“Əsas məqsədimiz valideynlərin
maariflənməsidir”
Dilşad Musa: “Verilişi izlədikdən
sonra uşaqlarına qarşı rəftarını və
baxışını dəyişən analar az deyil”
Onunla tanışlığımız bir neçə il bundan əvvələ dayanır. O zamanlar sadəcə olaraq, Dilşad Musanı Ailə və Uşaq İnkişaf Mərkəzinin və "Dəcəl balam” jurnalının təsisçisi kimi tanıyırdım. Zaman keçdikcə layihələrinə necə sahiblənməyinin və onlara doğma övladı kimi yanaşmasının şahidinə çevrildim. Daha sonra uşaqlar üçün macəra filmlərinin - "Big-Bubble əməliyyatı”, "Qış tətili”nin layihə rəhbəri oldu. O, bununla da kifayətlənmədi və "Dəcəl balam” layihəsini televiziyaya daşıyaraq, ATV telekanalında "Dəcəl balam” proqramı ilə valideynlərin və uşaqların görüşünə gəlir.
- Dilşad
xanım, istərdik "Dəcəl balam”
layihəsindən başlayaq. Bu jurnalın yaranması zərurəti
hansı amildən yarandı?
- Bu hisslər məndə ana olmamışdan əvvəl var idi. Tələbəlik illərimdə "Tərəqqi Sosial İnkişaf” İctimai Birliyində könüllü olaraq çalışırdım. Səhərlər dərsə, oradan isə işləməyə gedirdim. Axşam saat 11-ə kimi həvəslə çalışırdıq. 17 yaşım vardı, xəyallarım böyük idi və hər şey mənə maraqlı gəlirdi. O zaman icra etmək üçün bizə bir layihə verdilər. Bu layihədə əsasən qaçqın və məcburi köçkün uşaqlar, xanımlar, analar yer alırdı. Layihə çərçivəsində uşaqlar üçün düşərgələr salınırdı. Biz yay tətillərində uşaqlar üçün düşərgə düzəldir, çadırlarda ingilis dili, kompüter dərsləri keçirdik. İxtisasım tərcüməçilik olduğu üçün mənim praktikamı Azərbaycan Dövlət Televiziyasına saldılar. Az.TV-də radio departamentinin xəbərlərdə tərcüməsini edirdim. Beləliklə, dövlət televiziyasında təcrübə topladım. Orda aparıcılıq, çəkilişlər mənə çox maraqlı gəldi. Eyni zamanda qəzetdə də işləməyə başladım. Yazılar verdim və bu sahədə də təcrübəm çoxaldı. Beləliklə, 4 ildən sonra biz sərbəst şəkildə proqramları idarə edə bilirdik. O vaxta qədər maaş almasaq da, arada qonorar alırdıq. Puldan çox təcrübə qazanırdıq. 4-cü kursu bitirəndən sonra çox yoruldum və bir il istirahət etdim. Bir ildən sonra bir çox yerlərdə işləməyə başladım. Tərcüməçi işlədim. Sonra ailə qurdum, övladım dünyaya gəldi. Bir müddət çalışmadım və gördüm ki, işsiz qala bilmirəm. "Müasir Təhsil və Tədrisə Yardım” İctimai Birliyində işə başladım. Uşaqlarla və universitetin birinci, ikinci kurs tələbələri ilə işləyirdik. Tənqidi təfəkkür üzrə layihələrdə proqram koordinatoru işləmişəm. Orada inklüziv təhsil üzrə layihənin əsasını qoydular. O layihəyə birbaşa olmasa da, kənardan dəstək verirdik. Layihələrin hazırlanmasında, müəllimlərə treninqlərin keçirilməsində iştirak edirdik.
- "Dəcəl balam”
jurnalının təsisçisi və direktorusunuz. Bu jurnalı necə yaratdınız?
