Sonuncu Ağaoğlu
"Sovet İttifaqına getmişəm. Şoloxovun
"Sakit don” kitabını tərcümə etmişdim.
Şoloxovun bu kitabı Türkiyədə mənim
tərcüməmlə tanınır. Bu
kitaba görə Moskvaya dəvət olundum. Tək getdim. Yaşar Kamal mənə
demişdi ki, belə bir kitab var, mütləq bunu çevir.
Mən təcili kitabı ingiliscədən
çevirməyə başladım. Şoloxov
Nobeli aldıqdan sonra başqaları da heyət halında
kitabı çevirməyə başladılar. Bir kitabı 3-4 hissəyə bölüb tərcüməçilərə
verir, yekunda da biri birləşdirməklə məşğul
olurdu. Mən onlardan öncə başlasam
da, sonra bitirdim. Çünki tək idim.
Çox vaxt xərcləyirdim və önəm
verirdim. Mənim tərcüməm
çox uğurlu oldu. "Ağaoğlu”
yayın evindən çap etdik, çox yaxşı
satıldı. Çox pul qazandıq, tez
bir mətbəə aldıq. Azərbaycanda
da oldum. Anarla Bakını dolaşdıq.
Sərin payız günü idi. Yazarlar Birliyinin bir yeməkxanası vardı, ora
getdik. Müxtəlif toplantılarda da
iştirak etdim”.
Azərbaycanla
bağlı xatirəsi az idi. Ondan aldığım ikinci müsahibədə ancaq
bunları demişdi.
Amma onun atasının Bakı ilə bağlı
çox xatirəsi vardı. Bu xatirələrini
"Sovet Rusiya imperiyası” adlı kitabında yazıb.
Babasının isə daha çox xatirəsi
vardı. Çünki onun babası Azərbaycan tarixinə
damğasını vurmuş bir şəxs idi: Əhməd bəy
Ağaoğlu.
Bu ilin yanvarında kədərli bir hadisənin
iştirakçısı oldum. Türkiyə tarixində
mühüm rol oynamış azərbaycanlı ailə olan
Ağaoğluların sonuncu ziyalı nümayəndəsi
Tektaş Ağaoğlunun dəfnində iştirak etdim. İstanbulun Nişantaşı səmtində yerləşən
Teşvikiyyə məscidində cənazə namazı
qılındıqdan sonra Ağaoğlu Feriköy İslam məzarlığında
anası Nəriman Ağaoğlunun məzarında dəfn
edildi.
Mühacirət
başlayır...
1909-cu il. Əhməd bəy
Ağaoğlu "Difai”nin qurucusu kimi tezliklə həbs
olunacağını başa düşür. Ona görə də Şuşadan Parisə, Parisdən
Bakıya doğru uzanan həyat bu dəfə onu İstanbula
aparır. Qısa zamanda ailəsini də
yanına gətirən Ağaoğlu Osmanlı parlamentində
millət vəkili olur, dönəmin tanınmış
türkçü aydınları ilə dostluq qurur. 9 il sonra vətəninə qayıdır. Bu dəfə Vətəni artıq müstəqil
idi, Bakını azad etmək üçün türk ordusu
köməyə çağırılmışdı.
Çarlıq rejimindən qaçan Ağaoğlu bu dəfə
vətənini işğaldan azad etmək üçün gələn
Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın siyasi
müşaviri olur. Tale onu Azərbaycan parlamentində millət
vəkilliyi şansı da verir, ardınca hökumət onu
dövləti tanıtmaq üçün Əlimərdan bəy
Topçubaşovun rəhbərliyi ilə Parisə göndərir.
Amma o, ermənilərin təxribatı ilə
ingilis tərəfindən həbs edilib Malta adasına
sürgün edilir.
