Qəbələdə
musiqi bayramı yaşanır
X Beynəlxalq
Musiqi Festivalının əsas qayəsi insanları birləşdirmək,
onları sülhə, əmin-amanlığa
çağırmaq, Azərbaycanımıza qonaqlar dəvət
etməkdir
Festival bayramdır deyirlər, hələ bu, musiqi
festivalıdırsa, onda ikiqat bayramdır. Qəbələdə
keçirilən X Beynəlxalq Musiqi Festivalının 31 iyulda
təşkil olunan rəsmi açılış mərasimi də
bizə bu bayramı yaşatdı. Gözəl
bir ənənəyə çevrilən bu festival öz
möhtəşəmliyi ilə xarici və yerli musiqiçilərin
dərin rəğbətini qazanıb. Bu
gün də festival öz ənənəsinə sadiq
qalır.
Canlı musiqi, canlı ifa və
canlı heykəllər
Heydər Əliyev Fondunun və "Gilan Holding”in təşəbbüsü,
eləcə də dəstəyi ilə keçirilən beynəlxalq
festivalın açılışında biz də iştirak
etdik. 10-cu dəfədir keçirilən Qəbələ
Beynəlxalq Musiqi Festivalı yenidən dünya musiqiçilərini
bir araya gətirdi desək, yəqin ki, yanılmarıq. Təbiətlə harmoniya, təmiz hava, sıx
meşəli dağlar və bir də musiqinin yeri əvəzsizdir.
Bu gözəllikdən ilhamlanmaq bizə də nəsib
oldu. Media nümayəndəsi kimi
qatıldığımız budəfəki festival da əvvəlkilər
tək cəlbedici idi. Amma festivalın tərtibatında
ötən illərə nisbətən dəyişiklik
vardı.
Heydər Əliyev
Konqres Mərkəzinin həyətində, açıq məkanda
baş tutan festival yerinə daxil olar-olmaz bizi canlı heykəllər
qarşıladı. Klassik musiqi
dünyasının canlı portreti olan bu heykəllərlə
festivala gələn tamaşaçılar şəkillər
çəkdirməkdən zövq alırdılar. Bu heykəllər hər 10-15 dəqiqədən bir
başqa bir formada dayanır, hətta ziyarətçilərlə
salamlaşaraq onları məmnun etməyə
çalışırdılar. Klassik
musiqi dünyasının sənət adamları ilə
yanaşı, işıqlı və hündür robot
adamın, eyni zamanda taxtadan ayaqları olan hündür
adamın performansı meydan tamaşalarını
xatırladırdı. Dizayndan əlavə,
festivalın builki proqramı da çox zəngindir. Belə
ki, musiqi bayramına Rusiya, İsrail, ABŞ, İsveçrə,
Avstriya, Kuba, Macarıstan, Türkiyə, İspaniya,
İtaliya, Gürcüstan kimi ölkələrdən
dünya şöhrətli dirijor, ifaçı və kollektivlər,
həmçinin Azərbaycanın tanınmış musiqi
kollektivləri dəvət olunub. Onların
ifasında musiqi dinləmək, təbiətin, torpağın
qoxusunu hiss etmək insana bir başqa zövq verir.
Festival öncəsi məkanı
gəzərək biz də bayrama toplaşan
tamaşaçılar kimi, əyləncənin dadını
çıxardıq. Festivalın
keçiriləcəyi məkanın
yaxınlığında təhlükəsizlik xidmətinin,
yanğınsöndürmə maşınlarının, eləcə
də təcili tibbi yardım heyətinin keşik çəkdiyinə
şahidlik etdik. Həmçinin
tamaşaçıların rahatlığı
üçün üzü konsert zalına olan təpəciklərdə
uzun döşəkcələr yerləşdirilmişdi.
Rəsmi hissə
Festivalda
mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan
Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah
Heydərov, Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədri Hicran
Hüseynova, millət vəkili Elmira Axundova və bir çox
tanınmış mədəniyyət xadimləri iştirak
edirdilər.
Mədəniyyət naziri "Kaspi”
yə açıqlamasında festivalın dünya
miqyasındakı yerindən danışdı: "Biz bu
festivala başlayarkən heç kim
düşünmürdü ki, dünya musiqi cədvəlində
Qəbələ Musiqi Festivalı böyük
tamaşaçı auditoriyasının diqqətinə səbəb
olacaq. Bu illər ərzində Mehriban xanım
Əliyevanın dəstəyi ilə bağlı olan məsələlər
dünya miqyasında ən tanınmış musiqi kollektivlərinin
Qəbələyə gətirilməsinə imkan verdi. Siz özünüz də
bunun şahidisiniz. Bu özü
özlüyündə böyük göstəricidir. Beynəlxalq auditoriya mədəni turizm məqsədi
ilə gəlir və bu bizi olduqca sevindirir. Mən bu festivala dəstək göstərən təşkilatçılara
təşəkkürümü bildirirəm. Çox sevinirəm ki, bu festival Azərbaycanın mədəni
tarixində ən nüfuzlu mədəni hadisəyə
çevrilib”.
