“Aygünə
“üçüncü qardaşımız” deyirik”
Elgün
Hüseynov: Gənc aktyorların illərlə çəkdikləri
əziyyəti görürəm və düşünürəm
ki, nə yaxşı, zamanında teatrı seçmədim
Müsahibimiz "Araz” radiosunun
"Üçü birində” şousunun "Məzahir
dayısı” - ifaçı, aktyor, aparıcı Elgün
Hüseynovdur. İfaçı bizimlə söhbətində
çəkildiyi "Ata ocağı” serialından,
radiodakı nailiyyətlərindən danışdı. Elə
söhbətə "Araz FM” dalğasından
başladıq.
- Uzun müddətdir
ki, "Araz FM”-də çalışırsınız. Sizi
buraya bağlayan nədir?
- 2011-ci ildən "Araz” radiosunda
çalışıram. Artıq 7 ildir ki, bu radio mənim ailə
üzvümə çevrilib. Özümü radiosuz təsəvvür
edə bilmirəm. Hesab edirəm ki, mən uzun müddət elə
radioda nəfəs alacam.
- Başqa bir radioya getmək, fəaliyyətinizi orada davam etdirməyi necə, düşünmüsünüzmü?
- "Araz FM”-dəki ab-hava məni qane edir. Burada işçilərə
verilən sərbəstlik, rahat iş rejimini heç nə ilə
əvəz etmək mümkün deyil. Ona
görə bu zamana qədər başqa bir radioya getmək
haqqında düşünməmişəm. Digər
radiolarla müqayisədə bizim radionun iş rejimi mükəmməldir.
Reytinqlərimiz, uğurlarımız daha
çoxdur və kollektivimiz mehribandır.
- Efirdə insanları güldürən,
müsbət enerji verən Elgün həyatda necə, efirdə
olduğu kimidirmi?
- Əslində həyatda da deyib-gülən bir insanam. Təbii ki, mənim
də nəyəsə sərt reaksiya verdiyim, qanımın
qara zamanları olur, bu da insanlıq halıdır. Gərək o an mənə dəyməsinlər və
tək buraxsınlar ki, özümə gəlim. Elə anlar olub ki, zarafat etmək halında
olmamışam. Həyatdır, hər
şey olur, bir də görürsən sükan arxasında
kiməsə əsəbiləşirsən, yaxud da hansısa
neqativ hallarla rastlaşırsan. Gərək
o dönəmlərdə mənə dəyib-dolaşmasınlar.
- İş prosesində belə
hallarla rastlaşırsınızmı?
- Əlbəttə ki. Canlı efirdir, hər şey ola bilər. Belə anlarda
çalışmışıq ki, bunu tamaşaçıya
hiss etdirməyək. Olub ki, efirdən əvvəl
həmkarlarımla mübahisə etmişik, ancaq efirdə bunu
dinləyiciyə hiss etdirməmişik. Heç
nə olmamış kimi, efiri davam etdirmişik.
- "Üçü birində”
şousunda efir zamanı aparıcılarla bir-birinizə atmacalar
atırsınız. Bu, sizin
aranızda hər hansı bir soyuqluq yaradırmı?
- Hər
insanın içərisində bir uşaqlıq var. Biz də
məhz bu veriliş əsasında daxilimizdəki
uşaqların diliylə danışırıq. Bizim
aramızda yaranan mübahisələrə, aparılan
dialoqlara nəzər yetirəndə, bunları 2-3-cü sinifdə
oxuyan uşaqların mübahisəsinə bənzədirəm.
Bizim atmacalarımızda uşaqların
aralarında olan o xırda nüanslar var. Elə zamanlar olub ki,
efirdən sonra mübahisələrimiz düşüb. Atalarımız deyib ki, çəkişməsən,
bərkişməzsən. Bizi möhkəmləndirən
xüsusiyyətlərdən biri də odur ki, bir-birimizə
qarşı səmimiyik. Səmimi olmasaq,
küsərik, dalaşarıq, hətta ayrılarıq.
Nə Aygündə, nə də Turalda kin deyilən bir
şey yoxdur. Bir-birimizə hirslənsək də,
çalışırıq ki, efirin sonuna qədər bunu
hiss etdirməyək. "Üçü
birində” şousunda sanki yaşıdlarımın
arasındayam, sinif yoldaşlarımızla işlətdiyimiz,
məktəb vaxtı etdiyimiz zarafatları edirik. Bir-birimizi çox yaxşı anlayırıq.
Aramızda yeganə xanım olan Aygün Akifin xətrini
çox istəyirik, onu qoruyuruq. Aygün
bizim dəyərlimizdir.
- Bu üçlüyü birləşdirən,
sadəcə "Üçü birində” şousudurmu?
- Əvvəllər belə idi. İndi isə bəzən
verilişdən sonra yemək yeyirik, harasa gəzməyə
gedirik, maraqlı zaman keçiririk. İllər
keçdikcə biz daha da möhkəmlənirik. Bir-birimizin fikirlərinə hörmət edirik, fikir
mübadiləsi aparırıq. Gənclərin
getdiyi məkanlara gedib, istirahət edir, birlikdə əylənirik.