Əhməd bəy Maltada əsarətinin dərin
sarsıntısını keçirir, adadan xilas olmaq
üçün Nərimanova məktub göndərir,
bolşevizmi dəstəklədiyini bildirir. Lakin qısa
zamanda Mustafa Kamal paşa onları xilas etdiyi üçün
Əhməd bəy bu dəfə ona başqa məktub göndərir.
Tektaş Ağaoğlu bizimlə söhbətində həmin
hadisə barədə belə demişdi: "Babam Maltada bir
neçə il qaldı. Ondan sonra ingilislər qərar
verdilər ki, Maltanı boşaltsınlar. Türk elitasının yarısı, yazarlar, siyasətçilər
orada idilər. Babam hələ Maltada olarkən
ona Nəriman Nərimanovdan bir məktub gəlir. Yazır ki, biz sizi tanıyırıq,
apardığınız mübarizənin heyranıyıq.
Çıxacaqsınız, gəlin bizimlə bərabər
olun, birlikdə xalqımız üçün
çalışaq. Babam da cavab yazır
ki, təşəkkür edirəm, fəqət mən ikinci vətənim
saydığım Türkiyə Cümhuriyyətinə xidmət
etməyi seçirəm”.
Əhməd bəy ömrünün axırına qədər
Türkiyəyə xidmət edir. Millət vəkili, Sərbəst
Cümhuriyyət Firqəsinin qurucularından, Anadolu Agentliyinin
yaradıcılarından olur, xeyli kitab, məqalə yazır.
Mühacirətdə Azərbaycanın istiqlal
savaşına qoşulmasa da, mühacirlərin iş-güc
tapmalarına yardım edir. 1939-cu ildə vəfat edərkən,
geridə üç nəhəng varis qoyur: Səməd
Ağaoğlu, Sürəyya Ağaoğlu, Tezer
Ağaoğlu. (Ağaoğlunun Əbdürrəhman
və Gültəkin adında iki övladı da olub).
Sürəyya xanım Türkiyədə vəkil kimi,
Tezer xanım millət vəkili və müəllim kimi
tanınır.
Atasının yolunu davam etdirən isə Səməd
Ağaoğlu olur.
Hekayə
ustası, siyasi məhkum
Səməd Ağaoğlu 1909-cu ilin 23 aprelində
Bakıda doğulur. Atasının Osmanlıya mühacirətə
getməsi nəticəsində ilk təhsilini orada Beyazit
Feyziyye məktəbində tamamlayır. 1926-cı
ildə Ankara liseyini, 1931-də Ankara Hüquq fakültəsini
bitirir. Ardınca doktorluq müdafiəsi
üçün Strasburqa yollanır, həyatının bu
dönəmi ilə bağlı "Strasburq xatirələri”
adlı kitab yazır. Demokrat Partidən
siyasətə qoşulur, Adnan Menderesin yaxın
silahdaşı olur, nazir vəzifəsi daşıyır.
1960-cı il hərbi çevrilişi
zamanı həbs edilir, bir müddət sonra azad edilir. 1967-ci ildə Şuşaya və Bakıya gəlir.
"Atamdan
xatirələr”, "Atamın dostları”, "Dostum Menderes”,
"Mərmərədə bir ada”, "Tanış üzlər”,
"Siyasi günlük”, "Sovet Rusiya imperiyası” kimi əsərlər
yazır. "Zürriyyət”, "Böyük ailə”,
"Qatırın ölümü”, "Müəllim Qafur”
kimi hekayə kitabları, "Həyat bir macəra –
uşaqlıq və gənclik xatirələri” adlı
memuarını çap etdirir.
Əhməd
bəydən mütəfəkkirlik bayrağını alan Səməd bəy bu bayrağı iki
övladına ötürür: Mustafa Kamal Ağaoğlu və
Tektaş Ağaoğlu.
Atatürkün
adaşı
Səməd bəy oğlunun adını niyə Mustafa
Kamal qoyur?
Tektaş bəy bizimlə söhbətində belə
demişdi: "Kaş qardaşım Mustafa Kamalla tanış
olsaydınız. Bir şeir kitabı da var.
