Moskvada unudulmayan on gün
Stalin onları ayaq üstə alqışlamışdı
Üzeyir Hacıbəyli Azərbaycan
bəstəkarlıq məktəbinin
bünövrəsini qoyduğu
kimi, bu məktəbin yetirmələrinin
tanınmasında da böyük rol oynamışdır. Belə ki, gənclərin
yaradıcılığının respublika daxilində, eləcə də xaricdə təbliği məhz bu böyük
ustadın adı ilə bağlıdır.
1938-ci ildə Moskvada
keçirilən Azərbaycan
mədəniyyəti və
incəsənəti ongünlüyünü
xatırlayaq. Bu sənət
bayramında Azərbaycanın
700-ə qədər mədəniyyət
və incəsənət
xadimi öz əsərlərini və
ifalarını o zamankı
paytaxt tamaşaçılarına
təqdim etmişlər.
Həmyerlilərimiz geniş tamaşaçı
auditoriyası qarşısında
bir növ hesabat vermişlər.
Həmin əlamətdar
hadisədən artıq
80 il keçir.
Moskvadakı dekada günlərinin
Azərbaycanda təşkilatçısı,
bədii rəhbəri
Üzeyir bəy Hacıbəyli olmuşdur.
O, mahnı və rəqs ansamblının təşkili işlərinə
rəhbərlik edən
komissiyanın sədri
idi. Üzeyir bəy həm də rəqqaslar,
rəqqasələr, artistlər
üçün tikilən
milli paltarların
forma, biçim, naxış
və bəzəyinə
də çox diqqət yetirirdi. O, Azərbaycan milli geyimlərinin gözəlliyinin
Moskva tamaşaçılarına
daha yaxşı təqdim olunmasına çalışırdı.
Ongünlükdə Azərbaycanın
ən istedadlı solistləri və ifaçı kollektivləri
= başda Üzeyir Hacıbəyli olmaqla Bülbül, Şövkət
Məmmədova, Hüseynqulu
Sarabski, Həqiqət
Rzayeva, Cabbar Qaryağdıoğlu, Qara
Qarayev, Niyazi, Hacı Xanməmmədov, Mirzə İbrahimov, Qurban Pirimov, İsmayıl Hidayətzadə,
Əşrəf Həsənov,
Ağabacı Rzayeva, Qəmər Almaszadə, Hüseynağa Hacıbababəyov,
Gülağa Məmmədov
və başqaları,
eləcə də Səid Rüstəmovun rəhbərliyi ilə Xalq çalğı alətləri orkestri, Dövlət xoru, qədim Şəki şəhərində yaradılmış
nəfəsli alətlər
ansamblı, xalq aşıqları, görkəmli
rəqs ustası Qəmər Almaszadənin
rəhbərliyi ilə
Milli rəqs ansamblı çıxış
edirdilər.
1938-ci il aprel
ayının 5-də, on gün
davam edən, əks-sədası isə
illərlə yaddaşlardan
silinməyən musiqi
bayramının başlanğıcı
oldu.
Azərbaycan nümayəndələrini Kursk vağzalında Moskva teatrlarının artistləri,
ictimai təşkilatların
nümayəndələri böyük
hərarətlə, gül-çiçək
dəstələri ilə
qarşıladılar. O dövrdə
paytaxt mətbuatı
- «Pravda», «Komsomolskaya pravda», «Sovetskoye iskusstvo» və başqa qəzet və jurnallar bu dekadaya
hazırlıq işlərinə
həsr edilmiş xüsusi yazılar dərc edirdilər.
Məsələn, Moskvanın «Muzqiz»
nəşriyyatı dərc
etdiyi iki toplusunda «Koroğlu» operasından parçalar
- iki aşıq mahnısı, Nigarın ariyası, «Leyli və Məcnun» operasından iki xor, «Arşın mal alan» operettasından
fraqmentlər dərc etmişdi.
SSRİ xalq artisti, Böyük
Teatrın bədii rəhbəri Samosud bu ongünlük haqqında belə yazırdı: «Azərbaycanın
incəsənət nümayəndələrinin
Moskvaya gəlişi sovet incəsənətinin
həyatında böyük
hadisə və ümumxalq bayramıdır».
Samosud Azərbaycan musiqisinə layiqincə qiymət verərək deyirdi: «Azərbaycanın xalq mahnı və rəqsləri bəstəkarlar və baletmeysterlər üçün
tükənməz mənbədir».
Aprelin
9-da Üzeyir Hacıbəylinin
«Arşın mal alan» operettası Moskvada səhnəyə qoyuldu. Əvvəlindən sonuna qədər
hədsiz incə lirizmlə zəngin operettanın professionallıqla
ifa olunan ariyaları, ariozaları tamaşaçılar tərəfindən
sürəkli alqışlarla
qarşılandı. Moskvalılar
Müslüm Maqomayevin
«Nərgiz», Reynqold Qliyerin «Şahsənəm»
operasını da böyük hərarətlə
alqışladılar. Əlbəttə ki, ən böyük
uğuru «Koroğlu» operası qazandı.