Daha sonra media nümayəndələrinin
suallarını cavablandıran Respublika Ağsaqqallar
Şurasının sədri, Milli Məclisin deputatı Fəttah
Heydərov dedi ki, bu il Qəbələ
Beynəlxalq Musiqi Festivalı öz yubileyini, 10
yaşını qeyd edir və festival çox uğurla
başlayıb. O, gənc musiqiçilərimizin konsertlərinin
artıq dinləyicilər tərəfindən rəğbətlə
qarşılandığını bildirdi: "Əminliklə
deyə bilərik ki, bu festival da uğurla davam edəcək. Çünki yarandığı gündən indiyədək
festivalın əsas qayəsi insanları birləşdirmək,
onları sülhə, əmin-amanlığa
çağırmaq, Azərbaycanımıza qonaq dəvət
etmək olub. İndi Azərbaycanımız
sülhün, əmin-amanlığın, inkişafın,
insana, vətəndaşa xidmətin nümunəsi kimi, eləcə
də özünün multikultural və tolerantlıq istiqamətində
gördüyü işlərə görə artıq
dünyanın hər yerindən görünür. Bu gün Qəbələmiz də dünyanın hər
yerindən görünür. Bu onun nəticəsidir
ki, Prezident İlham Əliyevin apardığı uğurlu
siyasət artıq Azərbaycanı, onun insanlarını
dünyada tanıdır. Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü
ilə başlanan bu gözəl festival çox böyük
inkişaf yolu keçib. 10 il ərzində
təkmilləşib, püxtələşib, insanlara xidmət
edib, onları gözəl işlərə, inkişafa, tərəqqiyə,
mədəniyyətə, sülhə
çağırıb”.
Xalq artisti, Bakı
Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli
"Kaspi”yə açıqlamasında festivalın dünya
musiqi aləmində tutduğu yerdən danışdı:
"Qəbələ Musiqi Festivalı çox gözəl və
özündə böyük bir musiqi dünyası
daşıyan bir festivaldır. Hansı ki,
burada görkəmli Azərbaycan bəstəkarı olan Qara
Qarayevin xüsusi məktəbinin olduğu hiss edilir. Bu festivalda Arif Məlikovun tələbələrinin
iştirakı da gerçəkləşir. Ümumiyyətlə, festivalın maraqlı
proqramı var. Siz diqqət etsəniz, bunun çox rəngarəng
olduğunu görərsiniz. Burda hər bir
janr öz yerini tapır. Bizim
üçün isə əsas onun maarifçilik xəttidir.
Biz konsertdən əvvəl bəstəkarlar
haqqında leksiya oxuyuruq. Bu bizim
üçün çox vacibdir”.
Müsahibimiz klassik musiqilərə
marağın azalması ilə bağlı sualımıza cavab
olaraq təbliğatın böyük rol
oynadığını bildirdi: "Bu sənət çox
çətindir. Tamaşaçılar
telekanallarımızın nümayiş etdirdiyi ucuz
mahnıları eşitməyə öyrəşiblər.
Onun üçün məhz burada səsləndirilən
əsərləri çətinliklə qəbul edirlər.
Biz də çalışırıq ki, tamaşaçıların
zövqü daha yaxşı olsun. Festivalda
hamı iştirak edə bilər”.
Festival Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevanın X Qəbələ
Beynəlxalq Musiqi Festivalının
iştirakçılarına ünvanladığı təbrik
məktubunun səsləndirilməsi ilə açıq elan
olundu. Məktubda festivalın əhəmiyyətindən
söz açılır, musiqiçilərə uğurlar
arzulanırdı.
Konsert proqramı
Rəsmi hissədən sonra konsert proqramı
başladı.
Mərasimdə dirijor Fuad İbrahimovun rəhbərliyi
altında Azərbaycan Dövlət Simfonik Orkestrinin
ifasında görkəmli Azərbaycan bəstəkarı
Q.Qarayevin "Alban rapsodiyası”, "Leyli və Məcnun”
simfonik poeması, solistlər Murad Adıgözəlzadənin
ifasında A.Məlikovun fortepiano və orkestr üçün
konserti, Yeganə Axundovanın ifasında A.Qəmbərlinin
fortepiano və orkestr üçün konserti səsləndirildi.
Ümumiyyətlə, festival çərçivəsində
keçirilən konsertlərdə Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestri,
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
"Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri,
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
Tələbə Simfonik Orkestri, "Qaytağı”
ansamblı, "Clarte” klarnet kvarteti, "Furioso” kvarteti, Yerusəlim
Simfonik Orkestri, Jovenes Clasicos del Son instrumental qrupu (Kuba), Tbilisi
Big Band orkestri (Gürcüstan), Gypsy Band (Budapeşt), xalq
artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə,
Yeganə Axundova, Şükür Səmədov, Ənvər
Sadıqov, Samir Cəfərov, əməkdar artistlər Fuad
İbrahimov, Aleksey Miltıx, Sahib Paşazadə, Çinarə
Heydərova, Emil Əfrasiyab, beynəlxalq müsabiqələr
laureatları Səidə Tağızadə, Nərmin Nəcəfli,
Cavad Tağızadə, Məhərrəm Hüseynov, Mahir
Tağızadə, Taleh Yahyayev, Ziba Rəcəbli, Toğrul
Hüseynli, Vurğun Vəkilov, istedadlı gənc solistlər,
muğam ifaçıları, xalq artisti, M.Maqomayev adına Azərbaycan
Dövlət Akademik Filarmoniyasının direktoru Murad
Adıgözəlzadə tərəfindən təşkil
olunan və xalq artisti, festivalın bədii rəhbəri Fərhad
Bədəlbəyli tərəfindən dəstəklənən
"Gənclərə dəstək” layihəsinin
iştirakçıları, istedadlı musiqiçilər
çıxışlar edəcəklər.
Builki festival daha bir əlamətdar
hadisə ilə yadda qalacaq. Belə ki, dahi Azərbaycan bəstəkarı
Qara Qarayevin anadan olmasının 100 illik yubileyi ilə qeyd
olunan festivalda bəstəkar yad edilərək, festival çərçivəsində
onun ölməz əsərləri səslənəcək. X
Qəbələ Beynəlxalq Musiqi Festivalı avqustun 8-dək
davam edəcək.
Xəyalə Rəis
Kaspi.- 2018.- 2 avqust.- S. 10.