Adını XX əsr
Türkiyə incəsənəti tarixinə qızıl hərflərlə
yazan azərbaycanlı
O, Qafqaz İslam Ordusunun tərkibində
erməni daşnaklarına qarşı vuruşub
XX əsrin əvvəlləri Azərbaycan tarixinin ağrılı-acılı, tale yüklü səhifələrindən
biri olsa da, ölkəmizin mədəniyyəti ilə
bağlı mənzərə tamamilə başqa
idi. Bu dövrdə incəsənətimiz, xüsusilə
təsviri sənət sahəsi ənənəvi çalarlarla öz
inkişafını davam etdirdir,
professional rəssamlıq ənənələri
yaranırdı. Bu ənənələrin
yaranmasında sənət fədailərindən Bəhruz Kəngərli,
Əzim Əzimzadə, Şamil Qazıyev,
Adil Qazıyev və başqalarının
böyük
xidmətləri olmuşdur. Qeyd edək ki, həmin gənclərin arasında elələri
də olmuşdur ki,
onların yaradıcılığı təkcə Azərbaycan
rəssamlığının inkişafına yox,
ölkə hüdudlarından kənara çıxaraq dünya incəsənəti tarixinə də
töhfə vermişdir. O, dövrün gənc rəssamlardan biri olan İbrahim
Səfinin yaradıcılığı bu
cəhətdən də diqqəti cəlb edir.
Əvvəlcə Rəhman Səfiyev, sonralar isə İbrahim Səfi
adı ilə tanınan rəssam, 1898-ci ildə
Naxçıvan Muxtar Respublikasının
Şərur rayonunda, Cəlilkənddə
Qafar bəy və Hürnisə xanım Səfiyevlərin
ailəsində dünyaya göz
açıb. Səfiyevlər əsilli, nəcabətli nəslin
nümayəndələrindən olub. Bu nəslin kökü Səfəvilərə
dayanır. Qafar bəy Səfiyevin altı övladı olub – Kərim bəy, Bədirnisə, Şiəmən,
Mina, Xırdaxanım və Rəhman.
Ziyalı insan olan Qafar bəy şer də
yazarmış.
Qafar bəy vəfat edəndə ailənin sonbeşiyi Rəhmanın üç yaşı var imiş. Qafar bəyin digər övladları ata qayğısını, sevgisini görsələr də, Rəhmanın yaşı az olduğundan, o, bu hisslərdən uzaq olmuş, qardaş və bacıları ilə birgə qohumların himayəsi altında böyümüşdür. Rəhmanın uşaqlıq illəri Cəlil Məmmədquluzadənin doğma yurdu olan indiki Cəlilkənddə keçmişdir. O, orta məktəbi də bu kənddə bitirmişdir. Rəhman və qardaşı Kərim bəy ibtidai, sonralar ali təhsil alsalar da, bacıları təhsil ala bilməyiblər.
Rəhman Səfiyev orta məktəbi bitirdikdən sonra seminariyada oxumaq üçün İrəvana gedir. İrəvan Müəllimlər Seminariyasında oxuduğu illərdə onun rəsmə olan həvəsi daha da artır. Seminariyanı bitirdikdən sonra ali rəssamlıq təhsili almaq, bu sənətin sirlərinə dərindən yiyələnmək üçün Rusiyaya gedir. 1917-ci ildə Rusiyada baş verən inqilabdan sonra təhsilini yarımçıq qoyub geri qayıtmalı olur. Həmin ilin dekabr ayından başlayaraq erməni quldur dəstələri Naxçıvana, Şərur-Dərələyəz və Ordubad şəhərlərinə basqın edir, evləri dağıdır, yandırır, minlərlə insanı vəhşicəsinə qətlə yetirir, canlarını qurtaranlar isə öz yurdlarından didərgin düşürdülər. Vətənin müdafiəsinə qalxan azərbaycanlıların igidliyi və türk əsgərlərinin qardaşlıq köməyi ermənilərin bölgəyə sahib olmaq və azərbaycanlıları tamamilə bu bölgədən qovmaq və öldürmək planlarının qarşısını almışdır. Həmin dövrdə vətənin müdafiəsinə qalxan könüllü gənclər sırasına Rəhman Səfiyev də qoşulmuşdur. O, Qafqaz-İslam Ordusunun tərkibində, Zəngəzur döyüşlərində könüllü olaraq ermənilərlə vuruşur. Qafqaz-İslam Ordusu geri çəkiləndə, o da bu ordunun sıralarında Türkiyəyə gedir və ailəsi ilə əlaqələri itir. Rəhman, ömrünün sonuna kimi qardaşı Kərim bəyin böyük qızı Zərrux xanım istisna olmaqla, qohumlarını görə bilmir. Ailənin digər üzvləri Kərim bəyin himayəsi ilə Bakıya, sonralar Gəncəyə köçür və orada kök salırlar.
