“Qazancmı evdə hamıdan
xəlvət yığırdım”
Etibar Babayev:
“İstəyirəm nəvələrim kimsənin əlinə
baxmadan, müstəqil şəkildə öz
ehtiyaclarını ödəsinlər”
Onun
üçün dünya bir imtahandır: "İnsan
dünyaya göz açandan vida yolçuluğuna qədər
hər an imtahanla üzləşir. Əla qiymət alan vaxtlar
da olur, kəsilən anlar da. Amma, sınaqlardan yan ötmək
mümkün deyil. Həyatda yalnız bir böyük imtahan
istisna olmaqla, hər şey nisbidir. Onu ömür kitabı
sona yetəndə Tanrı dərgahına üz tutanda hər
kəsdən fərdi qaydada götürürlər. Qalan
böyüklü-kiçikli bütün sınaqlar
hazırlıq mərhələsidir”.
Müsahibimiz əməkdar jurnalist, professor Etibar Babayevdir.
Ata olsam belə, ata istərəm...
1950-ci il dekabrın 15-də Bakıda görkəmli
şair, dramaturq və tərcüməçi Adil Babayevin ailəsində
anadan olub. Deyir ki, dünyaya gəlişi ilə atasına bir
dünya sevinc gətirib: "Ona görə yox ki, ailənin
ilk uşağı idim. Atam 6 aylıq olanda,
atasını "xalq düşməni” kimi güllələmişdilər.
Bir uşağın yetim qalması faciədirsə,
sovet dövlətinin repressiya illərində "xalq
düşməni” damğası ilə böyümək on
qat faciə idi. Bir qayda olaraq ailə
üzvləri mənən, ruhən, hətta fiziki cəhətdən
incidilər, çox vaxt sürgün edilərdilər.
Bu əzaba dözə bilməyən insanlar " xalq düşməni”
kimi həbs olunan, yaxud öldürülən valideynlərindən,
qohumlarından imtina etmək məcburiyyətində
qalardılar. Xoşbəxtlikdən Adil Babayev
üzünü görmədiyi, nəvazişini hiss etmədiyi,
çörəyini yemədiyi atasından heç vaxt imtina
etməyib. Məktəb vaxtı pionerə,
gəncliyində komsomola götürməsələr də,
atasına, millətinə şərəf gətirən
oğul kimi böyüyüb. 1956-cı
ildə, nəhayət, repressiya qurbanı olan 27 yaşlı
Qafar Babayevin günahsızlığı məhkəmə qərarı
ilə sübuta yetirildi və ona tam bəraət verildi.
Şair Adil Babayev bu günü düz 31
gözləməli oldu və ondan sonra cəmi 20 il
yaşadı”.
Onsuz min əzaba, min dərdə dözdüm.
Min yerdə pisliyə çəkildi adım.
Namərdlər
yanında şad görünsəm də,
Mərdlərin yanında yanıb-ağladım.
***
Sən
indi uşaqsan yaşa dolanda,
Bilərsən, böyükdür qəlbimdəki qəm.
Məni
qınamasın dostlar, tanışlar,
Ata olsam belə, ata istərəm.
Bu misralar
atasının oğlu Etibara ithaf etdiyi ilk şeirindəndir:
"Mən doğulan gün yazıb. Onun mənə
olan məhəbbəti yerə-göyə sığmazdı.
Atama həm oğul, həm dost olmuşam. Ocağını
sönməyə qoymamışam. Adımı
Etibar qoyub. Çalışmışam
ki, hər zaman, hər işdə əməlimlə bu adı
doğruldam”.
"Xoşbəxtəm
ki, gözü kölgəli yaşamadım”
Uşaqlıq illərini xatırlayır. Deyir ki, bizim
arzularımız böyük, ürəyimiz geniş idi:
"Uşaqlıq insan həyatının elə
dövrüdür ki, hamı səni təmənnasız əzizləyir,
diqqət-qayğı göstərir. Heç
vaxt həddimi aşmamışam. Həmişə
böyüklərin hörmətini gözləmişəm,
öyüd-nəsihətinə qulaq asmışam. Uşaq bağçasında da, orta məktəbdə
də nümunəvi idim. Yadımdadır,
o illərdə mənzilimiz balaca idi. Bir
neçə qonşu ilə kiçik həyət evində
yaşayırdıq. Amma o balaca həyətin sakinlərinin
ürəyində elə böyük sevinc, mehribanlıq, var
idi ki, indi buna, sözün həqiqi mənasında, ancaq həsəd
aparmaq olar... Süfrəmiz hər zaman qonaq-qaralı
olardı. Atamın qələm dostları Bəxtiyar
Vahabzadə, Cabir Novruz, İslam Səfərli, Əliağa
Kürçaylı, Hüseyn Abbaszadə, Qabil İmamverdiyev
bizə tez-tez gələrdilər. Biz də
onlara gedərdik. Ziyalıların ailəvi
dostluğunun bizim üçün necə böyük tərbiyəvi
əhəmiyyəti olduğunu böyüyəndə
anladım. O dövrün insanları, asudə
vaxtlarını səmərəli və mənalı
keçirməyi, məncə, daha yaxşı
bacarırdı. Atam dram teatrında ədəbi
hissə müdiri idi. Axşamlar məni
özüylə tamaşalara aparardı. Mən
ulduzlarımızı uşaq vaxtlarından səhnədə
və pərdə arxasında görmüşəm.
