Yaşayan və
yaşadan Müslüm
Müslüm Maqomayev 76-cı
doğum günüdə də məhəbbətlə
anılır
Ey, əziz
Anam, Azərbaycan!
Sənə
bağlıyam, Azərbaycan!
Ömrümün
mənasısan,
Qardaşlıq
dünyasısan,
Anamın
anasısan, Azərbaycan!
Onun xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi
və dillər əzbəri olan, vətənimizin himni kimi əzəmətli
səslənən "Azərbaycan” mahnısını dinləyərək
böyüdük. Hər bu mahnı səslənəndə
gözlərimiz məhz onu - Müslüm Maqomayevi axtardı.
Biz onun sorağını ölkəmizin
hüdudlarından kənardan eşitdikdə ürəyimiz
dağa döndü. Çəpər
oldu, sipər oldu, dünya oldu. Fəxrlə,
sevinclə, qürurla Müslüm Maqomayevin sərhədlərimizdən
kənarda azərbaycanlı sənətkar kimi təqdim edilməsini
eşitdik. Onun mahnılarını dinlədik,
həyatını, sevdiyi qadınları, onu sevənlərin
hekayələrini oxuduq. Çəkildiyi "Oxuyur
Müslüm Maqomayev”, "Nizami”, "Moskva notlarda” filmlərini
izləyərək qəlbimizdə bir Müslüm sevgisi
yaratdıq. Bu sevgi ildən-ilə böyüdü...
Dünən
mahnılarını sevərək dinlədiyimiz, gur səsli
ifaçı Müslüm Maqomayevin doğum günü oldu. Anadan
olmasının 76-cı ildönümü nəinki
doğulduğu Azərbaycanda, həm də dünyanın bir
çox yerlərində qeyd edilən SSRİ-nin və Azərbaycanın
Xalq artisti Müslüm Maqomayevin fəth etdiyi qəlblərdə
hələ də yaşadığının bir daha
şahidi olduq. Hər il avqustun 17-də
onun xatirəsi ehtiramla anılır. Sənətə
və əsl sənətkara hörməti olan hər kəs həmin
gün Fəxri xiyabana gələrək Müslüm
Maqomayevin məzarını ziyarət edir, onu
mahnılarını dinləyir, filmlərini izləyir və
yenidən xatırlayır.
Bəziləri
opera və estrada müğənnimiz
Müslüm Maqomayevin Rusiyada doğulduğunu hesab etsə də
o, 1942-ci ildə Bakıda anadan olub. 14
yaşında doğma şəhəri Bakıda dənizçilər
klubunda çıxış edib. İlk
uğurunu 1962-ci ildə qazanıb. Maestro Niyazinin
tövsiyəsi ilə tələbə və gənclərin
Helsinkidə keçirilən VIII Ümumdünya festivalına
yollanaraq oradan
medalla qayıdıb. Bu münasibətlə
populyar "Oqonyok” jurnalı onun portretini və
"Bakılı gənc dünyanı fəth edir” sərlövhəli
məqaləsini dərc edib. Müslüm
Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrının solisti olub,
Milanın dünya şöhrətli "La Skala” teatrında
təcrübə keçib.
Ötən əsrin 60-70-ci illərində Müslüm
Maqomayevin məşhurluğunun həddi-hüdudu yox idi. Konsert
salonlarındakı yerlər azlıq etdiyindən o, stadionlarda
minlərlə dinləyici qarşısında
çıxış edir, daim qastrol səfərlərində
olurdu. Mahnıları yazılan vallar
çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet
estradasının son yarım əsrdəki ən parlaq ulduzu,
kralı, rəmzi adlandırırlar. Keçmiş
SSRİ-də klassik opera ariyalarını estradaya məhz
Müslüm Maqomayev gətirib. Təsadüfi deyil ki, o,
31 yaşında SSRİ Xalq artisti fəxri adına
layiq görülüb.
