120 yaşı tamam olan kinomuzun bu
günü
«Heç nəyə baxmayaraq, bizim
kinomuz var»
Milli kinomuz 120 yaşını qeyd edir. 1898-ci il
avqustun 2-də ilk kinoseansın həyata keçirildiyini nəzərə
alaraq, ümummilli lider Heydər Əliyev 18 dekabr 2000-ci il
tarixli sərəncamı ilə Azərbaycan Kinosu
Gününün təsis edilməsi haqqında qərar qəbul
etdi. Həmin vaxtdan hər il avqustun 2-də
Azərbaycanda kino işçilərinin peşə bayramı
– Azərbaycan Kinosu Günü qeyd edilir.
1998-ci
ilin may ayında Bakıda keçirilmiş və Azərbaycan
kinosunun 100 illiyinə həsr olunmuş beynəlxalq
"Festivallar festivalı” günlərində ulu öndər
kinomuzun tarixi ilə bağlı fikirlərini qonaqlarla
bölüşüb: "Bu gün biz bir kəşf etdik,
göstərdik ki, Azərbaycan kinosu 1898-ci ildən
başlanır, onun 100 ili tamam olur. Lakin Azərbaycan kinosunun
stajını, əgər belə demək olarsa, on il, yaxud neçə il artırmaq, ümumən,
heç də sadə bir məsələ deyildir. Bu o deməkdir ki, Azərbaycan sivilizasiyalı ölkədir,
dünyada kino meydana çıxan kimi, o, Azərbaycanda da peyda
olmuşdur. Buna görə də,
bugünkü festival mənim üçün məhz bu kəşflə
dəyərə malikdir – onun həm sübutu ilə, həm də
nümayiş etdirilməsi ilə”.
Kino tariximizə baxış
Əməkdar
İncəsənət xadimi Aydın Kazımzadə kinomuzun
tarixini araşdırıb üzə çıxaranda məlum
oldu ki, həqiqətən dünya kinosu yaranandan az sonra nəinki "canlı fotoşəkillər”in
Azərbaycanda nümayişi, həm də filmləri göstərən
kinoaparatların satışı təşkil olunub.
"Əgər kinoaparat satılıbsa, deməli, güman
edilməlidir ki, Azərbaycanda ilk xronikal çəkilişlər
də aparılmışdır. "Kaspi”
qəzetinin 1898-ci il 17 iyun tarixli nömrəsində dərc
edilmiş informasiyada xəbər verilir ki, Bakı foto dərnəyi
xeyriyyəçilik məqsədilə mayın 31-də
Mixaylov bağında xalq gəzintisi təşkil etmiş,
yığılan pulların yarısı məhsul
qıtlığından zərər çəkənlərə,
qalanı isə dərnəyin inkişafına sərf
olunmuşdur”- deyə A.Kazımzadə
araşdırmalarında qeyd edir: "Bu tədbir "Şəhər
bağında xalq gəzintisi” adı altında lentə
alınmış (1898-ci il mayın 31-də Bakıda ilk kino
çəkilişləri aparılmışdır), Bakı
həyatından bəhs edən "Qatarın dəmir yolu
stansiyasına daxil olması”, "Qafqaz və Merkuri” Cəmiyyətinə
məxsus paroxodun limandan yola düşməsi” və
"Bazar” küçəsi sübh çağı” adlı
daha üç kinosüjetlə birgə, 1898-ci il iyunun 21-də
Vasilyev Vyatskinin teatr-sirkində nümayiş etdirilmişdir. Sonuncu filmdə Bakının "Bazar” deyilən
küçəsində (indiki Azərbaycan prospekti) səhər
erkəndən dükanların açılmasından, bura
araba, ulaq və dəvə ilə ərzaq və sənaye
mallarının gətirilməsindən, sübh tezdən
qızğın alış-verişin başlanmasından bəhs
olunur. Filmlərin nümayişi ilə əlaqədar
"Kaspi” qəzetinin 1898-ci il 21 iyun tarixli
nömrəsində elan dərc edilmişdir”.
