Makiyajın qadınların həyatında
rolu əvəzsizdir
Ekspertlər vurğulayır ki,
artıq gözəllik ondursa, doqquzu don deyil, düzgün
makiyajdır
Ötən gün məşhur stilist Anar Ağakişiyevin sosial şəbəkə hesabındakı paylaşımı gündəmə çevrildi. Belə ki, bədbəxt hadisə nəticəsində 11 yaşından bütün vücudu, üzü yanaraq tanınmaz olan qadın, illərdi güzgüyə baxmaqdan çəkinib. Cizgilərini belə xatırlamayan gənc xanım bir neçə saatlıq olsa belə, gözəl görünməyi üçün Anar Ağakişiyevə üz tutub. Anar üzü tamamilə yanan qadının sifətində make-up edərək 11 il güzgüyə baxmayan qadına bəlkə bir də heç vaxt yaşaya bilməyəcəyi xoş anları yaşadıb.
Qadın güzgüdə özünü görəndə göz yaşlarına hakim ola bilməyib. Stilistin sosial şəbəkədə paylaşdığı video səs-küyə səbəb olub. O, 18 illik karyerasında ən çətin makiyajı məhz bu qadının üzərində etdiyini bildirib.
"Nəticənin necə olacağını özüm də bilmirdim”
"Şərq” qəzetinə açıqlama verən Anar Ağakişiyev bir qadına bu sevinci yaşada bildiyi üçün özünü xoşbəxt hiss etdiyini deyib: "Mən bir qadını dəyişmişdim. Bu xanım da o paylaşımı görüb mənə müraciət etdi. Bildirdi ki, 11 yaşında yanıb. Bədbəxt hadisədən sonra onun bədəni, üzü tamamilə yanıb. Dedi, utanıram makiyaj edim. Amma cizgilərimi belə unutmuşam. Paylaşım etməkdən çəkinirəm. Bildirdim ki, həyatda sizin kimi bir çox xanımlar var, sizin bu paylaşımınız onlara da stimul verə bilər. Həyatda bədbəxt hadisələr ola bilər. Amma həyat davam edir. Əsas odur yaşayırsınız. Xanımı makiyaj etmək mənim üçün böyük məsuliyyət idi. Çünki cizgiləri, dərisi o qədər ağır dərəcədə yanıq izləri ilə diqqət çəkirdi ki, mən çox narahat qaldım. Amma xanıma o qədər həssaslıqla yanaşdım ki, heç bir halda həyəcanımı hiss etməyini istəmədim. Dərisi tonal kremi götürmürdü. Nəticənin necə olacağını özüm də bilmirdim. Xüsusi həssaslıqla onu makiyaj etməyə başladım. Amma o müddətdə güzgüyə baxmağına imkan vermədim. İş tam bitdikdən sonra gözünü açmağını istədim. Çox qorxaraq, ehtiyatla gözünü açdı. Gördükləri onu heyrətləndirdi, həyəcandan gözləri doldu, göz yaşını saxlaya bilmədi. Bu, sevinc yaşları idi. İllər sonra o, özünü görə bilirdi. Dediyinə görə, cizgilərini xatırlamırdı. Ona görə də onun üzünü makiyaj etməyə başlayanda qaşının, gözünün çizgilərini təxmin etməyə çalışırdım. Nəticə göz önündədir. Çox şadam ki, ona bu sevinci bəxş edə bildim. Bu paylaşımım kifayət qədər marağa səbəb oldu. Dünyanın ən məşhur müğənniləri, make-up ustaları səhifəmdə müsbət rəylərini bildirdilər. Dünyaca məşhur Peris Hilton və digər məşhurlar bu paylaşıma reaksiyasız qalmadılar, kövrəldiklərini, ağlayaraq bu görüntüləri izlədiklərini qeyd etdilər. 3 milyon baxış, 14 mindən çox öz səhifəmdə rəy yazılıb. Bu, mənim üçün sevindirici hissdir. Mən elə bilirdim, insanlar biri-birinə qarşı soyuyub, buzlaşıb. Amma bu paylaşımdan sonra bir də anladım ki, insanlıq ölməyib. İnsanları sevmək, onlara sevinc bəxş etmək qədər gözəl duyğu tanımıram. Bu təkcə mənim deyil, Azərbaycan adına əldə olunan uğurdu. Çünki bu paylaşımı bədxah qonşularımız da izləyib, hətta onlar belə, təəccüblərini gizlədə bilməyərək rəy bildirirlər”.
