Həsən Haqverdiyevin şarjları

 

Tanınmış rəssamın həmkarlarına bədii münasibəti haqqında

 

 "Şarj” sözünün özü də, mahiyyəti də bu günə kimi çoxlarına qaranlıq qaldığı üçün görkəmli Azərbaycan rəssamı Həsən Haqverdiyevin (1917-1978) şarjlarından söz açmazdan əvvəl bu barədə bir qədər izahat verməyə məcburuq.

 

Tədqiqatçıların qənaətincə, "şarj” (fransız dilindəki "charge” sözündən) dedikdə insanın gülməli və xeyirxah tutumlu təsviri başa düşülməli – göz önünə gəlməlidir. Onu karikaturanın (italyan dilindəki "caricare”şişirtmə sözündən törəyib) tərkib hissəsi hesab edirlər. Əlavə edək ki, karikaturanın çəkilişi xeyirxahlıqdan daha çox satirik məna daşıyır və rəssamlar da daha çox təsvir etdikləri adamı tənqid-gülüş obyektinə çevirmək istəyəndə bundan istifadə edirlər. Əksinə, ənənəvi olaraq həm də "dostluq şarjı” kimi dəyərləndirilən şarjda hər hansı bir şəxsin ümumi görkəminin və yaxud da portretinin təhrif olunması onu daha şən və mehriban, yaxşı mənada gülməli təqdim etmək məqsədi daşıyır. Bu məsələdə daha önəmlisi təsvir olunanın oxşarlığının əldə olunması və xarakterinin açılmasıdır.

 Şarjın yaranma tarixini dəqiqləşdirməli olsaq, hələ XIX əsrdə ondan Avropada və Rusiyada geniş istifadə olunduğunu deyə bilərik. Dahi Leonardo da Vinçinin və Lorenso Berninin, eləcə də Klod Mone, Onore Domye, Valentin Serov, Boris Yefimov və Kukrıniksıların yaradıcılığında şarj nümunələrinə rast gəlmək mümkündür. Dünya rəssamlığı ilə yanaşı Azərbaycan təsviri sənətində də maraqlı şarjlar yaradılmışdır. Həsən Haqverdiyev, Nəcəfqulu, Hafiz Nəsiroğlu, Kirman Abdin və b. ölkəmizin bir çox tanınmış şəxslərinə həsr olunmuş diqqətçəkən şarjların müəllifidirlər. Amma Həsən Haqverdiyev onların arasında bu janra davamlı marağı ilə seçilir. Gəlin əvvəlcə qısa da olsa onun həyat yoluna nəzər salaq...

 Ötən əsrin birinci yarısında daxili "düşmən” axtarışına sürüklənən cəmiyyətin öz əli ilə çox işıqlı simalarına, o cümlədən də, gözəllik aşiqi olan rəssamlara qənim kəsilmələri mahiyyətinə görə heç şübhəsiz təzadlarla dolu tariximizin heç nə ilə yuya bilməyəcəyimiz qara ləkəsidir, desək, həqiqəti söyləmiş olarıq. Taleyinə sovet ideoloqlarının hədəfinə tuş gəlmək yazılmış Həsən Haqverdiyev (1917-1978) də belə rəssamlardan olub.

 Zamanında Bakı rəssamlıq texnikumunda təhsil alan (1931-1935), İkinci dünya savaşında ağır yaralanaraq "əsir düşərgəsi”nin ağlasığmaz əzablarını dadmış gənc, müharibədən sonra yarımçıq qalmış yaradıcılıq arzularını gerçəkləşdirməyə hazırlaşdığı halda onu "etibarsız adam” damğası ilə uzaq Kominin həbs düşərgələrində yaşamağa məcbur ediblər. Amma müharibə təkcə onun yaradıcılıq arzularını yarımçıq qoymayıb, o, eyni zamanda ailə dramını yaşamağa – həyat yoldaşından ayrılmağa məcbur olub. Stalinin vəfatından sonra bəraət alıb vətənə dönən Həsən Haqverdiyevin cəmiyyət üçün "etibarsızlığı” hələ də gücünü itirmədiyindən o, dövrün məntiqsiz tələblərinə əsasən paytaxtda yox, əyalətdə – Ucarda yaşamalı olub.