Bir qədər
sonra A.Mişon "Bibiheybətdə neft fontanı
yanğını”, "Balaxanıda neft fontanı”, "Şəhər
bağında xalq gəzintisi”, "Qafqaz rəqsi” və s.
xronika süjetləri və "İlişdim” bədii
kinosüjetini çəkir. Bununla da
bütün Şərq aləmində ilk kinonun əsası
qoyulur.
1915-ci ildə Pirone qardaşlarının səhmdar cəmiyyəti
İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində”
adlı romanı əsasında eyni adlı ilk Azərbaycan bədii
filminin çəkilişinə başlayır. Bir il sonra,
1916-cı ildə Üzeyir Hacıbəyovun "Arşın
mal alan” operettası əsasında ilk Azərbaycan
kinokomediyası həyata vəsiqə alır. 1919-cu
ildə isə "Azərbaycanın müstəqilliyinin
ildönümü münasibətilə təntənə”
adlı tammetrajlı film ekranlara çıxır.
1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsinin
(AFKİ) yaranması kino sənətinin inkişafına
böyük təsir göstərir.
AFKİ
sonralar "Azdövlətkino” (1926-1930), "Azərkino”
(1930-1933), "Azfilm” (1933), "Azdövlətsənayesi”
(1934), "Azərfilm” (1935-1940), "Bakı kinostudiyası”
(1941-1959) kimi adlar daşıyır, 1961-ci ildən
C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyası
adlanır.
"Azərbaycan kinosu tarixində ötən əsrin
30-cu illərində üç böyük hadisə baş
verib. Öncə, kinomuza səs gəldi. İlk dəfə animasiya kinosunu yaradan kinematoqrafçılarımız
bunun ardınca, dublyaj işini təşkil etdilər. Həmin illərdə Seyfulla Bədəlov, Vladimir
Yeremeyev, Ələsgər Ələkbərov və b. kino sahəsində
işə başladılar. "Lətif”, "İsmət”,
"Almaz”, "Yeni horizont”, "Bakılılar”, "Kəndlilər”
və s. bu kimi filmlər çəkildi.
XIX əsrin sonlarında Azərbaycanda kinonun yaranması
qanunauyğun hal idi. Bu vəziyyəti dövrün obyektiv
ictimai-siyasi və iqtisadi-mədəni şəraiti
yetirmişdi.
Azərbaycanda ilk səsli kinonun istehsalına isə
1935-ci ildə "Mavi dənizin sahilində” bədii filmi ilə
başlanılıb. Səsli kinonun yaranması ilə sənədli
kinomuzun da yaradıcılıq imkanları genişlənib.
1936-cı ildə görkəmli
yazıçı Y.V.Çəmənzəminlinin tərcüməsi
ilə sovet kinosunun istehsalı olan "Çapayev” filminin Azərbaycan
dilində səsləndirilməsi ilə kino sənətimizdə
dublyajın əsası qoyulub. 1945-ci ildə yaradılan
və ekran sənətimizin qızıl fonduna daxil olan
"Arşın mal alan” filmindən sonra
Azərbaycan kinosunda musiqili komediya janrına meyl güclənib.
Azərbaycan milli kinosunun ən uğurlu filmlərindən
hesab olunan "Arşın mal alan” filmi
indiyədək 136 ölkədə nümayiş etdirilib və
86 dilə tərcümə olunub. 1956-cı ildə kinomuzda
daha bir keyfiyyət dəyişikliyi baş verib: ilk rəngli bədii
film olan "O olmasın, bu olsun” filmi çəkilib. Ü.Hacıbəyovun bu komediyasının
ekranlaşdırılması da milli kinomuza şöhrət gətirir,
"O olmasın, bu olsun” filmi dünyanın 40-dan çox
ölkəsində, o cümlədən Türkiyə,
İran, Hindistan, Çin, Yaponiya və başqa ölkələrdə
nümayiş etdirilir. Sonrakı illərdə
də milli kinematoqrafiyamıza şöhrət gətirən
bir sıra ekran əsərləri çəkilir.
