda yaşadığı illərdə də "Köhnə Naxçıvan” silsiləsinə həsr etdiyi tablolarında köhnə Naxçıvanın hər bir guşəsini xüsusi qayğı və dəqiqliklə kətanda əbədiləşdirməyə çalışmışdır. Heç şübhəsiz ki, bu tablolar gələcək nəsilləri düşünən rəssamın uzaqgörənliyinin nəticəsi idi.

 

Onun yağlı boya ilə təsvir etdiyi "XIX əsrin əvvəllərində Naxçıvan” və yaxud "İnqilaba qədərki Naxçıvan” tablosunda doğma yurduna olan sonsuz sevgisini görməmək mümkün deyil. Təmiz, aydın, şux, al-əlvan rənglərin sehrində köhnə Naxçıvan sanki seyrçinin gözləri önündə bütün reallığı ilə canlanır. Şamil Qazıyevin bu və digər əsərlərinin əhəmiyyətli cəhəti haqqında o dövrün mətbuatı belə yazırdı: "Bu təsvirlərdə Azərbaycanın ən qədim guşəsi olan Naxçıvanın keçmiş tarixinə, etnoqrafiyasına, adətlərinə aid təsəvvürlər öz əksini tapmışdır".

 

Rəssamın tabloda canlandırdığı "Xan diki”, onun ərazisində olan Möminə xatın türbəsi, şəhərin mərkəzi ilə axıb gedən və indiki "Qızlar bulağı”nda gözəl bir şəlaləyə çevrilən Bazar çayı, eləcə də təsvir etdiyi neçə-neçə tarixi məkanların  nə qədər də dəyişildiyi adi gözlə belə görünəndir. Sadə, köndələn evlər, zəhmətkeş insanlar, tağlı körpü, tarixi abidələr, məscid, qızılı-sarı torpaq, kələ-kötür yollar... Bu mənzərələr günümüzlə müqayisədə tamamilə fərqlidir. Buna baxmayaraq bu əsərlər günü-gündən müasirləşən müasir Naxçıvandan köhnə Naxçıvana bir anlıq səyahət, insanı keçmişi, tarixilə görüşdürür, onun mənəviyyatını zənginləşdirir. Mübaliğəsiz deyə bilərik ki, rəssama başucalığı gətirən, yaradıcılığını xalqına sevdirən, onun yurduna bəslədiyi elə bu cür sonsuz məhəbbəti olub.

 

        Bu gün dünyanın ən böyük və məşhur sənət saxlanclarından biri olan Moskvanın "Tretyakov qalereyası”nda görkəmli sənətkarın "Çoban” adlı əsərinin sərgilənməsi hər birimizi qürurlandırır. Bu, əslində, həm də doğma Azərbaycanımızın təbliği deməkdir. Odur ki, onun bizə miras qoyduğu, bədii-tərbiyəvi əhəmiyyətə malik, vətənpərvərlik hisslərilə dolu, bütünlükdə Vətənin tərənnümünə həsr olunmuş zəngin bədii irsinin əbədiyyətə qovuşması da birmənalıdır. Bu da onun bir sənətkar kimi həyatda əldə etdiyi ən böyük qazanc sayılmalıdır...

       

FİZZƏ QULİYEVA

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil

Ədəbiyyat İnstitutu  Təsviri    dekorativ-tətbiqi

sənətlər şöbəsinin müdiri, Azərbaycan Rəssamlar

İttifaqının üzvü

 

Kaspi  2018.- 24 aprel.- S.15.