Onsuz anları göstərən saat
Nüşabə Babayeva-Vəkilova:
“Vaqif Səmədoğlu həyatı və həyatla
bağlı hər şeyi sevirdi”
"Əşyaların
taleyi” layihəsi
Əşyaların da insanlar kimi taleyi var: Əşyalara gözəyarı, saya baxmaq, itib-batmasını eyninə almadan yanaşmaq çətindir. Hərəsi hansısa anın, bir dolu zamanın xatirələri ilə bağlıdır. Əşyanı alanda, əldə edəndə bilmirsən başına nə gələcək: sahibindən az yaşayan da olur, çox ömür eləyən də... Ətrafa baxıram, düşünürəm, İlahi, sabah bir kimsə olmasa, demirəm çoxlarına, ən azı doğmaların haçansa nəfəsi toxunan əşyaların hər biri xatirəsi əziz nəsnələrə dönər, biri dəmirdən, biri kauçukdan, biri daşdan, biri parçadan. Nüşabə xanımı özümə böyük dost hesab edirəm... Aramızdakı yaş fərqini nə barmaq qatlamaqla, nə birbaşa hesablamaqla dilə gətirmək həvəsindəyəm, ancaq yaş nisbətinin dostluğa, bağlılığa dəlaləti yoxdur. Mənim üçün o, Vaqif Səmədoğlu yaşındadır. Vaqif müəllimsə düşüncə, bilgi, intellekt, ürək yaşında idi – ona görə də onu indiki ədəbi gənc nəsil olaraq özümüzlə həmyaşıd hesab eləməyə haqqımız var. Vaqif müəllim bizlə zarafat yaşında, həmdərd yaşında, keçmiş yaşında, gələcək yaşında idi... İndi mən bütün bu yaşların ifadəsini Nüşabə xanımda görürəm, eyniləşdirmələrimi də onlara əsasən aparıram.
Qəribədir, insanlar aramızdan köç edəndə, yolları uzaq səfər cığırlarına birləşəndə onların izlərini övladlarında axtarırsan, deyirsən, oğlunda bu, qızında bu cəhət, atasından, anasından gəlmədir. Mən Vaqif Səmədoğlunun cizgilərini, izlərini – hətta övlad nişanələrini belə Nüşabə xanımda axtara və görə bilirəm.
Vaqif müəllim vəfat edəndə, aramızdan köçəndə bilməzdim ki, onsuz illər belə olacaq, belə keçəcək, bu cür sovuşacaq... Elə bilirdim həmkarlarla ayrı-ayrı tədbirlərdə toplaşıb onun haqqında oxşar, bir-birindən mahiyyət etibarı ilə o qədər də seçilməyən xatirələri danışacağıq, sonra da Vaqif müəllim də həyatın axarı, vaxtın gərdişi ilə yaddaşımızın köhnəliyinə, gündəlik həyatın adiliyinə qarışacaq. Biz sarıdan yanılmamışdım, gümanım azmamışdı, amma Nüşabə xanım sarıdan qənaətim yanlış idi: Sən demə, Nüşabə xanım Vaqif müəllimlə bağlı hər dəfə deməyə təzə söz, qatı açılmamış, əlvan hadisələr danışacaqmış... Sən demə, onun yaddaşında uyuyan Vaqifli günlər anbaan oyanacaqmış. Sən demə, Vaqifsiz günlərdən yeni-yeni Vaqifli günlər doğulacaqmış. Elə olacaqmış ki, bəlkə də Vaqif müəllimin dilindən eşidə bilməyəcəyimiz, çox ola bilər, özünün sonrakı zarafatlarımızdan, şuxluqlarımızdan qızırğalanıb, ehtiyatlanıb danışmayacağı xatirələrini də Nüşabə xanım özünəxas səmimiyyəti, açıqlığı ilə bölüşməyi bacarır...