Kinomuz bu gün...
120 illik bir dövr keçəndən sonra milli kinomuzda
hansı irəliləyişlər var? Təbii ki, milli kinomuzun tarixinə
qızıl hərflərlə yazılan, adı
dünyanı dolaşan, tamaşaçıların təkrar-təkrar
baxmaqdan doymadığı ekran əsərlərimiz az
deyil. Kinomuza
şöhrət gətirən müqtədir aktyor və
rejissorlarımız olub. Kinomuz qadağalar
da görüb, senzura da. Ancaq nə
ideyaların, nə istedadların, nə də onların
yaratdığı böyük sənətin
qarşısına heç bir qadağa sədd çəkə
bilməyib. Nəticədə bənzərsiz
ekran əsərləri yaranıb.
Bu gün milli kinomuzda vəziyyət necədir? Yeni nəsil xələflərinin
ənənəsini davam etdirə, müasir kinonun tələbləri
ilə uyğunlaşa bilirmi?
Kino məktəbi yoxdur
Yazıçı
ssenarist Natiq Rəsuladə bu gün kinoya gənc
rejissorların, ssenari müəlliflərinin gəldiyini deyir:
«Kinoda bir az hərəkət var. 10-15 il əvvəl hamı
deyirdi ki, kinonun gələcəyi yoxdur, kino ölüb. Yəni
kino 30-40 il əvvəl həyatını
dəyişən rejissorlarla, aktyorlarla bitib. Ancaq
elə deyil. Mən həmişə bu barədə
nikbin olmuşam. Çünki hər nəslin
ardınca bir nəsil gəlir. Mənim
arzum odur ki, gələn nəsil yaşlı nəsildən nəsə
öyrənsin. Cavanlar iddialı olaraq «məndən
yoxdur» deyirlər. Ancaq kinodramaturgiyada öyrənməli
çox şeylər var. Bu, böyük bir elmdir. Bundan əlavə, ssenari yazmaq çətindir,
çünki bu, nəsr deyil”. Görkəmli Azərbaycan
rejissorları ilə çox işlədiyini deyən
yazıçı, kinodramaturgiya işində böyük
çətinliklər olduğunu deyir: "Kinossenaridə
ssenari müəllifindən başqa, rejissorun, operatorun, bəstəkarın,
aktyorun müdaxiləsi var. Bu, normaldır, onlar da öz
sözlərini deməlidirlər. Ssenari müəllifi
də bunların hamısını nəzərə
almalıdır». 10-15 ildir ki, Mədəniyyət və
İncəsənət Universitetində kino-dram sənətindən
dərs dediyini bildirən N.Rəsulzadə tələbələrinin
simasında gələcəyin peşəkar
kinodramaturqlarını gördüyünü söyləyir:
«Mən ilk növbədə onlara düşünməyi
öyrədirəm. Yəni 18-19 yaşında gənc
düşünməyi öyrənsə, həyatda həmişə
özünə yer tapacaq». Milli kinomuzun bugünkü vəziyyətinə
gəlincə, yazıçı «Heç nəyə
baxmayaraq, bizim kinomuz var» deyir: «Artıq bir neçə filmimiz
xaricdə mükafatlar alıb. Sözün əsl
mənasında səviyyəli filmlər ortaya qoyublar. Şamil Əliyevin «Çölçü»,
Elçin Musaoğlunun «Nabat» filmi maraqlı ekran əsərləridir».
