Masallı turizm mərkəzinə
çevrilir
İstisuda müalicəvi turizm
şəhərciyinin salınması
təkcə rayonu yox, bölgəni böyük mərkəzə
çevirəcək
Unikal təbii-coğrafi
mövqedə yerləşməsi,
zəngin flora-faunası
və əsrarəngiz
təbiəti Masallını
təkcə regionda deyil, həmçinin ölkəmizdə turizm məkanı kimi tanıdıb. Təbiət gözəlliklərini bu yerlərə səxavətlə bəxş
edib. Xəzər dənizi, Talış
sıra dağları,
Viləş çayının,
bumbuz bulaqların, kiçik göllərin yaratdığı fərqli
mənzərələr bu
məkana ayaq basan insanları sözün həqiqi mənasında heyran edir. Son vaxtlar
müasir tələblərə
cavab verən istirahət mərkəzlərinin
və turizm obyektlərinin tikintisi, yol infrastrukturunun yenilənməsi, həyata
keçirilən abadlıq
işləri turistlərin
bu bölgəyə axınına səbəb
olur. Regionların sosial-iqtisadi inkişafı
ilə bağlı Dövlət Proqramları
çərçivəsində bütün bölgələrdə
olduğu kimi Masallıda da mühüm infrastruktur layihələri reallaşdırılıb.
Genişmiqyaslı abadlıq və
quruculuq işləri turizmin inkişafına öz müsbət təsirini göstərir.
Hazırda turizm Masallı rayonunun əsas inkişaf istiqamətlərindəndir. "Region” layihəsi ilə bağlı Masallıya səfər edərkən,
turizmin inkişafı
istiqamətində həyata
keçirilən işlər
və gələcək
planlarla tanışlıq,
rayonun yaxın illərdə turizmin mərkəzlərindən birinə
çevriləcəyinə əminlik yaratdı.
Zəngin
folklor ənənəsi
Masallının müasir siması göz oxşayır. Asfalt çəkilmiş və
işıqlandırılmış yollar, fasadı yenilənmiş binalar, yol kənarlarına döşənmiş səkilər,
yeni tikililər rayonda quruculuq işlərinin uğurla davam etməsindən xəbər verir.
2012-ci ildə rayonun
"Azərbaycanın folklor
paytaxtı” elan edilməsi, daha sonra ardıcıl olaraq Beynəlxalq Folklor Festivallarının
keçirilməsi Masallının
adını ölkədən
xaricdə də xeyli tanıdıb. Festivallarda
Azərbaycanın folklor
kollektivləri ilə
bərabər Türkiyə,
Rusiya, İran, Gürcüstan, Ukrayna, Qazaxıstan, Latviya və digər ölkələrin folklor kollektivləri də iştirak ediblər. Ölkəmizin milli mədəniyyətinin təbliğində
və tanınmasında
bu festivalların mühüm
əhəmiyyəti olub.
Masallı Regional Mədəniyyət və Turizm idarəsi əlamətdar günlərin qeyd edilməsi və bayram tədbirlərinin təşkilini daim diqqətdə saxlayır.
Rayonda Nizami Gəncəvi adına
Mədəniyyət Mərkəzi
və Gənclər Mərkəzi fəaliyyət
göstərir. Heydər
Əliyev Mərkəzində
ümummilli lider Heydər Əliyevin siyasi və təşkilati irsinin öyrədilməsi ilə
yanaşı, gənclərin
dünyagörüşünün genişləndirilməsində, bilik və bacarığının
artırılmasında mühüm
əhəmiyyət kəsb
edən xalçaçılıq,
heykəltəraşlıq emalatxanaları, həmçinin
kinostudiya, müxtəlif
xalq sənətkarlığı
və poliqrafiya dərnəkləri fəaliyyət
göstərir.
Bundan əlavə, mərkəzdə
internet kafe, 3D formatlı
kinozal, intellektual oyunlar otağı, elektron kitabxana, 250 yerlik tamaşa-konfrans zalı gənclərin
və şagirdlərin
istifadəsinə verilib.
Hazırda mərkəzdə
müxtəlif kurslar,
o cümlədən milli
rəqs dərnəkləri, xarici
dil və rəssamlıq kursları
fəaliyyət göstərir.
