Cin yuvası
Səfər Alışarlı
hekayə
Seyrək
duman topası dağın döşündə quru
öskürək kimi ilişib qalmışdı, sanki duman
deyil, gölün o biri üzündəki restoran sobasından
çıxan əyri tüstünün burulub
yığıldığı bir hava çökəyidir,
tam dolandan sonra aşıb-daşacaq, onda dağ da, meşə
də, göl də yavaş-yavaş o tüstü
dumanında görünməz olacaq. Mənzərənin
dəyişəni o qədər cüzi və mənasızdır
ki, boz suyun üstündən sallana qalmış bu qış
pəjmürdəliyinə baxıb doymağa bir neçə
dəqiqə kifayət edir. Sonra
darıxmaq, dağ-daşla, meşə, su ilə
üzücü çəkişmə başlanır.
Darıxmağın adı olmur, eynən o bulud kimi köksə
saplanıb durur, nə yağır, nə də çəkilib
gedir... Görəsən, restoranda qonaq varmı,
şosenin altına kürəyini söykəmiş kənddə
qış qovğası yaşayanlar çoxmu, bu dünyada
indi kimsə şoseyə vurulmuş o "Cin yuvası”
lövhəsinin, bu böyük pəncərələrdəki
işığın fərqindəmi? Görəsən,
göldən su içməyə enən maralı canavar pusub
parçalamazmı? Beləcə, min cür cəfəngiyat...
Çəkməyə dərdimi yoxdur
dünyanın?!
Gecələr
meşədəki bayquşlar uzun, tərtəmiz zingiltilərlə
qıyya çəkib öz aralarında nəyisə
aydınlaşdıranda sanki ətrafdakı sükut əvvəlcə
ağacların başında, sonra kolluqların arasında,
dar cığırlarda çat verib aralanır, zingilti dəyişməz
ahənglə təkrarlandığından adamı xof
basır. Yalnız qoca bayquşlar o cür
davamlı zəhmlə səsləşə bilir,
cavanların buna ustalığı, ya da enerjisi
çatmır, mütləq yanlış notlar vururlar. Yayda, ayın, ulduzun işığı gölün
gümüşü rəngilə bu
güllü-çiçəkli dərəni dağların
başınadək ləbaləb doldurub ona sehrli bir
pıçıltı nizamı verəndə elə olurdu.
İndi qış gəlmişdi,
dağların başına yağmış qar səbirlə
ağacların nimdaş paltarı soyunmağını
gözləyirdi ki, onlarla sevgi və nifrət haqqında
növbəti dəfə güzəştsiz söhbətini
eləsin.
Bir ucdan
stola nəsə gətirirdilər, amma o, artıq doymuşdu,
yediyi dəqiq yadındaydı: bir qaşıq "Paytaxt”
salatı, bir dilim pendirlə qırmızı turp,
üstünə qalın yağ qatı və kürü
yaxılmış əl boyda boz çörəyin
yarısı: yaxmada qısa, əyri qövslə dişlərinin
izi qalmışdı, sifətsiz və gözsüz qaşlar
onun üçün darıxmış qab-qacağın
arasından yad nəzərlə baxırdılar. Hələ qarşıda bu stolu nələr gözlədiyini
fikirləşəndə diksinən kimi oldu. Şərqonu çağırıb menyunu
açıqlamağı xahiş etdi. Yemək adları
adamların absurd təsadüflərlə dolu adlarından
daha məntiqli idi: dolma, kabab, bozartma,
çığırtma... Adlarının necə
səslənməsindən, harada, nə qədər yeyilməsindən
asılı olmayaraq, xörəklər heç zaman yeyilib
qurtarmayacaq, əksinə onları həzm-rabedən keçirən
adamlar özü nə vaxtsa tükənib
başqalarının yeməyinə çevriləcəklər.
Şərqo
yaxınlaşıb cingiltili, rəvan səslə elə
sadaladı ki, o adlardan daha mətbəx qoxusu gəlmədi:
–
Balıq, çolpa soyutması, bildirçin şorbası, mərəçöyüd
göbələklə, qırqovul plovu, kabablar...