– Nüşabə xanım, XX əsr poeziyamızın parlaq simalarından biri olan, 37 illik ömür ərzində çoxsaylı gözəl şeirlər yazıb-yaradan şair Əli Kərim həyat yoldaşı Elza Kərimin başı ev işlərinə, sil-süpürə, əşyaların təmizliyinə həddən ziyadə qarışanda, şair ona deyərmiş ki, onlarla az əlləş, biz ölüb gedəcəyik, əşyalar qalacaq. Bu hadisəni xatırlatmaqda qəsdim odur ki, bəzən əşyalar insanlardan çox ömür edir. Hamımızın müşahidə etdiyi gerçəkliklərdəndir ki, vəfat edən, əbədi dünyanın sakininə çevrilən insandan sonra onun toxunduğu, hər gün təmasda olduğu, çox illər həyatının bir parçasına çevrilmiş əşyalar böyük zaman kəsiyində, uzun illər onunla eyni tavanın altında, bir evdə yaşamış insanlar üçün həmin əşyalara toxunmaq, onlara baxmaq çətin olur. Mən bilirəm ki, siz Vaqif müəllimlə bağlı əşyaların hamısına ədəbiyyat tariximizin bir hissəsi kimi yanaşırsınız, onları qoruyursunuz, muzeylərə, arxivə təhvil verməyin, bir sözlə, xalqın mənəvi xəzinə ünvanlarına bağışlanmasının tərəfdarısınız və bu cəhətinizlə də örnək olmağı, nümunə yaratmağı bacarırsınız. Ancaq bir söhbət ərzində bizim Vaqif müəllimdən qalan yadigarların hər biri haqqında danışmaq, hamısının rəmzi mənada desək, sizin evin sakininə necə çevrilməsinin tarixçəsini, yaddaşını bölüşmək imkanımız yoxdur. Ona görə də Vaqif Səmədoğlunun bir neçə yadigar əşyasından, onların sizin evə gəlib çıxmasının tarixçəsindən danışmalı olacağıq...
– Fərid, həqiqətən, əşyaların da öz taleyi, öz ömrü olur. Bəzən insan ömrünə bərabər bir ömrü, çox vaxt isə insan ömründən qat-qat uzun bir ömrü. Əşyalar yaşayır, əldən-ələ, nəsildən-nəslə keçir, ailənin, muzeylərin, şəxsi kolleksiyaların sərvətinə çevrilir... Əşyaların sahibi həyatdan gedəndən sonra onların mənəvi çəkisi də artır, dəyəri də...
Söhbət burada Vaqif müəllimin əşyalarından
getdiyindən, Fərid, mən deyərdim ki, Vaqif Səmədoğlu
dünyası içində "onun əşyalar
dünyası” ayrıca bir mövzudur, bir kitablıq
mövzudur. Onun böyük, çoxcəhətli, rəngarəng
maraq dairəsi olub. Musiqi, fotoqraflıq, ovçuluq, rəssamlıq
və i. Aldığı əşyalar da maraqlarına
uyğun idi. Vaqif müəllim dünyadan köçəndən
sonra onun əşyalarının acı taleyi ilə
bağlı bir yazı yazmışdım. Orada belə bir fikir vardı:
Əşyalar da yetim qalarmış, ay Allah. Sənin
üçün, nə dil deyə bilirlər, nə
ağı... (kövrəlir və nəzərləri
bir nöqtəyə dikilir – F.H).
– Sizlə
bağlı bir müşahidəmi bölüşməliyəm,
çünki ünsiyyətimizin, canlı söhbətlərimizin
ayrı-ayrı məqamlarında mən bu halınızı
hiss etmişəm: Vaqif Səmədoğlu haqqında
danışanda, hansı səviyyədə məclis
olmasından asılı olmayaraq nəzərləriniz naməlum
bir səmtə zillənir, sanki baxdığınız bucaqda
Vaqif müəllim dayanıb və siz, əslində, ona
baxa-baxa fikirlərinizi bölüşürsünüz, yaxud
o nöqtədən Vaqif bəy sizə sarı boylanır və
diqqətiniz də ona yönəlir...