 Əllinci illərin ortalarından başlayaraq sərgilərdə iştirakı ilə yaşayıb-yaratmaq eşqini ruhuna qaytaran Həsən Haqverdiyev tarixi mövzuda çəkdiyi tabloları ilə məcburi fasilənin istedadına təsir göstərmədiyini sərgilədi. Sonrakı illərdə yaradıcılığı müxtəlif mövzulu və janrlı əsərlərlə zənginləşdi. 1959-cu ildən başlayaraq "Kirpi” jurnalı ilə əməkdaşlıq edən Həsən Haqverdiyev onu əhatə edən mənfiliklərə həsr olunmuş karikaturaları ilə cəmiyyətin və onun adamlarının bələndikləri "ideal həyat” pərdəsi altında nə qədər eybəcərliklərin qərarlaşdığını üzə çıxardı. Zamanında bu rejimdən aldığı zərbəni hələ də unutmayan rəssam, rəng və cizgilərlə görünənlərin Səməd Mənsursayağı "həpsi rəngidir” olduğuna müasirlərini inandırmaqla, onların yatmış duyğularını oyatmağa çalışırdı. Başqa sözlə desək, Həsən Haqverdiyev həmin "rənglənmiş dünyaya özünün karikaturaları ilə fərdi münasibətini ifadə edirdi.

 Əlavə edək ki, onun "şarj boxçası” tipaj sayına görə çox zəngin olmuşdur. Burada məşhur ədəbiyyat və incəsənət xadimləri ilə yanaşı, ən müxtəlif peşə adamlarının da obrazlarına rast gəlmək mümkündür. Bu şarjlar xarakter ifadəsi, ifadə lakonikliyicizgi axıcılığı baxımından unikal sənət nümunələridirlər. Bu gün sizə yalnız onun həmkarlarına həsr olunmuş şarjlarından söz açacağıq.

 Maraqlıdır ki, o, şarj yaradıcılığına elə rəssamlara həsr olunmuş əsərlə başlamışdı. "Kirpi” jurnalında çap olunan "Rəssamlarımız yaradıcılıq növbəsində” (1959, ¹9) əsəri də bunun təsdiqidir. İlk baxışdan bu satirik kompozisiyanın Tahir Salahovun məşhur diplom işi olan "Növbədən qayıdanlar” tablosuna parodiya olduğu görünürdü. Sadəcə, H.Haqverdiyev neftçi obrazlarını həmkarların fiqurları ilə əvəzləmişdi. Başqa sözlə desək, tablonun qəhrəmanlarını müasirləri olan qabaqcıl rəssamlara bənzətmişdi. Öndə gedən Maral Rəhmanzadənin, onun ardınca sıralanan Fuad Əbdürrəhmanov, Mikayıl Abdullayev, Tahir Salahov, Səttar Bəhlulzadə və Cəlal Qaryağdının obrazlarına verilmiş ironik-mübaliğəli tutumda gülüş doğurucu məqamlar kifayət qədər idi.

 Bir il sonra isə H.Haqverdiyev "Növbədən qayıdanlar”la rəssamlığa "sərt üslubu gətirən və kifayət qədər məşhurlaşan gənc T.Salahovun özünün ayrıca şarjını yaradır. Karandaşla çəkilmiş şarjda düşüncələrə qərq olmuş rəssam obrazının səciyyəviliyi, əllərinə söykənmiş çöhrəsində və üz cizgilərinin yumorlu çalarlara bələnməsində ifadə olunmuşdur.

 Həsən Haqverdiyevin şarjları arasında digər həmkarlarının obrazları da geniş yer tutur. Burada onun sevimli müəllimi Əzim Əzimzadə obrazının xüsusi yer tutmasını yəqin ki, təbii saymaq olar. Hələ gəncliyində Ə.Əzimzadənin xahişi ilə yağlı boya portretini (1939) yaradan H.Haqverdiyev, böyük sənətkarın yoxluğunda onun bir-neçə yaddaqalan şarjını yaratmışdır. Onlardan birinin kompozisiyasını "Molla Nəsrəddin”in müxtəlif tiplərinin fonunda verilmiş Ə.Əzimzadənin profil portreti təşkil edir. Portreti onun əlində tüstülənən siqaretsatirik tutumlu obrazlarla zənginləşdirən müəllif, bununla da müəlliminin davranışını və yaradıcılığını səciyyələndirən əsər yaratmağa nail olmuşdur.

