“Teatr
ilk məhəbbətimdir”
Qurban İsmayılov: “Siyahıda
atamın adını
görəndən sonra
“Xalq artist” adını
aldığıma inandım”
Avqustun 1-də prezident İlham Əliyev Azərbaycan kinosunun 120 illiyi ilə əlaqədar kino xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzaladı. Azərbaycan kinematoqrafiyasının
inkişafında xidmətlərinə
görə bir çox aktyorlarımız
fəxri adlarla təltif olundu. Onların içərisində
uzun müddətdir ki, təltif olunacağı gözlənilən
incəsənət nümayəndələri
də var idi. "Xalq
artisti” adına layiq görülən Qurban İsmayılov kimi. Biz də
sənətkarın sevincinə
şərik olub, onu təbrik etdik. Yenicə "Xalq artisti”
adına layiq görülən Q.İsmayılov
təəssüratlarını "Kaspi” ilə bölüşdü.
- Qurban bəy, sizi təbrik edirik.
- Çox sağ
olun, təşəkkür
edirəm.
- Gözləyirdinizmi ki, məhz Azərbaycan kinosunun 120 illiyində
"Xalq artisti” adına layiq görülərsiniz?
- Açığı
desəm, müəyyən
gözləntilərim var
idi. Ancaq məhz bu gündə veriləcəyini
bilmirdim. Çox sevindim.
- Sizi xalq artisti kimi
ilk kim təbrik
etdi?
- Jurnalist
dostlarımdan biri zəng vurub məni təbrik etdi ki, xalq
artisti adına
layiq görülmüsünüz.
Kompyuteri açıb
fəxri ad alanların
siyahısına baxdım
və adımı görəndə dedim birdən səhv salarlar. Siyahıda atamın adını
görəndən sonra
inandım (gülürük).
Çox
gözəl hissdir.
Mənə bu hissi yaşatdığı üçün
cənab prezidentimiz İlham Əliyevə, mədəniyyət nazirimiz
Əbülfəs Qarayevə
minnətdaram. Kino Xadimləri İttifaqına
da təşəkkürümü
bildirirəm. İki gündür
ki, çoxsaylı təbriklər alıram.
Dostlarım, ailəm, qohum-əqrəbam
çox sevinir. Təəssüratlarım çox gözəldir.
Təbii
ki, bu həm
də bir məsuliyyətdir.
- İndiyə qədər də siz çox
məsuliyyətlə çalışmısınız. Yəqin ki, bundan sonra
da bu məsuliyyət
hissi sizinlə olar.
- Bu mənim özümdən asılı
deyil. İşimdə məsuliyyətli olmağı çox sevirəm. Ümumiyyətlə hansı peşə
sahibi olursa-olsun, insan öz işini
məsuliyyətlə görməlidir.
Bizim sənət kütləvi
sənətdir, göz
önündədir, bu
sənətdə məsuliyyət
hissi ikiqat artıq olmalıdır.
- Qurban bəy, həmkarlarınız
müsahibələrində fəxri ad almadıqları
ilə bağlı gileyləndikləri halda, siz indiyə qədər onu dilinizə də gətirməmisiniz. Sanki ad almaq həvəsində olmamısınız.
- Media nümayəndələri
məndən xalq artisti olub-olmadığımı
soruşanda, onlara əməkdar artist olduğumu
demişəm. Sual edəndə
ki sizə niyə fəxri ad vermirlər, onlara deyirdim ki, nə
zaman məsləhət
bilsələr, o zaman
da verəcəklər.
Təbii
ki, mən də istəyirdim ki, "Xalq artisti” adına layiq görülüm.
Ancaq bunu bir xəstəliyə
çevirməmişdim. Mən belə yanaşmanı qəbul edə bilmirəm. O qədər
gözəl, istedadlı
aktyorlar var ki, onların fəxri adları yoxdur. Burada bir az naxış məsələsi
də mühüm rol oynayır. Verilməyəndə də bununla
razılaşmaq lazım
idi. Onun üçün çox səs-küy salmırdım. Demək indi
məsləhət bilinib
ki, fəxri ad mənə bu dəfə verilib. Durub yersiz fikir bildirmək
kimi bir xasiyyətə malik insan deyiləm.
- Sizi kimlər təbrik etdi? Gözlədiyiniz insanlardan təbrik
aldınızmı?
- Əslində iki gündür çox təbriklər alıram. Həm sosial
şəbəkədə, həm də telefon zəngləri susmur. Demək olar ki, bütün sənət dostlarım məni təbrik etdi. Sizə bir şey deyim.
Mənim
iki dostum var, bir-biriləri ilə küsülü idilər. Demişdilər ki, sən
"Xalq artisti” adını alsan, barışacağıq. Onlar artıq
barışdılar və
mənimlə görüşdülər.
- Bəs təbriklər içərisində ad almayan
həmkarlarınızdan qısqanclıq
hiss etdinizmi?
- Əsla. Əksinə, dostlarım məni
sevinərək təbrik
edirdilər. Arada heç
bir qısqanclıq hissi olmayıb. Ola bilər, kimsə
istəyir ki, o da bu adı
alsın, bu, təbii bir şeydir. Məndə də olub.
Ancaq sizə durub deyə bilmərəm ki, kimlərsə məni qısqanıb.
Belə şeyləri təbii qəbul edirəm. Qısqanclıq ona deyirəm
ki, dava-dalaş olsun, vurub qaş-gözünü
çıxarsınlar (gülürük).