"Rayonda 5 folklor
qrupu var ki, onlar ictimai
əsaslarla fəaliyyət
göstərirlər. Rayonda ənənəvi sənətkarlıq məktəbləri
var. Həsirçilik, sandıqçılıq,
dulusçuluq kimi sənətkarlıq növləri
hələ də qorunub saxlanır”- deyə idarənin rəhbəri Lətifə
Mövsümova bildirir:
"Masallının, turistlərin
marağına səbəb
olan görməli yerləri sırasında tarixi məkanlar xüsusi yer tutur. Rayonun qədim tarixinə,
adət-ənənəsinə, mədəniyyətinə ekskurs
etmək istəyənlər,
tarixi yerlərə, ucqar kəndlərə səyahət edirlər”.
Rayonun ərazisində 168 qədim
abidə mövcuddur ki, bunlardan 51-i tarix və memarlıq,
70-i arxeoloji abidədir.
Rayon ərazisində yerləşən, nadir quş
və balıq növləri ilə məşhur olan Qızılağac qoruğu
da diqqətçəkən
məkanlardandır.
Tarixə
səyahət
Rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edənlər Masallının
tarixi və müasir həyatı ilə bağlı bilgilər əldə edirlər. Müasir binada yerləşən
muzeyin yaranma tarixi də maraqlıdır. Belə ki,
muzey 1963-cü ildə
Hişkədərə kənd
sakini Rəhim Tağıyevin təşəbbüsü
və rəhbərliyi
ilə Hişkədərə
kənd orta məktəbində yaradılıb.
15 il ictimai
əsaslarla, heç bir dövlət vəsaiti sərf edilmədən fəaliyyət
göstərən muzey,
eksponatlarını xeyli
zənginləşdirib. 1975-ci
ildə toplanılan eksponatlar üçün
muzey binası inşa edilib və 1978-ci ildən Tarix-Diyarşünaslıq Muzeyi
kimi fəaliyyətə
başlayıb. Ölkəmizdə muzey işinin yüksək səviyyədə
təşkil olunması,
bu sahədə daha modern layihələrin
tətbiq edilməsi, əhali, xüsusilə də gənclər arasında tariximizə marağın artırılması
ilə bağlı həyata keçirilən
tədbirlər çərçivəsində,
muzeyin fəaliyyəti
də yenidən təşkil olunub. Muzeyin təyinatına uyğun yeni binada yerləşdirilməsi
zərurəti yaranıb.
2014-cü
ildə tikintisinə başlanan muzey iki il əvvəl qapılarını
ziyarətçilərin üzünə
açıb. Hazırda muzeyin
fondu və kolleksiyaları nəqqaşlıq,
qrafika, heykəltəraşlıq,
tətbiqi incəsənət,
arxeologiya, numizmatika, etnoqrafiya, fotoşəkillər,
sənədlər bölməsindən
ibarətdir. Muzeyin əsas
fondunda müxtəlif
dövrləri əhatə
edən 8000 eksponat var ki, onlardan
2000-i ekspozisiyada sərgilənib.
Nümayiş etdirilən
eksponatlar bölgənin
təbiətini, qədim
dövrünü ( daş silahlar, qablar, müxtəlif gil qablar), etnoqrafiyasını
(əmək alətləri,
toxuculuq məişət
əşyaları, geyim
və bəzək əşyaları), antik və müasir dövrə aid sikkə və əskinaslarını
əks etdirir. Muzeydə əmək və müharibə qəhrəmanlarına, Masallı
şəhidlərinə aid materialları özündə
əks etdirən guşələr var. Muzeyin
direktoru Əntiqə Tağıyeva bildirir ki, maddi-mədəniyyət
nümunələri əsasən
rayonun kəndlərindən
təsadüfən əldə
edilib: "Muzeydə eksponatlar qədim dövrdən tutmuş müasir dövrə qədər illəri əhatə edir. Bölgədə ilk dəfə olaraq
muzeydə təbiət
və eksponatlar həm də monitorlar vasitəsilə nümayiş etdirilir”.
Muzeydə müstəqillik tariximizə
də xüsusi yer verilib. Müstəqilliyimizin banisi olan ulu
öndər Heydər
Əliyevin və prezident İlham Əliyevin həyat və fəaliyyətini, rayona səfərlərini
əks etdirən fotolardan ibarət guşələr yaradılıb.
Muzeydə rəsm otağı,
sərgi zalı, fond otağı, müxtəlif
tədbirlərin keçirilməsi
üçün nəzərdə
tutulan akt zalı da yaradılıb.
Muzey haqqında bizim təəssüratlarımızın da yer aldığı
ürək sözləri
17 rəy kitabında cəmlənib.