- "Dəcəl balam” jurnalı 6 ildir ki, fəaliyyət göstərir. 17 ildə topladığım iş təcrübəmi bu jurnal üzərində tətbiq etdim. Övladım Musanın bir yaşı olanda onu bağçaya yazdırdım. Hər gün müşahidə edirdim və görürdüm ki, gündəlik olaraq uşaq heç nə öyrənmir və onda heç bir yenilik yoxdur. Uşaqla işləmək bir ana olaraq mənə çətin idi. Ya gərək uşaqla məşğul olaydım, ya da işləyəydim. Oğluma çox az zaman ayırırdım və bu da məni narahat edirdi. Düşündüm ki, elə bir işdə çalışım ki, həm işləyib cəmiyyətə xeyir verim, həm də övladım o işin bir parçası olsun. Belə bir jurnal açmaq qərarına gəldim. İlk tədbirimi sinif və qrup yoldaşlarım arasında keçirdim. Çox maraqlı bir tədbir alındı. Əvvəlcə jurnalı başqa adla çıxardıq. Daha sonra adını dəyişdik. Jurnalda fotomüsabiqə keçirdik. Bu müsabiqəyə 150 şəkil göndərmişdilər. Heç özüm də gözləmirdim ki, bir müsabiqə üçün 150 şəkil göndərərlər. Hazırda o müsabiqədə iştirak edən uşaqların 50-si bizimlə bərabərdir. Onlardan bir neçəsi "Dəcəl balam” verilişində və layihə rəhbər olduğum filmlərdə rol alıblar. Sonra gördüm ki, valideynlərdə böyük həvəs var. Özümüzün daimi bir məkana ehtiyacımız var idi. Hər dəfə başqa-başqa məkanlarda görüşürdük. Tək idim və haradan, necə başlayacağımı bilmirdim. Böyük bir məsuliyyətin altına girməkdən qorxurdum. Bir ofis götürdük və ciddi şəkildə işləməyə başladıq. Çox çətinliklərimiz oldu, ancaq geri çəkilmədik. Kiminsə maliyyə dəstəyi ilə deyil, öz gücümüzə maliyyələşən jurnal olduq. Uşaq jurnalı olaraq tanındıq.
- Siz
eyni zamanda, iki uşaq filminin
müəllifisiniz. Film sahəsində də
özünüzü sınamaq istədiniz,
yoxsa bu layihə bir təsadüf nəticəsində ərsəyə
gəldi?
- Biz bu layihə barədə çoxdan düşünürdük. Layihənin rəhbəri və rejissoru Teymur Nəcəfovdur. Bu, tək adamın görə biləcəyi bir iş deyil. O, mənə belə bir təklif etdi. Filmi ərsəyə gətirənlərə uşaqlarla işləyən komanda lazım idi, ona görə də təklifdən imtina etmədim.
Filmdə iştirak edən uşaqları seçmək üçün kastinq keçirdik. Dəcəl balam” Ailə və Uşaq İnkişaf Mərkəzinin uşaqları buna hazır idilər. Kastinqə gələnlər də elə "Dəcəl balam”ın uşaqları oldu. Birinci film çox uğurlu alındı və bunun üçün də ikinci filmə ehtiyac duyuldu
- Filmlərə qoyduğunuz sərmayəni çıxara bildinizmi?
- Bəli. Çəkdiyimiz hər bir film öz xərcini ödədi. Valideynlərimiz də bizə dəstək oldu.
- İndi uşaq filmləri çəkilmir, yoxsa uşaq filmləri arasında rəqabət yoxdur deyə, bu addımı atdınız?
- Son illər maraqlı uşaq filmimiz çəkilməyib. Ən maraqlı uşaq filmləri uzun illər əvvəl istehsal olunub. Hamımızın uşaqlığı "Sehrli xalat”, "Bir qalanın sirri” kimi sovet kinosunun məhsulu olan filmlərə baxmaqla keçib. Hər bayramda təkrar-təkrar eyni filmlərə baxırdıq və artıq bu kinoları əzbər bilirdik. Yeni nəsillər yetişirdi, sovet filmləri indiki uşaqlara maraqsız görünürdü. Çünki orada yeni texnologiyalardan istifadə olunmur, müasir nüanslar göstərilmirdi... İndi uşaqlar çox inkişaf ediblər və texnologiyalar əsridir. Mənim də rol aldığım bu film isə tamamilə müasir texnoloji şərtlərlə çəkilib.