Bir-birimiz arasında ayrı-seçkilik etmirik
ki, sən xanımsan, bizimlə harasa gedə bilməzsən və
sair. Hərdən Aygünə "sən bizim
üçüncü qardaşımızsan” deyirik. Onu kənarda Aydın deyə səsləyirik.
- Radioda
aparıcı olan Elgünü, "Məzahir dayı”nı
dinləyici yaxşı tanısa da, efirdə, səhnədə
sizin həmin Elgün olduğunuzu təsəvvür etmirlər.
- Bir
çoxları məni məhz müğənni kimi
tanıyır, bir çoxları da heç bilmir ki, mən
radioda veriliş aparıram. İndi elə bir zəmanədir
ki, tək müğənniliklə də dolanmaq olmur. Elə insanlar var ki, mənim haqqımda hər
şeyi bilir. Sosial şəbəkədə məni izləyir,
ifa etdiyim sonuncu mahnını, bir neçə il
əvvəl iştirak etdiyim müsabiqəni belə yada
salırlar. Sosial şəbəkələrdən
istifadə etməyənlərin mümkündür ki, xəbəri
olmasın. Çünki mən gündəlik
paylaşımlarımı məhz "İnstagram”da,
"Facebook”da edirəm.
- "Üçü birində”
səhər şousunun "Məzahir dayısı” çox məşhurdur. Yaratdığınız bu obraz daha məşhurdur,
yoxsa Elgün özü?
- Sadəcə
"Üçü birində” şousunu dinləyənlər
bilir ki, "Məzahir dayı” adlı belə bir obraz var.
Elgün adı isə həm səhər şousunda, həm
efirdə, həm saytlarda, həm də serialda səslənir.
Məncə, Elgün daha məşhurdur.
- Tələbəlik
illərində sizi "Səda” Teatrının səhnəsində
müxtəlif tamaşalarda aktyor kimi görürdük. Universiteti bitirdikdən sonra isə sizi ancaq
ifaçı kimi gördük.
-
Düzdür, tələbəlik illərində səhnədə
bir çox obrazların müəllifi olmuşam. Elə üçüncü kursda oxuyanda da teatrda
çalışırdım. Ancaq aktyor
kimi məni bir növ həvəsdən saldılar,
sındırdılar. Üçüncü
kursda oxuyanda Azərbaycan Dövlət Musiqili Teatrında aktyor
kimi çalışmaq üçün müraciət etdim.
Orada Ramil Qasımov mənə çox kömək
oldu. Belə ki, Ramil başqa bir işə
gedəcəkdi və məni özünün teatrda
canlandırdığı obrazlara dublyor kimi
hazırlayırdı. Məşqlər
edir, gecə-gündüz çalışırdıq. Sonra gördüm ki, bu məşqlər çox
zamanımı alır. Çəkdiyim əziyyətin
qarşılığında isə əməkhaqqı
çox az idi. Tək
teatrın qonorarı ilə də dolana bilməzdim. İçimdə oxumaq həvəsi vardı və
bu həvəsi yalnız teatrda xərcləmək istəmirdim.
Bəzən el şənliklərə gedir, toy
idarə edirdim. İfaçı var ki,
toya yalnız pul qazanmağa gedir. Mənsə
çalışırdım ki, toyda oxuduğum mahnılardan
zövq alım. Teatrda obrazım olan
tamaşalar da həftə sonuna düşürdü. Düşündüm ki, teatrın verdiyi məvacib
mənə kifayət etməyəcək. Ən
əsası isə, teatrda perspektiv yox idi.
- Perspektiv deyəndə nəyi nəzərdə
tutursunuz?
- Misal
üçün, yaşlı aktyorlar gənc aktyorlara sanki
paxıllıq edir, onlara rol verilməsinin tərəfdarı
olmurlar. Hər işdə "mən-mən”
deyirlər. Təbii ki, bu da psixoloji olaraq gəncləri
işindən soyudur, həvəsdən salır. Bir də
ki, biz teatrda tələbə vaxtı aldığım təqaüd
qədər maaş alırdıq. Tələbə
vaxtı bilirdin ki, bu pulla özünü ancaq 4 il idarə edəcəksən və bu 4 il də
müvəqqətidir. Həmin pulla
özümü ömürlük idarə edə bilməzdim.
- Bu gün teatrda baş qəhrəman
obrazlarını canlandıran tələbə yoldaşlarınızı
görəndə, təəssüf hissi keçirirsinizmi?
- Əsla. Gənc aktyorlar illərlə teatrda
çalışırlar. Onların
çəkdikləri əziyyəti görürəm və
düşünürəm ki, nə yaxşı ki,
zamanında teatrı seçmədim. Bəlkə nə
vaxtsa teatrda işləyəcəm, bəlkə bu cameədə
vəziyyət düzələcək. Ancaq
bu sahədə heç bir perspektiv görmürəm.
