Bir il xəyallarda... və bütöv bir ömür

 

Ceyhun bəy Hacıbəyli həsrətlə yaşadığı vətəninə ədəbi irsində döndü, ağuşunda həmişəlik məskən saldı

 

"Vətən səni unutmayacaq, bir gün bağrına basacaqdır”.   Bu dəyərli fikirlərin müəllifi, ömrünün 43 ilini mühacirətdə keçirmiş və qərib ölkədə də əbədiyyətə qovuşaraq, orada dəfn edilmiş, azadlıq mücahidi, böyük ədib Ceyhun bəy Hacıbəylinin yaxın dostlarından biri, doktor Əziz Alpautdur. Ə. Alpaut Ceyhun bəyin vəfatı ilə bağlı "Mücahid” (yanvar-fevral 1963-cü il) adlı məcmuədə yazırdı: "... Nur içində yatasan, sevimli ağabəyimiz! Vətən səni unutmayacaq, bir gün bağrına basacaqdır”.

 

Bəli, Əziz Alpautun uzaqgörənlikdə söylədiyi həmin gün gəlmişdir. Yazıçı, publisist, tərcüməçi, diplomat, ictimai xadim, mədəniyyətimizin xaricdəki yorulmaz təbliğatçısı Ceyhun bəy Hacıbəyli uzun ayrılıqdan sonra, daim həsrətlə yaşadığı doğma vətəninə ədəbi irsində dönərək, ağuşunda özünə həmişəlik məskən salmışdır. Doğrudur, Ceyhun bəy sağlığında canından çox sevdiyi Azərbaycana qayıda bilmədi. Cismi də qürbətdə qaldı. Lakin onun zəngin irsi bu gün vətəndədir. Və xalqımız buna görə gözəl insan, böyük vətəndaş, əvəzsiz ziyalı Ramiz Abutalıbova minnətdardır. Məhz onun sayəsində Ceyhun bəyin arxivi Azərbaycana gətirilərək,  tədqiqatçıların ixtiyarına verildi. Hazırda C. Hacıbəylinin irsinin bütöv bir qismi Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət  Arxivində, 649 saylı fondda mühafizə olunur. Həqiqətən, vətən bu böyük şəxsiyyəti bağrına basmışdır. İndi onun yubileyi vətəndə, ölkə başçısının sərəncamı ilə rəsmi surətdə qeyd olunur, əsərləri nəşr edilir  Bu günlərdə çox hörmət bəslədiyim ziyalılarımızdan biri, C. Hacıbəylinin həyat və yaradıcılığının dəyərli tədqiqatçısı, tanınmış alim Abid Tahirli yenicə işıq üzü görmüş iki kitabı - Ceyhun Hacıbəylinin "Bir il xəyallarda... və bütöv bir ömür” memuarını, eləcə də "Ceyhun Hacıbəyli. Seçilmiş əsərləri”ni mənə hədiyyə etmişdir. Hər iki kitab tükənməz sevgi ilə nəfis şəkildə hazırlanıb nəşr olunmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə 2018-ci ilin Cümhuriyyət ili elan edilməsi ilə əlaqədar, Ceyhun bəy Hacıbəyli kimi şəxsiyyətlərin daha geniş təbliği baxımından, bu  nəşrlər  olduqca əhəmiyyətlidir və 100 illiyə dəyərli ərməğandır.

 

Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası seriyasından olan "Ceyhun Hacıbəyli. Seçilmiş əsərləri” Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr edilmişdir. Cildin baş redaktoru akademik İsa Həbibbəyli, məsul redaktoru filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Nikpur Cabbarlı, tərtib edəni, ön sözün və qeydlərin müəllifi filologiya elmləri üzrə fəlsəfə doktoru Abid Tahirlidir.

 

367 səhifədən ibarət kitaba Ceyhun bəy Hacıbəylinin Parisdə, müxtəlif illərdə qələmə aldığı və xarici mətbuatda dərc etdirdiyi hekayələri, sinopsisləri - " Müəzzinin lənəti”, " Baş tutmayan ziyarət”, " Stalinin öpüşüya staxanovçu Fatimə”, "Nejdanovun işi”, elmi araşdırmaları - " Qarabağın dialektfolkloru ( Qafqaz Azərbaycanı)”, "XIX əsrin azərbaycanlı tarixçisi Abbasqulu ağa Bakıxanov”, publisistik yazıları - "Şamaxı məhkəməsi, yaxud bir xainin mükafatı”, " Əhməd Cavad faciəsi”, " SSRİ-də ziyalılar”, " İlk Azərbaycan operası necə yarandı”, " Bir il xəyallarda... və bütöv bir ömür” memuarı, eləcə Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2015-ci il tarixli sərəncamı və Abid Tahirlinin "Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yoluna bir nəzər " adlı maraqlı ön sözü salınmışdır.