Anarın bu addımı bir çox stilistlər tərəfindən də müsbət qarşılanıb. Bir qadına qadın olduğunu hiss etdirmək, onun istənilən halda gözəl olduğunu vurğulamaq, özügüvənini artırmaq nəyə desən dəyər. Makiyajın öhdəsindən gələ bilmədiyi sifət yoxdur, deyə düşünürəm. Ancaq stilistlərimiz mənimlə bir qədər razı deyil.
Onlar deyirlər ki, makiyajla bir möcüzəyə sahib olmaq da, özünüzü gülünc vəziyyətə salmaq da mümkündür. Yetər ki, ondan düzgün və lazımi səviyyədə istifadə edilsin. Bəzən görürük ki, xanımlar o qədər aşırı dərəcədə makiyaj edirlər ki, gözəl xanım çox eybəcər və baxımsız görünür, bəzən də real həyatdan uzaq bir insanla rastlaşırıq. Makiyajın qadın həyatındakı rolu danılmazdır. Ekspertlərimiz də deyir ki, makiyaj hər bir xanımın silahıdır. Yetər ki, onun sirlərinə bələd olasan və düzgün, qaydasında istifadə etməyi bacarasan.
"Hər xanım öz eyibini hamıdan yaxşı bilir”
ElAy gözəllik salonunun rəhbəri Elyanə Məmmədova deyir ki, makiyaj qadınların həyatının ən vazkeçilməz elementidir. Bir qadın makiyaj vasitəsi ilə istədiyi hər şeyə nail ola bilər: "İndi müasir zamandır, texnologiya o qədər inkişaf edib ki, insanlar qrim və estetik əməliyyatla istədiyi effekti və görüntünü ala bilir. Bura nəinki qadınlar, hətta kişilər də daxildir. İnsanın geyimi, duruşu, qaməti qədər onun siması da önəmlidir. Hətta mən deyərdim ki, bu gün sima olaraq gözəl görünmək modadan, dəbdən və sadaladığımız digər məsələlərdən daha çox önəmlidir və müzakirə obyektidir. Bu sənət çox həssas və bir o qədər də dərin peşədir. Bu baxımdan, həmkarımın etdiyi işi dəstəkləyir və xanımlara sevinc bəxş etməyi təqdirəlayiq hal kimi dəyərləndirirəm. Bəzən isə biz iş prosesində bunun əksi ilə də qarşılaşırıq. Belə ki, xanımlarımızın çox zaman düzgün makiyaj etmədiyinin və bunun üçün də gözəlliyini itirmələrinin şahidinə çevrilirik”.
Əslində bu sənətlə ölkəmizi beynəlxalq arenada tanıtmağın da mümkün olduğunu deyən Elyanə Məmmədova bir neçə il bundan öncə Türkiyədə keçirilən beynəlxalq yarışmada ölkəmizi təmsil edərək vizaj üzrə qalibiyyət əldə edib. Deyir ki, bu gün bu sahəni inkişaf etdirmək və tanınmaq heç də çətin deyil. Yetər ki, iş təcrübən və peşəkarlığın kifayət qədər olsun: "Mən gündəlik olaraq abartılı makiyaj etməyin əleyhinəyəm. Əgər xanımın üzündə problemi varsa, onu tonlaşdırmalıdır, ancaq əndazəni aşmamaq şərti ilə. Qara qaş, qara gözlü xanımlar çox makiyajdan istifadə etməməlidirlər. O zaman makiyajdan aşırı dərəcədə istifadə edilir ki, o xanımların xarici görünüşündə problemlər olsun. Misal üçün, xanımın üzündə çil, yanıq ləkəsi, qızartılı hissə, ya da bir çapıq varsa, tonlaşdırmadan istifadə edə bilər. Xanımlarımızın bəzilərində istifadə etdikləri makiyaj çox pis və abartılı görünür. Bu da onların dərilərinə bələd olmamalarından irəli gəlir. Məsələn, hamar dərili xanımlar pudradan çox istifadə etməməlidirlər. Kiçik həcmli tonlardan istifadə etsələr, kifayət edir. İnsan birinci növbədə öz dərisini tanımalıdır və ondan sonra ona nəyin yaraşıb-yaraşmadığını bilməlidir. Hər xanım öz eyibini stilistlərdən yaxşı bilir. Əgər onlar makiyaj məsələsində düzgün seçim edərlərsə, əlbəttə ki, gözəl görünərlər. Makiyaj həyatın bir parçasıdır. Əynimizdəki geyim gözəl olanda ürəyimiz açılır, depressiyadan çıxırıq. Makiyaj da onun kimidir, qadınları depressiyadan çıxarır. Yox əgər üzümüzə çox tonlaşdırıcı krem vurub, özümüzü qocaldırıqsa, istər-istəməz dəri də nəfəs almır və biz yorğun, əsəbi görünürük. Və ya qaşımızı süni yolla çox yuxarı aldırmışıqsa, sözsüz ki, əsəbi görünəcəyik”.
