ÖMRÜN ƏBƏDİ
ESTAFETİ
Bir insanın ürəyində nə
boyda sevgi ola bilər ki...
Görkəmli ədəbiyyatşünas, dilçi
alim, tədqiqatçı, folklorşünas pedaqoq, tərcüməçi,
ən başlıcası millət aşiqi, Kərkük
sevdalısı Qəzənfər Paşayevin silsilə
dağlar kimi bir-birinə bağlanan məziyyətləri məni
həmişə heyrətləndirib. "Yaxşı insan”, "Əsil
ziyalı”, "Gözəl ailə başçısı”,
"Etibarlı dost”, "Mərd ürəkli xeyirxah”, "Fədakar
alim”... ünvanına söylənilən bu epitetlərin
hamısının ahəngindəki həqiqət, bəzən
bu şəxsiyyətin dolğun portretini yaratmağa azlıq
edir. Halbuki bu ifadələrin biri bir insanın
daxili aləmini açmağa kifayətdir. Mənim illərdir yaxından
tanıdığım, böyük qardaşım qədər
hörmət etdiyim Qəzənfər Paşayevin elə zəngin
daxili aləmi var ki, köhnə zamanlarda məktublarda
yazıldığı kimi meşələr qələm olsa,
yazıb bitirmək olmaz. Qəzənfər
müəllimin kitabları barəsində, eləcə də
şəxsiyyəti ilə bağlı portret yazılar
çox yazmışam. Dəqiq
sayını belə bilmirəm. Bildiyim odur ki, onun ədəbi
fəaliyyəti,
yaradıcılığı dərin bir
ümmandır, içinə düşdünmü sahil
görünməz. Əlac ona qalır ki, yaratdığı
incilərə söykənərək səmimi şəkildə bu kamilliyi vəsf
edəsən. Aqillər demişkən,
sözün qüdrəti əvəzsizdir. Bacarsam, nə
xoş mənə...
Qəzənfər Paşayev
30-dan artıq elmi-ədəbi, publisistik kitabın, eləcə
də 7 cildliyin, Hüseyn Arif, İsi Məlikzadə, Tofiq
Bayram, Əlibala Hacızadə, Fikrət Qoca, Bəkir Nəbiyev,
Elçin... haqqında portret nəşrlərin müəllifidir.
Onun tərtib və ön sözlə çap etdirdiyi
kitabların da sayı
çoxdur. Xarici ədəbiyyatdan
dilimizə etdiyi tərcümələri də bu sahənin
inkişafına öz töhfəsini verib. Bir faktı da deyək ki, Aleksandr Dümanın
"Qafqaz səfəri” əsərinin orijinaldan tərcüməsi
də Həmid Abbasovla birlikdə Qəzənfər Paşayevə
məxsusdur. Dünyanın
tanıdığı Sula Benet, Aqata Kristi, İrəc
Parsinasad kimi məşhur ədiblərin əsərlərinin
Azərbaycan oxucularına çatdırılması da Qəzənfər
müəllimin xidmətidir.
Bu gün Azərbaycan
ziyalılarının önündə şərəflə
addımlayan Qəzənfər Paşayev İraq-Azərbaycan ədəbi
əlaqələrində bir elmi institutun görəcəyi
işi təkbaşına yerinə yetirib. Unudulmaz tənqidçimiz
Yaşar Qarayevin
dürüst söylədiyi bir fikri həmişə
təkrar etməyi çox sevirəm: "Bizim
üçün İraq Füzulidən, Füzuli Kərbəladan
başladığı kimi, Kərkük
də Qəzənfər Paşayevdən başlayır”. Bu həqiqətin işığında sadəcə,
kitabların adlarını yazsaq, uzun bir siyahı yaranar.
Əslində müqəddiməm bir az
uzandı. Məqsədim müəllifin yeni
kitabından söz açmaqdı. "Təhsil”
nəşriyyatının çap etdiyi "Ədəbi
estafetlərdə keçən ömür” adlı nəşrdə
alimin son illərdə mətbuatda dərc edilmiş məqalələri
yer alıb.
Kitaba ön söz yazan filologiya
elmləri doktoru Şirindil Alışanovun bir fikri ifadə
etmək istədiklərimin məzmununu açıqladı: " Professor Qəzənfər Paşayev o
nadir şəxsiyyətlərdəndir ki, öz müəllimlərinə,
həmkarlarına mənəvi dəstəyini onların
sağlığında olduğu kimi dünyalarını dəyişəndən
sonra da eyni səmimiyyətlə davam etdirir. A. Zamanov, M. Şirəliyev, R. Rza,
Y. Qarayev, H. Arif, İ, Məlikzadə, B. Nəbiyev, Ə.
Hacızadə, Tofiq Bayram, F. Qoca haqqında məqalə,
monoqrafiya, orijinal formada düşünülmüş yubiley
nəşrləri Qəzənfər müəllimin mənəvi
sərvətimizə, onu yaradanlara ehtiramından yaranır”. Həqiqətən də Qəzənfər müəllimin
bu şəxsiyyətlərə, qələm sahiblərinə
dərin məhəbbəti və ehtiramı sonsuzdur. O,
fədailəri fədakarcasına təqdim və təhlil etməyi
elə ustalıqla bacarır ki, heyrətlənməyə
bilmirsən. Bir insanın ürəyində nə boyda sevgi ola bilər ki, özündən çox
başqalarının əməyini,
yaradıcılığını belə dərindən,
ehtiramla araşdırasan, dəyərləndirəsən. Bu,
təkcə istedadın, zəhmətin bəhrəsi deyil, həm
də təvazökarlıq nümunəsidir, sadəlikdir, əsil alimlik
münasibəti və yanaşmasıdır. Qədirbilənlik isə ən ali məziyyətdir.