 

 Kitabda çap olunan C, Hacıbəylinin " Şamaxı məhkəməsi, yaxud bir xainin mükafatı”, "Əhməd Cavad faciəsi” məqalələrindən başqa (onlar Azərbaycan türkcəsində qələmə alınmışdır –S. Q.) bütün yazıları fransız və rus dillərindən tərcümə edilmişdir. "Qarabağın dialektfolkloru (Qafqaz Azərbaycanı)” əsərini filologiya elmləri üzrə fəlsəfə doktoru Bayram Ağayev,  "İlk Azərbaycan operası necə yarandı” məqaləsini rus dilindən Oktaedr Qəbələli, digər əsərləri Mirzəbala Əmrahov fransızcadan dilimizə çevirmişlər.

 

 Ceyhun bəyin bütün yazıları - istər bədii əsərləri və publisistikası, istər elmi araşdırması, memuarı ictimai-siyasiideoloji cəhətdən çox dəyərlidir və bu gün də aktualdır. C. Hacıbəyli qələmindən çıxan bütün əsərlər  maraqla oxunurdüşündürür. Sanki tariximizi vərəqləyir, Azərbaycanın başına gətirilən müsibətləri  görür, faciəli situasiyaların şahidi oluruq.

 

Azərbaycan mədəniyyətinin, tarixinin  inkişafı və təbliği sahəsində də Ceyhun bəy  yorulmadan fəaliyyət göstərmişdir. Məsələn, hələ Bakıda yaşadığı illərdə böyük qardaşı, dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin bütün Şərq aləmində ilk operası olan, bu il yaranmasının 110 illiyini qeyd etdiyimiz "Leyli və Məcnun” əsərinin ərsəyə gəlməsində iştirak etmişdir. Onu sonralar Fransada yaşadığı illərdə fransızcaya çevirmişdir. Parisdə Ü. Hacıbəylinin dünya şöhrətli " Arşın mal alan " operettasını tərcümə edərək, "Femina” teatrında tamaşaya qoymuşdur. Mədəni irsimiz, ədəbiyyatımız, tariximizs. mövzularda  müxtəlif səpkili məqalələr yazmışdır.

 

C. Hacıbəylinin "İlk Azərbaycan operası necə yarandı” adlı məqaləsi də Fransada yazılmışdır. Bizim üçün çox önəmli olan bu məqalədə müəllif,  qardaşı Üzeyir bəyin bu opera üzərində nə qədər gərgin çalışdığını dönə-dönə vurğulayır. Özünün də operadakı iştirakından bəhs edir. Əsərin  yaranması, məşqlərin keçirilməsi, tamaşanın uğurlu alınması baxımından məqalədə maraqlı faktlarla rastlaşırıq. Lakin   ahıl vaxtlarında, hafizəsinə arxalanaraq yazdığı üçün Ceyhun bəy  burada  bəzi unutqanlıqlara yol vermişdir. Məsələn, Məcnunun ilk ifaçısının adını Hüseynqulu yox,  Məmmədhüsyn Sarablı, Leylinin birinci ifaçısı Əbbürrəhim Fərəcovun əvəzinə  Əhməd Bədəlbəyli (qeyd edək ki, tərcüməçi "dvoyurodnıy brat” ifadəsini xalaoğlu yerinə əmioğlu kimi çevirmişdir -S.Q.) yazmışdır. Doğrudur, Əhməd bəy Ağdamski (Bədəlbəyli) operanın ikinci tamaşasından etibarən Leyli obrazını yaratmışdır. Amma Leylinin ilk ifaçısı olmamışdır. Operanın ilk dirijoru kimi Üzeyir bəy Hacıbəylini göstərmişdir. Halbuki, ilk tamaşada Üzeyir bəy  orkestrdə birinci skripkanın partiyalarını çalmışdır. Əsərdə ilk dəfə  böyük dramaturqumuz Əbdürrəhim bəy Haqverdiyev dirijor pultu arxasında durmuşdur. Sonrakı tamaşalarda  isə Ü. Hacıbəyli özü orkestri idarə  etmişdir. Lakin bütün bunlara baxmayaraq, bu yazı Ceyhun bəyin qələmindən çıxdığı üçün çox qiymətlidir.