– Dəqiq
müşahidə etdibsən, həqiqətən istər
onunla bağlı,
istərsə də başqa mövzu haqda
danışanda ilk növbədə onu düşünürəm.
Düşünürəm, görəsən, o
nə deyərdi? Baş verənlərə
necə baxardı? Nə replika atardı?
Nəyə zarafatyana yanaşardı, nəyə
ciddi?
– Cavabınızdan yəqinim belə
oldu: nə iş görsəniz
düşünürsünüz ki, Vaqif müəllim nə
deyərdi, belədə qəlbimdə belə bir suala meydan
verməkdən özümü saxlaya bilmirəm. Növbəti cümlədə dilimə gələcək
"senzura” sözünü rəmzi, məcazi mənada qəbul
etməyinizi istəyirəm. Həyatınızın
ayrı-ayrı məqamlarında sizə kənardan göz
qoyan, "o nə deyərdi” düşüncəsində,
Vaqif Səmədoğlunun "senzura”sında yaşamaq sizin
üçün çətin deyil ki?
– Fərid,
deyirsən yəni ömrünün böyük bir hissəsini
senzuranın əlindən təngə gələn Vaqif Səmədoğlu,
özü senzora çevrilib? (gülürük).
Yox, bu yalnız ondan irəli gəlir ki, mən
Vaqif müəllimin yaradıcılıq işləri ilə əlaqədar
nə edirdimsə, mütləq özü ilə məsləhətləşməli,
razılaşdırmalı idim. Ümumiyyətlə,
bu və ya hansısa məsələdə onun fikri mənim
üçün çox önəmli idi. Və bu
gün də onunla məsləhətləşmələrim xəyalən
davam edir...
– Elə
yaradıcı insanlar var ki, həyat yoldaşları
dünyadan köçəndən sonra, evdə ona aid əşyaları
yığışdırırlar, onlarla təmasdan
ehtiyatlanırlar, o əşyaların evdə qalmasının
bədbəxtliklərə qapı açacağını, dərd-sər
gətirəcəyini düşünüb ya satırlar, ya da
kimə gəldi bağışlayırlar ki, gözlərinin
qabağında vəfat etmiş insanı anbaan xatırladan
bir nəsnə qalmasın. Ancaq sizdə fərqlidir,
Vaqif müəllimə aid əşyaları muzeyə direktoru
olduğunuz Səməd Vurğunun ev-muzeyinə gətiribsiniz,
ayrıca bir ekspozisiya düzəltdiribsiniz (Nüşabə
xanım muzeydə həmçinin Yusif Səmədoğlunun
ekspozisiyasını, Xavər xanımın və Aybəniz
xanımın guşələrini yaradıb) və beləcə,
həyat yoldaşınızla bağlı yadigarlarla hər an
həmnəfəssiniz. Vaqif Səmədoğlunun evdəki
otağı da, bildiyim qədər
sağlığındakı sahmanındadır... İstərdim bu barədə danışaq.
– Necə
yəni, məgər insan yoxdursa, ona mənsub olan əşyalar
da yığışdırılmalıdır? Mən heç kəsi qınamaq istəmirəm,
amma bu münasibəti qəbul etmirəm. Sevgi
varsa, kiminsə cismani yoxluğu ilə bu sevgi yox olmur,
başqa bir formaya keçir. Gördüyü
işlər bu sevgidən güc alır.
Daşıdığı xatirələrdə, onun adı ilə
bağlı işlərdə və s. bəlkə daha
qabarıq olur. Çox ağrılı olsa da.
Söhbət böyük sənəti,
yaradıcılığı olan insanların dünyadan
köçməsindən gedirsə əgər, onlardan miras
qalanlara yaxınları böyük məsuliyyətlə
yanaşmalıdırlar. Təsəvvür
edək ki, Xavər xanım Səməd Vurğunun əlyazmalarına,
ona məxsus əşyalara qayğı ilə yanaşıb,
onları göz bəbəyi kimi qorumasaydı, bu muzeydə nə
nümayiş olunardı? Bu uzaqgörən
xanım S.Vurğunun əşyalarını 20 ilə
yaxın bir vaxt ərzində o ümidlə saxlayıb ki, nə
vaxtsa bu böyük şairə muzey açılacaq.