Gözəl səsinə
görə Bülbül
adını qazanmış,
Koroğlu rolunun mahir ifaçısı Murtuza Məmmədovun ifa etdiyi «Koroğlunun
ariyası» isə paytaxt tamaşaçılarının
böyük rəğbətinə
səbəb oldu.
Möhtəşəm incəsənət bayramının
yekun nömrəsi isə Azərbaycanın gənc bəstəkarı
Qara Qarayevin gənc şair Rəsul Rzanın sözlərinə yazdığı
«Könül nəğməsi»
adlı kantatası oldu. Məhz bu kantatadan sonra həmin dövrdə 20 yaşlı
Qara Qarayevin adı bütün ittifaqda məşhurlaşdı.
Aprelin 17-də Üzeyir
Hacıbəyliyə SSRİ Xalq artisti fəxri
adı verildi. Bəstəkara bu mükafatı SSRİ
Ali Soveti Rəyasət
Heyətinin sədri M.İ.Kalinin şəxsən
təqdim etdi. Uğurla başa çatan ongünlükdən
sonra həmçinin,
Bülbül, R.Qliyer,
ilk qadın vokal ifaçımız Şövkət
Məmmədova da
SSRİ xalq artisti adına layiq
görüldülər. Bu möhtəşəm dekada
günlərində Azərbaycan
xalqının şanlı
oğlu Üzeyir Hacıbəyli həmçinin,
Lenin ordeni ilə də təltif edildi.
Dekada günlərinin
birində İ.V.Stalin
M.Bağırovu rəsmi
görüşə dəvət
edərək «Koroğlu»
operası haqqında yüksək fikirlərini
və bu operaya yenidən baxmaq arzusunu bildirmişdir. Ölkə rəhbərinin bu
arzusunu nəzərə
alaraq, həmin günlərdə Azərbaycanlı
artistlər «Koroğlu»
operasını üç
dəfə paytaxt səhnəsində nümayiş
etdirdilər. Böyük uğurla
başa çatan bu tamaşaları dövlət rəhbəri
Stalin ayaq üstə alqışlayırdı. Bütün bunlar Azərbaycan incəsənətinə, mədəniyyətinə,
folkloruna, ədəbiyyatına
və bunların fövqündə dayanan Üzeyir bəyə verilən böyük qiymət idi.
Moskva dekadası haqqında dirijor, pedaqoq, Azərbaycanın xalq artisti Əşrəf Həsənovun xatirələrində
oxuyuruq: «1938-ci ildə
keçirilən Azərbaycan
ədəbiyyatı və
incəsənəti ongünlüyünə
hazırlıqla əlaqədar,
Üzeyir Hacıbəyov,
o zaman incəsənət
işləri idarəsinin
rəisi Ruhulla Axundov və operanın direktoru Müseyib Şahbazov Moskvaya gəlmişdilər.
Mən Moskva Konservatoriyasının
son kursunda oxuyurdum.
Moskvada Üzeyir bəylə görüşdük. Görüş
zamanı Üzeyir bəy mənə dedi ki, Əşrəf,
ongünlüklə əlaqədar
yaxşı olar ki, Bakıya gələsən və «Koroğlu» operasını
yenidən hazırlayasan.
Operanın ongünlükdə dirijorluğunu sənə
tapşırıram. Mən Bakıya
gəldim və böyük həvəslə
məşqlərə başladım.
Nəhayət, opera Moskvada, Böyük
Teatrın səhnəsində
çox böyük müvəffəqiyyətlə üç dəfə tamaşaya qoyuldu”.
Paytaxt tamaşaçılarının yaddaşından uzun zaman silinməyən bu dekada günləri istedadlı rus rəssamı, professor Mixail Aleksiçin çəkdiyi dostluq şarjında da təcəssüm olundu. İlya Repinin «Burlaklar Volqada» əsərinə nəzirə olaraq çəkilmiş bu rəsmdə M.Aleksiç arxa fonda Moskvanın məşhur Böyük Teatrını təsvir etmişdir. Binanın üstündə teatrın bədii rəhbəri və baş dirijoru Samosud əyləşmişdir, qarşıda isə Sovetlər dövrünün ən məşhur bəstəkarları - Qliyer, Şaporin, Muradeli, Prokofyev, Dzerjinski və başqaları təsvir olunmuşlar. Professor Aleksiç bu pleyadanın ən önündə dahi Üzeyir Hacıbəylini təsvir etmişdir. Bununla rus rəssamı da dövrünün ən öndə gedən bəstəkarının Üzeyir Hacıbəyli olduğunu etiraf etmişdir.
Gülnarə
Əsgərova
Üzeyir Hacıbəylinin ev
muzeyinin
ekspozisiya və kütləvi işlər
şöbəsinin müdiri
Kaspi 2018.- 26 aprel.-
S.15.