Bunlar indi
təxminən televizordakı kimi səslənirdi: "...
davam edən böhranın təsirini azaltmaq üçün
yerli resursları hərraclarda dəyər-dəyməzə
satmaq yox, yavaş-yavaş ənənəvi istehsal sahələrini
dirçəltmək lazımdır”. Ay Allah!..
Dayandırmasaydı, bəlkə Parisdəki
"Hannibal” restoranının axşam menyusunu da bura
qatacaqdı.
–
Yaxşı, yaxşı... Boğma bizi xolestrin
fırtınasında, – o dedi və bir azdan əlavə elədi:
– Mən
artıq doymuşam.
Şərqo
burada yemək, gəzmək, dincəlməklə bağlı
hər şeyin sahibi idi; quşu, heyvanı, dağa qalxan
bütün cığırları tanıyırdı,
ağacların, otların, gülün-çiçəyin
adında heç zaman səhv eləmirdi, özünü
toplasaydı, ingilis dilini də öyrənərdi və o dildə
gölün balıqları ilə söhbətləşə,
hətta kənddəki fabrikdə çalışan xarici
ustaları da idarə edə bilərdi. Həssaslıqdan,
köməksizlikdən və təcrübədən doğan
bu qədər bilik bəlkə də qadına lazım
deyildi. Qadının mahnı sözləri
kimi şirin-şəkər və bir qədər bəsit
olması kifayət idi. Amma Şərqo
bütün bu yer işlərini bilə-bilə, bacara-bacara,
yönəldə-yönəldə elə bil həmişə
hər şeydən yuxarıda dururdu, hərdən enib
sözünü deyən kimi pərvaz edib daha vacib işlərin
dalınca uçurdu.
– Yaqub bəy,
Siz ayda-ildə bir dəfə bizə qonaq gəlirsiniz,
çalışırıq layiqli olsun!
Hə, yayda gəlmişdi, gör neçə ay
keçib.
Yaxşı deyir ki, "bizə qonaq gəlirsiniz”... Bu cür villa burada durub, o da ildə iki dəfə gəlir,
ya gəlmir. Yaxşı ki, Şərqo
var, tüfəng patronu kimi qıvraq və qüsursuzdu. Bu dəfə saçını açıq boya ilə
rəngləyib, lap işıqsaçan güllə olub.
Amma Şərqo indi nəyə
oxşadığını bilmir. O elə bilir ki,
özünün 62 kq çəkisi və uzun
qol-qıçı ilə Yaqub bəyin hüzurunda istənilən
xanımı beləcə, ayaq üstdə dura-dura, oturmadan
yeyər, üstəlik də şefin növbəti səfərinədək
ağappaq köynəyini, gödək yubkasını və
şpilka dabanlarını əynindən soyunmaz. Yox, Şərqo elə fikirləşməz.
Şərqo burada yeganə varlıqdır ki, görəndə
istər-istəməz adam toxtayıb
özünə gəlir, ana həniri verir ləçər!
Bu villa da neçə illərdi yəqin o xətrə
qalıb...
Başqalarının işindən heç nə anlamadığına
görə, Şərqonun menyusunun da başını
buraxıb şampan dolu dayaz qədəhi qaldırdı. Aynuru salamlamaq
lazımdı. Bura ilk dəfədir gəlir, elə bilər
Şərqo...
– Bura
xoş gəldin, Aynur! – stolun o biri
üzündəki gözəl və əlvan varlıq
üçün dedi. – Necə
də
yaraşırsan...
Aynur, əlbəttə, bunu bayaqdan gözləyirdi. O boyda yolu Şərqoya
baxmağa gəlməmişdi ki!
– Hara
yaraşıram? – Aynur qaşlarını dartdı. – Divara, ya
pəncərə pərdələrinə? Mən burada
Darıxıram. – Ağlamsındı.
