“Hələ də məni
axtarırlar”
Cəmilə Tağızadə: Kim
deyirsə ki qürbətdə rahat yaşayıram, yalan
danışır
İstirahət etmək gözəldir, yetər ki,
seçdiyin məmləkətin gözəl mənzərəsi
və səfalı təbiəti olsun. Xaricdə
yaşayan soydaşlarımızın da istirahət etmək
üçün məhz doğma torpağını, vətənimizi
seçməsi heç də təsadüfi deyil. Elə Türkiyədə yaşayan
tanınmış aktrisa Cəmilə Tağızadə kimi.
Ailə qurduqdan sonra həyat yoldaşı ilə
İstanbulda yaşayan, gündəmli həyatdan
ayrılıb, özünə kiçik dünya yaradan aktrisa
"Kaspi”-nin qonağı oldu.
Türkiyədə
yaşadığı müddətdə həyat
yoldaşının keçmiş xanımı tərəfindən
məhkəməyə verilməsi ilə bağlı
medianın gündəmində yer alan xəbərlərə
sosial şəbəkə vasitəsi ilə cavab verməyə
çalışan Cəmilə Tağızadə ilə
canlı söhbət etmək imkanı əldə etdik.
- Cəmilə
xanım, sizi vətəndə xoş gördük.
- Təşəkkür
edirəm. Vətənim, anam, dostlarım, həmkarlarım
üçün çox darıxmışdım. Onlarsız yaşamaq həqiqətən çətindir.
- Nədənsə
ailə qurandan sonra yaradıcılığınızda
durğunluq hökm sürür.
- Bu bir il həyatımın ən çətin ili
oldu desəm, yəqin ki, yanılmaram. Ailə
qurduqdan sonra sənətimdən uzaq düşdüm, ruh düşkünlüyü,
depressiya, passivlik bir-birini əvəzləməyə
başladı. Sanki birdən-birə
yuxarıdan quyunun dibinə düşdüm. Ailə problemləri ilə
qarşılaşdım. Çox çətinliklə
özümü bu quyudan çıxardım. Bilirsiniz ki, Türkiyədə sənət cameəsində
deyiləm. Orda özümü ruh kimi hiss edirdim.
Açığı, bir qədər özüm bu sahədən
uzaqlaşdım. Ailə problemlərim var idi,
çalışırdım onları qaydasına salım.
Birdən-birə işə köklənə
bilməzdim. İndi həmin problemlər
öz həllini tapır. Tezliklə məni
maraqlı layihələrdə görə bilərsiniz. İlk məqsədim İstanbulda teatrda işləməkdir.
Hələ ki heç yerə müraciət etməmişəm.
Bir dəfə kastinqə müraciət etdikdə
gördüm ki, orada kastinqlər ödənişlidir. Bakıda baş rolları, qəhrəman
obrazları yaradan aktrisa gedib birdən-birə "masovka”da
çəkilməz. Ən azından mən
bunu qəbul edə bilmərəm. Nə
olsun ki, ora Türkiyədir. Öz statusumu
qoruyub saxlamaq istəyirəm. Bu mənim
üçün çox vacibdir.
- Türk
filmlərinin, seriallarının bu qədər inkişaf
etdiyi bir zamanda sizi o seriallarda görə bilmirik...
-
Düzdür, türk serialları və filmləri çox
keyfiyyətlidir, ancaq Azərbaycanda da gözəl seriallar
çəkilir. Türk seriallarına ayrılan
pullar bizim seriallara ayrılsa, təbii ki, biz daha gözəllərini
çəkə bilərik. Gərək
insan özününkünü heç yerdə pisləməsin,
mən buna qarşıyam. Çox zaman
deyirlər ki, türklər belə möhtəşəm
çəkirlər, bəs bizdə o əjdahadan niyə
yoxdur? Əzizlərim, türklər
böyük məbləğli filmlər çəkirlər.
Həmin məbləğə çəkilən
serialla bizim rejissorların çəkdiyi filmi müqayisə
etmək çox gülüncdür. Tədricən
bizdə də o cür seriallar çəkiləcək.
O ki
qaldı sualınıza, mənim dil problemim olduğu
üçün seriallarda çəkilə bilmirəm. Əgər onların layihələrində
iştirak edirəmsə, mütləqdir ki, türklərlə
bərabər türk dilini bilim. Sentyabrdan
dil kursuna getməyi planlaşdırıram. İndi yoqa ilə məşğul olur, idmana gedir,
kitab oxuyuram. Orada radioaparıcı kimi təklif
alsam da, türkcəm zəif olduğundan işləmək
fikrində deyiləm.