Doğrudanmı, mən neçə il
çalışacam və 90 manat maaş alacam? İstəyirdim, elə bir işdə
çalışım ki, rahat olum. Mənə
bu rahatlığı isə "Araz FM” verdi.
- Sizi "Ata ocağı”
serialında Rəvan obrazında da görürük. Serialda vəziyyət necədir?
- Serialda
vəziyyət mənim üçün yaxşıdır. Aktyor kimi bir filmdə çəkilmək
çoxdankı arzum idi. 2017-ci ildə
serialdan dəvət aldım. Artıq 2
mövsümdür ki, Rəvan obrazını yaradıram və
bu işdən zövq alıram.
- Həm
radio aparıcısı, həm aktyor, həm müğənni,
həm də toy aparıcısısınız. Sizin
haqqınızda "bir əlində beş
qarpız tutur” deyirlərmi?
- Əgər bir əlimdə o qarpızları saxlaya
bilirəmsə, uğur əldə edirəmsə, onlardan mənə
söyüş gəlmirsə, niyə də etməyim? Bizim
üçün ən böyük tərəzi
tamaşaçı və onun verdiyi dəyərdir. İndi elə bir zəmanədir ki, buna məcbursan.
Gəncəm, enerjiliyəm, yüngül bir
işlə məşğul olub passiv otura bilmərəm.
Əgər səhər verilişi aparıb,
bütün günü istirahət etsəm, özümü
cəmiyyətə yararsız hiss edərəm. Ailə saxlayan bir gənc üçün sadəcə
bir yerdə çalışmaq sərf etmir. Ən əsası odur ki, həm sevdiyim işlə məşğulam,
həm də pulumu qazanıram. Hər kəsə
də bunu arzulayıram. İnsan sevdiyi
işlə məşğul olanda pul özü gəlib onu
tapır. Amma çatdırmasam, təbii
ki, birini axsadaram. İncəsənət
Universitetinin "Estrada aktyorluğu” ixtisasında Xalq artisti
Ramiz Əzizbəylinin kursunu bitirmişəm. Ramiz müəllimin
üzərimizdə böyük əziyyəti var. O həmişə
deyirdi ki, estrada sözünün tərcüməsi
səhnədə tək deməkdir. Bir insan səhnəni
tək ələ almağı bacarmalıdır. Estrada
fakültəsində tələbələr elə
yetişdirilirdi ki, oranı bitirən şəxs həm
aparıcılığı, həm teatr aktyorluğunu, həm
səhnə danışığını, həm də estrada da özünü yaxşı göstərə
bilirdi. Mən bu sahələrin
hamısını çox sevirəm. Bunların
hamısı incəsənətin qollarıdır.
- Bu sənətlərdən
hansında özünüzü daha rahat hiss edirsiniz?
- Radioda. Təbii ki, ifaçılığı da çox
sevirəm. Hər birinin ayrı yeri var.
Radio isə daha rahatdır. Çünki
burada çox sərbəstəm. 7 il
bir aparıcının yetişməsi üçün kifayət
qədər vaxt deməkdir. Təbii ki, mənim
də qüsurlarım var, demirəm ki, peşəkar radio
aparıcısıyam. Ancaq radioda efirin
taktikasını bilirik. Hələ də
öyrənə-öyrənə gedirik. İnsan
gərək dayanmasın.
- Sizi
toylarda da çox görürük.
- Son
dönəmdə toylarımız zəifləyib.
- Səbəb?
- Sanki gənclər
ailə qurmaq istəmirlər. Əvvəlki illərə
nəzər salsaq, ayda 7-10 toya gedirdiksə, indi 3 toya gedirik.
-
Elgün bəy, ata olduqdan sonra həyatınızda nələr
dəyişdi?
-
Övladım elə bir yaşdadır, elə cümlələr
deyir ki, mən özümü artıq güvəndə, daha
güclü hiss edirəm. Atalıq hissimi
sözlə ifadə etmək mənə çətindir.
Hiss edirsən ki, sən artıq həyatda
formalaşmış insansan.
- İndiyə qədər
özünüz üçün yaşayırdınızsa,
yəqin ki, artıq övladınız üçün
yaşayırsınız?
- Əslində özüm üçün də yaşayıram, övladım üçün də. Bu ifadəni çox da qəbul etmirəm. Can şirin şeydir. Valideynlərimiz "sənin üçün yaşayıram” deyəndə, çox da dərinə getmirik. Amma ata olduqdan sonra hiss edirəm ki, üzərimdə daha bir məsuliyyət var. Cəmiyyət üçün elə bir övlad yetişdirməliyəm ki, həm özüm ona baxıb fəxr edim, həm də vətənə xeyirli-yararlı olsun.
Xəyalə Rəis
Kaspi 2018.- 5 dekabr.- S.12.