Qəzənfər
Paşayevin həmişə yad etdiyi, heç
unutmadığı, tez-tez kəlamlarından sitat gətirdiyi
həmkarlarından biri də akademik Bəkir Nəbiyevdi.
Bu unudulmaz ədəbiyyatşünas barəsində
"Ədəbiyyatşünaslıq elmimizin patriarxı”
adlı kitab da yazıb. Elə bu yeni
kitabında da görkəmli alim haqqında "Böyük
itki” adlı yazısını da diqqətlə oxudum. Uzun illər dostluq etdiyi,
yaradıcılığına məhəbbətlə
yanaşdığı bir şəxsiyyətin əbədi
gedişi onu dərindən sarsıtsa da, bir əminliyini qətiyyətlə
bildirir ki, Bəkir müəllim sevərək yaşadı,
sevilərək də əbədiyyətə qovuşdu. Ömrü boyu ədəbiyyatşünaslıq
elmimizin keşiyində müsəlləh əsgər kimi
dayanan Bəkir Nəbiyev, müəllifin təbirincə, əbədi
bir zirvə fəth edib. Bu ucalıqda ədəbiyyatşünaslıq
elmimizin geniş üfüqləri apaydın
görünür. Məhz bu səbəbdən
də Bəkir Nəbiyev haqqında həmişə
yazılacaq. Örnəklər, nümunələr
heç vaxt unudulmur.
Sağlığında əbədilik
qazanan alimlərdən biri də coğrafiya elmləri doktoru, professor Müseyib Müseyibovdur. Müəllif
yazır: "Bütün keçmiş SSRİ miqyasında
yaxşı tanınan, Coğrafiya Cəmiyyətinin üzvü
olan Müseyib müəllim böyük nüfuz sahibi idi... Böyük yaradan Müseyib müəllimə
ağıl, intellekt, təfəkkür, həyata, insanlara məhəbbət
bacarığı və əməksevərlik bəxş
etmişdir. O, vəzifə borcunu yerinə yetirməklə
bərabər, ictimai işlərdə də fəal
iştirak edir, böyük nüfuz qazanırdı”. Qəzənfər
Paşayevin
çox sevdiyi bir
Çin kəlamında deyildiyi kimi,
insan dünyasını dəyişdiyi zaman yox, onu son
xatırlayacaq adam öləndə ölür. Bu mənada xatırlamalar
insanın əbədi ömrünün ünvanıdır. Təbii ki, yad etməyi bacarsaq, bizi də
unutmayacaqlar.
Qəzənfər
Paşayevin xiffətini çəkdiyi, həmişə
böyük ehtiramla yad etdiyi sənətkarlardan biri də
Aşıq Şakirdir. "Səsi o qədər məlahətli,
o qədər şirin idi ki, hətta bəzən poetik mətnləri zəif olan
mahnıları oxuyanda belə, dinləyici onun səsinin
sehrindən çıxa bilmir, valeh olur, poetik mətnin dəyərinə
məhəl qoymurdu”. Belə sənətkarlar adətən,
onları əbədi yaşadacaq qüdrətin
ünvanını yaxşı tanıyırdılar.
Aşıq Şakir də bunu gözəl bildiyindən
etirafını poetik dilə gətirib:
Adım
Aşıq Şakir, mahalım Şirvan,
Yazıb-yaratmışam çox şeir-dastan.
Sözlərim
ellərə qalsın ərməğan,
Ölmərəm,
inanın min il yaşaram.
Kitabı vərəqlədikcə
diqqətimi bir məsələ də çəkdi, demək
olar ki, bütün məqalə və xatirələrində
Qəzənfər müəllim mütləq, dünya mütəfəkkirlərinin
müdrik fikirlərindən nümunələr gətirir.
Bu cür üslub, müraciət, xitab həm qəhrəmanın
ölümsüzlüyünü xatırladır, həm də
oxucunu bir daha düşündürür. Məsələn,
Cəlaləddin Ruminin həqiqətdən qaynaqlanan kəlamı:
"Biz öləndə bizim məzarımızı
torpaqlarda axtarmayın, bizim məzarlarımız aqil
insanların qəlbindədir”.