Anamla atam adını Mustafa Kamal qoymaq istəyiblər, Əhməd
bəydən soruşublar. Əhməd bəy
də "əlbəttə, mütləq qoyun” deyib.
Mustafa Kamalla "Ağaoğlu” yayın evini qurmuşduq, əsas
işləri o görürdü. Mustafa
Kamalın bir qızı var, görüşürük.
Adatəpədə atasından qalan bir evdə
yoldaşı ilə bərabər yaşayır”.
Qeyd edək ki, Mustafa Kamal "Mim Kaf Ağayev”
soyadından istifadə edib, "Nüzüllü şeirlər”
adlı kitabı çap olunub.
Mustafa
Kamal 1999-cu ildə vəfat etdikdən sonra isə
Ağaoğlu ailəsinin yaşayan tək dahisi qalır:
Tektaş Ağaoğlu.
İlk
görüş
Onu ilk dəfə 2015-ci ilin avqustunda tanıdım. Dostum,
Türkiyənin Mərmərə Universitetinin əməkdaşı,
türkoloq Mehdi Gəncəli mühacirət tarixi ilə məşğul
olduğum üçün məni onunla
görüşdürdü. Mecidiyeköydəki
evinə getmişdik. Xanımı Ezel
Ağaoğlunun da iştirakı ilə maraqlı söhbət
etmiş, müsahibə almışdıq. Bizim üçün "Qaranlıqda oturma
azadlığı” kitabını imzalamışdı. Gəncliyində "Ölümdən həyata”
adlı bir kitab da yazmışdı. Amma nədənsə
o kitabından imtina etmişdi. Bizimlə söhbətində
belə demişdi: "Mən bu kitabımı heç sevmirəm.
Bizdə rəddi-övlad (övladlıqdan rədd
etmək – D.Ə) deyə bir şey var. Mən bu
kitabımı rəddi-övlad etmişəm. Bunları çox gənc, 18-19 yaşlarımda
yazmışdım”.
Tektaş Ağaoğlu 1934-cü ildə İstanbulda
doğulub.
Babası Əhməd bəy öldüyü zaman 5
yaşı vardı, ona görə də bizə onu
xatırlamadığını demişdi: "Sitarə
xanımı (Əhməd bəyin həyat yoldaşı –
D.Ə) görməmişəm. Mən anadan olmadan bir və
ya iki il öncə vəfat edib. Əhməd bəyi 4 yaşımda bir-iki dəfə
görmüşəm. Xəyal kimi
xatırlayıram. Əhməd bəy bura
1910-cu ildə gəldi. İkinci dünya müharibəsindən
bir az əvvəl isə bəzi
qohumlarımız gəldi. O zamanlar bolşeviklər "istəyən
getsin” deyə icazə vermişlər. Qohumlar da
həmin ərəfələrdə gəldi. Təbii
ki, o qohumlar da artıq rəhmətə gedib, uşaqları,
nəvələri qalır... Əhməd bəy daha liberal bir
adam idi. Atatürk Əhməd
bəyi çox üzüb, "ona sən bir
sığıntısan” deyib. Amma sonra
üzr istəyib. Atatürk elə bir adam
idi ki, hər şeyi söylər, sonra üzr istəyərdi”.
Tektaş bəyin siyasi fəaliyyətinə keçmədən
öncə qeyd edək ki, o, həm rəssam, həm də
heykəltəraş idi. Ankarada Atatürk liseyində orta təhsil
alıb, 1956-cı ildə Oksford Universitetinin hüquq
fakültəsini bitirib. 1956-cı ildən Parisdə rəsm
işlərini başlayıb, bir il sonra
Ankarada ilk fərdi sərgisini açıb. 1984-cü
ildə Sürixdə xanımı Ezel Ağaoğlu ilə
birlikdə heykəl sərgisi təşkil edib. 1993-də də Ankarada heykəl sərgisi
keçirib.