Şükür ki, istedada qiymət verməyi, onu qiymətləndirməyi
bacaran belə misallar da az deyil. İndi də bu məsuliyyəti mən
daşıyıram. İki il
yarımdır S.Vurğunun ev muzeyində işləyirəm. Bu müddət ərzində nələrsə etməyə
çalışmışam. Vaqifin də
bəzi əşyalarını buraya gətirib,
ekspozisiyasını yaratmışam. 1956-cı
ildə, S.Vurğun dünyasını dəyişəndən
sonra 70-ci illərə kimi ailəsi burada yaşayıb. Vaqif ilk şeirlərini burda yazıb. Şair kimi bu evdə formalaşıb, musiqiçi
kimi bu evdə yetişib. Və onun əşyalarının
bu muzeydə olması təbiidir. Ancaq o da
düzdür ki, Vaqif Səmədoğlu da, Yusif Səmədoğlu
da adlarına muzey olmalarına layiq şəxsiyyətlərdir.
Təəssüf ki, muzeydə geniş yerimiz
olmadığından Vaqif müəllimin bütün maraq
dairəsini burada göstərmək mümkün deyil. Ona görə də, çox şeyləri evdədir,
kabinetində olduğu kimi qalır. Hər
şey özü qoyduğu kimi. Çox
istərdim ki, onun və Yusif müəllimim çəkdiyi
fotolardan, Vaqif müəllimin əşyalarından ibarət sərgi
təşkil edə bilim. Nə isə, görülməli
işlər çoxdur...
– Vaqif
müəllim ömrünün axır illərində gənclik
çağlarından sevdiyi gitara alətinə də maraq
göstərib. Əfsus ki, o həvəsini
peşəkarlığa çevirəcək ömür
möhlətini tale ona qıymadı. Amma o
gitara qalır, evinizdədir və istərdim ki, söhbətimiz
konkret əşyalara yönəlsin və həmin
çalğı alətinin sizə qismət olmasının
tarixçəsindən danışaq.
– Vaqif
müəllimin o qəddar xəstəliyə tutulduğu
vaxtlar, ancaq sağalacağına ümidli günlərimiz
idi. Müalicə üçün İsraildə
idik. Ona çox gəzmək olmazdı deyə,
lazım olan dava-dərmanın dalınca mən gedirdim. Vaqif isə adətən, Dizenqof küçəsindəki
kafedə məni gözləyirdi. Ümumiyyətlə,
Vaqif müəllim kafedə oturub kofe içməyi, qəlyan
çəkməyi və insanları seyr etməyi sevirdi.
Belə bir günlərin birində, mən aptekdə olanda,
Vaqif zəng edib soruşdu:
–
Nuşa, gəlirsən?
– Hə,
gəlirəm.
– Ancaq tez
gəl, sənə sürprizim var.
Həmin oturduğu o kafenin yanında musiqi alətləri
satılan mağaza var idi. Bir neçə dəfə
ora girmişdik. Sən demə, orda nəyisə
gözaltı edibmiş. Nə isə, gəlib
gördüm yanındakı stula çexolda bir alət
söykənib. Soruşdum ki, bu nədir?
Dedi ki, gitara almışam. Üzü
gülürdü. Allah ona təbəssümü
nemət kimi vermişdi. Güləndə
üzü nurlanırdı. Gitaraya baxanda
ilk ağlımdan keçən bu oldu ki, İlahi, mən bunu
necə daşıyacağam, çünki ona, həmin vəziyyətdə
yük qaldırmaq olmazdı. Dedi sən bilirsən də,
mən gitaranın səsini necə sevirəm. Ecazkar,
möcüzəli səsini...