Təxminən 1918-ci ildə
ürəyi daima sənətlə
döyünən Rəhman, sənətdə özünü
tapmaq, arzularını gerçəkləşdirmək,
gələcəkdə layiqli rəssam olmaq üçün
Türkiyənin böyük şəhərlərindən
birinə, sənaye, ticarət və sənət mərkəzi
olan İstanbula gedir. Qürbət diyarda gənc
Rəhmanın həyatı ilk vaxtlar çox ağır
keçir. O, bir
qarın çörək qazanmaq üçün tütün
fabrikində fəhləlik edir. Lakin rəssam olmaq arzusu İbrahimi heç vaxt tərk etmir. Bir neçə illik həyat mübarizəsindən sonra nəhayət, o, İstanbul İncəsənət
Akademiyasına daxil olur
və Moskvada yarımçıq
qalmış təhsilini burada davam etdirir. O, 1923-cü
ildə rəssamlıq təhsilini başa
vurur.
Rəhman Səfiyev təxminən
1940-cı illərdə Türkiyə Cümhuriyyətinin vətəndaşlığını
qəbul edir, ad və
soyadını dəyişdirərək rəsmi sənədlərdə
İbrahim Səfi yazdırır. İbrahim Səfi Türkiyədə, həmçinin
Azərbaycan da daxil olmaqla bir çox
ölkələrdə ikinci ad və soyadı ilə tanınır və
çəkdiyi əsərləri də bu
adla imzalayır. Onun Rəman
Səfiyev adı ilə imzalanmış əsəri məlum deyil.
İbrahim Səfinin həyat
yoldaşı Yunanıstanın paytaxtı Afina
olan, yunan mənşəli
Zaharina adlı xanım idi.
Onun övladı olmur.
Zaharina Səfi İbrahim
Səfinin vəfatından sonra həyat
yoldaşının dostları ilə birgə rəssamın
xatirəsinə həsr olunmuş sərgi
təşkil edir. Zaharina
xanım doğma yurdu
Afinaya, öz ailəsinin
yanına köçür və həyat
yoldaşının ən dəyərli, heç
vaxt satmadığı, sevərək qoruduğu tabloları da özü ilə aparır. Sonralar
Zaharina xanım maddi ehtiyac üzündən İbrahim
Səfinin ən dəyərli tablolarını satır. Bu tabloların bəziləri rəssamın
yaradıcılığına böyük
mənəvi dəyər verən Ənvər Tali
tərəfindən, bir neçə tablonun qarşılığında geri qaytarılır. Digər əsərlərin
isə aqibəti naməlum olaraq qalır.
İbrahim Səfinin
Türkiyədəki həyatı onun
yaradıcılıq fəaliyyəti ilə sıx
bağlı idi. Yeni əsərlərin
çəkilməsi, sərgilərin təşkili, sənət
sirlərinin öyrənilməsi, sənətdə mükəmməlliyə
çatmaq, sənət dostları ilə
görüşlər, söhbətlər,
yaradıcılıq ezamiyyələri, xarici
ölkə səfərləri İbrahim Səfinin həyatının bir parçası idi. Onun həyatı yalnız sənət gözəlliklərindən,
dostları və ömür-gün
yoldaşı Zaharina Səfi ilə
paylaşdığı gözəl anlardan
ibarət olur.
