Nurlu ömrün bitməz
dastanı
Ona olan məhəbbət xalqın
ürəyində sevgi abidəsi kimi ucalacaq
Ömrünü sevdiyi peşəsinə həsr edən,
daxili keyfiyyətləri ilə daim seçilən, xalqın
yaddaşında yaşayan şəxsiyyətlər həmişə
qürur hissi ilə yad edilir. Öz
varlığı ilə bu millətin, xalqın gələcəyinə
nur saçan biri, çətin ki, unudulsun. 28 Aprel Azərbaycanın tarixində silinməz iz
qoyan qadınlardan biri - Azərbaycanın görkəmli
oftalmoloqu, akademik Zərifə Əliyevanın doğum
günüdür. Zərifə Əliyeva
istedadlı alim, qayğıkeş ana, tanınmış
ictimai xadim, bacarıqlı və bilikli alim kimi tarixdə
öz layiqli yerini tutub.
Analıq
missiyasını sevdiyi peşəsi ilə birləşdirən
qadın
Əsl Azərbaycan
qadınının obrazını öz simasında təcəssüm
etdirən Zərifə Əliyeva, müasir, müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu, bütün mənalı
ömrünü vətəninin və xalqının tərəqqisinə
həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider
Heydər Əliyevin vəfalı ömür-gün
yoldaşı, sədaqətli dostu və etibarlı
silahdaşı, mənəvi dayağı olub. O, hər
şeydən əvvəl, bir qadın, bir ana idi. Görkəmli alim övladlarına çox
bağlı, onların tərbiyəsi üçün
bütün enerjisini sərf edən valideyn olub. Analıq missiyasını sevdiyi peşəsi ilə
birləşdirən bu xanımı bir qadın, bir alim və
həkim kimi cəmiyyətin inkişafına xidmət edən
ailəsindən ayrı düşünmək mümkün
deyil. Ailəsinə bu qədər
bağlı bir xanımın ölümü nəinki
yaxınlarına, hətta Azərbaycan xalqına da
böyük hüzn vermişdi. Azərbaycan Prezidenti
İlham Əliyev 1995-ci ilin oktyabrında yerli mətbuata
verdiyi müsahibəsində Zərifə xanımın
ölümünün bütün ailənin həyatını
dəyişdiyini qeyd edir: "Onun vəfatından sonra mənim
həyatım, bütün ailəmizin həyatı dəyişildi.
Yəni indi mən o vaxtlardakı kimi gülə
bilmirəm, baxmayaraq ki, onun həyatdan getməsindən on ildən
çox vaxt ötür. Mənim həyatımda xoşbəxt
hadisə olanda düşünürəm: o da bunun
üçün sevinərdi. O, vəfat edəndə mənim
böyük qızımın bir yaşı vardı. Yəni mənim qızlarım öz nənələrini
görməyib, bu, onların tərbiyəsində
böyük itkidir”.
Onun şəxsiyyəti,
həyatı, ömür yolu daha geniş təbliğ
olunmalıdır
Onun timsalında ideal qadın, əsl Azərbaycan
xanımı obrazı canlanır. Əbəs yerə deyil ki, Milli Məclisin
deputatı, AMEA-nın Şərqşünaslıq
İnstitutunun direktoru Gövhər Baxşəliyeva bu
xanımın həyat yolunu gənclik üçün
nümunə hesab edir: "Zərifə Əliyevanın
keçdiyi həyat yolu bizim gənc
xanımlarımızın həyatının
formalaşması baxımından parlaq nümunədir. Buna görə də, onun şəxsiyyəti, həyatı,
ömür yolu daha geniş təbliğ olunmalıdır ki,
bugünkü xanımlarımız nümunə
götürsünlər. Həqiqətən
də, bu xanım davranışı, həyat tərzi,
insanlarla rəftarı, övladlarına verdiyi tərbiyə,
həkim kimi xəstələrə münasibəti
baxımından insanlığın parlaq siması kimi dəyərləndirilməlidir”.
Millət
vəkili Zərifə xanımın ana kimi də əvəzolunmaz
biri olduğunu qeyd edir: "Zərifə Əliyeva bir ana kimi
gözəl insan idi. O, ailədə iki övlad
böyüdüb, onlara yüksək tərbiyə verib, vətənə
layiqli vətəndaş kimi yetişdirib. Bu
gün ölkəmizə rəhbərlik edən Prezident
İlham Əliyev Zərifə xanımın
övladıdır, ailədə ondan ana tərbiyəsi
alıb. Eyni zamanda, bu ailənin digər övladı
olan Sevil xanımla mən tələbə yoldaşı
olmuşam, onunla beş il bir qrupda ali təhsil
almışıq. Bu illər ərzində mən
Sevil xanımda elə xüsusiyyətlər müşahidə
etdim ki, bunların hamısı ailədən, ananın verdiyi
tərbiyədən irəli gəlirdi. İlk
növbədə, onda dərin millilik var idi, Zərifə
Əliyeva qızını da əsil azərbaycanlı
xanımı kimi böyütmüşdü. Oxuduğumuz qrupda Sevil xanım özünün
milliliyi, sadəliyi, davranışı, milli adət-ənənələrimizə
diqqət və hörməti ilə hamıdan fərqlənirdi.