Hətta gitara
ifaçılarının bir ayaqlarının altına qoymaq
üçün lazım olan balaca oturacaqdan da
almışdı. Deyirdi ki, mən bir
vaxtlar saz da çalmışam, gitarada da çalmağı
öyrənəcəyəm. Tütəkdə,
"dodaq qarmonu”nda da çala bilirdi.
Vaqifin belə şeylərə maraq göstərməsi
normal idi. Onun təbiətinə uyğun idi. Digər tərəfdən,
mənə elə gəlir ki, bu həm də onun xəstəliyinə
meydan oxumaq istəyi idi... Və əlbəttə,
mən də çalışırdım ki, belə işlərdə
onu həvəsləndirim. Gitaranı
alandan sonra otelə gəldik, onu götürüb
çalmağa başladı, ancaq kimyaterapiyadan sonra
barmaqlarını hiss eləmirdi. Mən əminəm
ki, xəstəlik imkan versəydi, o, gitara çalmağı
mütləq öyrənəcəkdi. Çox
istedadlı idi.
– Ömrünün axır illərində
Vaqif müəllim əsa götürürdü, özü də
onlar yaşlı adamların əlində
gördüyümüz əsalardan fərqli idi. Geyimi,
danışığı, şeirləri kimi əsaları da
adiliyə sığan, göz öyrəşən deyildi.
Maraqlıdır, o, bir neçə əsanı niyə
almışdı?
–
Kimyaterapiyadan sonra daha inamlı yerimək üçün
Vaqif müəllim Bakıda bir neçə əsa
almışdı. İsraildə olanda onu
görməyə gələn, keçmiş bakılı,
Vaqiflə hələ uşaqlıqdan bir-birlərini
tanıyan professor Mixail Aqarunovun əlindəki əsa Vaqifin
diqqətini çəkdi və əsanı hardan alması ilə
maraqlandı. O, əsanı Yaffadan
aldığını dedi. Tel-Əvivin bir hissəsi
olan Yaffa qədim qala şəhəridir. Turistlərin
qaynayan yeridir. Orda cürbəcür
suvenirlər, qədim, antik əşyalar satılır.
O günün səhəri mən bilirdim ki, gedəcəyimiz
yer Yaffa olacaq. Elə də oldu. Orda Mixail deyən yeri tapdıq və Vaqif istədiyi
əsanı aldı. Əsanın yüz
yaşı olardı, ancaq altının rezini yox idi. Dedilər ki, bu əsalar ucluqsuz satılır. Vaqif Aqarunova zəng edib, altlığı hardan tapa
biləcəyi ilə maraqlandı. O da taksi
sürücüsünə telefonla hara gedəcəyimizi izah
etdi. Bu yer də tam şəhərin əks
istiqamətində idi. Nə isə, gəldik
həmin ünvana. Ayaqqabı təmiri olan
yerə, çəkməçi Yaşanın yanına.
O da dedi ki, mən daha belə işlərlə məşğul
deyiləm. Rezini aptekdən də tapa bilərsiniz.
Aptek-aptek gəzdik. Vaqif dedi ki, yox, bu
gün necə olur-olsun rezini tapmalıyıq. Çox
gülməli situasiya yaranmışdı. Dili bilməyə-bilməyə,
şəhəri yaxşı tanımaya-tanımaya nəsə
axtarmaq... Düzdür, rezini apteklərin birində
tapdıq, ancaq onun da ölçüsü uyğun gəlmədi.
Nəhayət, səhəri Vaqif başqa çəkməçinin
yanına gedib, əsanın ucluğunu düzəltdirdi.
Bu zaman da onun üzü təbəssümlə
nurlanırdı.
Maraqlısı odur ki, əgər Vaqifə desəydilər
ki, yazılarınla bağlı harasa getmək, nəsə
etmək lazımdır, o işi qoyardı sonraya, sonradan isə
həvəsi də ölərdi. Ancaq sevdiyi əşya
üçün dünyanın o başına getməyə də
hazır idi. Yəqin bu xüsusiyyəti də
onun bənzərsiz düşüncə tərzindən irəli
gəlir. İndi həmin əsa Səməd
Vurğunun ev-muzeyində saxlanılır. Sonra
bir əsa da aldı. Həmin əsanın
içində xəncər vardı. Bizə
dedilər ki, xəncərli əsanı sərhəddən
buraxmayacaqlar, başağrısı olacaq, apardı o ucluq
düzəldən ustanın yanına, xəncəri kəsdirdi.