Bu günə qədər Azərbaycanda kino məktəbinin
olmamağı N.Rəsulzadəni bir kino dramaturqu kimi narahat
edir: «Təəssüf ki, bu günə qədər ölkəmizdə
kino məktəbi yoxdur. Elə bir sənətkar
olsun ki, onun arxasınca gənc kinorejissorlar, kinodramaturqlar
getsin. Necə ki, qonşu Gürcüstanda
hələ sovet dövründən kino məktəbi olub.
Elə sənətkarlar var ki, onların işlərinə
baxaraq, cavanlar kino yaratmağı öyrənirdilər. Mütləq deyildi ki, o cavanlar təcrübəli
rejissorların arxasınca getsinlər. Onların
hər birinin öz yolu var. Yalnız nəticəni qiymətləndirmək
olar. Əgər nəticə qənaətbəxşdirsə
və ortada maraqlı bir film varsa, deməli, həmin gənc
düz istiqamətlənib. Ona görə,
bizim ölkəmizdə də səviyyəli kino məktəbi
yaratmağa ehtiyac var ki, oradan layiqli rejissorlar, aktyorlar,
kinodramaturqlar çıxsın”. N.Rəsulzadə
bildirdi ki, dərs dediyi
Mədəniyyət və İncəsənət
Universitetində son illərdəki tələbələrin əksəriyyəti
institutu bitirəndən sonra bu sənətin arxasınca
getmirlər: "Çünki bu gün kino sahəsində
müəyyən çətinliklər var». N.Rəsulzadə
hesab edir ki, kino yarı incəsənət, yarı təsərrüfatdır.
Belə ki, təsərrüfatın inkişafı vəsait
istəyir: «Hazırda kinoya o qədər də vəsait
ayrılmır. Təbii ki, maliyyənin
yoxluğu da çətinlik yaradır. Hesab
edirəm ki, kinoda həmişə problem olacaq. O sənətdə
ki, bir filmin üzərində onlarla insan
çalışır, orada mütləq problem yaranacaq”.
Kinodramaturq kino sahəsindəki mövcud çətinliklərə
baxmayaraq, ümidini itirmir: "Bütün bu çətinliklərə
baxmayaraq, hesab edirəm ki, milli kinomuz inkişaf edir. Bunun üçün gənc nəslin üzərinə
müəyyən məsuliyyət düşür. Onlar hər şeydən əvvəl yaşlı nəslin
təcrübəsindən istifadə etməlidirlər. Çünki yaşlı nəsil illərlə o təcrübəni
yığıb və həmin təcrübənin nəticəsi
də göz qabağındadır».
Proses davam etsə
Bir çox filmlərə musiqi yazmış Xalq artisti
Faiq Sucəddinov hazırda kinonun o qədər də
inkişafda olmadığı fikrindədir. Bununla belə, bu mövzuda
pessimist olmaq istəmir: «Müəyyən filmlər çəkilir
və bu proses davam etsə, gözəl olar». On ildən
artıq İncəsənət Universitetinin rejissorluq
fakültəsində dərs dediyini bildirən Xalq artisti,
kinoya istedadlı gənclərin gəldiyini qeyd etdi: «Təbii
ki, istedadlı gənclər var. Ancaq onların öz
baxışları var. Onların «Əhməd hardadır?», «Böyük dayaq» kimi filmlərə
baxışları fərqlidir. Yəni bunlar o
dövrün filmləri idi. Ümid edirəm
ki, bugünkü dövr üçün də yaxşı
filmlər çəkiləcək”. Hazırda daha
çox teleserialların çəkildiyini deyən bəstəkar,
bu filmlərin səviyyəsinin yüksək
olmadığını deyir: "Serialların ssenariləri
mükəmməl deyil. Bu baxımdan seriallar bir
qədər keyfiyyətsizdir. Bədii kino
isə fərqli sənətdir. Ümid
edirəm ki, yenə də milli kinomuzun əvvəlki illərdə
çəkilən filmləri kimi ekran əsərləri
çəkiləcək».
Təranə Məhərrəmova
Kaspi.- 2018.- 2 avqust.- S. 9.