Əsərləri ilə bütün
Turan coğrafiyasını taclandıran alim
Əjdər İsmayıl:
“İdeoloji cəbhədə vuruşmaqdan qürur duyuram”
Ömrün 80-ci ili onun üçün təkcə xatirələr yükü deyil, həmçinin yaşayıb-yaratmaq eşqidir, ölkəsinin, vətəninin, xalqının haqq səsini dünyaya yaymaq savaşıdır, həqiqəti uğrunda mücadilədir. Həyatının pillələri ilə geriyə boylananda qürur duymalı, fərəhlənməli çox şey - elmin, ictimai-siyasi fəaliyyətin, vətəndaş mövqeyinin gərgin və yorulmaz izləri var. Bu illər, onu xalqının haqq səsini dünyaya tanıdan görkəmli alim, cəsarətli, yorulmaz vətəndaş, fədakar aydın kimi tanıdıb. "Milli tariximizin qoruyucusu, yazdığı əsərlərlə bütün Turan coğrafiyasını taclandıran” deyərək, alimə dəyər verən professor Aygün Attarın fikirlərini xatırlamaq kifayətdir ki, "Türk ilinin alimi” adlandırdığı şəxsiyyətin ölkəmizin və xalqımızın naminə gördüyü işlərə aydınlıq gəlsin: "Milli həssaslığı ilə ünlü olan qiymətli alimimiz doğruları söyləməkdən çəkinməyən mədəni, cəsarətli və kişiliyi ilə örnək olan bir şəxsiyyətdir. Bütün əsərlərində bilinəni deyil, bilinməyənləri gündəmə daşıyan, araşdırmalarında ilklərə imza atan bir bilim insanıdır Əjdər İsmayılov”. Aygün Attar ustadını yaxın tariximizdə - vətənin çətin günlərində əlini daşın altına qoyan və heç bir qarşılıq gözləmədən fədakarlıq edən dəyərli aydın, sədaqətli dost və örnək şəxsiyyət kimi dəyərləndirir: "Əjdər İsmayılov ən gözəl və ali mükafatları haqq etsə də, məncə, onun ən uca mükafatı Türk millətinin qəlbində tutduğu yerdir”.
Şərurdan başlayan yol
Türkçü alim haqqında tanınmış professorun ürək sözləri Əjdər İsmayılovun (Tağıoğlu) tərcümeyi-halına nəzər salmağa sövq edir. Həyat yolu isə 80 il bundan öncə Naxçıvanın Şərur rayonunun Çomaxtur kəndindən başlayıb. Daşlı-kəsəkli kənd yolları onu böyük arzulara qovuşdurub, vətəninin, xalqının təəssübünü çəkən, onu yağıların hədyanlarından qoruyan fədakar ziyalı kimi yetişdirib.
Əjdər İsmayılov 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra Teatr İnstitutunun rejissorluq fakültəsində oxuyub, rejissor Mehdi Məmmədovun və aktyor Rza Təhmasibin tələbəsi olmaq xoşbəxtliyinə nail olub. Taleyinə doğulub boya-başa çatdığı kənddə müəllim, məktəb direktoru işləmək də yazılıb. Sonra Daxili İşlər Nazirliyində çalışıb, "Şərq qapısı” qəzetinin əməkdaşı olub. Naxçıvan Dövlət Universitetinin ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent və professor kimi çalışmaları isə onun təkcə təcrübəsini cilalamayıb, həmçinin gələcək arzularına, məqsədlərinə mayak olub.
1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı olan Ə.İsmayılov, akademik Məmməd Arif Dadaşzadənin rəhbərliyi altında "Hüseyn Cavidin tarixi dramları” ("Peyğəmbər”, "Topal Teymur”, "Səyavuş”, ”Xəyyam”) mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Uğurlu elmi işi gənc alimi 1982-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında təsdiq edilmiş "Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi” mövzusunda doktorluq dissertasiyası ətrafında araşdırmalara başlamağa ruhlandırıb. Əjdər İsmayıl dahi mütəfəkkirin yaradıcılığının ideya-fəlsəfi, bədii-mifoloji köklərini nəinki açıb göstərib, həmçinin dramaturqun yaradıcılığındakı milli və ümümbəşəri xüsusiyyətləri tədqiq etməyə müvəffəq olub. "Şərqin bədii-fəlsəfi təfəkkürünə bağlılıq, dünya mədəniyyətinin sərvətlərindən bəhrələnmək, eyni zamanda, orijinal düşüncə tərzi, müstəqil axtarışlar yolu ilə yüksəlmək Cavid şəxsiyyətinə, Cavid sənətinə təbiətən xas olub. Hüseyn Cavid istər ətraf mühitə, istər yaratdığı bədii gerçəkliyə, oxuduğu, öyrəndiyi sənətkarların dünyasına öz dühasının demonik-yaradıcı gücü ucalığından baxmağı bacarırdı. Filosof-şairin istedadının bu demonik-yaradıcı gücü romantizminin bənzərsiz zənginliyində təcəssüm tapıb” yazan görkəmli alim, cavidşünaslıqla bağlı araşdırmalarının məqsədini açıqlayır.
