Rafael Hüseyn
ONDAN EŞİTMƏYİ
ARZULADIĞIM ETİRAF
Akif İslamzadənin 70 yaşına
Nəsə ürəyimdən keçdi ki, bu gecə
yarısında növbəti yuvarlaq ad gününün
astanasında dayanan dostumuz Akif İslamzadə haqqında bir
para düşüncələrimi bölüşüm.
Düz 70
il əvvəl bu saatlardamı, ya bir az
sonramı, amma hər halda artıq başlanmış olan bu
gün içərisində, 1948-ci ilin 8 avqustunda unudulmaz Sara
xanım Qədimova növbəti övladını dünyaya
gətirməyə hazırlaşırdı.
Uşaq
doğmaq nə qədər ağır iş olsa da, hər
halda Sara xanım artıq bu yolu keçmişdi, ana
olmağın ağrısını da çəkmişdi,
sevincini də dadmışdı.
Çətin olan Akifin işi idi ki, sonra uzun onillər
yaşamalı olacağı, hər yeni günü yeni
suallarla dolu bu macəralı və cəfaçı
dünyaya birinci dəfə gəlirdi.
“Birinci dəfə gəlirdi” deyimi sizə yöndəmsiz
görünməsin.
Çünki Allah bu uşağa ayrı bir işıq
bağışladığından onun daha sonralar dünyaya
ikinci dəfə, üçüncü dəfə...
neçənci dəfə də gəlməsi labüd idi.
Onu hətta heç birimizin olmayacağı gələcək
zamanların içərisində də həmişə
yaşadacaq solmaz oxularının hər birinin
yarandığı gün, saat əslində Akifin hər dəfə
yenidən dünyaya, həyata gəlməsi, təzə təvəllüdü
idi.
O, 32 ildir
ki, tək özü üçün oxuyur.
32 ildir
ki, onun ifasında bizim eşitdiyimiz qabaqkı oxularıdır
– köhnə lent yazıları...
Amma
dünyaya oxumaq təyinatı ilə ezam edilən oxumaya bilməz
və 32 ildir ki, Akif ürəyində oxuyur, yuxularında
oxuyur və təbii ki, bizim dönə-dönə
eşitidyimiz və doymadıqlarımızdan fərqli oxuyur.
Həm
bir az biz eşidənlərə bənzəyən,
amma həm də mütləq onlardan fərqlənən bir
biçimdə oxuyur.
Ola bilsin ki, oxuduqlarının arasında heç son 30
ildən artıq müddətdə yaranan mahnılar yoxdur.
Çünki
bu axır onillərdə say hesabı bəlkə də əvvəlki
dövrlərin hamısında yarananalrın tolusundan da
çox mahnılar qoşulsa da, aralarında uzun müddət
yaşamalıları lap azdır.
Barmaqla sayılacaq
qədər az!
Lakin axı Akifin hətta ən məlum, dönə-dönə
oxunmuş mahnıları da tam yeni duyum və görüm
bucağından təqdim etmək qeyri-adliyi də vardı.
Ola bilsin
ki, bu son yeyin, qatmaqarışıq, nəsillərin, dəyərlərin
dəyişdiyi onillərdə yaranmış və zahirən
çox da cazibəli olamyan mahnıları da Akif oxumaqda davam
etsəydi, elə canlandıracaqdı ki, dəfələrlə
eşidib sən deyən əhəmiyyət vermərdiyimiz
ayrı-ayrı mahnılar da bizi valeh edəcəkdi.
Kim bilir,
kim bilir?!.
“Belə olsaydı, filan cür olardı” yozumu tarixin bəyənmədiyi
və təqdir etmədiyi əsaslandırma üsuludur.
Məm gümana yox, olana arxalanıb fərz edirəm.
Emin Sabitoğlu Nigar Rəfibəylinin sözlərinə
“Neyləyim”i 1960-cı illərdə bəstələmişdi,
Gülağa Məmmədov həmin mahnını oxumuşdu,
ansamblın müşayiəti ilə lentə də
alınmışdı.
Azərbaycan
Radiosunun səs xəzinəsində o lent qalır və
1960-70-ci illərdə Gülağanın efirə gedən
konsertlərində də dəfələrlə səsləndirilib.
Hansınızın yadında qalıb,
hansınızı diksindirib?