1960-70-ci illərin Bakısı, o dövrün
ziyalıları... Sonra baş verən dəyişikliklər...
Doxsanıncı illərin faciələri, dövlət
müstəqilliyimizin bərpası... Bütün
bunlar mənim də ömür kitabımda öz yerini
tapıb. Cəmiyyətdə baş verən
əsaslı dəyişikliklərin hər birimizin taleyinə
bu və ya digər dərəcədə təsiri var. Bu hadisələr
kiminin önünü açır, kimlərinsə
qapısını bağlayır. Adam var, adını təmizə
çıxarır, adam da var
yalançı şəninə-şöhrətinə
kölgə salır. Kölgə birini qızmar günəş
şüasından qoruyar, digərini bir ömür
gözükölgəli yaşadar...
Xoşbəxtlikdən təlatümlü
dəyişikliklərlə zəngin həyatımda kimsənin
kölgəsində yaşamadım və gözü kölgəli
də dolanmadım”.
"Əqidəsi düz olsun”
Məktəbə getdiyi ilk gündən onun solaxay
olması müəllimləri seçim qarşısında
qoyur. Sinif rəhbəri
onun bu vərdişini dəyişmək üçün
çalışır: "Südabə müəllimə o
vaxt çox çalışdı ki, sağ əllə
yazım. Hətta valideynlərimi məktəbə
çağırıb bu barədə xeyli
danışdılar. Amma atam xahiş etdi
ki, onu incitməyin. Sol əllə
yazırsa, qoyun solaxay qalsın. Hansı əllə
yazmasının bizim üçün əhəmiyyəti
yoxdur. Əsas odur solaxay
düşünməsin. Düşüncəsi,
tərbiyəsi, təhsili düz olsun. Məktəb
illəri ömrün nisbətən qayğısız
çağlarıdır. O illərin xatirələri
unudulan deyil. Mən hələ də şəxsi
arxivimdə sinifdən-sinfə keçərkən yazılan
qiymət cədvəllərimi, aldığım fərqlənmə
diplomlarını, attestatımı əzizləyib
saxlayıram. Biz şagird olanda kompüterlər, mobil telefonlar,
kiçik diktofonlar yox idi. Yaxşı-pis nə
varsa, hafizəmizdə qalıb. O vaxt yeniyetmələr
bir-birindən bəzəkli geyiminə, yaxud dalınca gələn
bahalı maşına görə deyil, təlim-tərbiyə
səviyyəsinə, ədəb-ərkanına görə
seçilərdi”.
- Atanız özünün
ağır uşaqlıq illərindən sizə söhbət
açardımı?
- Onun məktəb
illəri repressiya dövrünün ən gərgin
vaxtlarına düşüb. O illərdə ayrı-ayrı
adamlar, ailələr deyil, bəzi azsaylı xalqlar da ata-baba
torpaqlarından sürgün edilib. Odur ki,
insanlar daim qorxu içində yaşayırdılar. Totalitar rejim insanları həmişə mütiliyə,
itaətə, satqınlığa sövq edər. Hamı bir-birini güdürdü,
düşündüyünü söyləməkdən
ehtiyatlanırdı. Təbii ki, atmamın uşaqlıqda, gənclik
dövründə ağrı-acılı günləri
çox olub. Amma o, mənimlə bu barədə
danışmazdı. O illərin lövhəsini öz
gündəliklərinə köçürmüşdü. Hamıdan gizli saxlayırdı. Mən
onları atamın vəfatından sonra oxudum. O qədər
təsirlidir ki, həmin materiallar əsasında "Adil
ömrü” adlı bir əsər də yazmışam. Bəlkə nə vaxtsa çap etdirdim. Atam o mürəkkəb illərdə də ədalətli,
xeyirxah insanların varlığından, vəfalı
dostların olduğundan ağız dolusu danışardı.
O, şeirlərinin birində deyirdi:
Yaxşı
ki, yaşayır yaxşı adamlar,
Yaxşı ki, onlara məndə inam var.
Yoxsa rast
gəldiyim riya, xəyanət,
Açardı
başıma minbir müsibət...