Həmçinin daş kolleksiyası ilə məşğul
olurdu.
Liberal
babanın kommunist nəvəsi
Tektaş Ağaoğlu babası və atasından fərqli,
Türkiyənin 60-cı illərinin havasına uyğun olaraq
sol düşüncəli idi. Məsciddən Feriköy məzarlığına
bələdiyyənin avtobusu ilə dəfnə gedərkən
dostlarından biri mənə belə demişdi: "Sən həmşəri
olaraq iştirak edirsən, biz isə kommunist yoldaşı
olaraq”. Həmin o kommunist yoldaşlar dəfndən
sonra məzarın başında İnternasionalın
marşını da oxudular.
1964-1972-ci illərdə qardaşı Mustafa Kamalla
"Ağaoğlu” nəşriyyatını işlədib. 1956-cı ildə
İstanbulda "Varlıq” yayınlarından
"Ölümdən həyata” adlı hekayə kitabı
çap olunub. Anasına ithaf etdiyi kitabında
ən təsirli hekayə atası ilə bağlıdır.
Bizə imzaladığı "Qaranlıqda
oturma azadlığı” kitabı isə 1978-ci ildə
çap olunub, gündəlik yazılarından ibarətdir.
Dostoyevskidən
Şoloxova
Tektaş bəy daha çox tərcüməçi
kimi tanınırdı. Təsadüfi deyil ki, öldüyü
zaman mətbuat daha çox "usta tərcüməçi
öldü” başlığı ilə xəbər
yaymışdılar.
Tərcüməçiliyi
ilə bağlı bizə bunları demişdi: "Rus ədəbiyyatını
türk dilinə ingiliscədən çevirmişəm. Məsələn, Şoloxovun "Sakit Don”unu
çevirdim. Onun ingiliscəsinin adı
"Durğun axardı Don” idi, mən də o cür
çevirdim. Mən rusca bilmirəm, atam da
bilmirdi. Əhməd bəy isə bilirdi.
Sürəyya bibim də bir az bilirdi”.
Şoloxov, Dostoyevski, Remark, Dikkens, Marks, Engelsin əsərləri
onun tərcüməsində türk dilinə çevrilib. Marks və
Engelsin əsərlərindən seçərək
hazırladığı "Siyasət və fəlsəfə”
əsərinə görə, 1973-cü ildə 5 ay müddətinə
həbs edilib. Türkiyədə məşhur
12 mart hadisəsi dönəmində bir yazısına görə,
bu dəfə bir illiyinə məhkum edilib. Yazılarında sol düşüncəni yaymaqla
yanaşı, Türkiyə Sosialist İşçi
Partiyasının qurucularından olub.
Sol düşüncəyə o qədər bağlı
idi ki, atasının "Sovet Rusiya imperiyası” kitabına da
qarşı çıxıb. Bizə belə demişdi: "Atam
"Sovet Rusiya imperiyası” kitabını bizim çap etməyimizi
istədi. Biz də solçu olduğumuz
üçün "çap etmirik” dedik. Atam bizə çox hirsləndi. Çünki
onun kitablarını həmişə biz çap edirdik.
Dedik ki, siz özünüz çıxarın,
biz kömək edək. Nə istəyirsən
edək, amma bizim nəşriyyatdan olmasın”.
Onun tərcümələri arasında Dostoyevskinin
"Puşkinin nitqi”, Dikkensin "Mister Pikkviksin macəraları”
(başından keçən müxtəlif siyasi hadisələr
səbəbindən bu əsəri 42 ilə çevirib),
Leninin "Şərqdə milli qurtuluş hərəkatları”
kitabları var.
İsveçrə
yolunda
Kənan Evrenin həyata keçirdiyi 12 sentyabr hərbi
çevrilişindən sonra xanımı ilə birlikdə
İsveçrəyə sığınıb. Bu mühacirətlə
bağlı bizə belə demişdi: "Ölümdən
qurtulmaq, işgəncədən xilas olmaq üçün
getmişdik. Yoxsa, mənim nə işim vardı orada...”.