Böyük stolun qarşı üzü sanki
gölün o tərəfi idi. Olmayan qadağalar
orbitində yaxın məsafədən darıxmağı
öyrənmək gənc xanım üçün bəlkə
də faydasız deyildi. Aynur da içdi
ki, daha çox darıxsın. Azdan bir şey
çıxmaz, qoy bolluq olsun məmləkətdə...
Aynuru üzbəüz oturtmuşdu ki, gölə
baxmayanda qarşısında boşluq görməsin. Boşluqdan və
xaosdan qorxurdu. Ona elə gəlirdi ki,
cansız mənzərələrdə nə vaxtlarsa ilişib
qalmış yad baxışlar adamın gözünə,
ruhuna pis təsir edir.
Sonra mətbəxdə bişirilən "Şərqo
tikələri” ayrı-ayrılıqda gəlib böyük
stolun iki müxtəlif sektoruna düzülməyə
başladı.
Yemək istəmədiyi xörəkləri xəyalən
özündən tamam uzaqlaşdırmağa
çalışdı: nə qədər yemək olar, ilahi?!
Və bunun üçün yerli istehsalın ənənəvi
sahələrini dirçəltmək kimi çox çətin
bir işə girişmək lazımdır. Yerli istehsal Şərqonun meşədən kəsdirdiyi
şam budaqları ilə içəridə düzəltdiyi
süni kola oxşayırdı. Bir azdan
tamam solacaqdı, ancaq hələlik onların ətri zalı
bürümüşdü və elə bil dörd divar
arasına sığmayan o ətir zaldan çıxıb
öz yerinə-yurduna, dağın döşündəki
meşəyə qayıtmağa can atırdı, ancaq Şərqo
buna icazə vermirdi.
Onlar yenə
içdilər: dağların, Şərqonun
sağlığına və mənalı-mənalı
susdular, sanki sonuncu sağlıqdan sonra nəsə vacib bir
sirrin intim səviyyəsində faş olması baş verəcəkdi.
Şərqo qaş-gözü əvəzinə
sadəcə çiyinlərini tərpətməklə
göstərdi ki, heç nədən çəkinmədən
bayaqkı kimi sərbəst, səbatlı və həyəcansızdır.
Ən başlıcası, əlində balaca
bloknot və qələm, durub baxan onun yuxarıdakı hərəkətli
portretinin sabit naturasıdır.
Təbii, heç nə olmadı və birdən o, pəncərə
arxasında qaşı qaralmaqda olan gölə, dumana baxıb
darıxan kimi oldu.
– Bilirsən
yadıma nə düşdü? – Aynura dedi.
Aynur
artıq buranın getdikcə məntiqi itən xaosuna qərq
olmağa başlamışdı: desəydilər, gəlin
pişik olub stolun altına girək, məmnuniyyətlə
miyovuldayardı. O, biznesə təzə başlayanda xaricdən
gətirdiyi bir kamyon cır-cındırı uzaq əyalət
şəhərində necə hərraca
çıxarmağını danışdı. Dedi ki, indiki
kimi qışıydı, televiziyanı da dəvət eləmişdi,
moderator hər qaldırılan cındırın qiymətini
zaldakılara elan edəndən sonra haradansa tapıb
özü ilə gətirdiyi taxta çəkici
danqıltıyla gerbli tribunaya vurub
qışqırırdı: "Hərrr-rra-aac!!!” Dedi ki, adətən
eşşəyin belində oturmuş adam
altındakı heyvanı elə amiranəliklə
mahmızlayıb tələsdirir: Hoşş-şaa-aaa!
Sonra dedi
ki, həmin o tribunadan vaxtilə ciddi məruzələr səslənmişdi,
rüşvətxorlar ifşa olunmuşdu, istehsal
planlarının yerinə yetirilməsi haqda raportlar
guruldamışdı. Bu isə qışqırırdı:
"Hərrr-rra-aac!!!” Elə bil hər
cındırın qiymətini ayrıca elan etməklə həmin
ana qədər o tribunadan oxunmuş uzun məruzələrin,
atəşin nitqlərin hamısını bir-bir fəzadan
yığıb o həyasız sözün içinə
dürtürdü.