- Evdə
böyüdüyünüz mühit, atanızın
dostluqları sizi İncəsənət Universitetinə
aparıb?
- Bəli,
bir səbəb də bu idi. Çox fəal
olmuşam. Birinci kursdan "sinifkom”
seçilmişəm. Əlaçı
olduğuma görə Cəfər Cabbarlı təqaüdünə
layiq görüldüm. İkinci kursdan
sonra Komsomol Komitəsi katibinin müavini idim. O zaman Azərbaycana
rəhbərlik edən ümummilli lider Heydər Əliyev gənclərin
təhsilinə, rəhbər vəzifələrə irəli
çəkilməsinə xüsusi diqqət yetirirdi.
SSRİ-nin ən qabaqcıl təhsil ocaqlarına hər il yüzlərlə oğlan və qız
göndərilirdi. Hamı bilirdi ki, mükəmməl
təhsil alsa, gələcəkdə gənc mütəxəssis
kimi yaxşı işlə təmin olacaq, növbəsi
yetişəndə mənzil alacaq. Tələbə
ikən artıq mətbuatda yazılarım dərc olunurdu,
radio və televiziya ilə əməkdaşlıq edirdim.
Təhsilimi qırmızı diplomla bitirdim”.
"İlk
qonararımı "Kirpi” jurnalının redaksiyasından
aldım”
- Məktəb
gündəliklərini bu günə qədər saxlayan insan
yəqin ki, ilk maaşını da unutmaz.
- İlk
qonorarımı 1967-ci ildə "Kirpi”də
almışam. 1970-ci ildən başlayaraq radio və
televiziyada yayımlanan verilişlərimə görə hər
ay qonorar almışam. Özü də
qazancımın hesabını dəqiqliklə aparardım.
Tələbə yoldaşlarımızla kinoya,
teatra, muzeyə gedərdik. Biletlərin
qiyməti çox ucuz idi. Hərəmiz
gündə bir-iki manatla kifayətlənərdik. Aldığımız təqaüd
ehtiyacımızı ödəyirdi. Əlavə
qazancımı evdə hamıdan xəlvət
yığırdım. Atam söz vermişdi ki, ali məktəbi bitirəndə mənə
maşın alacaq. Elə də oldu. O vaxt
"Jiquli” markalı avtomobillər təzəcə
satışa çıxmışdı. Eşidəndə
ki, atam maşın almağa hazırlaşır, neçə
vaxtdan bəri topladığım pullarımı dinməz-söyləməz
masanın üstünə qoydum. Kimsə
bunu gözləmirdi. Mənim bu hərəkətimdən
atamın gözləri yaşardı”.
"İnformasiya
bolluğunda məlumat kasıblığı yaranıb”
İncəsənət Universitetini bitirsə də, bizim
yaddaşımızda jurnalist fəaliyyəti ilə dərin
iz qoyub. Deyir
ki, jurnalistin əsas öyrənmə mənbəyi həyatın
özüdür: "Təkcə ali təhsil almaqla peşəkar
jurnalist yetişməz. Həyatda baş verənləri
fərqli görməyi, insanın xarakterini, hadisənin mahiyyətini
açmağı, istənilən vəziyyətdə
obyektiv, ədalətli mövqeyini qorumağı
bacarırsansa, bu sahədə işləməyə dəyər.
Kompyuter yeni nəslin nəsibidir. Bizim məlumat mənbəyimiz daha məhdud idi.
Ən sevimli yerimiz isə kitabxana idi. İndi telefonla, internetlə bütün suallara cavab
əldə edirlər. Biz məlumatlı
insanlarla görüşər, faktı, məlumatı dönə-dönə
yoxlayandan sonra KİV-də yayardıq. Qəribədir
ki, indiki informasiya bolluğunda, nədənsə insanlarda məlumat
kasıblığı yaranıb. Kalkulyatorlar kütləviləşəndən
sonra vurma cədvəlini əzbər bilənlərin sayı
azalan kimi...
- Heydər Əliyev, Turgut Özal,
Sülyeman Dəmirəl kimi şəxsiyyətlərdən
müsahibələr almısınız. Bu, necə
hissdir?
- Bu
insanlar bütün dövrlər üçün örnək
ola biləcək şəxsiyyətlərdir.
Hər birinin öz xalqının, dövlətinin tarixində
əvəzedilməz xidmətləri var. Onlarla şəxsən
görüşmək,
müsahibə almaq mənim üçün
böyük imtahan idi. Məlum məsələdir
ki, onların hər biri mənə qədər daha nüfuzlu
kütləvi-informasiya vasitələrinin yüzlərlə
aparıcı jurnalisti ilə görüşüblər.
Hər dəfə bu və digər məsələləri
nəzərə alıb ciddi hazırlaşırdım.
Bu sualın konkret və qısa cavabı yoxdur.