Ezel
xanım isə o illərlə bağlı bunları
bölüşmüşdü bizimlə: "Tektaş
İsveçrədə müxtəlif işlər
gördü. Ən axırda adi bir qalereyada
çalışdı. Oranın adisi
buranın ən yaxşısının sinfi kimiydi. Qalereyanın çərçivəçisi oldu.
Ramkaları yerlərinə asırdı və s. Axırda
qalereya sahibinə məsləhət verirdi ki, bu çərçivəni
bura assaq, yaxşı olar. Mən keramika ilə
məşğul oldum. Bir ara
boyunbağı düzəldib satdım, pul gətirmədi. Min dənə güldan, boşqab, çanaq düzəldib
satdım. Gələnə qədər
keramikə ilə məşğul oldum. Müəllimlik
etdim, kurslardan keçdim. Axırda
yuvamıza qayıtdıq. Necə bir
sevgiydi, nələr gəldi başımıza”.
T.Ağaoğlu bu illərdə BBC radiosunda da redaktor kimi
çalışır.
Keçmişin doğma dostları
Tektaş bəy babasının yaxın dostu Əli bəy Hüseynzadə haqqında bizə danışmışdı. Əli bəyin qızı Feyzavər xanımı görmək istədiyini demişdi. Mehdi bəylə birlikdə bu görüşü həyata keçirmək üçün çalışdıq, amma qismət olmadı. Əli bəy haqqında bizə belə danışmışdı: "Atam Əli bəyi çox tərifləyərdi, mədh edərdi. "Hamısının, hətta atamın da müəllimi Hüseynzadə Əli bəydir” deyərdi. Hüseynzadə Əli bəy çox maraqlı adam olub. Məsələn, kaman çalarmış. Mən onun oğlu rəssam Səlim Turan bəylə Parisdə tanış oldum. Çox xoş adam idi. Vəfat etdi o da. Qızı Feyzavər xanımı da tanıyıram. Əli bəy İttihad və Tərəqqinin qurucularından olub”.
Son görüşümüzdə Tektaş bəy Ağaoğlu ailəsi haqqında kitab yazmaq istədiyini demişdi. Bu kitab üçün Bakıdakı qaynaqları ona gətirməyimizi istəmişdi. Təəssüf ki, o, bu fikrə çox gec qərar vermişdi...
Mühacirət bitir...
Tektaş bəyin Əhməd adında oğlu, Kai adında nəvəsi var. Oğlu haqqında bizə bunları demişdi: "Əhməd bəy Adanada əkinçiliklə məşğuldur. Anasından ona torpaq qalıb. Anası böyük torpaq sahibinin qızı idi. Oğlum İstanbulda yaşayır, tez-tez Adanaya gedib-gəlir”.
Dəfndə Əhməd Ağaoğlu ilə tanış ola bildim. Atasından müsahibənin də yer aldığı "Mühacirlərin dönüşü” kitabımdan hədiyyə etdim. Əhməd bəy Azərbaycan türkcəsində oxuya bildiyini, ailəni ziyarət etməyimizdən xəbərdar olduğunu bildirdi.
Beləliklə, bu ilin yanvar ayının 9-u Ağaoğlu ailəsinin sonuncu ziyalı nümayəndəsi aramızdan ayrıldı. 1909-da başlayan 2018-də bitən Ağaoğlu ailəsinin mühacirəti beləcə, öz missiyasını tamamlamış oldu.
Amma bizim üzərimizdə bir missiya yükləndi: Tektaş bəyin bizə hədiyyə etdiyi Ağaoğlular ailəsinə aid nadir materialları kitablaşdırmaq. Bunu isə ən qısa zamanda həyata keçirəcəyik.
Dilqəm Əhməd
Kaspi 2018.- 10-12 fevral.- S.12-13.