Aynur
gülürdü, bəlkə də ayrı nəyəsə
gülürdü, çünki yüksək ciddiyyət
rejimi olan bu boyda villada adicə stolarxası davranış məntiqi
dönmədən absurda doğru yuvarlanırdısa, iyirmi il əvvəlin cındırsatan hərracından
nə gözləyəsən?!
–
Televiziya da bunu çəkirdi, – o, sakitləşərək
dedi. – Eləcə də efirə verdilər: hərrr-rraaac!!!
Hərrr-rra-aac!
– qaşığı götürüb
eynən uzaq keçmişdə qalmış o moderator kimi
stola vurdu.
Haradasa,
hansısa evin küncündə o tədbirin videokaseti
olmalıydı: VHS. Bu an ona baxmaq aləm
olardı. Bu an... Beş dəqiqə sonra
həvəs quşu Şərqonun bələdçilik elədiyi
istiqamətə uçub gedəndə o videoyazının
Brejnevin dəfn mərasimindən hazırlanmış
videoreportajdan heç bir fərqi olmayacaqdı.
O, yeməyi
tamam unudub siqaret yandırdı, üzbəüz sahildə
Aynur da tüstüləyərək artıq görünməz
olmuş mənzərənin restoran sobasını əvəz
etdi. Bu an stola qəhvə gəlməli
idi, gəlmədi. Şərqo dönüb
zalın dərinliklərində hansısa döngəyə
diqqətlə baxandan sonra qəhvə də gəldi.
Beləydi: plyus-minus 1 dəqiqə və ya 1 sm. Yatağa qədər
ötürüb qapını örtəndən sonra da
içəridə nəyin necə baş verməsi
qayğısından çox uzaq durmayacaqdı.
Siqaret, şampan və qəhvə – üçü
birlikdə nisbətən sakit düşünməyə
kömək eləyirdi. İndi narahatlıq konkret olaraq onun bu
villanı satıb-satmamaq haqqında bir qərara gələ
bilməməyindən yaranırdı. Müştərinin
tapılması, qiymətləşmə, sənədləşmə
bir yana, sadəcə, buranın
alınıb-tikilməsi haqqında xatiratın özü bir
dastan idi. Doğma yerlər və adamlarla
vidalaşmaq həmişə ağır olur. Belə vidalaşmalardan sonra insanın həyatında
keçmiş gələcəyi basmağa başlayır.
Bunu bilirdi və bunu bildiyinə görə
Şərqoya "ləçər” dediyi kimi özünə
də qamçı kimi çəkməyə söz
tapırdı. Amma o söz daha heç nəyi
həll eləmirdi, sadəcə bir ad kimi fikrində
doğulub oradaca ölürdü. Orada
heç zaman açmadığı ölmüş sözlər
sandığı vardı. O sandıq hərdən
öz-özünə açılırdı, gələni
lütf ilə qəbul edib yenidən çıqqıltı
ilə bağlanırdı.
Diqqətlə fikir verəndə yaxın projektorun həyətdən
gölə vurduğu işıq zolağının
içində burum-burum çən burulurdu və ondan
dönüb qaranlığa baxanda göydən heç nə
yağmadığına sevinməmək olmurdu. Hər şey
diqqət tələb edirdi. Haradan alasan o
boyda diqqəti ki, hamıya, hər şeyə, hətta
projektorun işığına da çatdıra biləsən?!
Sağdan boylanan dağın əzəməti
altında soyuq suyun uda bilməyib liman platformasına qədər
qaytardığı sarımtıl işıq topası yəqin
uzaqdan qaranlığın qoynunda közərən bir
çıraq işığı qədər zəif və
titrək görünürdü. Buna "əks
mənzərə” də demək olardı, elə də
heyranı deyildi onun, amma Aynura söz vermişdi. Niyə almışdı buraları, niyə
satırdı? Aldığı pulu neyləyəcəydi,
onu da hələ dəqiq bilmirdi. Maraqlıdı,
Şərqo nə məsləhət görərdi?
