Azad ruhlu
Ezop
Nigar Pirimova
Azadlıq arzusu zindan gətirir,
ruhun azad, cismin məhbus olur. Ya
da, ən yaxşı halda, səni "dəli” deyə qələmə verib, görməzdən gələcəklər. Bu,
nə bugünün, nə dünənin, nə də keçmişin qanunudur.
Həqiqəti hərə bir
cür bəyan edir. Kimi sözlə, kimi əməllə... Kimi nəsrlə,
kimi nəzmlə.
Kimi də Ezop kimi
təmsillə.
Üç gün öncə
(5 fevral tarixində) Səda Tədris Teatrında Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin Sabah qruplarının
IV kurs aktyor sənəti tələbələrinin
(kurs rəhbəri əməkdar artist Nofəl
Vəliyev) ifasında
Gilyermo Fiqeyredonun
"Ezop” (tərcümə
edən Fikrət Məlikov) əsəri əsasında hazırlanmış
eyniadlı tamaşanı
izlədik. Anşlaqla keçən
tamaşanın quruluşçu
rejissoru xalq artisti Cənnət Səlimovadır. Tamaşada
Hilal Dəmirov (Ezop), Sevgin Rzayeva
(Kleya), Corc Qafarov (Ksanf), Könül Ələkbərova
(Melita), Orxan İskəndərli (Kapitan),
Məhəmməd Musayev
(Həbəş) çıxış
edirlər.
Tamaşadan danışmazdan öncə ədəbi əsas və onun müəllifi haqqında qısaca məlumat vermək istərdim. Axı, bu Gilyermo Fiqeyredo
kimdir və nə üçün
"Ezop”?. Müəllif Latın Amerikalıdır
və yaradıcılğının
parlaq dövrü məhz 1940-cı illərdən
başlayır. Müəllifin məşhur əsərlərindən
biri Ezopun "Tülkü və üzüm” təmsili əsasında yazılıb.
Ezopun tarixi şəxsiyyət, yoxsa uydurma obraz
olması hələ də mübahisə doğurur. Rəvayətlərə görə, Ezop
ən çox uşaqlar üçün
uydurduğu nəsihətamiz
təmsilləri ilə
məşhurlaşmış bir şəxsiyyət, eyni zamanda, tez-tez
dəyər-dəyməzinə alınıb-satılan, özü
kimi kölələr,
nəzarətçilər, ağalar tərəfindən
daima incidilən bir qul olub.
Bir nüansı da qeyd edim ki,
Ezopun həm də qozbel, axsaq, qoxrunc simaya malik biri
olması da ehtimallar içərisindədir.
Ezopun
400-ə qədər təmsili
günümüzə qədər
gəlib çatsa da, müəllifin gerçək kimliyi hələ də sual altındadır.
İlk dəfə
Leninqradda (Sankt-Peterdurq)
Böyük Dram Teatrında
rejissor G.Tovstonoqov
1957-ci ildə G.Fiqeyredonun
"Tülkü və
üzüm” təmsilinə
"Ezop” adı ilə qəhrəmanlıq
komediyası kimi quruluş vermiş və azadlıqla köləliyin mübarizəsini
əsas ideyaya çevirmişdir. Lakin bir o qədər də uğur qazanmayan tamaşa on il sonra
1967-ci ildə G.Tovstonoqov
bu əsərə bir daha müraciət
edərək, onu yeni redaksiyada "Tülkü və üzüm” adı ilə tamaşaya qoymuşdur. Farsvari komediya janrında
hazırlanan tamaşa
əvvəlki quruluşla
müqayisədə daha
böyük uğur qazanmışdır. Təbir
caizsə, tamaşanın
sonunda Ezop məzəli biri kimi verilmiş və onun işlətdiyi
"Azad insanlar üçün
uçurum haradadır?”
sualı A.Qriboyedovun
"Ağıldan bəla”
əsərinin sonluğu
ilə yaxınlıq
təşkil etmişdir.
Sabah qruplarının
ifasındakı tamaşada
hadisələr, demək
olar, dəyişdirilməyib.
Bütün hadisələr filosof
Ksanfın Ezop adlı bir köləni
evinə gətirməsi
ilə başlanır.
Ezopun bu dünyada tək amalı var - AZADLIQ. Bununçün canından da
keçər. Bir neçə
dəfə Ksanfı dilinin bəlasından qurtarsa da, yol
göstərsə də,
Ksanf hər dəfə ona azadlıq vermək vədinə naxələf
çıxır. Ksanf özünü
nə qədər ağıllı bir filosof hesab etsə
də, zövcəsi Kleya onu heç
sevmir. Lakin var-dövlət, ad-san naminə məcbur ərinə qatlaşır.
Fəqət Ezopun gəlişi
ilə Kleya da dəyişir. Bir qulun, bədbəxt kölənin, aciz şikəstin azadlıq naminə bu qədər çaba göstərməsi onu da azadlığa sövq edir. Sanki Ezop onun
gözlərini açır
və bildirir ki, Kleya da
onun kimi kölədir, ruhən də, cismən də kölədir.