Ə.İsmayılov Hüseyn Cavid yaradıcılığına aid silsilə məqalələrin, mənəvi keçmişimizlə bağlı elmi araşdırmaların, ictimai-siyasi mövzuda olan bir sıra əhəmiyyətli yazıların, ölkəmizin müstəqilliyi uğrunda apardığı mübarizə və Yeni Azərbaycan Partiyasının yaradılmasında xüsusi fəaliyyətləri barədə kitabların müəllifidir.
Professor ictimai-siyasi fəaliyyəti üçün özünü qələmə borclu sayır: "Qələm xalqın səsidir. O xalq, mənə çörək, həyat verib. Məni doktor, professor kimi ən ali ad və zirvələrə ucaldıb. Həyatım həmin nöqtə ilə başlayıb və həmin nöqtə ilə də sona çatacaq”.
"Heydər Əliyev tərəfdarları”
Əjdər İsmayılov məşhur "91-lər”dən, YAP-ın ən fəal qurucularından biridir. Söhbət düşəndə həyatında unudulmaz izlər buraxan o illəri həm də qürur hissi ilə xatırlayır: "1990-cı illər qanlı fəlakət illəri idi. Həmin illərdə xalqa olan borcumu ödəməyə çalışmışam. Xalq torpağa, vətənə bağlı olan oğlanları həmin borcu ödəməyə haraylayırdı. Gecəli-gündüzlü həmin borcu verməyə çalışmışam. O dövrdə Naxçıvan Dövlət Universitetində ədəbiyyat kafedrasında müəllim işləyirdim. Naxçıvanın olduqca çətin günləri idi. Ermənilər Naxçıvanı hədələyirdi. Xalq ehtiyat edirdi. Bunlara baxmayaraq, onlar Naxçıvan torpaqlarına yaxın gələ bilmədilər. İgidlərin hesabına Naxçıvan əhalisi 200 illik dəmir-pərdəni götürməklə, Kremlə öz hədələrini göndərdi. Onları sökəndə insanlar yatmırdı. O dövrdə ruslar bir plan cızdılar və həmin planları baş tutmadı. Bir sözlə, bütün xalq ayağa qalxdı. Mən də bir ziyalı kimi hər zaman xalqın yanında idim. Çıxışlarımla xalqa düzgün biliklər çatdırırdım. Bütün imkanlarımdan istifadə edirdim”.
1992-ci ilin avqust ayında o, Şərur rayonunda ziyalılardan ibarət "Heydər Əliyev tərəfdarları” təşəbbüs qrupunu yaradıb, bir neçə ayda otuz iki mindən artıq tərəfdarı siyahıya aldırmışdı. Şərurluların bu fəaliyyəti YAP-ın Naxçıvan şəhərində keçirilən təsis konfransının tarixi əsasını qoymağa kömək edir. 1993-cü ilin 27 yanvarında ulu öndər Heydər Əliyevin iştirakı ilə keçirilən YAP-n Şərur təşkilatının təsis konfransında Əjdər İsmayılov çıxışında vurğulayır: ”Quracağımız dövlətin heç bir strukturunda işə getməyəcəyimə and içirəm. Ancaq Vətənimizi hədələyən fəlakətlərdən qorumaq üçün Allahın yolladığı bu müdrik xilaskarı biz həyatımız bahasına olsa da, qorumalıyıq”. Ə.İsmayıl ulu öndəri əvəzolunmaz şəxsiyyət, dahi insan və müdrik dövlət rəhbəri kimi dəyərləndirir və yazılarında xüsusi qeyd edir: "Belə insanlar xalqa əsrdə bir dəfə qismət olur. Azərbaycan xalqının bəxti o zaman gətirdi ki, ölkənin elə bir çətin dövründə Heydər Əliyev köməyə gəldi. Onun xalqa və gənc dövlətə yardım əlini uzatması ilə bir çox problemlər öz həllini tapdı. Heydər Əliyevin köməyi olmasaydı, tək müstəqillik yox, millətimiz yer kürəsindən silinə bilərdi. Ulu öndərin hakimiyyətə gəlməsi ilə xalq bu çətin günlərdən qurtuldu və çətinlikləri arxada qoydu. Bir sözlə, xalq, ağ günə çıxdı”.