– Darıxırsansa,
dur gəl bəri, – Aynura dedi. Yaxmada quruyub qalmış yad
baxışlar,
sağlamlıq-filan diyirlənib daim pıqqıldayan
qayğılar qazanına düşdü. Bir qayğı az, bir qayğı çox, nəyi həll edir
ki? – Gəl otur yanımda.
Aynur gilənar rəngli villura nanəli konfet kimi
bükdüyü qıvraq canını götürüb dərhal
stolun bu üzünə keçdi. Sən demə,
adamın darıxdığı yerdən ayrılması o qədər
də çətin olmayan bir an məsələsiymiş.
Oturan kimi də ona qısıldı.
–
Çox şükür, – miyovuldadı, – sürgün
qurtardı.
Ağ önlüklü cavan oğlan mətbəxə
uçub qayıtmaqla Aynur üçün təzə
qab-qaşıq, qədəh, qəhvə gətirdi. Yeməklər
ortada mulyaj kimi durmuşdu, heç kəs onlara dəyib-toxunmurdu
bəzilərini spirt lampası kiçicik, mavi dili ilə
altdan pişik balası kimi yalayırdı.
Yeməkdən sonra durub geyinmək və əks mənzərəni
Aynura göstərmək üçün gölün o biri
sahilinə getmək lazım idi. Əks mənzərəsiz
"Cin yuvası” öz adını doğrultmurdu, o hal idi ki,
gözəlliyin cazibəsini tam hiss etmək üçün
ondan xeyli uzaqlaşmaq tələb olunurdu. Gölün o
üzündən baxanda pəncərələrin,
projektorların işığı dağları udmuş
qaranlığın dərinliyində nə üçün
yandığı məlum olmayan sehrli şamı
xatırladırdı. Adama elə gəlirdi ki, bu işıq
nəsə həqiqi olmadığı üçün hər
bir növbəti anda sönüb yox ola bilər.
Onda da qışıydı, generator
cırcırama havasında "Yanıq Kərəmi”
çalırdı. Çox baxanda
işıq gözdən itən kimi olurdu, sonra sanki
qabağından pərdə götürülürdü və
səksəkəli, tənha işıq yenidən
qaranlığın ortasına sancılırdı. Bu ad
da ilk dəfə o tərəfdən baxanda ağlına gəlmişdi:
"Cin yuvası”. Cinlərin insanlarla
yanaşı yaşadığına o indinin özündə
də inanırdı. Hərdən ona elə
gəlirdi ki, Şərqo cindir. Çünki bu mükəmməllikdə
adamın olmasını və onunla adi təsadüf nəticəsində
rastlaşmağı o, az qala
mümkünsüz sayırdı. Bir dəfə zarafatdan vaz
keçə bilməyib soruşdu:
– Şərqo, sən cinsən?
Bəlkə də Şərqodan bunu başqa cür, məsələn,
birbaşa cin yox, hansı əsrin adamı olduğunu
soruşsaydı, nəsə qeyri-adi bir reaksiya ilə
qarşılaşardı. Amma Şərqo onun üzünə
baxa-baxa sanki dinməzcə dedi ki, ey dili qafil, sən bunu indimi
başa düşübsən?! Amma ağzını
açıb danışanda yenə onu heyrətləndirməli
oldu:
– Yaqub bəy,
– dedi, – mən cin olsaydım...
Susdu, sanki özünün ən sirli arzular
sandığını açacağından çəkindi. Və bu illər
ərzində Yaqub bəyin onun ən böyük arzusundan belə
xəbərsizliyi Şərqoya çox qəribə gəldi.
– Aha, – o
dedi. – Maraqlıdı. Cin olsaydın, neyləyərdin?
–
Heç nə. "Cin yuvası”nda işləyərdim, təbii...
İndi istədi Aynurun da yanında o söhbəti təzələsin,
amma qorxdu, Şərqodan yox, cinlərdən qorxdu,
çünki bir azdan gölün o biri üzünə gedəsiydi. Özü məmnuniyyətlə
piyada gedib havasını dəyişərdi, ancaq Aynur
maşınsız çətin gedərdi bu boyda yolu. Maşınla getmək isə onun özünə ləzzət
eləmirdi. Göydə ayın
boz-bulanıq, çapıq şəkli durmuşdu, heç
özünə oxşamırdı, soyuq göl suyu
projektorların isti işığından başqa heç nəyi
qəbul etmirdi.