Stilistlərin daha çox psixoloq olmalarını, insanlarla işləmək qabiliyyətləri formalaşdıqdan sonra fantaziyalarını işə salmalarını məsləhət görən Elyanə Məmmədova Anar Ağakişiyevin bu layihəsini dəstəklədiyini və xarici görünüşündə problem olan xanımlara stimul verməyin mütləq olduğunu vurğuladı: "Uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkən xanımlara xarici görünüşləri səbəbindən çəkdikləri sıxıntılara görə ödənişsiz olaraq permament və mikrobleyndinq (qaş tatuajı) proseduru tətbiq edirik. Nəinki qaşlar, eyni zamanda bu xəstəlikdən əziyyət çəkən xanımların saçları tökülürsə, onları da bərpa edirik. Belə xanımların qaşları və saçlarını bərpa etdikdən sonra onların həyata necə ikiəlli sarılmalarının şahidi olmuşam. Bunun üçün bu tip layihələrin keçirilməsini zəruri hesab edirəm”.
"Elə
xanımlarımız var ki, gündəlik makiyajsız gəzmək istəmirlər”
Vizajist Samira Abbasova isə deyir ki, makiyajın qadın həyatındakı rolu danılmazdır. Gözəllik ondursa, doqquzu elə makiyajın özüdür: "Biz insan simasını tam dəyişə biliriksə, deməli, bu özü də bir uğurdur, böyük bir işdir. Sadəcə, bunu bacarmaq lazımdır. İşinin peşəkarı olmaq, qalmaqaldan uzaq durmaq lazımdır. Hətta elə xanımlar var ki, müştərilərimdi, artıq makiyajsız gəzmək istəmirlər. Düşünürlər ki, makiyajla belə gözəl olmaq olursa, elə hər zaman belə olaq. Amma belə də olmaz. Hər xanım özünə makiyaj etməyi bacarmalıdır, bunu öyrənməlidir. Makiyajdan asılı olmaq olmaz, amma makiyajsız da olmaz. Hər məkanın öz makiyaj növü var, məsələn, elə ifaçılar var, səhər efirinə axşamkı toy makiyajı ilə çıxır. Bu, tamaşaçıya hörmətsizlikdir, olmaz belə. Hər məkanın, hər geyimin xüsusi makiyajı olmalıdır”.
Samira Abbasova deyir ki, çox tez-tez ona müraciət edən müştəriləri güzgüdə özlərini görəndə tanımayıblar: "Elə xanım müştərilərim olub ki, müraciət ediblər, onları makiyaj etmişəm, güzgüdə üzünün dəyişdiyini görüb çox təəccübləniblər. Xanımlar bəzən bunu bəyənirlər, bəzən də bu hal onlara çox qəribə gəlir. Amma hələ yadıma gəlmir, etdiyim makiyajdn kimsə narazı qalsın. Maksimum müştərinin dediklərini edirəm ki, narazılıq olmasın”.
Biz xanımlar hər zaman formada qalmaq, gözəl görünmək və diqqət cəlb etmək üçün çalışırıq. Ancaq bunun da öz əndazəsi, çərçivəsi var. Stilistlərin də dediyi kimi, aşırı makiyajdan yalnız ehtiyacı, xarici görünüşündə qüsuru olan insanların istifadə etməsi məqsədəuyğundur. Əks təqdirdə, yeniyetmə və gənclərin, dərisi təravətli xanımların bu dərəcədə lazımsız həvəsi qaş düzəltmək əvəzinə, gözü də vurub çıxartmaq olur.
Xəyalə Rəis
Kaspi $2018.- 7 fevral.- S.12.