Şanslı
bəstəkar və istedadlı ifaçı
Müslüm Maqomayev çoxşaxəli sənətkar
idi. Belə
geniş diapazonu, ürəkləri fəth edən həm
lirik, həm də güclü səsə çox az rast gəlinir. Müslüm
Maqomayev ifa etdiyi hər mahnıda, ariyada yeni bir dünya -
öz dünyasını yaradırdı. Onun
repertuarında 600-dək əsər var. O, həm də
gözəl mahnılar müəllifidir. Müslüm
Maqomayevin ecazkar səslə ifa etdiyi mahnıların
sırasında dahi Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin
qəzəllərinə bəstələdiyi "Sənsiz” və
"Sevgili canan” romanslarının xüsusi yeri var. Ona görə
ki, burada üç dahi sənətkarımızın -
şair, bəstəkar və müğənninin ruhu
görüşür. Bu romanslar Müslümə
qədər korifey sənətkarların ifasında səslənib.
Amma o, bu romanslara elə çalarlar, elə bənzərsiz
intonasiyalar gətirdi, elə sevgi ilə yanaşdı ki, fərqləndirməyi,
özününküləşdirməyi bacardı, bir
növ fəlsəfi yüksəkliyə qaldırdı.
Azərbaycan xalqının zəngin musiqi ənənələrinin
qorunub saxlanılmasında və müasir dövrdə layiqincə
inkişaf etdirilməsində Müslüm Maqomayevin
yaratdığı və rəhbərlik etdiyi Azərbaycan
Dövlət Estrada-Simfonik Orkestri mühüm rol oynayıb. Orkestrin rəngarəng
proqramlarında M.Maqomayev əsl sənətkara xas əzmkarlıqla
hər bir ifasını bir aktyorun teatrı səviyyəsinə
qaldırmağa nail olub.
Böyük
coşqu ilə qarşılanan sənətkar
Müslüm Maqomayevin yaradıcılığı Azərbaycan
mədəniyyəti tarixində xüsusi yer tutur. Onun səsinin
sehri, zəngin yaradıcılığı unudulmaz sənət
abidəsinə çevrilib. Azərbaycan
xalqına bağlı olan Müslüm Maqomayev dünyanın
ən möhtəşəm konsert salonlarındakı rəngarəng
çıxışları ilə mədəniyyətimizə
geniş şöhrət qazandırıb.
Müğənninin
ifasında "Koroğlu” (Ü.Hacıbəyli), "Şah
İsmayıl” (M.Maqomayev), "Toska” (C.Puççini),
"Aleko” (S.Raxmaninov) operalarından ariyalar, Azərbaycan və xarici
ölkə bəstəkarlarının onlarca estrada
mahnıları xüsusi yer tuturdu. Keçmiş SSRİ-nin ən
populyar estrada müğənnilərindən biri olan
Müslüm Maqomayev sözün əsl mənasında ümumxalq məhəbbəti
qazanmışdı.
Azərbaycan
estrada ifaçılığı sənətini
xaricdə yüksək səviyyədə dəfələrlə
təmsil etmiş müğənni 1969-cu ildə Sopot Beynəlxalq
Mahnı Müsabiqəsində, Kannda keçirilən
"Qızıl val” müsabiqəsində birinci mükafata və
laureat adına layiq görülüb. Müslüm
Maqomayev unikal sənətkarlardandır ki, ona Parisin məşhur
"Olimpiya” zalında solo konsertlə çıxış
etmək nəsib olub.
Müslüm
Maqomayev 1974-cü ildə təşkil etdiyi Azərbaycan
Dövlət Estrada-Simfonik Orkestri ilə birgə ABŞ,
Kanada, Fransa, Almaniya, Finlandiya, İsveçrə, İspaniya,
İtaliya, Portuqaliya, Argentina, Braziliya, Polşa, İran və
bir çox başqa ölkələrdə böyük
uğurla çıxış edib. O, həm Azərbaycan, həm
də keçmiş SSRİ-nin respublikalarında keçirilən
dövlət əhəmiyyətli tədbirlərin, mədəniyyət
günlərinin, qurultay və plenum çərçivəsində
keçirilən konsertlərin daimi iştirakçısı
olub.
O,
SSRİ-nin şəhərlərində çıxış
edərkən stadionlar insanlarla dolu olurdu. Dünyanın
opera və konsert salonları onu böyük coşqu ilə qəbul
edirdi. Qaldığı otellərin
qarşısından pərəstişkarları səhərəcən
çəkilmirdi.