Rəssam Türkiyədə yüzlərlə sənət əsəri yaratmışdır. Bu əsərlər Türkiyədə fəaliyyət göstərən muzeyləri, qalereyaları, həmçinin kolleksiyaları bəzəyən ən dəyərli əsərlər arasındadır. Demək olar ki, əsərlərinin böyük əksəriyyəti Türkiyə kolleksiyaçılarıdır. Munis Dündar, Erol Bilecik, Enver Tali, Naci Tərzi və digərləri onun əsərlərini sevərək qoruyan kolleksiyaçılardandırlar. Erol Bilecik kolleksiyasında yer alan əsərlər arasında onda xüsusi təəssürat oyadan rəsmin "İxtiyar adam və qış” olduğunu xüsusilə qeyd etmiş, həmçinin bu əsəri "mənəvi dəyəri ən yüksək olan əsərim” adlandırmışdır.
İbrahim Səfi
yaradıcılığı boyunca realist üsluba sadiq qalsa da,
ömrünün sonlarında mücərrəd
əsərlər yaratmağa da meyl göstərmişdir.
Bizə onun 4 mücərrəd tablosu məlumdur. Rəssamın əsas sənət
ideyası real həyat hadisələri ilə
bağlı idi. Onun əsərləri
real olanın təsvirindən ibarətdir.
"İbrahim Səfi realist rəssamdır və ömrünün sonuna kimi yaradıcılıq ənənəsinə sadiq qalmışdır”. Bu fikir «Türk kültürü» jurnalının son nömrələrindən birində çap olunmuş, sənətşünas Süleyman Arasoyun «Sənətkar rəssam İbrahim Səfi» başlıqlı məqaləsində də öz əksini tapmışdır. Sənətşünas qeyd edir ki, "İbrahim Səfi yaradıcılıq aləminə gəldiyi ilk günlərdən indiyə kimi realizmə sadiqdir. O, öz yaradıcılıq təcrübəsində dünya incəsənətinin ən mütərəqqi ənənələrini davam etdirir”.
İbrahim Səfi ensiklopedik yaradıcılığa malik rəssamlardandır. O, əsərlərini
müxtəlif janrlarda – natürmort,
portret və mənzərə
janrlarında yaratmışdır. Onun
yaratdığı portret qalereyasına
yüzlərlə tanış və tanış olmayan simalar daxildir. Ən dəyərli portretlərindən
biri olan Atatürkün portreti
yaradıcılığının şah
əsərlərindəndir. Rəssam müxtəlif illərdə
Türk dünyasının böyük lideri Atatürkün obrazına müraciət etmişdir. Rəssamın XX əsrin 60-70-ci
illərində yaratdığı "Atatürkün
Samsuna çıxışı” və
1975-ci ildə çəkdiyi "Atatürk”
əsərləri xüsusilə diqqətəlayiqdir.
İbrahim Səfi, yaradıcılığı dövründə həm qarışıq sərgilərdə iştirak etmiş, həm də özünün 100 fərdi sərgisini reallaşdırmışdır. Ömrünün son 20 ilində təşkil etdiyi fərdi sərgisində rəssamın əsərləri sərgi salonunu dolduracaq qədər çox olmuşdur. 1973-cü ildə İstanbulda, Bəyoğlunda təşkil etdiyi fərdi sərgidə o, 175 əsərini sərgiləmişdir. Əsərlərin arasında Türkiyə mövzusuna həsr olunmuş əsərlərlə yanaşı, xarici ölkələrə həsr etdiyi tabloları da yer almışdır. "Münhendə bir qış mənzərəsi”, "Münhendə stadion və Hols Kirşə”, "Münhendə axşam”, "Almaniyada Tolsi qəsəbəsi”, "Konkord meydanı Paris” "Münhendə Hakker Kaller qarşısında”. Bu əsərlərdən məlum olur ki, rəssam hələ 70-ci illərə qədər Berlin və Hamburqdan sonra Almaniyanın ən böyük üçüncü şəhəri olan Münhendə, həmçinin Amerika Birləşmiş Ştatları, Rusiya, Fransa, Yunanıstan və digər ölkələrdə olmuşdur. Məlumdur ki, rəssam ömrünün iki ilini Münhendə yaşamışdır və həmin əsərlər də onun yaradıcılığının Münhen dövrünə aiddir.
İbarahim Səfi 1955-ci ildən sonra xarici ölkələrdə sərgi açmağa başlamışdır. Ömrünün iki ilini Münhendə olmaqla, on bir ilini xarici ölkələrdə yaşamışdır. Rəssamın fəaliyyəti yüksək dəyərləndirilmiş, hökumət tərəfindən Roma və Vyanaya yaradıcılıq ezamiyyələrinə göndərilmişdir.