- Bu
komandanın içində eyni zamanda sizin oğlunuz
Musa da yer
alır. Həm jurnalda, həm filmdə, həm
də verilişdə iştirak edir. Bu, onun
dərslərinə mane olmur?
- Musanın 9 yaşı var. O, mənimlə bərabər bu işin içində böyüyüb deyə, onun da fikirləri böyüyür. Bu, nəinki Musanın, layihələrdə iştirak edən uşaqların da dərslərinə mane olmur. Əksinə, onlar dərslərini daha yaxşı oxuyurlar. Bu iş onları motivasiya edir. Musa dərslərini yaxşı oxuyur. Artıq onu məktəbdə, nəqliyyatda tanıyırlar. Deyir, birdən məndən dərs soruşarlar, bilmərəm, deyərlər ki, kinoya çəkilir, ancaq dərs oxumur.
- Bir az da ATV-də yayımlanan "Dəcəl balam” verilişindən danışaq. Siz bu verilişin layihə rəhbəri və təsisçisisiniz.
- Bu proqram mənim məktəb illərimin arzusudur. İstəyirdim ki, verilişim olsun və aparıcısı da özüm olum. Bu ideyamı gerçəkləşdirə bildim. Layihənin davamlı olmasını istəyirik. "Dəcəl balam” uşaqlarla bağlı yeganə maarifləndirici proqramdır. Düzdür, uşaqlar üçün əyləncə xarakterli proqramlar var, amma maarifləndirici, valideyn-uşaq problemlərinin yaxşılaşdırılması baxımından belə bir layihə yoxdur. Veriliş yayımlandıqdan sonra tamaşaçılar mənə öz təşəkkürlərini yazırlar. Hətta verilişi izlədikdən sonra uşaqlarına qarşı rəftarını və baxışını dəyişən analar da az deyil. Onlar bizə yazıb etdikləri yanlış rəftardan danışırlar. Bu layihədən gözləntilərimiz çoxdur. Əsas məqsədimiz valideynlərin maariflənməsidir. Bəzi valideynlər yazıb ki, burda sanki özümü görürəm. Bizim əsas məqsədimiz də budur ki, uşaqlar inkişaf etsinlər. Onlar bizim gələcəyimizdir və gələcəyimizin sağlamlığı bizim əlimizdədir.
- Uşaqlarla
işləmək çətin deyil?
- Biz uşaqlarla çox rahat şəkildə işləyirik. Valideynlər uşaqdan çox şey tələb edirlər. Axı bu uşağın potensialı hər şeyə çatmır. Bu uşağın istedadı rəssamlığa bağlıdırsa, qoy rəssam olsun. Bəlkə də siz gələcəyin peşəkar rəssamını içində öldürürsünüz. Valideynlər özlərində görmək istədiklərini uşağa yükləyirlər. Ola bilsin ki, valideynə gənc yaşlarında hansısa qadağalar qoyulub, o, həmin işi görmək istəsə də, görə bilməyib və bunu öz övladının üzərində tətbiq etməyə çalışır. Əslində, uşağın özünün nə istədiyini öyrənməlidirlər.
- Gələcək
hədəfləriniz nələrdir?
- Gələcək hədəfim beş ildən sonra deputat olmaqdır (gülürük). Uşaqların sosial məqsədlərini müdafiə etmək üçün deputat olmaq niyyətindəyəm. Məndən kim soruşsa, hər dəfə zarafatyana belə cavab verirəm. Uşaqlar üçün çox şey etmək istəyirəm. İki kino çəkib dayanmaq istəmirəm. Hər şey maddi durumdan asılıdır. Jurnalı aylıq yox, həftəlik dərc etmək istəyirəm.
Xəyalə Rəis
Kaspi.-2018.-1 fefral.-S.24.