Türkiyə və Azərbaycanla bağlı layihə
etmək istəyirdim. Sponsor məsələsinə görə layihə
dayanıb. İstəyirdim veriliş bizim yerli
televiziyalarımızın birində yayımlansın.
Amma elə baha qiymət dedilər ki...
- Sonuncu dəfə
rol aldığınız "Cehizsiz gəlinlər”
serialında mənfi obraz canlandırdığınız
üçün sanki insanların yaddaşında mənfi
insan kimi qaldınız.
- Nədənsə
insanlar elə düşünür ki, əgər aktrisa
çəkildiyi serialda mənfi qəhrəmandırsa, deməli,
həyatda da elədir. Hətta həmin ərəfələr
küçəyə çıxdıqda, mənə
yaxınlaşıb sual verirdilər ki, siz həyatda da pis
insansınız? Bəzən insanlar
reallıqla filmi qarışdırırlar. Bu da normal haldır. Aktrisayam, vəzifəm
həvalə olunan obrazları canlandırmaqdır.
Əgər mənfi qəhrəmanı da mən oynamasam, bu
rolu kim oynayacaq? Həkimi,
müəllimi, fəhləni gətirib oynatmayacaqlar ki.
- O
serialda ən çox ağlayan aktrisa kimi də tarixə
düşdünüz.
- Serialda
elə ağlar günə qalmışdım. "Cehizsiz
gəlinlər”də ən çox döyülən və
ağlayan obraz idim.
- Serialın ssenaristinin sizinlə bir
problemi yox idi ki?
- Qəti.
Hər dəfə zarafata salıb deyirdim ki,
yüz faiz siz ssenaristlərin mənimlə şəxsi-qərəzliyiniz
var. Hər gələn məni döyür, şillənin, təpiyinin
altına salırdı. Hələ məni
həyatda bu yaşa qədər döyən
olmamışdı. Serialda çox
döyülməyimə baxmayaraq, bu obrazım məni
çox tanıtdı.
- Bəs film olaraq ən son işiniz
nə oldu?
- Son
çəkildiyim film "İkinci pərdə” və
"Çekpot” filmi oldu. Son serialım ARB
telekanalında yaymlanan "Həkimlər” serialı idi.
Ondan sonra bir çox film və serial təklifləri alsam da,
çəkilmək imkanım olmadı.
- Türkiyədə fəaliyyətsiz
yaşamağınızda həyat yoldaşınızın
qısqanclığı nə qədər rol oynayır? O,
sizə hər hansı qadağalar qoyubmu?
- Muradla
ailə quranda mənə iki şərt qoydu. Bildirdi
ki, açıq-saçıq geyinməyəcək, "18+”
rollarda çəkilməyəcəksən. Mən onsuz da açıq-saçıq səhnələrə
çəkilmirəm, ailəm də buna razı deyildi. Onun şərtləri mənə də uyğun
olduğu üçün razılaşdım. Evlilikdə 5-6 ay qaynanam ilə birgə
yaşadıq. Yoldaşımın ailəsi
çox mehribandır. Sonra biz ayrı
yaşamağa başladıq. Çox
gözəl ailələri var, onlardan özümə
qarşı pislik görməmişəm. Məni öz övladlarından ayırmırlar.
Hər şey çox yaxşıdır. Sentyabrda məhkəməmiz var. O da həll olunsa,
ümid edirəm ki, hər şey düzələcək.
- Həyat yoldaşınızın
keçmiş xanımı sizdən konkret olaraq nə istəyir?
- Əslində məni çox xırda bir məsələyə
görə məhkəməyə verib. Günümüzü
qara edib. Saytların birində olan
müsahibəmdə həmin qadını yalançı və
fırıldaqçı adlandırmışam. Sən demə, o mənim bütün müsahibələrimi
oxuyurmuş. O sözə ilişib, bildirir ki, onu təhqir
edib, böhtan atmışam. Yoldaşımı
da ayrıca məhkəməyə verib. Sentyabrda
ayrı-ayrı məhkəmələrimiz olacaq.
- Türkiyədə sizi tanıyan
varmı?
- Yoxdur. Onlar bizim yerli film və seriallarımızı izləmirlər.
Bir ildir efirdə yoxam, uzaqlaşdığım
üçün buradakı insanlar da məni tanımaqda bir az tərəddüd edirlər.
- Sizcə, bu bir illik yoxluğunuzda
yerinizi kimsə doldura bildimi?
- Mənə
elə gəlir ki, yox, mənim yerimi doldura bilməzlər
(gülürük). Hələ
danışılıram, müzakirə olunuram, hələ də
məni axtarırlar. Sağ olsunlar, mənə film də
təklif edirlər. Gözəl, keyfiyyətli
filmlər olsa, burda olduğum müddətdə çəkilə
bilərəm.