Heç birinizin xatirində deyil.
Belə əminliklə
yazıram ona görə ki, çox illər öncə Azərbaycan
radiosunun fonotekasında həmin mahnı ilə
rastlaşıb tələsik bir maraqla dərhal dinləyəndən
sonra görmüşdüm ki, bu yaşı az
olmayan mahnıdan və ifadan xəbərsizmişəm.
Yəni hətta eşitmişəmsə belə,
yanından ötmüşəmmiş, yaddaşıma
köçürməmişəmmiş.
Məşədi İbadın “Tarix-i Nadir” söhbəti
olmasın – bir belə musiqi içərisində ola-ola mən
bilməyəndə adi dinləyici hardan biləydi.
Lakin
artıq 1980-lərin lap başlanğıcında, Nigar
xanımın bu dünyayala əbədi ayrılıq
astanasında olduğu çağlarda həmin mahnını
Akif İslamzadə oxudu və büsbütün təkrarsız
bir gözəllik aləmi ilə üz-üzə qaldıq.
Sonra neçələri hətta Akifin
boğazlarını, xallarını təkaralayaraq oxumağa
cəhd etdi.
O cürə
alınmdaı.
Təxminən
Akiflə eyni vaxtlarda estradamıza gəlmiş və eyni illərin
sevilən müğənnilərindən olmuş, bal kimi
şirin səsi birbaşa ruha axan və nə acı ki,
insafsızca erkən itirdiyimiz dostumuz Hüseynağa
Hadıyevə bir toy məclisində Akifin oxuduğu
mahnını ifa etməsi sifariş veriləndə xahiş
edənlərin qəlbinə dəymədən çox
tutarlı bir səbəb gətirərək imtina etmişdi.
Hüseynağa
bir tərəfdən Akif İslamzadə
yaradıcılığına rəğbəti və qiymətini
əks etdirən, digər yandan da yüksək təvazönün
və alicənab peşəkarlığın ifadəsi olan
sözlər demişdi: “Axı Akifdən
aldığınız ləzzəti mən sizə verə
bilməyəcəyəm!”.
Akif 1970-ci illərin əvvəllərində Rəşid
Behbudovun Mahnı Teatrında oxumağa başlayanda, ilk xarici səfərlərinə
çıxanda mən tələbə idim.
1976-cı
ildə isə yenə tələbə ola-ola artıq mən
Azərbaycan Radiosunda 2 il idi ki “Axşam görüşləri”
verilişini hazırlayırdım və həmin il Akif
İslamzadə Televiziya və Radio Verilişləri Komitəsində
Tofiq Əhmədovun rəhbərlik etdiyi orkestrdə solist kimi
fəaliyyətə başlamışdı.
“Axşam
görüşlər”ində o vaxt mənim daimi
rubrikalarımdan biri belə adlanırdı: “Bu adı yadda
saxlayın”.
Akif haqqında hazırladığım ilk veriliş,
onunla radiodakı ən birinci müsahibəmiz də elə həmin
rubrika altında səslənmişdi.
O vaxt hələ
Akifin vur-tut 2-3 lent yazısı vardı və zənnimcə,
bu onun Azərbaycan dinləyicisinə bir veriliş çərçivəsində
ilk təqdimatı idi.
İllər
ötdü və hamı inandı ki, həqiqətən bu
adı, bu səsi, bu ifanı yadda saxlamağa, sevməyə dəyərmiş!
Akif sənətə
gələndə Azərbaycan estradasının Rəşid
Behbudov, Şövkət Ələkbərova, Mizrə Babayev,
Gülağa Məmmədov, Oqtay Ağayev, Flora Kəroimova və
neçə başqa zirvə sənətkarı vardı.
Bir çox məşhur mahnıların üstündə
də onların səs möhürü.
Akif İslamzadə gəldi və heç kəsə bənzəmədi.
Elə
lap ilk yazılarından olan, ona qədər min dəfələrlə
oxunmuş “Aman ovçu”nu heç kəsə oxşamayan,
qulaqların alışmadığı, amma həm də son
dərəcə çağdaş və əyənimli təsir
bağışlayan bir şəkildə ifa etməsi ilə
anlatdı və bəyan etdi ki, gəlmişəm, məni qəbul
etməyə, məni sevməyə hazır olun.
