Azərbaycan mətbuatı
tarixində bir sıra yeniliklərə imza atan Ünsizadələr
Dindar, xurafatçı kimi
təqdim olunan bu
şəxslər, əslində böyük
türkçü olublar
Bir çox mənbələrdə qeyd olunur ki, "Əkinçi” bağlandıqdan sonra dövrün ziyalıları gözünü "Kəşkül”ə dikmişdi. Amma "Kəşkül”dən öncə doğma dildə çıxan ikinci qəzet məhz "Ziya” idi. Hətta bəzi mənbələrdə (Şamaxı mülkədarlarından Ağahüseyn Mirzəzadənin "Sovqat” qəzetindəki "Mətbuat” adlı məqaləsində) "Ziya” ana dilində nəşr olunan ilk qəzet kimi də göstərilib.
Məlum olduğu kimi həmin dövrdə anadilli mətbu orqanı nəşr etdirmək müşkül məsələ idi. Bəs necə oldu ki, "Əkinçi”ni bağlayan senzura komitəsi "Ziya”nın nəşrinə icazə verdi? Bu, çarizmin siyasi addımı idi. Həmin dövrdə ruhani idarələrinə önəm verilirdi. Çünki onlar çar siyasətinin Qafqaz müsəlmanları arasında möhkəmlənməsinə kömək edə biləcək ən yaxşı vasitə idi. 1878-ci il dekabrın 4-də Səid Ünsizadə "Ziya” adlı qəzetin nəşrinə icazə almaq üçün Qafqaz Senzura Komitəsinə ərizə ilə yanaşı, qəzetin məramnaməsini də təqdim edir. Onun ruhani zümrəsinə mənsub olduğunu bilən çarizm? ondan yeri gəldikcə, çar siyasətinin təbliği məqsədi ilə faydalana biləcəyini düşünürdü. Qəzetin nəşrinə icazənin verilmə səbəbi də məhz bu məsələ ilə bağlı idi. İcazə o şərtlə verilirdi ki, o, senzuranın bütün qanunlarına əməl etsin, daim komitənin nəzarətində olsun.
Amma, "Ziya” öz dövrünün sevilən tribunası ola bilmədi. Səbəblər isə müxtəlifdir. Başlıca olaraq ifrat dindarlıq, xurafat göstərilir. Lakin söylənildiyi kimi, dini mövzuları özündə əks etdirən yazılara qəzet səhifələrində rast gəlinmir. Bunu Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) vasitəsi ilə transliterasiya olunaraq nəşr edilmiş "Azərbaycan mətbuatının xronologiyası-Ziya” kitabından açıq-aydın görmək olar. Qəzetin birinci sayında gedən mövzular "Məvadde (maddələr) mündəricə”, "Tilqrafnamələr”, "Məmləkət əhvalatı”, "Məskudən (Moskvadan) bir məktub”, "Paytaxt qəzetələrinin tazə xəbərləri”, "Elan”lardan ibarətdir. Digər sayları da həmçinin oxşar mövzularla nəşr olunub.
Ünsizadələr öz fəaliyyətləri ilə Azərbaycan mətbuatı tarixində bir sıra ilklərə də imza atıblar. Onlar ölkədə ilk məktəb yaradanlardan biri olublar. "Ziya” mətbəəsi Azərbaycan dilində materiallar çap edən ilk şəxsi mətbəə olub. Qəzet bir dəfə də olsa, çar senzurasının təzyiqinə məruz qalmayıb, təqib olunmayıb. İlk professional mətbəə kadrları yetişdirib. Bundan başqa, Cəlal Ünsizadənin nəşr etdiyi "Kəşkül” qəzeti Azərbaycan mətbuatı tarixində qəzet reklamının formalaşmasında tarixi rol oynayıb. Qəzet səhifələrində müxtəlif mal və xidmət reklamları yer alıb. Eyni zamanda maarifçilik funksiyası daşıyan sosial reklamlara da yer verilib.