Şərqo
yenə bir anlığa getdi və qara, dar yubkanı, ağ köynəyi incitməyən ciddi yerişlə
geri qayıtdı. O qədər ciddi yerişlə ki, elə
bil iki nəfərin yeyib-içməyi deyil, bütün
Afrikada ərzaq proqramının həlli ona
tapşırılmışdı. Yaxınlaşıb
Yaqub bəyin qulağına astaca nəyisə
pıçıldadı və Aynurdan gizlin
pıçıltı ilə də aldığı
cavabı qaytarıb yenə öz isti, acından ölən
Afrikasına apardı.
– Mənimlə
bağlı nəsə baş verib ki
pıçıldaşırsınız? – Aynur soruşdu.
–
Sürpriz! – Yaqub bəy dedi.
– Kimə,
mənə? – Aynur dübarə soruşdu.
– Aha.
Aynur susdu və bulanıb lillənən bütün diqqətini
toplamağa çalışdı ki, onu heyrətləndirmək,
sevindirmək üçün gəlməkdə olan o əcaib
şeyi layiqincə qarşılaya bilsin. Onun fikrinə
dərhal o qədər insan, heyvan və əşya
soxulmağa başladı ki, xəyalında əmələ gələn
xaosda gah Nyu-York, gah heyvanxana, gah da "İçərişəhər”
adlanan labirintlər qovşağının
qarmaqarışıq təsvirləri bir-birlərini
sıxışdırdı və o bunların heç birində
qərar tuta bilməyib özünü Xəzərdəki
yaxtaya atdı. Onu gözləyən əsl sürpriz isə
həmin axşam qış gölünün soyuq mənzərəsində
nə adam, nə heyvan, nə də əşya
idi. Bir azdan çöldə qəflətən
başlanan zurna və davul sədaları onu diksindirdi. Zurna davulla bir neçə takt vurandan sonra susdu, amma
çomağın dartma dəridən qopardığı son
gumbultu gölün üzərindən restoran səmtə
uçub kibrit çöpünün alovu kimi tədricən
söndü.
Həyətdə
bir qələbəlik vardı, gəl-görəsən: milli
geyimli qadınlar, kişilər... Şosedən
gələn yolun qırağındakı tut ağaclarına
yayda sığırçın sürüləri o cür qəfləti
basqın edirdilər. Bunlar da bir ucdan da elə
bil artırdılar. Hamısı bir-birinə
oxşayırdı, yalnız boynundan davul asılmış,
arabir qısa danqıltılarla
qarmaqarışıqlığı tamam idarəolunmaz
göstərən qarapapaq kişi
seçilirdi. Bircə anlığa da olsa dolaşan fikir
dumanında qaranlığa bürünüb gizlənmiş
dağların, meşələrin, suların qoynunda dingildəşən
bu oyuncaq hərəkətlərə, səs-küyə, rəng
qarmaqarışıqlığına hər kim baxsaydı, o,
səhnə paltarlarının al-qırmızı əlvanlığı
içində qaynayan bu qəfil, gözlənilməz
zühuru adi kənd adamlarının deyil, su altından
çıxmış pərilərin, dünyanın, həqiqi
adamların, villanın, hərracın-filanın fərqinə
qətiyyən varmayan əcaib varlıqların, cinlərin
yaratdığını düşünərdi.
Projektorların sarı işığında onların
ağzından çıxan buğla bir gəmini hərəkətə
gətirib Həştərxana yola salmaq olardı.
Kənardakı
ağ örtüklü uzun stolun
üstündə qonaqların tezbazar yerbəyer elədiyi
içki və yüngül yemək nişanələri
Şərqonun sehrli dəst-xəttinə dəlalət edirdi.