İctimai
Televiziyada layihə rəhbəri olduğum "Yadigarlar”
verilişinin bir-necə sayında Qəzənfər müəllim
qonağımız olub. Abbas Zamanovla bağlı çəkilişdə
Qəzənfər Paşayevin söylədiklərini
unutmamışam: "Dəfələrlə şahidi
olmuşam ki, həmişə ləyaqətli bir şəxsiyyəti
son mənzilə yola salanda, Abbas Zamanov deyərdi ki, sağ ol, a filankəs! Bir gün dözməyib
soruşdum ki, bu necə vidalaşmaqdı, Abbas müəllim? Cavabını olduğu kimi deyirəm:
"O ölməyib, o bizimlədir. Yaxşı
adamlar ölmürlər. Onlar necə ki, biz varıq, bizim qəlbimizdə
yaşayırlar”.
Dilçilik
elmimizin iftixarı, akademik Məmmədağa Şirəliyev
haqqında Qəzənfər müəllim dəfələrlə
yazıb, elə bizim verilişimizdə də
danışıb. Yeni kitabda da bu görkəmli
alim unudulmayıb. Ümumiyyətlə, Qəzənfər
müəllim hansı dilçi barəsində məqalə
qələmə alırsa, mütləq ilk növbədə
Məmmədağa Şirəliyev yad edir, sonra onun ardınca gələnlərdən
iftixarla söz açır. Həqiqətən
də ömür itib-batmır, ardıcıllarının,
sevənlərinin əməllərində yaşayır.
Bu cür qədirbilənliklə ricətlər
etmək böyük rəğbətin, dərin
bağlılığın və məhəbbətin göstəricisidir.
Oxucu qəlbinə yol tapmağın
açarı da məhz ürəyin
çırpındığı yazılardır. Bir qələm
adamı kimi mənə xoş gələn odur ki, Qəzənfər
Paşayev qəhrəmanını
böyük ürəklə, sevgi ilə təqdim edir:
"Akademik Ağamusa Axundovu fərqləndirən cəhətlər,
məziyyətlər qədərincədir. O, bacarıqlı
elm təşkilatçısı idi. Elmi kadrların
yetişməsində, dilçilik elmimizin inkişafında
misilsiz xidmətləri olan, məktəb yaradan,
çoxşaxəli zəngin yaradıcılıq yolu
keçən, iddiasız yaşamağı bacaran, mənalı
və şərəfli ömür sürən,
ziyalılığı, yüksək mədəniyyəti, nəcibliyi
ilə nümunə olan, dilçilik elmimizi beynəlxalq aləmə
çıxaran, hər məqamda
adını iftixarla çəkdiyimiz bu böyük
insan elmi və pedaqoji fəaliyyəti ilə əbədilik
qazanan azsaylı alimlərimizdəndi”. Yadıma
tələbəlik illərimiz düşür.
Jurnalistika fakültəsində Azərbaycan dilindən dərs
deyən müəllimənin işinin-peşəsinin
gecikmiş məhəbbətdən şeir söyləməsi bizi elə bezdirirdi ki,
çox vaxt onun dərsindən qaçıb, filologiya
fakültəsində Ağamusa Axundovun mühazirələrinə
qulaq asırdıq. Ondan öyrəndiklərimiz həmişə qolumuzdan
tutub. İndi də bu unudulmaz pedaqoq-alimi minnətdarlıqla
xatırlayırıq.
Qəzənfər
Paşayev bu kitabında da öz ənənəsinə sadiq
qalıb. Yaradıcılığından
qırmızı xətt kimi keçən Kərkük
mövzusunu unutmayıb.
"İraq türkmanlarının nağıl
dünyası”, "İraq-türkman nağıllarının ləhcə
özünəməxsusluğu”, "İraq-Azərbaycan
folkloru,” "Kərkük folklorşünaslıq və ədəbiyyatşünaslıq
elminin iftixarı” və digər yazılarda məhz xalq təfəkkürünün
əvəzsiz xəzinəsi olan folkloru öyrənməklə
ötən keçmişimizi, milli mənsubiyyətimi dərindən
dərk etmək mümkündür. Ümummilli lider Heydər
Əliyevin sözləridir: "Tarixi araşdıranda
gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və
İraq türkmanları bir bütövün
parçalarıdır”. Qəzənfər Paşayev
yazır: "Onların dialekti və folkloru da deyilənləri
təsdiq edir”.
Əlbəttə, Kərkük
sevdalı, millətsevər, böyük alim, əsil dost,
professor Qəzənfər Paşayevin yaradıcılığı
haqqında yazdıqca bitməz. Mövzuları
rəngarəng, qəhrəmanları dəyərli. Dili, təhkiyəsi aydın, səlis və şirəli.
Qürur və əminliklə deyirəm ki,
oxucularına ərməğan etdiyi yeni töhfəsi də həmişəki
kimi maraqla qarşılanacaq, ən başlıcası,
oxunacaq. Bəri başdan bütün ədəbi
uğurlarına görə Qəzənfər Paşayevi
ürəkdən təbrik edirəm. Onun
kitabları həmişə sevilir və təqdir edilir.
Ömrünün ədəbi estafeti davamlı olsun, sevimli
ustad!
Flora
XƏLİLZADƏ,
əməkdar jurnalist
Kaspi 2018.- 8 fevral.- S.15.