Bunlar Ünsizadələrin mətbuat tariximizdə gördüyü işlərin bizə məlum olan sadəcə, bir qismidir. Ünsizadə qardaşları, onların fəaliyyətləri, nəşr etdikləri mətbu orqanları düzgün qiymətləndirilməyib, araşdırılmayıb. Buna görə də, onlar haqqında cavabını tapmayan çoxsaylı suallar, qaranlıq məqamlar var. Təəssüfləndirici hal isə odur ki, hazırkı dövrdə də "onlar dindar olublar, xurafatçı olublar, onların araşdırılması bizə lazım deyil” deyən "alimlər"imiz var.
Əgər müəyyən şərtlər altında "Ziya” qəzeti çıxmasaydı, nə "Kəşkül” meydana gələcəkdi, nə də sonrakı digər qəzetlər. "Əkinçi” bağlandıqdan sonra növbəti anadilli mətbu orqanın nəşr ediləcəyi vaxt isə sual altında olacaqdı: 5 il, 10 il, yoxsa, 15 il sonra...
Bütün mövcud kitablarda Ünsizadə qardaşları ilə bağlı demək olar ki, eyni məlumatlar yer alıb. Bu məlumatlar Şamaxı mədrəsəsində müəllim işləyən, klassik üslubda "Ünsi” təxəllüsü ilə şeirlər yazan və bu yazıları ilə Şamaxı ədəbi mühitində özünə layiqli yer tutan Əbdürrəhman əfəndidən, onun üç oğlunun olmasından, onların (Ünsizadə qardaşlarının) Şamaxıda məktəb açmalarından, Səid Ünsizadənin "Ziya” və "Ziyayi-Qafqaziyyə”, Cəlal Ünsizadənin "Kəşkül” qəzetlərini dərc etmələrindən, Kamal Ünsizadənin isə çox çalışsa da, qəzet nəşr edə bilmədiyindən (!) ibarətdir. Lakin bu qardaşların sonrakı həyatları haqqında heç bir dolğun məlumata rast gəlinmir.
Əgər "dini, xurafatı təbliğ edən jurnal” damğası yapışdırılmış "Ziya”nın ("Ziyayi-Qafqaziyyə") maraq kəsb etmədiyini anlayışla qarşılamağa çalışsaq, bəs onda "Ziya” qəzetinə bənzəməyən, "Əkinçi” yolunu tutan "Kəşkül” və onun naşiri niyə araşdırmalardan kənarda qaldı? Niyə Cəlal Ünsizadənin sonrakı taleyi heç kəsə maraqlı olmadı? "Hakimiyyeti milliyye” qəzeti Cəlal bəyin ölüm xəbəri ilə bağlı yazırdı: "Keçən gün vəfat xəbərini yazdığımız mərhum Cəlal Ünsi bəy kök etibarilə azərbaycanlı idi...Cəlal bəy Səid bəylə birgə "Kəşkül” adlı bir məcmuə də çıxarmışdır. Məcmuə 5 il davam etmişdir. "Kəşkül”də Osmanlı, Azərbaycan, noqay, və özbək ləhcələri kimi fərqli türk ləhcələrində yazılmış müxtəlif məqalələr, üslubları dəyişdirilmədən nəşr olunurdu. "Ziyayi-qafqaziyyə və "Kəşkül” məcmuələrinin qayələrindən biri Azərbaycan türkcəsini Osmanlı türkcəsi ilə yaxınlaşdırmaq olmuşdur. Türk ləhcələrini yaxınlaşdırmağa çalışdıqları üçün Çar hökuməti tərəfindən təqiblərə məruz qalmışdılar. Bu təqib nəticəsində nəhayət Rusiyanı tərk etməyə məcbur olmuşlar. 1299-cu illərdə iki qardaş Türkiyəyə mühacirət etmişdir ”.