Lakin Ezop ruhən azaddır, cismən zəncirlənsə də,
döyülsə də,
söyülsə də,
sözünü azad şəkildə deyə bilir. Bu onu
hardasa Prometeyə bənzədir. İnsanlara odu
oğurlayıb verən
Prometey qayaya zəncirlənsə də,
gecələr ciyərini
quzğunlar yeyib, səhərlər o ciyər
bərpa olunsa da, onun cismi
zəncirlənib, ruhən
azaddır və o peşman deyil. İndi Ezop bilir ki,
Ksanf ondan asılıdır, onun təmsilləri ilə meydanda şagirdlərinə
maraqlı söhbətlər
edir, hörmət qazanır, Kleya ondan asılıdır, çünki ona aşiq olub, bir razılığına
möhtacdır. Melita ona
möhtacdır, Ezop razılaşsa, Kleya onu xilas edər
və qaçarlar, Melita isə Ksanfa ərə gedib azad olar.
Qısası, rahat və
azad yaşayan "insan”lar zəncirlənmiş,
hər an "heyvan kimi” döyülən Ezopdan asılı vəziyyətdədirlər. Çifayda, Ezop ondan ala
bilməyəcəkləri yeganə şey olan mənəvi azadlığını qurban
verməyəcək. Onsuz o, sevgiyə
də inanmır.
Ezop üçün iki tip qadın var - biri onunçün
daim əzab çəkən anası,
digəri ona əzab çəkdirən
qadınlar. Əslində,
hərfi mənada, Ezopun adında da bir iztirab
var - Ezop-Azap-Əzab...
Tamaşa boyu zaman-zaman izlədiyimiz filmlər, oxuduğumuz kitablar, eşidiyimiz hekayələrlə rastlaşırdım. Ezopun üstünə şər atılıb, yenidən Ksanfın sarayına gətirildiyi və müqəddəs məbəddən oğurlanan camın onun çörək torbasından çıxdığını sonda Kleyanın etdiyi məlum olduğu an məkirli qadın hiyləsi ilə nələr ediləcəyinin şahidi olduq. Belə bir qadın saf insanın sevgisini əldə etmək üçün onu şərləməkdən belə çəkinmir. Məgər Putifarın zövcəsi Züleyxanın sevdiyi və ona heç vəcdlə qarşılıq verməyən Misirin əzizi, HZ.Yusifə necə böhtan atıb zindana yolladığını eşitmədikmi? Ezop isə Babək kimi "40 il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq daha yaxşıdır” prinsipinə əsaslanıb özünü uçurumdan atır. Ölüm məhz onun əbədi azadlığı olur. Həyat davam edəcək, yeni kölələr gələcək, məğlub tərəf isə sarayda "ölü” kimi yaşayan sağlar olacaq. Çünki Ezopun danışdığı təmsillər bitəndə Ksanfın daha şagirdlərinə deməyə yeni sözü olmayacaq, cah-cəlal içində yaşasa da, yeri gələndə Ksanfın əmri ilə qonağın ayağını yumağa məcbur qalan Kleya yenə də kölə kimi yaşayacaq, azadlıq arzusu ilə alışıb-yanan Melita isə Kleyanın himayəsindəki kölə olaraq qalacaq.
Tamaşanın rejissoru əsas ideyanı azadlıq üzərində qurmuşdur. Əslində, Ezopun işlətdiyi "bütün insanlar azad yaradılıb, kölə olmaq üçün yox” kəlməsi tamaşanın ideya leytmotivini təşkil edir. Sözünü azad deməyi bacarmayan, əmrlərə tabe olan insan mütləq ruhunu satmış bir kölə kimi yaşamağa məhkumdur.
Tələbə-aktyorların altı ay müddətindəki məşqlərdən çox şey öyrəndikləri bəlli idi. Ədalar, pafoslar, mizan və jestlər, üz mimikları tamaşada işləyirdi. Düzdür demək olmaz ki, hər şey mükəmməl idi. Ancaq tələbə kimi çox məsuliyyətlə çalışmışdılar. "İntellektual oyun” olaraq hazırlanan tamaşada Ksanf filosofdan çox özünü filosof sanan sarsaq kimi təqdim olunsa da, Ezopu oynayan Hilal Dəmirov digər həmkarları ilə müqayisədə daha dərin, daha inandırıcı oynadı. Obraza daxil olub, onu özününküləşdirməyi, bizlərə yansıtmağı bacardı. Lakin bir nüansı qeyd etməliyəm ki, Hilal Ezopu oynayarkən tamaşaçını qozbelliyinə tam inandıra bilmədi. Qozbel və axsaq mütləq bir tərəfi əyilmiş və bütün vaxt ağır yerişli olur. Lakin emosional, sevgi anlarında Hilal obrazın qozbelliyinə rəğmən belini düz tutur, adi insan kimi hərəkətlər etməklə, ani olaraq, rolunu unudur və Ezopluqdan çıxırdı. Ancaq bununla belə aktyorun üz cizgiləri və ifadələri, Həbəş tərəfindən qamçılanma səhnəsi, Ksanf tərəfindən təpikləndiyi epizodlarda qüsursuz oynadığını vurğulamaq borcumdur. Melitanı canlandıran Könül Ələkbərovanın hədsiz həyəcanı tamaşa boyu obraza daxil olmağına mane olurdu.
Xırda qüsurlara baxmayaraq belə az zaman çərçivəsində çox şeyə nail olan tələbələrə əhsən düşür. Ümid edək ki, bu səhnə daha neçə-neçə Ezoplar, Ksanflar, Kleyalar yetişdirib gələcəyin əsl sənətkarı edəcək...
Kaspi 2018.- 8 fevral.- S.11.