Geniş
dinləyici kütləsi onu sevdi, həmin məhəbbət
və rəğbət bu gün də davam edir və
maraqlısı odur ki, müasiri olan zirvə sənətkarlar
da Akifi elə əvvəldən tanıdılar(!), yolunu təzə
başlayan gənc kimi deyil, sənətkar(!) olaraq etiraf etdilər.
Akif 38 yaşına qədər oxuya bildi.
Möhlət bu qədər imiş.
Bu gözəlliyin yeni bəhrələrindən zövq
almaqçün ayrılmış zamanımız bu qədərmiş.
...1987-ci il idi, Akif artıq 1 il idi ki, səsini
itirmişdi.
Mənim Hüseyn Cavid haqqındakı “Vaxtdan uca”
kitabım yeni çadan çıxmışdı.
Bir axşam o kitab münasibətiylə Akifin
böyük qardaşı, Tibb Universitetinin müəllimi
professor Faiq İslamzadə bizə qonaqlıq verirdi.
İllər irəlilədikcə Akif bu səs itkisinə
asta-asta alışdı, taleyi ilə barışdı. Amma o vaxt hər
şey hələ lap təzə-təzə olduğuna
görə sarsıntı, həyacan, nigaranlıq dəhşətli
dərəcədə çox idi.
O günlərdə
bir dəfə Akif mənə söylədi ki, qorxuram dəli
olam.
Niyəsini soruşdum.
Dedi ki, o
qədər fikir eləyirəm, bir də ayılıram ki,
özüm özümlə danışıram.
Zarafata saldım ki, bu lap əladır. Axmaq adamla, səviyyəsizlərlə
danışmaqdansa, özünlə nə qədər
çox danışsan, o qədər yaxşıdır.
Gülüşdük, sonralar Akif bu sözümü
tez-tez iqtibas gətirərdi.
1987-ci
ilin həmin o birgə əyləşdiyimiz,
yeyib-içdiyimiz, zahirən əyləndiyimiz, amma
hamımızın içərimizdə Akifə görə
bir dərin narahatlığın, səksəkənin
çırpındığı çağlarda (Moskvada hətta
o vaxt ona boğazında xərçəng olması
hökmünü də vermişdilər) bir düşüncəmi
də dilə gətirmişdim və aradan çox illər
ötsə də, həmin qənaətimdə qalıram.
Musiqi mənə görə Allahın dilidir, ərvərdigarın
özünü ifadə üsullarından biridir.
Ona görə bunca ilahi təbiətli, bunca ümumbəşəridir.
O vaxt
Akiflə bu inamımı bölüşmüşdüm ki,
insanla Tanrı arasında sirr var. Yardılışın
sirri, Allahın varlığının sirri, Ruhun sirri.
Ruh nə olan sehrdirsə, Allah hətta istəkli
elçisi Məhəmməd Peyğəmbərə də
buyurub ki, səndən ruh haqqında soruşulanda de ki, mənə
bu barədə çox bilgi verilməyib.
İnsan dünyaya gəlir, yaşayır və hərəyə
bir yaşda, ömrünün hanısa mərhələsində,
hansısa anda yəqin ki xaliqin, xilqətin hansısa gizlinləri
əyan olmaq məqamına yetişir.
Bunlar elə sirlərdir ki, onu sağlar bilə bilə
bilməz.
Və həmin andaca şahid aradan
götürülür, ömür bitir.
Və
indiyədək Ordan – həyatdan o yana nə
aləmlər olduğunun sirrini gətirən, açan bircə
nəfərə belə rast gəlinməyib.
Və
olmayacaq da!
Olsa, bütövlükdə həyat, dünya
özü bitər.
Bəlkə Akif də getməliymiş, amma Allah onun səsinə
bağışlayıb.
Bəlkə
Akif oxusu ilə, səsi ilə elə əsrarəngiz bir qata
çatmağa, Xudanın musiqidəki dilinin bizlərə
bilinməz elə qatına çatmağa yaxın imiş ki,
ora yasaq ərazidir, bəni- adəmin ola
yolu qapalıdır?
Mərhəmətli Allah o anacan yaratdığı
gözəlliklərə görə Akifin canına dəyməyib,
səsini alıb.