Mən başa düşürdüm ki,
bunların hamısı ailədən gələn məsələlərdir.
Sevil xanım insanlara, o cümlədən ətrafına,
tələbə yoldaşlarına qarşı diqqətcil və
qayğıkeş idi”.
Dost kimi,
sirdaş kimi insanların güvənini qazanmışdı
Təbiət sanki ona fərqli bir qadın cazibədarlığı
bəxş etmişdi. Ətrafındakılar onu heç vaxt qəzəbli,
əsəbi görmədiklərini deyirlər. O, həmişə
gülərüz və xeyirxahlığı ilə digər
qadınlardan seçilirdi. Zərifə
xanımın həyat kitabı parlaq səhifələrlə
zəngindir. Yaxınlarının dediklərinə
görə, kifayət qədər düşüncəli, ünsiyyətcil
xanım idi. Onunla söhbətdən
sonra insan sanki rahatlıq tapırdı. Bu
ağıllı qadın həmişə çalışırdı
ki, insanlara kömək etsin, onların dərdinə əlac
olsun. Danışığında daim səmimilik,
mülayimlik müşahidə olunurdu. Dost
kimi, sirdaş kimi insanların güvənini
qazanmışdı. Ömrünü
insanların sağlamlığının qorunmasına həsr
etmiş bu nəcib xanım, məhz bitkin keyfiyyətlərinə
görə, hər zaman, hər kəs tərəfindən
sevilir, əziz xatirəsi ehtiramla yad edilir.
Elmi fəaliyyəti
Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi,
dünyagörüşü, biliyi oftalmologiya sahəsinin də
inkişafına böyük töhfə verib. Onun bu sahədəki
xidmətlərinə və çoxcəhətli fəaliyyətinə
nəzər salsaq, genişmiqyaslı şəxsiyyət
olması qənaətinə gəlmək olar. Akademik
oftalmologiyanın aktual mövzularına həsr
edilmiş çoxprofilli tədqiqatlar aparmış, fədakar
həkim kimi bir sıra göz xəstəliklərinin
müalicəsində, o cümlədən Azərbaycanda
traxomanın kökünün kəsilməsində
böyük əmək sərf edib. Bu xəstəliyin
müxtəlif mərhələlərinin öyrənilməsi
və müalicə metodlarının axtarılması
yollarında dəyərli elmi-tədqiqatlar aparıb.
Zərifə xanımın elmi fəaliyyətinin digər
sahələrindən biri klinik diaqnostik istiqamətdə
apardığı tədqiqatlardır ki, onların da nəticələri
həkimlər üçün yazılmış dərs vəsaiti
və monoqrafiyalarda cəmlənib. Bu əsərlər arasında
"Kəskin virus konyunktivitləri", "Keratitlər,
gözün damarlı traktının, torlu qişanın,
görmə sinirinin xəstəlikləri, kataraktalar",
"Qlaukoma və gözün hipertenziyası",
"Görmə orqanının zədələnməsi",
"Göz yaşı axmasının fiziologiya və
histologiyası", "Şəkərli diabetdə göz xəstəlikləri",
"Gözün mikrocərrahiyyəsi", "Göz bəbəyi
haşiyəsinin adaptasiya və müdafiə
funksiyası" və başqaları oftalmoloji elmi-ictimaiyyət
və praktik həkimlər tərəfindən böyük rəğbətlə
qarşılanıb. Alim göz yaşı aparatının xəstəliklərinin
öyrənilməsinə xüsusi diqqət yetirmiş, bu sahəyə
həsr etdiyi "Yaşaparıcı yolların
fiziologiyası", "Yaşaparıcı yolların cərrahi
müalicəsi", "Göz yaşı yollarının
qoruyucu cərrahiyyə üsulları" və başqa əsərləri
ilə Azərbaycan lakrimologiyasının əsasını
qoyub.
Bu sahənin
ilk pioneri
Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin
əsas istiqamətlərindən biri də peşə
oftalmologiyasına həsr edilmişdir. Akademik
sözün əsl mənasında, bu sahənin ilk pioneri olub.
Alim dünyada ilk dəfə olaraq görmə orqanının
peşə patologiyasını araşdıran elmi-tədqiqat
laboratoriyası yaratmış və praktik olaraq elm aləmində
yeni bir istiqamətin- "peşə oftalmologiyası"nın əsasını qoymuşdur. Oftalmologiyada peşə xəstəlikləri problemi
Zərifə xanımın adı ilə bağlıdır.