- Vətənə
gələn kimi, su problemindən şikayət etməyə
başladınız və məsələyə müvafiq
qurumları da cəlb etdiniz.
- XXI əsrdə
su problemi yaşayırıq. Qusarın Şirvanlı kəndində
hələ də su problemi var. Vətənə gələr-gəlməz,
dedim ki, kəndə gedim, torpağımın havasını
udum, suyunu içim. Bilirsiniz ki, susuz həyat
yoxdur. İki gün qalıb,
üçüncü günü geri qayıtmalı oldum.
Bir status yazdım, bu da saytların gündəm
xəbəri oldu. Ümid edirəm ki, buna
da bir əncam çəkərlər. Sağ olsun, mətbuatda
çalışan dostlarımız məsələni ictimailəşdirdilər.
-
Yazdığınız statuslar çox tez bir zamanda ictimailəşir.
- Elədir,
məhkəmə ilə bağlı məsələmiz o qədər
ictimailəşmişdi ki, insanlar düşünürdülər
ki, mən vətənə boşanıb gəlmişəm. Çox şükür ki, həyat yoldaşımla
əlaqəmiz yaxşıdır. Evin bir
uşağıyam, indiyə kimi anamdan bu qədər uzaqda
yaşamamışam. Düşündüm ki, bir az anamın qoxusunu alım. İnsan qürbətdə
olanda, o qədər darıxır ki... Kim deyirsə
ki qürbətdə rahat yaşayıram, yalan deyir. Mən vətənim üçün çox
darıxıram. Millətim, ətrafım,
dostlarım mənim üçün dəyərlidir. Heç bir dostumdan uzaqlaşmamışam, daima əlaqə
saxlayıram. Sağ olsunlar ki, məndən üz
döndərməyiblər.
- Mətbuatda çıxan xəbərlər
ailənizdə hər hansı problem yaratdımı?
- Elə
də problem yaratmadı, niyə də yaratsın.
Düzdür, bir az söz-söhbət
oldu.
- Siz ailə
qurana qədər şəxsi həyatınız hər zaman
gizlin qalıb. Ancaq bu məsələdə...
- Mən
heç zaman şəxsi problemlərimi gündəmə gətirən
olmamışam. İndiyə qədər şəxsi
həyatımdan heç kimin məlumatı olmayıb. Hətta toyumuza iki gün qalmış dostlarım
bilib ki, mənim toyum olacaq. Toydan sonra iki ay
sosial şəbəkələrdə olmadım. Yoldaşımın keçmiş xanımı yerli
media nümayəndələrini tapıb, onlara bizim əleyhimizə
müsahibələr verməyə başladı. Bunu mən üzə
çıxarmamışdım. Bir
çox saytlar yazandan sonra açıqlama vermək məcburiyyətində
qaldım. Mətbuatda çalışan
elə dostlarım var ki, qadın onlara yazsa da, həmin
xanımın açıqlamalarını yaymaqdan imtina
etmişdilər. Ancaq bəzi saytlar reytinq
xatirinə bunu yazmışdılar. Mən
birinci dəfə açıqlama verməsəm də, bu məsələyə
aydınlıq gətirməyə məcbur qaldım. Ailəm haqqında heç kimə açıqlama
vermək niyyətində deyildim.
- Doğrudan da sizin ailə
qurmağınız çox ani oldu. Həyat
yoldaşınızla necə tanış
olmuşdunuz?
- Dostum, tanınan aktrisa Natəvanın toyunda tanış olmuşdum. Elə həmin gecə saat 12-də Natəvan zəng edib dedi ki, "səni ərə veririk”. Nədənsə imtina etmədim, səhəri onunla görüşdük. Toyda Murad məni çox bəyənmişdi. O mənə evlilik təklifini etdikdə, öz şərtlərim oldu. Həyat yoldaşım məni ilk görüşdən bəyənmişdi. Amma açığı, mən istəmirdim. Çünki Murad çox kilolu idi. Mən də şərtimi dedim ki, arıqlasa, bəlkə düşünərəm. O da mənə görə 24 kilo arıqladı, siqareti tərgitdi, spirtli içkini azaltdı. Sözümü yerə salmadı və mənim könlümü aldı. Mən də onun mənim üçün çəkdiyi əziyyətləri qiymətləndirdim və ona "hə” dedim. Yoldaşımı çox sevirəm və elə onun etdiyi fədakarlıqlar üçün mən də fədakarlıq edib, sənətimdən, ailəmdən, vətənimdən uzağa getdim. Həyatda hər şey qarşılıqlıdır.
Xəyalə Rəis
Kaspi 2018.- 25
avqust.- S.8.