Ermənilərə layiqli cavab
Görkəmli alim elmi, tarixi araşdırmalarını davam etdirir. Yaşının bu çağında tükənməz həvəs və sevgi ilə ölkəmizin həqiqətlərini araşdırır, türk dünyasına töhfələrini verir. Əjdər Tağıoğlu (İsmayılov) cavidşunaslıqla bərabər, türkçülüyə aid bir sıra monumental əsərlərin müəllifidir. 2016-cı ildə "Moisey Xorenatsi anonim keşiş müəllifdir” adlı elmi tarixi əsəri elm adamları tərəfindən "erməni tarixşunaslığının şah damarını kəsən əsər” və "Azərbaycan tarixşünaslığında yeni istiqamət” kimi qiymətləndirilib. Tədqiqat əsəri geniş oxucular tərəfindən rəğbətlə qarşılanıb. "Bir xalqın ki, tarixşünaslığının bünövrəsində "erməni tarixinin atası” hesab etdikləri Moisey Xorenatsi kimi anonim keşiş "tarixçi” dayana, "yazı mədəniyyətinin” başında, hətta guya başqa xalqlara da "Əlifba” tərtib edən, onlara da "yazı mədəniyyəti” və "xristianlıq maarifi” gətirən "Mesrop Maştos” adında fırıldaqçı cahil anonim keşiş dayana, o xalqın qədim mənəviyyat, mədəniyyət və dövlətçilik tarixindən danışmaq elmi cəhalətdir, nadanlıqdır, cahillikdir”- deyə alim izah verir: "Yunandilli Kilikiya kilsəsində anonim keşiş Moisey Xorenatsinin adına "Hayistan tarixi” adlı əsər XIV əsrdə (Q.A.Xalatyants) tərtib edilib. Kitabın cildində yazılmış "Hayistan” toponiminin çağdaş erməni xalqının nə mifoloji, nə də rəvayət "tarixləri” ilə heç bir əlaqəsi yoxdur. Çünki "Hayistan” toponimi Xaldey tarixçisi Berosun (m.ö. III əsr) "Babil tarixi” ("Vaviloniya”) kitabından götürülmüş babilli Haykın mifoloji şəxsiyyəti ilə bağlıdır. Onu da xatırladaq ki, Kilikiya kilsəsi tərəfindən babilli Haykın şərəfinə Anadolu Türkiyəsi ərazisində "təşkil edilmiş” "Hayistan” adında əfsanəvi hay "dövləti” heç zaman torpağa köçürülməyib, əfsanədən gəldiyi kimi, əfsanədə də qalıb”.
Məfkurəli yolda nümunə
Əjdər İsmayılov gənclərə "Ayağının altındakı torpağın müqəddəsliyini qoruyun. Vətən yolunda döyüşkən, mərd və cəsur olun. Şəxsi hisslərlə yaşamayın, Vətəni daim işıqlı səhərlərə aparan yolun yolçuları olun” kimi ağsaqqal tövsiyəsi də var: "Həyat insana bir dəfə verilir ki, onu riyakarlıqla, nankorluqla, kor mədəyə qul olaraq yaşamaqdan uzaq olsunlar. Həyati çətinliklər olsa da, öz ideyalarından dönməməlidirlər. Necə ki, Nəsiminin dərisi soyuldu, öz ideyalarının qurbanı oldu və nəticədə Azərbaycan tarixində özünün möhtəşəm heykəlini qoydu. Biz ağsaqqallar töhfə və nəsihətlərimizlə cavanlara hər zaman kömək etməli, məfkurəli yolda nümunə olmalıyıq”.
Görkəmli alimin yaşadığı ömür yolu özünün dediyi kimi mənalı, lazımlı və nümunəvi olduğu üçün qürur duymağa haqqı var: "Mən Heydər Əliyev siyasətinin əsgəri olaraq, müstəqil Azərbaycan uğrunda mübarizə illərimizdə qan içərisində boğulan xalqımızın fəlakətdən xilası naminə, ailə-uşağımın taleyini düşünmədən, ölümlə göz-gözə dayandığım kimi, bu gün də ümummilli liderimizin ruhu ilə qələmə sarılıb, səngərdə əlində silah qəddar və şərəfsiz düşmənlə üz-üzə dayanmış, canımız, qanımız övladlarımızla çiyin-çiyinə, qələmimlə ideoloji cəbhədə vuruşmaqdan vətəndaş-ziyalı qüruru duyuram!” deyir.
Biz isə vətəndaş-ziyalı Əjdər İsmayılova bundan sonrakı fəaliyyətində tükənməz enerji və cansağlığı arzulayırıq!
Təranə Məhərrəmova
Kaspi 2018.- 25 aprel .- S.15.