 

Böyük tədqiqatçının  elmi araşdırması olan "Qarabağın dialektfolkloru  (Qafqaz Azərbaycanı)” əsəri də Qarabağın xalq yaradıcılığının tədqiqi və təbliği baxımından olduqca dəyərlidir. Bu əsəri Ceyhun bəy 1935-ci ildə Parisdə fransız dilində nəşr etdirmişdir. Araşdırma sözönü, girişdaxil olmaqla otuz üç bölmədən ibarətdir. C. Hacıbəylinin bu araşdırması Qarabağın dialektfolklorunu mənimsəmək  üçün çox dəyərli mənbədir. Azərbaycan xalq yaradıcılığının öyrənilməsində də mühüm əhəmiyyət kəsb edir.

 

C. Hacıbəylinin 235 səhifəlik  "Bir il xəyallarda... və bütöv bir ömür” memuarı yorulmaz tədqiqatçı Abid Tahirlinin "Xəyal və həqiqətlərin bədii-publisistik təcəssümü” sərlövhəli ön sözü ilə başlayır. Ədibin  xatirələrini oxuyarkən müəllifin mühacirət həyatının nə qədər kəşməkəşli, əzablı olduğu açıq-aydın görünür. Yuxularını ədəbi "piryomkimi qələmə alan Ceyhun bəy, əslində, yaşadığı bütün  bir ömrü vərəqləyir. O,  yazır: "... Özüm-özümü inandırmağa çalışırdım ki, bu qəddar gerçəklik sadəcə, bir xülyadır və mənim əsl həyatım yuxularda keçən həyatdır”. Daha sonra Ceyhun bəy qeyd edir: " Mənim üçün "yuxu kultunda (yuxuya pərəstiş) qənaətə gəldiyim daha bir izahat var: ailəmizdə yuxuların oynadığı rol çox önəmli idi. Hətta belə də demək olar ki, həyatımızın özü yuxulardan köçürülmüşdü.

 

1941-ci ildə, İkinci Dünya Müharibəsində Ceyhun bəyin  böyük oğlu, təyyarəçi Ceyhun (Ceyçik)  faciəli şəkildə həlak olur. Bu  itkidən  həssas qəlbli ata ciddi sarsıntı keçirir. Ömrünün sonuna kimi oğlunun  yoxluğu  ilə  barışa bilmir. O,  "Bir il xəyallarda... və bütöv bir ömür  memuarını elə belə də başlayır: "Sonuncu Dünya Müharibəsində taleyin vurduğu  amansız zərbə beynimdə reallığı dumanlandırdığı səbəbdən, mən yuxuların ağuşunda daha sakit bir sığınacaq tapmağa çalışırdım.”

 

Yadımdadır, Üzeyir bəyin baldızı oğlu, böyük sənətkarın şəxsi katibi, Üzeyir Hacıbəylinin ev-muzeyinin yaradıcısı və direktoru olmuş Ramazan Xəlilov danışırdı ki, 40-cı illərdə Fransadan Bakıya gələn bir xanım Ü. Hacıbəyliyə  Ceyhun bəyin  oğlu  Ceyçikin  itkisini çox pis keçirdiyini, özündə olmadığını, depressiyaya düşdüyünü söyləmişdi. Bu xəbər  Üzeyir bəyə ikiqat dərd olmuşdu. Bir tərəfdən qardaşının gənc oğlunun, sevimli Ceyçiklərinin   həlak olması, digər tərəfdən də gözünün nuru qardaşının ağır vəziyyəti onun üçün  faciə idi. Qayğıkeş insan olan Ü. Hacıbəyli gecə-gündüz Ceyhun bəyi düşünüronu bu vəziyyətdən  çıxarmağın yollarını axtarırdı. Lakin məsafənin uzaqlığı onu çıxılmaz vəziyyətə düçar etmişdi. Əli qardaşına çatmırdı. Bu da onu çox üzürdü. Doğrudur, Ceyhun bəy Hacıbəyli kritik vəziyyətdən çıxdı. Lakin oğul itkisi onu ömrünün sonuna qədər müşayiət elədi.