 Müasirləri arasında daima müşahidələr aparan H.Haqverdiyev onların hərəkətlərini və vərdişlərini göz yaddaşına cəmləməkdə idi. Bu da rəssama onlara həsr etdiyi şarjların inandırıcılığını və təbiiliyini əldə etməyə imkan verirdi. Onun həmkarlarından Səttar Bəhlulzadə, Lətif Kərimov və Cəlal Qaryağdıya daha çox şarj həsr etməsinin kökündə yəqin ki, rəssamlığın müxtəlif sahələrində çalışan bu sənətkarların "başıbəlalı” olmalarının da az rolu olmamışdı. Adi məqamlarda belə davranış və yaradıcılıq fərqliliyi sərgiləyən bu rəssamları ən müxtəlif durumpozalarda görüntüyə gətirməklə, o, həmin satirik ruhlu əsərlərin düşündürücü gülüş qaynağına çevrilməsini şərtləndirmişdi. Dahi mənzərə ustası S.Bəhlulzadəyə həsr olunmuş həmin şarjları əslində sənətkar ömrünə tutulmuş çox real "bədii güzgü” də saymaq olar. Belə ki, bu müxtəlif şarjlar, həm də çılğınlığı ilə həmkarları arasında seçilən sənətkarın davranışının "bədii salnaməsi” kimi qəbul olunur. Onların bir çoxu portret xarakterlidir. Qalanlarında isə rəssamı molbert arxasında, təbiətin qoynunda etüd çəkərkən, emalatxanasında həmkarları ilə mübahisə edərkən, T.Salahovla şahmat oynayarkən, avtomobildə gedərkən, kinoya çəkildiyi və dincəldiyi vəziyyətlərdə təsvir olunub. Zamanında S.Bəhlulzadəni canlı görmüş adamlar üçün bu təsvirlərin inandırıcılığı birmənalıdır...

 Məşhur xalçaçı-rəssam Lətif Kərimovun ciddi geyimdə-şlyapalı və qalstuklu təqdimatı, onun müştüklü portreti, şorgözlüyünü vurğulayan baxışının, eləcə də S.Bəhlulzadə ilə mükaliməsinin gülüş yaratmağa köklənmiş təqdimatı cəlbedici və yaddaqalandırlar.

 Heykəltəraş Cəlal Qaryağdının siqaretli portreti ilə yanaşı, emalatxanadan kənarda – sükan arxasında və ovda təsviri də təbii olduğu qədər də, satirik ruha bələnmiş kimidir. Rəssamın digər məşhur heykəltəraş Fuad Əbdürrəhmanovun şarjında onun ciddiliyini, görkəmli fırça ustası Mikayıl Abdullayevin satirik rəsminə isə mülayimliyini duymaq olur. Xasiyyət etibarilə bir-birindən fərqlənən T.SalahovM.Abdullayevi bilərəkdən bir araya gətirən rəssam, bununla da onların nə qədər fərqli insani-yaradıcı keyfiyyətə malik olduqlarını göstərməyə nail olmuşdur. Onun M.Rəhmanzadə, Ö.Eldarov, C.Qasımov, E.Şahtaxtinskaya, İ.Axundov, Ə.Rzaquliyev, İ.Seyidova, T.Nərimanbəyov, Q.Seyfullayev,N.Əbdürrəmanov, E.Rzaquliyev, S.Salamzadə və b. hər olunmuş şarjları da səciyyəvi cizgilərin qabarıqlığına görə yadda qalır. Bu mənada demək olar ki, Həsən Haqverdiyevin dostluq şarjları heç də insanları bilərəkdən gülünc göstərən əyri ayna yox, obrazlı dillə desək, reallığa söykənən böyüdücü şüşədir...

 

Əliyev Ziyadxan

 

Kaspi.- 2018.- 4 avqust.- S.16.