Rayonda 300 şagirdin
təhsil aldığı
İncəsənət Məktəbi
tikilərək istifadəyə
verilib. Məktəbin direktor müavini Sevanə Rəhimova şagirdlərin əsasən
fortepiano, tar, qarmon, balaban
siniflərində təhsil
aldıqlarını qeyd
etdi: "Məktəbin
binası müasir tələblərə cavab
verdiyindən uşaqlar
həvəslə gəlirlər.
Onlar müxtəlif alətlər
üzrə musiqin sirlərini öyrənir,
rayonu müsabiqələrdə,
konsertlərdə, festivallarda
təmsil edirlər”.
Bayraq Muzeyi də turistlər üçün
görməli məkanlardandır.
Muzeydə Azərbaycanın dövlət rəmzlərini
əks etdirən eksponatlar nümayiş olunur.
Yaşıllıqda istirahət
Masallı rayonunda fəaliyyət göstərən 33 turizm obyekti ötən il 27550 nəfər turist qəbul edib ki, onlardan 1892 nəfəri xarici vətəndaş olub. 33 turizm obyektində gün ərzində 1300-ə yaxın turistin istirahəti üçün hər bir şərait yaradılıb. Rayon İcra Hakimiyyətindən bildirdilər ki, şəhərin baş planında Viləş çayının şəhər ərazisindən keçən hissəsi rekreasiya zonası (piknik əraziləri) kimi nəzərdə tutulub. Həmin ərazidə təmizlik, yaşıllıqların salınması və ağacların əkilməsi işlərinə start verilib. Artıq 20 hektara yaxın ərazidə meşə zolağı salınıb. Eyni zamanda, park-bulvar kompleksinin yaradılması ilə bağlı müvafiq layihə təşkilatına layihələndirmə tapşırığı verilib və ərazidə parkın salınması ilə bağlı hazırlıq işlərinə başlanılıb. Bu dövr ərzində 30 hektar ərazidə istirahət mərkəzləri tikilərək istifadəyə verilib, 3 ərazidə isə tikinti işləri aparılır. Turizm obyektlərinin sayının artırılmasına, xidmət səviyyəsinin yüksəldilməsinə ehtiyac var: "Turizm sahəsində mövcud problemlərdən biri də obyektlərə nəzarət sisteminin və təsir vasitələrinin zəif olmasıdır. Bu sahəyə nəzarət sisteminin gücləndirilməsi, turizm infrastrukturunun yaxşılaşdırılması gələcəkdə rayonumuzun turizm potensialının inkişaf etdirməklə, iqtisadi cəhətdən daha böyük gəlirlərin əldə edilməsinə şərait yaradacaqdır”.
Min bir dərdin dərmanı – İstisu
İstisuyu Tanrının bu bölgəyə bəxşişi hesab edirlər. Rayonda turizmin inkişafını təmin etmək məqsədi ilə Masallıda müalicəvi turizm şəhərciyinin salınması nəzərdə tutulur. Məsələ ilə bağlı əlaqədar təşkilatlara müraciətlər ünvanlanıb və ilkin razılıq əldə olunub. Hazırda məsləhətləşmələr və araşdırmalar aparılır. Layihənin icrasının nəinki Masallıda, bütün regionda turizmin inkişafına təkan verəcəyinə əminlik var. "Sovet dövründən üzü bəri "İstisu” istirahət mərkəzi turistlərin daha çox üz tutduğu şəfa ocağıdır. Yerin dərinliklərindən çıxan isti sudan yel, oynaq, əzələ, əsəb sistemi, dəri, mədə-bağırsaq, qadın xəstəliklərinin və s. müalicəsində istifadə edilir. Təəssüf ki, yeraltı nemətdən lazımınca istifadə olunmur. Müalicəvi turizm şəhərciyinin salınması bölgəni böyük turizm məkanına çevirəcək. Bu istiqamətdə sahibkarların da fəallığı əhəmiyyətlidir”.
Rayonda müxtəlif turizm növlərini inkişaf etdirmək üçün münasib şərait var. O cümlədən, ekoturizm, mədəni turizm, kənd turizmi və s. turizm növləri üçün geniş potensial mövcuddur. Turizmin inkişafı isə təkcə Masallı üçün deyil, ümumilikdə Cənub bölgəsi üçün yeni sima və rifahdan xəbər verir.
Təranə Məhərrəmova
Rufik İsmayılov
Masallı
Kaspi 2018.- 8 fevral.- S.7.