Buradan məlum olur ki, Sovet dönəmində yalnız dindar, xurafatçı kimi təqdim olunan bu şəxslər əslində böyük türkçü olublar. Qəzetdə qeyd olunan daha bir məqam da bunu qətiyyətlə söyləməyə imkan verir: "Cəlal bəy həqiqi mənada xeyirxahlığı və xeyirxahlıq etməyi sevən bir türk idi. Vəfatı günlərində həm yaxşı bir insan, həm əski bir türkçü, həm də əməkdar mətbuat xadimi olan Cəlal bəyin adını yad edirik”. Yəqin ki, məhz elə bu səbəbə görə, onların fəaliyyətləri təhrif olunub, müəyyən bəhanələrlə pərdələnib.
Belə olan halda, Ünsizadələr nəyə görə Azərbaycan mediası üçün maraq kəsb etməsin? Tədqiq edilməsin? Bütün bu suallara cavab axtarışında olan Zaur Ünsizadə (Ünsizadələr nəslinin davamçısı) bir müddət əvvəl Səid əfəndinin Türkiyədə yaşayan qohumlarını tapdı. Lakin Arkun soyadı ilə... Bu fərq Türkiyədə Cümhuriyyətin qurulmasından sonra soyadların dəyişdirilməsi ilə bağlıdır. Zaur, Arkunlarla Türkiyədə baş tutan görüşü nə qədər xoş yadda saxlasa da, bir o qədər təəssüf doğuran məqamlarla xatırlayır. Belə ki, Səid Ünsizadənin Türkiyədəki nəsil davamçıları "Cəlal kimdir? Biz Cəlal adlı adam tanımırıq, biz Cəlal adlı əmimizin olduğunu bilmirik” deyiblər. Ünsizadə qardaşlarını bu qədər yadlaşdıran, biri-birindən vaz keçmək məcburiyyətində qoyan səbəblər nə idi? Bəs, kiçik qardaş Kamal Ünsizadə hara getdi? Harada vəfat etdi, harada dəfn olundu? "Hakimiyyeti milliyye” qəzetində Cəlal bəyin ölümü ilə bağlı dərc edilmiş yazıda onun qardaşları ilə birlikdə Türkiyəyə getmədiyi bildirilir. Lakin bəzi mənbələrdə onun da Türkiyəyə köçdüyü və orada yaşadığı haqda məlumatlar var. Başqa versiyaya görə isə o, Bakıda işləyib, müəyyən vaxtlarda Gəncədə fəaliyyət göstərib. Təəssüf ki, bu məlumatlar hələ tam dəqiqləşməyib. Suallar çox, cavablar isə əlimiz çatmayan arxivlərdə gizli...
Ünsizadələrin fəaliyyətlərinin araşdırılması üçün əsas istiqamət Gürcüstan və Türkiyə arxivləridir. Gürcüstan Dövlət Arxivindəki sənədlərin bir qismi artıq Azərbaycana gətirilib. Onların Qafqaz Müsəlmanları İdarəsinin 4 min səhifəlik arxiv sənədlərindən ibarət olduğu məlumdur. Səid Ünsizadənin ruhani zümrəsinə mənsub olduğunu əsas götürərək, düşünürük ki, bu arxiv sənədləri içərisində bizi maraqlandıran sualların cavabları ola bilər.
Biz hələ bu yolun başlanğıcındayıq. İnanırıq ki, dəstək və kömək göstəriləcəyi təqdirdə, daha çox və daha qısa zamanda yeni məlumatlar və faktlar əldə edəcəyik. Ehtiyacımız olan şey istər Azərbaycan dövlət arxivlərinə, istərsə də xarici ölkələrin dövlət arxivlərinə giriş və arxiv sənədlərini əldə etmək üçün icazədir. Buna görə də, bizə bu iş üçün şərait yaradılmasını və köməklik göstərilməsini istəyirik.
Sevda ULUTAU,
BDU-nun jurnalistika fakültəsinin IV kurs tələbəsi
Kaspi 2018.- 11 dekabr.- S.15.