 

Ceyhun bəy Hacıbəyli memuarında atasını, anasını, bacılarını, yaxınlarını xatırlayır. Anası və ortancıl qardaşı  Üzeyir bəyi isə tez-tez yadına salır. Anası Şirinbəyim xanımın vəfatı xəbərini Polşada,  dostlarından eşitdiyini yazır: "Məni 30 il gözləyəndən sonra, bu bədbəxt müharibə başlamazdan az əvvəl, 1939-cu ildə anam söndü”- deyə qeyd edir. Böyük ədibin Bakıya gətirilən arxivindəki saralmış bir qəzet parçasına kövrəlmədən baxmaq mümkün deyil. Bu, anası Şirinbəyim Əliverdibəyli - Hacıbəylinin vəfat etdiyini bildirən elanÜzeyir bəy Hacıbəyliyə verilən baş sağlıqlarıdır. Onun  bir kənarında əski əlifba ilə " Kommunist”, 6 may 1939-cu il yazılmışdır. İlk baxışda kiçik görünən bu qəzet parçası vətəninə, ailəsinə, doğmalarına uzun illər həsrət qalan oğula  böyük bir itkidən xəbər verirdi. Ceyhun bəy   nənəsinin (onlar analarına nənə deyə müraciət edərdilər –S.Q.) ölüm xəbərini bildirən bu qəzet parçasını qürbətdə uzun illər ana həsrəti ilə qovrularaq saxlamışdı. Taleyin hökmünə bax ki,  saralmış  qəzet parçası illər sonra bu böyük şəxsiyyətin  Fransadakı arxivindən bütün irsi ilə bərabər yenidən doğma məmləkətə dönmüş vətəndə özünə əbədi ünvan tapmışdır.

 

Ceyhun bəy Hacıbəyli vəfatından iki il  əvvəl memuarında yazırdı: " Ayrılığın qırx birinci ilini yaşayırsan. Sən onları bir daha görmədin heç vaxt da  görməyəcəksən: səninkiləristər kişi, istər qadın - bir-bir yoxa çıxırlar... sən özün ...”.

 

C. Hacıbəylinin yaradıcılığı ilə tanış olarkən onun  böyük qardaşı Üzeyir bəy Hacıbəyli kimi, xalqına, millətinə, vətəninə bağlı, qorxmaz, cəsarətli, qürurlu, həssas, ölkəsinin müstəqilliyi, istiqlalı uğrunda daim çalışan və mübarizə aparan bir vətəndaş olduğunu görürük. Ceyhun bəyin yazıları başdan-başa mübarizlik ruhundadır. O, azad Azərbaycan uğrunda var qüvvəsi ilə çalışmış bir mücahiddir. Yazıları ilə Cümhuriyyətimizi işğal edən ruslara, qondarma sosializm cəmiyyətinə qarşı vuruşmuşdur. Onun Avropada tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz üçün etdikləri, gördüyü mühüm işlər, apardığı təbliğat, göstərdiyi fəaliyyət yazılarında aydın şəkildə sezilməkdədir. Bu da Ceyhun bəyin ömrünün sonuna qədər davam etmişdir. Hətta  vəfatından üç gün əvvəl yaxın dostu, Azərbaycan Xalq Cümhuriyyətinin əski daxili işlər naziri Mustafa Vəkiloğluna 19 oktyabr 1962-ci il tarixli məktubunda belə yazırdı: " Pək möhtərəm qardaşım, Mustafa bəy! Çox böyük təəssüflə sizə elan etməliyəm ki, sizləri ziyarət etmək mənə mümkün olmayacaq. Qəlb xəstəliyinə mübtəla oldum, hətta ayaq üstə qalmaq mənə yasaqdır. Çox gözlədim, bir yaxşılıq hasil olmadı. Müalicə edirlər, lakin qəlb xəstə olduğundan təkrar nə yapa bilərlər ki? Krizlər olur, çox fəna halda oluram. Bunu da söyləməliyəm ki, ilk əlamət temmuzun (iyul – S.Q.) 8-də Paris Bloku iclasında baş verdi. İndi hərdən bir həmin qəlb sıxıntısı təkrar olur.  Çox-çox təəssüf! Hər halda siz görüşlərinizi keçirin və mühacirətin bir yerə toplanmasına səy edin, bu mühümdür.  Əllərinizi sıxaraq, hamınıza dərin sevgilərimi izhar edirəm. Ceyhun”. Bu məktubu yazdıqdan üç gün sonra, 22 oktyabr 1962-ci ildə Ceyhun bəy 71 yaşında infarktdan Parisdə vəfat etmişdir. Bildirmək istərdik ki, "Ceyhun Hacıbəyli. Seçilmiş əsərləri” kitabında Ceyhun bəyin vəfatı tarixi 2 oktyabr 1962-ci il kimi getmişdir. Görünür, texniki səhvdir.  Yaxşı olar ki, dəyərli kitablarda belə  yanlışlıqlara  yol verilməsin. Çünki gələcək nəsillər bunları təkrar edəcək və məxəz kimibu kitabları göstərəcəklər.

 

Səadət QARABAĞLI

 

Kaspi  2018.- 6 fevral.- S.15.