Ağ paltolu Şərqo, əlində dəftər-qələm,
öz ciddi sifəti və eynən zaldakı kimi qısa
addımları ilə bir oyuncaq adamdan o biri oyuncaq adamın
üstünə qaçıb nəsə soruşurdu, nəsə
deyirdi, amma sanki onu heç kim eşitmirdi,
o da bunların dilini başa düşmürdü.
Yaqub bəyi və onun rəfiqəsini
qırmızılar soyuqdan üşüyən
alqışlarla qarşıladılar, tez də susub nədən
başlamaq haqqında göstəriş gözlədilər.
– Hava
soyuqdu, – Yaqub bəy ucadan dedi. –
Üşümürsünüz ki?
– Yo-oox, –
cavab verdilər. Güclü kişi səsləri
paroxod nəriltisi kimi o biriləri üstələdi.
– Onda
başlayaq. Öyrənmisiniz yallıları?
Oyuncaqlar
bir ağızdan:
– Bəli-i-i-i!
– qışqırışdılar.
– Bunlara
yallı müəllimi göndərmişdim, – Yaqub bəy
xanımına dedi, sonra yenə qırmızı əcinnələrə
müraciətlə: – Hansından başlayaq?
– Hoynəri-i-i-ii! – dedilər
və zurnaların davullardan qopardığı ilk,
ağır gumbultulardanca hər kəsin öz yerini dərhal
tapdığı sıra geniş liman döşəməsinin
üstündə yavaş-yavaş ləngərlənməyə,
sanki hər kəsin özünü sırada hiss etməsi
üçün vaxt uzatmağa başladı.
Şərqo hamını yerbəyer edibmiş kimi, nisbətən
toxtaq halda gəlib Aynurla yanaşı dayandı. Onlar niyə
oynamadıqlarını bir-birindən soruşmadılar.
Çeçələ barmaqlarını
çiyinləri səviyyəsində qarmaq kimi bir-birinə
keçirmiş adamların yallı getməyi bir neçə
sadə ayaq hərəkətindən ibarət olsa da, Aynura elə
gəlirdi ki, sıraya qoşulacağı təqdirdə
ayağını yanlış atmaqla bütün rəqsi
korlayıb zay eləyə bilər. Aynurun
bu dünyada bacardığı işlər sayca elə də
çox deyildi, amma onları o, qüsursuz yerinə yetirməklə
öz mövcudluğunu özü üçün təsdiq
etməkdən hərdən zövq alırdı.
– Kimdi bu
adamlar? – Aynur Şərqodan soruşdu.
– Bunlar kənd
camaatıdı, "Yaqub bəyin rəiyyəti”, "fabrikin
mahnı və rəqs ansamblı”, nə
istəsəniz deyə bilərsiniz, – Şərqo rəqs edən dəstənin
hərəkətlərindən bir an belə gözünü
çəkmədən dedi. Sanki orada kimsə
ayağını yanlış atsaydı, dərhal onu dəftərində
qeyd edəcək, sonra da gedib səhvi düzəltdirəcəkdi.
– Siz
baxırsınız, Yaqub bəy necə yaxşı yallı
gedir? – Aynur dedi.
Şərqo dinmədi, elə bil Yaqub bəy istisna
olmaqla oynayanların hamısının hər bir hərəkətinə
görə məsuliyyəti o daşıyırdı. Elə bil bu
otuz nəfərin arasında təkcə Yaqub bəyin
ayağını düzgün atmaması rəqsi
korlamazdı. Amma Yaqub bəy, deyəsən, heç səhv-zad
haqqında düşünmürdü, azad, sağ əlində
bir ucunu buraxdığı yaşıl şərfini arada yellətməklə
sol əlinin barmağına keçirdiyi dəstəni
yavaş-yavaş irəli dartır, sanki işıqlı
baxışları, yumşaq hərəkətləri ilə
bu rəqsin vacibliyinə və əhəmiyyətinə
özünü daha çox inandırmağa
çalışırdı.