Oftalmologiyanın sənaye ilə bağlı
problemlərinin öyrənilməsinə həsr etdiyi
fundamental tədqiqatları alimə böyük şöhrət
gətirmiş və dünya oftalmologiyası məkanında
məşhurlaşmasına səbəb olub.
YAP
Qadınlar Şurasının sədri, partiyanın İdarə
Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru
Nurlana Əliyeva müsahibələrinin birində Zərifə
xanım Əliyevanın zəngin elmi irsinin dünya
oftalmologiyasına mühüm töhfələr verdiyini deyir:
"Onun elmi fəaliyyətinin əsas istiqamətini görmə
orqanının peşə patologiyası müəyyənləşdirirdi.
Bu sahə olduqca ağır idi. Onun araşdırılması, təkcə dərin
oftalmoloji savad yox, həm də fundamental təcrübi biliklər
tələb edirdi. Bu keyfiyyətlər isə
Zərifə Əliyevada var idi. Peşə
oftalmologiyasının pioneri sayılan Zərifə xanım
Əliyeva dünyada ilk dəfə olaraq görmə
orqanının peşə patologiyasını araşdıran
elmi-tədqiqat laboratoriyası yaradıb. O, artıq elmin
zirvəsində idi. 1983-cü ildə Zərifə
Əliyevanın Azərbaycan Elmlər Akademiyasının həqiqi
üzvü seçilməsi bunun təsdiqi oldu. O həm
də keçmiş SSRİ-də ilk qadın həkim olaraq
Tibb Elmləri Akademiyasının akademik Aberbax
mükafatına layiq görüldü”.
Rektor həmçinin
qeyd edir ki, insanlarla mehribanlığı, dərin humanizmi Zərifə
xanımın peşəsinə münasibətində də
özünü aydın göstərirdi: "Zərifə
xanım haqlı olaraq hesab edirdi ki, həkimin peşə
mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən
başlıca amildir: "Yalnız o şəxs əsl həkimdir
ki, xəstənin ağrılarını məhz
özünün ağrıları hesab edir. Belə
bir həkim üçün hər dəfə xəstəni
qəbul etmək, hər dəfə xəstəliyə
düçar olmuş insanla söhbət etmək həm xəstə
qarşısında, həm də cəmiyyət
qarşısında, ən başlıcası isə öz
vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir””.
Xalqın
ürəyində bir sevgi abidəsi
Professor Zərifə xanım Əliyevanın elmdə
açdığı yol ildən-ilə inkişaf edir, onun
yazıb-yaratdığı monumental əsərləri,
qoyub-getdiyi elmi nailiyyətləri, pedaqoqluq səriştəsi,
mədəni irsi daim araşdırılır, öyrənilir,
neçə-neçə tədqiqat əsərlərinin
mövzusuna çevrilir. Zərifə
Əliyevanın adını əbədiləşdirmək,
bu görkəmli qadının xalqımız yolundakı fədakarlığını
qiymətləndirmək naminə Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi də
öz növbəsində mütəmadi təlimlər,
müsabiqələr, maarifləndirici kampaniyalar həyata
keçirir. Müsabiqələrin keçirilməsində
məqsəd gənc nəslin, məktəblilərimizin belə
ziyalıların, alim və ictimai xadimlərin həyat və
yaradıcılığını öyrənməsi, onlardan
nümunə götürülməsidir. Komitənin sədri
Hicran Hüseynova bildirir ki, ölkəmizin birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyeva Zərifə xanımın ənənələrini
davam və inkişaf etdirərək, Azərbaycanda birinci
xanım institutunun daha da möhkəmləndirilməsi
üçün çalışır. Akademikin hər il aprelin 28-də doğum günü, 15-də
isə anım gününün qeyd olunması, xalqın ona
olan böyük məhəbbətinin bariz nümunəsidir.
İnanırıq ki, zaman keçdikcə, nəsillər dəyişdikcə
bu məhəbbət xalqın ürəyində bir sevgi abidəsi
kimi ucalacaq”.
Görkəmli
dövlət və elm xadimi, bütün bilik və
bacarığını xalqa xidmətə sərf etmiş
Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində
dünyaya göz açan Zərifə xanım valideynlərinə
layiqli bir övlad, məşhur alim, tanınmış həkim,
istedadlı insan, sədaqətli ömür yoldaşı və
qayğıkeş ana idi. Zərifə
xanımın mənəvi dünyasına yaxından bələd
olan insanlar "sənsiz günəşsiz qaldı günlər”
deyirlər.
Günel Azadə
Kaspi 2018.- 28-30 aprel.- S.7.