Hökmdar və onun
qırğısı
Çingiz xan həm böyük
hökmdar, həm də güclü sərkərdə idi.
Öz ordusunu Çinə və İrana yeritmiş, çoxlu torpaqları fəth etmişdi. Bütün ölkələrdə
insanlar onun şücaətindən danışır,
deyirdilər ki, makedoniyalı İsgəndərdən
sonra hələ Çingiz xan kimi hökmdar dünyaya gəlməyib.
Bir gün müharibələrdən vətəninə
qayıdandan sonra o meşəyə gəzməyə
çıxdı. Dostlarının çoxu da onunla birlikdə idi. Onlar at belində yol
gedir, ox və yaylarını da götürmüşdülər. Onların arxasınca isə nökərlər gəlirdi,
ov itləri də yanlarında.
Gülüş səsləri meşəni
başına götürmüşdü,
hər biri axşam qayıdanda evə daha çox
ov aparmaq istəyirdi.
Çingiz xanın sevimli qırğısı da onun biləyi üstündə idi, həmin vaxtlarda qırğıları da əhliləşdirib ova aparırdılar. Sahibləri işarə
verən kimi qırğılar havaya qalxır, ətrafa göz gəzdirib ov axtarırdılar.
Elə ki onlar hardasa
ceyran yaxud dovşan görürdülər,
ox sürətilə ovlarına
doğru şığıyırdılar.
Bütün günü Çingiz xan və adamları
meşədə at çapıb
ov etdilər. Amma onlar
gözlədikləri kimi
çox ov tapa bilmədilər.
Axşama yaxın onlar evə qayıtmağa hazırlaşdılar. Çingiz xan
o meşədə çox
olmuş, çox at çapmışdı, ona
görə də meşənin hər cığırına bələd
idi. Onun dostları ən
yaxın yolla evlərinə qayıtdı.
Çingiz xan isə uzaq yolla,
iki dağın arasındakı dərədən
keçib evinə qayıtmağa qərar verdi.
Həmin gün hava çox
isti olmuş, hökmdar çox susamışdı. Sevimli qırğısı da uçub getmişdi, çox güman ki, birbaşa hökmdarın evinə uçmuşdu.
Hökmdar susadığından atını
yavaş-yavaş çapırdı. Yadına düşdü
ki, bir dəfə
cığırın yaxınlığında
bir bulaq görüb. O həmin
bulağı tapmağı
çox arzulayırdı.
Yay isti keçdiyindən dağ çaylarının
da çoxu qurumuşdu.
Nəhayət, o qayanın qırağından
su damcıladığını
görüb çox sevindi. Bilirdi ki, qayanın
yuxarısında bulaq
var, su da
ordan damcılayır.
Adətən payız, qış
aylarında bu yerdən daha çox su damcılayırdı,
amma indi yalnız hərdənbir bir damcı su düşürdü.
Hökmdar atdan düşdü, ov çantasından gümüş fincanını
çıxartdı, fincanı
elə tutdu ki, yavaş-yavaş damcılayan su onun içinə düşsün. Fincanın dolmağı çox
uzun çəkəcəkdi,
hökmdar çox susamışdı, gözləməyə
səbri çatmazdı.
Su fincanın yarısına çatanda
o fincanı ağzına
yaxınlaşdırıb içmək
istədi. Elə
bu vaxt başı
üstdən səs gəldi, bir an sonra o gördü
ki, gümüş fincan əlindən yerə düşüb, içindəki su da dağılıb.
Hökmdar başını yuxarı
qaldırdı, bilmək
istədi ki, fincanı onun əlindən kim
salıb. Məlum oldu ki, onun sevimli qırğısı
edib bu işi.
Qırğı bir neçə dəfə havada dövrə vurdu, sonra yenidən qayanın təpəsindəki
bulağın yanında
yerə endi.
Hökmdar fincanını yerdən
götürdü, onu
yenə də yuxarıdan daman suyun altına tutdu.
Bu dəfə də
o çox gözləyə
bilmədi, su fincanın yarısına çatanda fincanı ağzına yaxınlaşdırdı. Amma dodağı
fincana dəyməmiş
qırğı yenə
də sürətlə
aşağı şığıdı
və fincanı vurub onun əlindən
yerə saldı.
Hökmdar bu dəfə çox hirsləndi. O fincanı
yenə də əvvəlki kimi tutdu, su damcı-damcı
düşüb fincanın
yarısına çatanda
içmək istədi.
Sevimli qırğısı bu dəfə də ona mane oldu.
Hökmdar qəzəblənib özündən
çıxdı. O, qəzəblə
qışqırdı:
– Axı sən niyə belə hərəkət edirsən?
Səni tutsam boğazını üzdürəcəm!
Sonra o fincanını
bir də doldurdu, bu dəfə
fincanı dodağına
yaxınlaşdırmazdan qabaq
qılıncını qınından
çıxartdı.
– Hə, cənab qırğı! Bu dəfə də suyu içməyimə
mane olsan boğazını
üzdürəcəm.
Hökmdar sözünü deyib qurtarmamış qırğı
yenə də sürətlə aşağı
şığıdı, fincanı
Çingiz xanın əlindən yerə saldı. O elə bu anı gözləyirdi, qırğı havaya uçanda qılıncla ona zərbə endirdi.
Bircə
an sonra yazıq
qırğı al qana
boyandı və yerə düşüb sahibinin ayağı altında öldü.
– Mənə verdiyin əzab-əziyyət üçün
cəzanı verdim! – Çingiz xan dedi.
Sonra o fincanını
axtardı, məlum oldu ki, fincanı
iki qayanın arasına düşüb,
heç cür onu ordan götürə
bilməzdi.
– Eybi yoxdur, mən
qayanın başına
çıxıb bulaqdan
su içərəm,
– o, öz-özünə dedi.
O çox çətinliklə
qayanın başına
qalxdı, qayaya dırmaşmaq onu lap yordu, indi susuzluqdan
onun ciyəri yanırdı.
Nəhayət, o axtardığı bulağı
tapdı. Amma bulağın içində
nə olsa yaxşıdır? Çox zəhərli,
yekə bir ilan ölüsü bulağın içində
idi.
Hökmdar ilan ölüsünü görüb dayandı. Hətta susuz
olmağı da yadından çıxdı.
O qırğını fikirləşdi,
qılıncı ilə
al qanına boyadığı
qırğını.
– Ah, qırğı mənim həyatmı xilas etdi! Bəs mən onun borcunu
necə qaytarım! O,
mənim ən sevimli dostum idi! Mən onu
ölürdüm, – Çingiz
xan təəssüflə
dedi.
O qayanın başından düşdü, bayaqkı
yerinə çatıb
qırğının cəsədini
əlinə aldı, onu ov çantasına
qoydu. Sonra atına minib
evinə tərəf sürdü. Yol boyunca öz-özünə
eyni sözləri təkrar edirdi:
– Bu gün mənə həyat dərs aldım: Acıqlı olanda heç nə etmə!
Ceyms Baldvin
İngilis dilindən tərcümə
edən: Sevil Gültən
Kaspi 2018.- 28-30 aprel.- S.15.