1983-cü il görkəmli rəssam İbrahim Səfi ömrünün son səhifəsi olmuşdur. Son nəfəsinə kimi yaradıcılıq eşqi ilə yaşayan rəssam, ömrü boyu şan, şöhrət, rütbə dalınca qaçmadı, yalnız fərdi yaradıcılıq fəaliyyəti ilə məşğul oldu, sənətin zirvəsinə öz yaradıcılığı ilə qalxdı və insanların sevgisini öz sənəti ilə qazandı. Türk dünyasının görkəmli rəssamlarından biri olan İbrahim Səfinin palitra və fırça formasında olan başdaşı rəssamın sənətə nə qədər bağlı bir insan olduğunu səssizcə söyləyir. Həmçinin məzarının sinə daşında naməlum biri tərəfindən yazılan bir bənd şeirin misraları İbrahim Səfi sənətinin nə qədər uca olduğunu tam dolğunluğu ilə ifadə edir:
Renkten ve işıktan bir devdi Safi
Aramadı rütbe, şan, sevdi
Safi
Doyulmaz güzellikte Safi`yi tanımaya
Gönül
gözünüzle bakmanız
kafi
Ömrünün sonuna kimi ancaq
yaradıcılıqla məşğul
olan görkəmli rəssam İbrahim Səfi XX əsr Türkiyə incəsənəti
tarixinə adını
qızıl hərflərlə
yazmağı bacaran azərbaycanlılardan biridir. İbrahim
Səfinin ölümündən
artıq 35 il
keçməsinə baxmayaraq,
Türkiyədə onun
zəngin yaradıcılığına
diqqət azalmamışıdır.
Həmişə olduğu kimi
bu günün özündə belə böyük rəssamın
əsərlərinə təkcə
kolleksiyaçılar deyil,
həmçinin sənətşünasların
da böyük marağı var.
İbrahim Səfiin yaradıcılığı
Azərbaycanda da hər zaman diqqət mərkəzində
olmuşdur. Ölkə muzeylərimizdə onun yaradıcılığını
əks etdirən əsərlər hələ
ötən əsrlərdən
bu günə kimi qorunmaqdadır. Müxtəlif illərdə rəssamın
həyat və yaradıcılığına həsr
olunmuş elmi və publisistik məqalələr də nəşr olunmuşdur.
Azərbaycan muzeylərində İbrahim Səfi yaradıcılığının Türkiyə dövrünə
aid 11 əsəri qorunmaqdadır.
Bu əsərlərinin əksəriyyəti etüd
xarakterli olduğundan,
ölçü cəhətdən
bir qədər kiçikdir. Onlardan ikisi
– "Zərrux xanım”
və "Bosfor mənzərəsi” Azərbaycan
Milli İncəsənət
Muzeyində qorunur.
Bu əsərlərin hər ikisi də muzeyə 1970-ci ildə daxil olub. Rəssamın digər 9 əsəri isə Nizami Gəncəvi adına
Ədəbiyyat və
İncəsənət Muzeyində
qorunur. Bu əsərlərin
ölkəmizə necə gətirilməsinin hekayəsi də
tamamilə fərqlidir.
Dövlətimiz hər zaman sənət adamlarını, onların yaradıcılığını diqqət mərkəzində saxlamaqdadır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 17 oktyabr 2018-ci ildə "Görkəmli rəssam İbrahim Səfiin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Həmin sərəncamdan keçən dövr ərzində həmyerlimiz İbrahim Səfinin həyat və yaradıcılığı daha da ətraflı tədqiq olunmaqdadır. Ümid edirik ki, görkəmli rəssamın həyatı və yaradıcılığı ilə bağlı yeni məlumatlar əldə ediləcək, ona həsr olunan kitab və albom-kataloq nəşr olunacaqdır.
Fizzə Quliyeva,
AMEA
Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat
İnstitutu təsviri və dekorativ-tətbiqi
sənətlər şöbəsinin müdiri,
Azərbaycan Rəssamlar İttifaqının üzvü
Kaspi 2018.- 5 dekabr.- S.7.