- Sizcə, bu adı bir qədər
gec almadınız?
- Mənə
elə gəlir ki, zamanında verildi. 58 yaşım
var. Bəlkə də
qoca görünürəm.
Ancaq zamanında verildiyini hesab edirəm.
- Srağagün Azərbaycan
kinosunun 120 illiyi idi. Bu münasibətlə sizi də kinomuzun
bir nümayəndəsi
kimi təbrik edirik. Azərbaycan kinosuna nələr
arzu edirsiniz?
- Çox
sağ olun.
Arzum budur ki, çoxlu
kinolar çəkilsin.
Kinolarımız beynəlxalq festivallarda
iştirak edir və çox istərdim ki, bu festivalların sayı çoxalsın.
Biz bu festivallar
sayəsində dünyada
öz mədəniyyətimizi
təqdim edə bilərik. Demirəm ki, super, möhtəşəm
filmlər, seriallar çəkirik. Bir ölkə
olaraq bizim unikal mədəniyyətimiz
var. Düşünürəm ki, tələsmək lazım deyil. Ancaq nədənsə biz tələsirik.
Müstəqillik yaşımız da o qədər çox deyil. Kino da yavaş-yavaş
inkişafa doğru gedir. Biz aktyorlar
da bacardığımız
qədər öz işimizi görməklə
Azərbaycan kinosuna kömək etməyə çalışırıq. Bəlkə səhv düşünürəm,
ancaq bu mənim subyektiv fikrimdir.
- Sizcə, bu gün Azərbaycan kinosu öz ömrünün hansı
mərhələsini yaşayır?
- Bu gün
Azərbaycan kinosu ömrünün 120 yaşını
qeyd edir. Amma 120 yaşlı adam kimi deyil,
daha şux, sıfırdan
başlayan kimi başlayacağıq. Mən heç
zaman bədbin olmamışam, indi də deyiləm.
- Sizi kinodan daha çox
teatrda izləməyi sevirik. Canlı sənət növünün
yeri bir başqadır. Maraqlıdır,
teatrı, yoxsa kinonu özünüzə
bir köynək daha yaxın hiss edirsiniz?
- Teatr mənim ilk məhəbbətimdir. Əlbəttə ki, teatrı. Kino elədir ki,
orada çəkilən
aktyorların 99 faizi elə teatr aktyorlarıdır. Teatr kino
üçün baza rolunu oynayır. Biz teatrda yığdıqlarımızı
kinoda xərcləyirik.
Sonra gedib teatrda yığıb
təzədən kinoya
gəlirik. Ancaq kino
da dəyərlidir, incəsənətimizin bir
növüdür.
- Teatr mövsüm sonuna çıxıb, yəqin
ki, siz də
istirahət edirsiniz. İstirahətiniz necə keçir?
- Əslində, teatrdan
məzuniyyətə çıxmışıq,
ancaq mən çalışıram. Çünki çalışdığım "Ata ocağı” serialının
ikinci mövsüm üçün çəkilişləri
başlayır. Ona hazırlaşırıq.
- Yeni mövsümdə sizi daha hansı film və seriallarda görə biləcəyik?
- Baku Media Centr
tərəfindən çəkilən
Nobel qardaşları ilə
bağlı bədii-sənədli
filmdə Hacı Zeynalabdin Tağıyevi canlandıracam. Yeni bir filmdə
kiçik bir rolum da gözlənilir.
Bunlarla yanaşı, Xəzər
televiziyasında yayımlanan
"Ata ocağı” serialı
ilə mövsümə
davam edəcəyik.
- Əsas rollardan birini canlandırdığınız
"Ata ocağı” serialından
söz düşmüşkən,
orada çox qəddar bir atanı oynayırsınız...
- Nazim obrazı o qədər də qəddar deyil axı. Nə üçün qəddar olsun ki? O nə edirsə,
uşaqları üçün
edir. Övladlarının yaxşılığını
istəyir. Övladları dayanmadan yanlış hərəkətlər edirlər.
Bəs onda ata neyləsin?
Kasıb
adamdır, istəyir ki, uşaqları onun tərbiyə etdiyi düzgün yolla getsinlər.
- Bəs Qurban İsmayılov Nazim obrazının yerində olsaydı, onun kimi hərəkət edərdimi?
- Açığını
deyim ki, mənim üç oğlum yoxdu. İki oğlum var, birinin 4 yaşı var, hələ çox balacadır.
Böyüyü də çalışır,
özünün çox
gözəl ailəsi
var. Hələ ki məni hirsləndirmirlər.
Ancaq Nazimin övladları onun sözünə baxmır. Həyatdakı övladlarım hər
dediyimi edirlər.
Bircə
balaca oğlumdan başqa (gülürük).
Hərdən ona çatdırırıq
ki, daha bu qədər də yox. Uşaqlar bir az valideynə
hörmət etməlidir.
Hətta bizim seriala baxandan sonra ondan ibrət
alan, valideynlərinə
daha çox bağlanan tamaşaçılar
da var.
- Yeni mövsümdən teatra "Xalq artisti” kimi gedəcəksiniz.
- Bəli... Teatra gedib işlərimə davam edəcəm. Qeyd edim ki, yeni mövsümdə Bəhram Osmanovun quruluşunda hazırlanan Servantesin "Don Kixot” tamaşası nümayiş olunacaq. Mən orada Don Kixotu canlandıracam. Tamaşa oktyabrda təhvil veriləcək.
Xəyalə Rəis
Kaspi.- 2018.- 3 avqust.- S.12.