-
Türkiyənin şou-biznesindən nadir simaları bizimlə
görüşə gətirirdiniz. Verilişinizin qonaqları
bu gün canlı əfsanələrdir... Yəqin
ki, maraqlı xatirələriniz də var.
- Qonaq
seçiminə xüsusi diqqət yetirirdim ki,
tamaşaçı üçün maraqlı və yaddaqalan
olsun. Təkcə səsi ilə deyil, şəxsiyyəti
ilə də seçilən adamlarla görüşməyə
üstünlük verirdim. Kababla, paxlava ilə,
qutabla bağlı xatirələr dinləmək mənim aləmimdə
əhəmiyyətsizdir və tez unudulur. Ağzı
ləzzəti başqa, könül
bağlılığı başqa. Könül
bağlılığı möhkəm olanda, arada bir stəkan
çay da kifayətdir. Xatirələrimin
bir qismini tv-radio verilişlərində, mətbuat səhifələrində
paylaşmışam. Türkiyə ilə
bağlı xatirələrimi "Sözlü-nəğməli
İstanbul” adlı yeni kitabımda tezliklə oxuculara təqdim
edəcəyəm.
Barış
Manço ilə bağlı xatirəsi...
Bir gün Barış Mançonu çay evinə
apardım. Türklər çayı şəkərlə
içirlər. Bizdə süfrəyə
cürbəcür şirniyyatlar düzülmüşdü.
O zaman Barışa dedilər ki, çayın biri qaydadır,
ikisi cana faydadır, üçü nəsdir,
dördü bəsdir, çıxdın beşə, vur on
beşə... Bu sözlər yaman xoşuna gəldiyindən dəfələrlə
təkrarlaya-təkrarlaya əzbərlədi. Azərbaycanda çay süfrəsi mədəniyyəti
barədə ayrıca proqram da hazırladı.
- Etibar müəllim həm də
babadır. Həqiqətən, nəvə
övladdan da şirindirmi?
- Nəvə
balamın balasıdır deyə, bal da demək
olar. Dörd nəvəm
var. Hamısı mənim üçün doğmadır.
Oğlan nəvəm adımı
daşıyır. O, mənə çox oxşayır. Necə baba olduğumu nəvələrimdən
soruşa bilərsiniz. Mən babalıq
borcumu yerinə yetirməyə çalışıram.
Bu o demək deyil ki, onlara nəsə hədiyyə
etməklə sevindirirəm. Yox əksinə,
onları müstəqil yaşamağa çalışaraq, zəhmət
çəkərək hər şeyə nail olmağa
yönləndirirəm. İstəyirəm
kimsənin əlinə baxmadan, özləri öz
ehtiyaclarını ödəsinlər. Bəzi
babalar deyir ki, mən özümdən sonra miras qoydum, ölənə
qədər kifayət edər. Zənnimcə, kimsə
maddi sərvətinə arxayın olub, övladını tam xoşbəxt
edə bilməz. Ən böyük hikmət
sahibləri də həmişə deyiblər ki, ən
böyük sərvət elmdir, bilikdir. Mənim
ən böyük arzum odur ki, nəvələrim sağlam,
savadlı, əxlaqlı böyüyüb vətənə,
millətə layıq övladlar olsunlar.
- Bəs gənclərə nə demək
istərdiniz?
- Atalar,
oğullar problemi ənənəvi problemdir. Ata
bir dövrdə yaşayır, bala digər dövrdə.
Hər dövrün özünün məhsulu
var. Geyimlərə baxın, görün nə qədər dəyişib.
Vaxt var idi paltarımız azca sökülsə, eşiyə
çıxmazdıq ki, ayıbdır, gülərlər.
İndi cavanlar cırıq-sökük
şalvarla arxayın gəzirlər və deyirlər ki, bu, dəbdir.
Bu məsələdə bir müddət sonra
zaman öz hökmünü deyəcək. Dəb yenə dəyişəcək. Gənclərə məsləhətim odur ki,
keçmişə daş atmasınlar, gələcəyə
ümidlə baxsınlar. Heç vaxt
çətinliklərlə rastlaşanda geri çəkilməsinlər.
Hər çalınan havaya oynamadıqları
kimi, hər əsən küləyə sarı dönməsinlər.
Günahı zəmanədə görməsinlər,
özlərində axtarsınlar.
Gənc jurnalistlərə isə arzum budur ki, Allahın
bəxş etdiyi istedadı, zəkanı cılız
mövzuları qələmə almaqla boşuna xərcləməsinlər. Əqlin, ədalətin, mərhəmətin
pəncərəsindən dünyaya baxıb, təravəti
solmayan yazılara
imza atsınlar.
Aygün
ƏZİZ
Kaspi.-2018.-7 dekabr.-S.12.