“Oxumaq
bura qədər idi, yaşamaqda davam et!”
Bu
ehtimalımı Akifə 31 il əvvəl,
onun ömrünün 40-cı ilinin ilk aylarında demişdim,
“yaşa, ömürdən, hər yeni gündən zövq
al” söyləmişdim və indi 70-nin tamam olduğu gündə
də təkrarlayıram.
Bu düşüncənin həqiqətinə inansan,
yaşamaq nəinki asanlaşır, hətta ömrü məmnunluqla,
dilində şükrlərlə davam etdirirsən.
...Dünya
möcüzələrlə dolu dünyadır,
dünyanın, insanın özü elə möcüzədir.
Bizim çox dəyərli bir ədəbiyyatşünas
alimimiz vardı. Filologiya elmləri doktoru, professor
Arif Məmmədov.
1970-80-ci
illərdə Üzeyir Hacıbəyli adına
Azərbaycan Dövlət konservatoriyasında işləyirdi,
kafedra müdiri idi.
Konservartoriya işləməsi səbəbsiz deildi. Çünki
o filoloq olmaqdan savayı, həm də musiqiçi idi. Uşaqlıq, yeniyetməlik illərində son dərəcə
şaqraq, məlahətli səsi olan müğənni
imiş və hər kəs onu sabahın ən üstün
xanəndələrindən, müğənnilərindən
biri kimi təsəvvür edirmiş. Lakin
deyilənə görə kimsə paxıllıqdanmı,
düşmənçilikdənmi, ona srmə
içirtmişdi, gül kimi səsi batmışdı.
Ona görə də üz tutmuşdu ədəbiyyata.
Ancaq musiqidən də biryolluq
ayrılmamışdı, vaxtaşırı ayrı-ayrı
nəşrlərdə muğam sənətimiz,
ifaçılığın çeşidli problemləri ilə
bağlı məqalələrlə ilə
çıxış edirdi.
1981-ci ildə
Arif müəllimlə onun gənclik səsi haqqında
söhbət edirdik və qayıtdım ki, heyif,
valınız, lent yazınız qalmayıb, çox istərdim
biləm oxu yolunuz, üslubunuz necə olub.
Gülümsünərək bir etiraf etdi.
Söylədi ki, bir neçə ildir səsi
açılıb, oxuya da bilər, amma artıq artıq
gecdir, yaş o yaş deyil.
Neçə gün onu yola gətirməkçün inadlı təzyiqlər göstərdim ki, axı kim deyir çıxın konsertlər verin.
Radionun səsyazma evində vaxt alım, studiyada yer götürüm, oxularınızdan yazaq, qalsın.
Arif
müəllimin yaxşı tar çalmağı da vardı.
Qızı fortepianoda çaldı, Arif müəllim həm
bir neçə parça muğam, həm mahnılar ifa etdi.
Nə qədər
gözəl, nə qədər şirin! Valeh oldum!
Yazdıq, veriliş hazırladım.
Söhbətlərimizi də oxuları,
çalğıları bəzədi.
Çoxdandır ki, Arif müəllim həyatda yoxdur,
lakin həmin yadigar səslər qalır.
Allahın
işlərini nə bilmək olar!
Bəlkə
ən ağlasığmaz olan da baş verdi,
bəlkə elə günlərin birində Akif də etiraf
etdi ki, səsim açılıb, amma artıq gecdir,
oxumağım düz olmaz.
Və bəlkə
bu şaddan şad xəbəri eşidincə mən də
Akifi vadar etdim ki, hamı üçün yox, elə lap
cavanlıq vaxtlarında, türk estradasının məşhur
mahnılarını ən yaxın dostlar arasında
oxuduğu sayaq özümüzçün oxusun, yazaq, qalsın...
Nə
bilmək olar, nə bilmək olar!..
YAŞIN
MÜBARƏK AKİF!
Bizə
bağışladığın tükənməz həzzə,
bu xalqla həmişəlik qalacaq yaratdıqlarına görə
sağ ol!
“Sağ
ol!” deyişinin bütün mənalarında!
"Sağ
ol" isə həm "var ol" deməkdir, həm
"sağlam ömür sür" anlamındadır, həm
də minnətdarlıqdır.
Bir
sözlə - YAŞA!
Kaspi 2018.- 11 avqust.- S.10.