Müslüm Maqomayev uzun illər ümummilli lider Heydər
Əliyevlə dostluq edib. 2003-cü ildə
dostunun ölümündən sonra özünə qapanır.
Xəstə ürəyi və ciyərləri
ulduzu tez-tez narahat edirdi. Həyat
yoldaşı Tamara Sinyavskayanın dediyinə görə,
müğənni gün ərzində 3 qutu siqaret çəkirdi.
Onun əsərləri içərisində ulu
öndər Heydər Əliyevin, Bethovenin, Çaykovskinin,
Sergey Rahmaninovun, Cüzeppe Verdinin portretləri də var idi.
Portretləri çəkən zaman Tamara
xanım onu royalda müşayiət edirdi.
2005-ci ildə Maqomayev Rusiya vətəndaşlığını
qəbul etsə də, özünü azərbaycanlı hesab
edərək Rusiya azərbaycanlıları diasporunu birləşdirən
ümumrusiya ictimai təşkilatının rəhbərliyində
təmsil olunurdu.
Müslüm
Maqomayev xatirələrdə
2008-ci il 25 oktyabrında M.Maqomayev Tamara Snyavskayanın
əlləri üstündə can verdi. Həkimlər
dünya şöhrətli müğənninin ölüm səbəbini
araşdırdıqdan sonra ona ürəyin işemik xəstəliyi
və ateroskleroz diaqnozunu qoydular. Müslüm Maqomayev
Bakıda - Fəxri Xiyabanda, babası Müslüm Maqomayevin
yanında dəfn olundu. Tamara Sinyavskaya sevimli həyat
yoldaşının ölümündən sonra hələ də
özünə gələ bilmir. O, həyat
yoldaşı ilə bağlı xatirələrində deyib
ki: "Müslüm Maqomayevi yığcam, qısa fikirlərlə
təsvir etmək çətindir. O, böyük insan idi. Həyatımın müxtəlif illəri onunla birgə
keçib. Fikirlərini mənimlə
bölüşərdi. O anlar mənim üçün
unudulmaz olduğu qədər də əlçatmazdır. Müslüm Maqomayev ad gününü böyük
salonlarda, hay-küylü keçirməyi xoşlamazdı,
ancaq dostlarının əhatəsində qeyd edərdi. Hədiyyələri bir o qədər də sevməzdi.
Ad günündə onun haqqında gözəl
sözlər deyərdilər. Mən
bunların şahidi olmuşam. Müslüm
Maqomayev bütün dövrlərin musiqiçisidir və
ikinci belə bir sənətkar dünyaya gəlməyəcək”.
Səməd
Vurğun adına Rus Dram Teatrının
aktyoru, aparıcı Oleq Əmirbəyov Müslüm Maqomayevlə
məhz onun ad günündə tanış olduqlarını
xatırlayır. Bizimlə həmsöhbət olan aktyor mərhum
sənətkarı gözəl tanıdığını və
onun məsləhətlərini ömrü boyunca
unutmayacağını deyir: "Uşaqlıqdan bizim evimizdə
Müslüm Maqomayevin mahnıları dinlənilib. Onun internetdə səhifəsi var idi. 2004-cü ildə internetin təzə çıxan
zamanlarında sənətkarın "Ad günü”
mahnısını yükləmək üçün
axtarış verdim. Onun səhifəsini
gördüm və qonaq bölməsində Müslüm sevərlər
ona mesaj yazırdılar. Orda M.M. adlı
istifadəçi ünvanlanan suallara cavab yazırdı. Sonradan mənə
məlum oldu ki, bu M.M. onun özü imiş. Mən
də o sayta daxil oldum və ona təbrik yazdım. Mənə
cavab yazdı
və beləliklə, ünsiyyətimiz yarandı. Bizim onunla tanışlığımız məhz
internet üzərindən oldu. Onun
doğum günündə dünyanın bir çox ölkələrindən
qonaqlar gəlmişdi. Real həyatda
görüşmədiyi virtual dostlarını ad gününə
dəvət etmişdi. Daha sonra o, bizi
bağ evinə dəvət etdi. Mən
Moskvada təhsil alırdım. Bu müddət
ərzində onunla tez-tez görüşür, evlərində
qonaq olurdum. Müslüm Maqomay dahi sənətkar
olmaqla yanaşı, həm də mükəmməl insani
keyfiyyətlərə malik idi. Dostluq anlayışı
onun üçün böyük məfhum idi”.
