Tofiq Kazımovun 95 illiyinə həsr edilmiş tədbir keçirilib

 

Azərbaycan Dövlət  Akademik Milli Dram Teatrında görkəmli teatr rejissoru, xalq artisti Tofiq Kazımovun 95 illiyinə həsr edilmiş tədbir keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə Azərbaycan Dövlət Teatr Muzeyinin arxivindən Tofiq Kazımovun həyat və yaradıcılığını əks etdirən fotosərgi təqdim olunub, sənətkara həsr olunan videoçarx nümayiş etdirilib.

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov sənətkarın həyat və yaradıcılığından, Azərbaycan teatrının, rejissor sənətinin inkişafındakı xidmətlərindən söz açıb. Azər Paşa Nemətov qeyd edib ki, Tofiq Kazımov bir-birindən maraqlı tamaşalara imza atıb: "Tofiq Kazımov böyük rejissor, gözəl insan kimi Azərbaycan mədəniyyətinə böyük töhfələr bəxş edib. Çox təəssüf ki, onun ömrü qısa oldu, 1980-ci ildə biz onu itirdik. Amma Tofiq müəllimin tamaşaları, yetişdirdiyi aktyor nəsli Azərbaycan teatrında yeni səhifə açdı. Mənim Tofiq Kazımovla çox gözəl xatirələrim var. O, dərin düşüncəli şəxsiyyət idi. Tofiq Kazımov böyük sənətkar Səməd Mənsurun ailəsində böyüyüb. O, təkcə teatr xadimi deyil, həm də müharibə iştirakçısı idi. Tofiq Kazımov özünü əsl sənətkar kimi sübut edib. Onun çoxlu tələbələri olub, habelə  gözəl pyeslər, monoqrafiyalar yazıb. Biz Tofiq Kazımovu hər zaman hörmət və ehtiram hissi ilə xatırlayacağıq”.

 

Xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar incəsənət xadimi, professor İlham Rəhimli Tofiq Kazımovun sənət yolundan danışıblar. Qeyd olunub ki, Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması və inkişafı Tofiq Kazımovun adı ilə bağlıdır. Rejissorun quruluş verdiyi tamaşalarda insanların təfəkkür tərzi, onlar arasında münasibətlər müxtəlif bədii, estetik, fəlsəfi, psixoloji formalarda parlaq təcəssümünü tapıb.

 

1964-cü ildən 1980-ci ilədək Akademik Milli Dram Teatrının baş rejissoru vəzifəsində çalışan Tofiq Kazımov yaddaqalan tamaşalar yaratmaqla yanaşı, gənclərin teatra cəlb olunmasında da böyük xidmətlər göstərib. O, Şekspirin "Hamlet”, Cəlil Məmmədquluzadənin "Ölülər”, Cəfər Cabbarlının "Aydın”, Məmməd Səid Ordubadinin "Qılınc və qələm”, Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu”, İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən”, "Unuda bilmirəm”, "Məhv olmuş gündəliklər” və digər əsərləri tamaşaya hazırlayıb.

 

Daha sonra Tofiq Kazımova həsr olunan "Ölülər” tamaşası təqdim olunub. Cəlil Məmmədquluzadənin "Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı ikihissəli tamaşa teatrın bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovun quruluşu əsasında səhnələşdirilib. Səhnə əsərinin rejissorları isə gənc rejissorlar Anar Sadıqov və Əlif Cahangirlidir.

 

Tamaşada görkəmli bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin "Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunub. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.

 

"Ölülər”in Şeyx Nəsrullahı xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə əməkdar artist Anar Heybətovdur.

 

Tamaşada digər rolları xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar artistlər Aslan Şirin, Elşən Cəbrayılov, Əli Nur, Sabir Məmmədov, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Mirzə Ağabəyli, Əjdər Həmidov, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Mətləb Abdullayev, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova məharətlə canlandırırlar.

 

Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azər Paşa Nemətə məxsusdur. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.

 

 

 

Kaspi.-2018.-1 fevral.-S.12.