Bundan
ötrü heç də az yaşı olmayan
qadınların, kişilərin bəzəkli paltar geyib kənddən
bura gəlməsi, əl-ələ verib, bütün bu
torpaqların, meşələrin, dağların, gölün
sahibinin başçılığı ilə sırada rəqsə
qoşulması Aynura stolun o biri üzündə darıxmamaq
üçün şampan içməkdən böyük səfehlik
kimi görünürdü. Amma nədənsə
özü də onlara qoşulub oynamaq istəyirdi, elə bil
bu dəstə oynaya-oynaya haradasa gölün üzərində
havaya qalxaraq dumanın ilişib qaldığı dağ
döşünün yüksəkliklərini, qarlı zirvələri
dolanıb gələcəkdi, o isə Şərqo ilə
yanaşı dayanıb bu uçuş zövqünün səfasından
məhrum olacaqdı. Xoşbəxtlikdən, yanından
keçəndə Yaqub bəy dəstənin irəli hərəkətinə
qısa pauza verib onu da sıraya, özü ilə
bığlı bir kişinin arasına saldı və tez də
izah elədi:
– Bir
addım irəli, "hopp”, iki addım yarım geri,
üç addım da dairə boyunca! Çıxart tulla o
dikdabanları ayağından!
Sonra Yaqub bəy barmağı-barmağında yenə
Aynuru unutdu, öz dəstəsilə uçub gölün
üzərindən restorana qədər getdi. Rəqs orta
tempi keçirdi və ömründə ilk dəfə rəqs
ansamblı ilə yallı oynayan Aynura elə gəlirdi onun
ayaqlarının hərəkətlərini ümumi ahəngdən
çıxaran rəqsi bilməməyindən də artıq
tuflilərinin uca dabanlarıdır. Yüksək
tempdə bir-iki dairə vurandan sonra qadınlar kişilərdən
ayrılıb başqa dəstədə birləşdilər.
Hər iti "hoopp” addımı ilə
altdakı beton estakadanı tərpədən kişilərin
qaçaraq hərəkətləri artıq heç bir oyun
qaydasına sığmayan xaotik şıllaqlamanı
xatırladırdı. Amma bu da işə
yarayırdı, çünki bu heyətdə belə rəqsin
bir də nə vaxt olacağını kimsə deyə bilməzdi.
Soloda işləyən zurna züyün başı
üstündən vurduğu yarım notluq taktların sonsuz təkrarında
ağzının suyunu axıdırdı, davulun gumbultusu
qaranlığın və aşağı enən ayazın
dondurmaq istədiyi nazik buzu pardaxlaya-pardaxlaya
dağı-daşı diksindirirdi. Daha bir yallı
oynadılar, amma bu, nədənsə əvvəlki qədər
rəvan getmədi və sonda Yaqub bəy xanımını da
götürüb getmək istəyəndə rəqsin təsirindən
yanağı qızarmış qadınlar onu dövrəyə
aldı.
– Yaqub bəy,
deyirlər ki, bizi satırsınız, – xanımlar yerbəyerdən
dilləndilər. – Biz bundan çox narahatıq.
Onlar yalnız indi dilə gətirdikləri qayğılarının hər kəsə tanış adiliyi ilə butafor oyuncaq qiyafəsindən çıxıb həqiqi adamlara oxşamağa başladılar.
– Mən sizi heç zaman satmaram, – Yaqub bəy dedi. – Daha doğrusu, sata bilmərəm, siz
təhkimli-zad deyilsiniz ki... Satsam da, "Cin
yuvası”nı, fabriki sataram.
– Yox, yox, heç nəyi satmayın. Biz istəmirik! – qadınlar qışqırışdı.
Yaqub bəy bu adamların üzünü
görmək üçün diqqətlə baxdı, ancaq
onların arasında öz ağ paltosunda göydən
düşmüş yad cisim kimi dinməzcə dayanmış
Şərqodan başqa heç kəsin sifətini görə
bilmədi. Sonra o yenə baxdı və fikirləşdi ki, hətta
bu adamlar həqiqi adam yox, cin olsalar belə, yaxşı ki, hərracın
nə olduğunu bilmirlər.
Kaspi 2018.- 3-5 fevral.- S.18-19.