Onu sonuncu
dəfə ölümündən bir neçə həftə
qabaq gördüyünü deyən Oleq görüşlərinin
Moskvada olduğunu bildirdi: "Sonuncu
görüşümüzdə mənə dedi ki, aktyor sənəti
hər baxımdan çox çətindir. Mən
çox istərdim ki, sən bu sənətdə qalasan.
Hər dəfə məndə hansısa
şübhələr yarananda, başqa bir sahədə
çalışmaq istəyəndə onun bu sözlərini
xatırlayıram. Onu həyatda tanımaq
həqiqətən şərəfdir. Mənim
üçün xoşbəxtlikdir”.
Aktyor sənətkarla
birlikdə mahnı ifa etdiyi günləri xatırlayır:
"Hətta mən onunla birlikdə bir royalın arxasında
mahnı da ifa etmişəm. Bir dəfə 8
mart bayramında ikimiz də eyni məclisdə iştirak
edirdik. Orada Rusiyanın, MDB ölkələrinin
tanınmış sənət adamları var idi. Yaxınlaşıb Müslüm Maqomayevə
bildirdim ki, bəlkə siz də bir Azərbaycan
mahnısını oxuyasınız. Soruşdu ki, mən nə oxuyum? "Sənə
də qalmaz”ın gözəl mahnı olduğunu dedim. Birdə gördüm ki, royala tərəf gedir.
Təklif etdi ki, gəl, bir yerdə oxuyaq. Bildirdim ki, ifaçı deyiləm, oxuya bilmərəm.
Dedi mən başlayım, sən də davam et.
Yaxşı yadımdadır, 1998-ci ildə
Müslüm Maqomayev səhnədə
çıxışlarına son qoydu”.
Qəlblərdə taxt quran sənətkar
Müslüm Maqomayev nəinki yerli, eyni zamanda xarici sənətkarlar üçün də bir örnək idi. Onu özünə kumir seçənlər, yolunu davam etdirmək istəyənlər, yeri gələndə sitatlarından istifadə edən dünyaca məşhur sənətkarlar da az deyildi. Belə ki, "Hər bir istedadın səhnədən getmək vaxtı var” - deyən müğənni ömrünün son 10 ilini rəssamlığa həsr etmişdi. Rusiya estradasının primadonnası Alla Puqaçova Müslüm Maqomayevi çox sevir, onunla bağlı Rusiya mətbuatına açıqlamalar verirdi. Karyerası boyunca Müslüm Maqomayevi özünün kumiri hesab etdiyini deyib. Hətta bir dəfə özünə söz verib ki, onun səviyyəsinə çatdığı zaman səhnədən gedəcək: "Bax, mən Müslüm Maqomayevin uğurlarının səviyyəsinə çatdım. Mənə daha heç nə lazım deyil. Və o mənə dedi ki, 60 yaşında getmək lazımdı”. Primadonnanın sözlərinə görə, özünə vəd verib və sözünün üstündə durub. Alla Puqaçova 2010-cu ildə səhnədən getdiyini açıqlayıb. Bundan sonra o, solo konsert verməyib.
M.Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafında mühüm nailiyyətləri yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycanın ali mükafatları – "Şöhrət” və "İstiqlal” ordenləri ilə təltif edilib. Ecazkar səsi ilə dünyanı fəth edən Müslüm Maqomayevin 70 və 75 illik yubileyləri prezident İlham Əliyevin müvafiq sərəncamları ilə silsilə tədbirlərlə qeyd olunub. Dünyaya göz açdığı 17 avqustu Azərbaycan təqvimində əlamətdar günə çevirən ölməz Müslüm Maqomayev qəlblərdə elə bir sənət abidəsi ucaldıb ki, onu ziyarətə gələnlərin sırası heç vaxt seyrəlməyəcək. O, qəlblərdə yaşayıb və daim də yaşayacaq.
Xəyalə Rəis
Kaspi 2018.- 18 avqust.- S.8.