Bax, bu cür qeyri-adilikləri, maraqlı
inadkarlıqları onu mənə daha çox sevdirirdi.
– Siqaretlərinə
yaman aludə idi. Dəridən siqaret qabları
olurdu, içində də ayrı-ayrı ölkələrdən
gətirilmiş siqaretlər. Yaxşı
xatırlayıram ki, ondan kimsə siqaret istəyəndə,
qutusunu tələsmədən açar, qarşı tərəfə
siqaret uzadar, sonra da onu hansı ölkədən gətizdirdiyini,
markasını, nikotin miqdarını, əlavə tərkibi
hökmən qeyd edərdi. Ədəbi
mühitin cavanları da onun səmimi ünsiyyətindən
sözün yaxşı mənasında yararlanıb, Vaqif
müəllimin siqaretlərinin "dadına baxardılar”.
Axır illərdəsə elektron siqaretə keçdi...
– Elədir,
müxtəlif markalı siqaretlər, tütünlər,
siqarlar almağı çox sevirdi. Ürəyindən
əməliyyat olunduqdan sonra da, həkimlərin təkidinə
baxmayaraq, siqareti atmadı. Keçdi
elektron siqaretə. O da müvəqqəti... Bir
maraqlı hadisə də danışım: Təyyarədə
idik. Hələ havaya qalxmamışdıq.
Vaqif müəllim elektron siqareti stüardessaya göstərib
dedi ki, qızım, mən asma xəstəsiyəm, nəfəs
ala bilmirəm, bu nəfəs aparatımdır. Stüardessa da
dedi ki, əlbəttə, istifadə edin. Məni də
gülmək tutdu, üzümü yana
çevirdim. Elektron siqaretlərin də spesifik
iyi var. Nə yaxşı ki, nə o stüardessa, nə də
ki, başqaları iyindən onun siqaret olduğunu
duymadılar. Bəlkə də duyub, Vaqif müəllimin
üzünə vurmadılar... Xüsusən xəstələnəndən
sonra siqaret həyatının vacib, ayrılmaz bir hissəsinə
çevrilmişdi. Son nəfəsinə
kimi o siqaretlərlə "oynadı”, çəkdi.
Markalarını dəyişə-dəyişə...
– Velosiped
şakərini də xatırlayıram. Sürmək
üçün bağa gedirdi...
– Hətta Çexiyada birini gözü tutmuşdu, sadəcə təyyarə ilə aparılmasının baha başa gələcəyini bildikdə, fikrindən daşındı. Velosiped sürməyi çox sevirdi. Xəstəliklə bağlı ikitəkərlini sürmək çətinləşdiyindən, üçtəkərlisini axtarırdı...
– Yaxşı yadımdadır, qəribə, diqqətçəkən pencəklər geyinərdi...
– Gözəl geyinməyi çox sevirdi. Daha çox jiletli, "tvid” kostyumları bəyənirdi. Bir dəfə soruşdum ki, Vaqif, hansı dövrdə yaşamaq istərdin? Dedi ki, XX əsrin 20-ci illərində, ancaq SSRİ-də yox. O dövrdə onun zövqünə uyğun dəst geyimlər olub. Vaqif Səmədoğlu həyatı və həyatla bağlı hər şeyi sevirdi...
P.S. Nüşabə xanımın səsi qırılır, mən onun qoluna baxıram, gözümə saatı sataşır. Vaqif müəllimin saatıdır. İşləyir, yenə vaxtı göstərir, bu dəfə Vaqif müəllim olmayan vaxtı... Əşyaların cinsi olmur...
Hazırladı:
Fərid Hüseyn
Kaspi.-2018.-3-5 fevral.-S.16.