Natəvan Dəmirçioğlunun nəsri
Natəvan
Dəmirçioğlunun yaradıcılığını hərtərəfli
özündə birləşdirən bir söz var:
AZƏRBAYCANÇILIQ. Böyük hərflərlə
yazılan və əsərlərin ruhunu, mayasını təşkil
edən bu kəlmə müəllifin yaradıcılığından
əsas xətt olaraq keçir və vətənpərvərlik,
xalqına, millətinə, vətəninə sadiqlik kimi ali
keyfiyyətləri özündə ehtiva edir.
Yazıçının
"Birinci kitab" (povest və hekayələr) adlı əsərlər
toplusundan cəmi bir neçə günə böyük həvəslə
oxuduğum bir-birindən orijinal "Səbət",
"Yetim", "Üç nöqtə",
"Dözüm”, "Avey əfsanəsi", "Kəlağayı”
kimi maraqlı əsərlərində müəllifin dili
axıcı, zəngin və rəngarəngdir. Şübhəsiz
ki, bu əsərlər barədə kitaba ön söz yazmış akademik
Nizami Cəfərovdan sonra söz söyləmək xeyli
çətin və məsuliyyətlidir. Hörmətli
akademik "Birinci kitab"a Ön sözdə
"Türkün mifoloji düşüncə tərzi,
Türkün etnoqrafik yaddaşı, İslam dinindən əvvəlki
ilkin Türkün dini -
Tanrıçılıq görüşləri, aydın dil
və yaddaşda qalan obrazlar: 90-cı illər ədəbi nəslinə
mənsub olan Natəvan Dəmirçioğlunun
yazılarında bunları gördüm” yazmışdı.
Lakin bir qələm əhli olaraq düşündüklərimi qeyd etməyi mən də
özümə borc bilirəm.
Oxucunu
sanki öz ağuşuna alıb aparan bu əsərləri
oxuduqca bu qənaətə gəlmək olar ki, Natəvan Dəmirçioğlu
müstəqillik dövrü Azərbaycan ədəbiyyatında
uğur qazanan yazıçılarmızdandır. Onun əsərləri
fərqli ədəbi üslubda yazılmış, orijinal
fakturalı, çox maraqlı obrazlar təqdim edən və
dil-üslub xüsusiyyətləri ilə diqqəti çəkən,
dəyərli proza nümunələridir.
Natəvan
Dəmirçioğlu nəsrinə ədəbi manevrlər nəsri
demək olar. Müəllif "Səbət" əsərində
adi məişət əşyası olan səbəti elə
simvolizə edir ki, səbət insanın yaşam tərzinin,
psixoloji durumunun göstəricisinə çevrilir.
İnsanın həyatında səbət
- yəni dolanışıq hansı mahiyyəti kəsb edir?
Eyni zamanda insanın mənəvi dünyası, onun
maddiyyatı ilə bir arada ən müxtəlif aspektlərdən təqdim olunur. Əsərdə səbət
həm də geniş anlamda Yer kürəsini
simvollaşdırır. "Səbət"də
müəllif səbət sözünün bir neçə mənasını
açıqlayır, dilimizin zənginliyinə işarə
edir. Səbət əsərdə həm ruzi, bolluq-bərəkət
rəmzi kimi qavranılır, eyni zamanda özünü
lovğa aparanın "göydən səbətlə
düşmək" kimi məcazı ilə təzadlaşdırılır.
Əsərin personajları - Kişi - "İşgüzar
adam", Qadın – "Gözəlim" ümumiləşdirilmiş
obrazlardır. Bunlar eyni zamanda tipik obrazlardır və
orijinaldırlar.
Əsərdə
bolluca folklor nümunələri, bayatılar, el deyimləri,
inanclar, sınamalar da üstünlük təşkil edir.
Xalqımızın əsrlərdən bəri qoruyub
saxladığı şifahi söz boğçası
görünür milli-məfkurəli müəllifi daha
çox cəlb etmiş və onu elə şəkildə təqdim
edə bilmişdir ki, bu əsərlərin məna tutumuna daha
da zənginlik gətirmişdir. Daha bir diqqətiçəkən
məqam odur ki, Natəvan xanım yeri düşdükcə
gah obrazlar vasitəsilə, gah da təhkiyənin dili ilə
oxucuya həm də tərbiyəvi, əxlaqı-didaktik
lövhələr təqdim edərək, bəzi vacib psixoloji
məsələlərə toxunur. Məsələn:
"...Lovğalanma, dostundan artıq görünməyə
çalışma, düşmənə yanıq vermə,
üzünə təriflənməkdən qorx, inamlara inam gətir.
...Bir də özündən xoşun gələndə
"şeytana lənət de" ("Səbət”) Və
yaxud: "...İnsan şükürsüzdür, doyumsuzdur.
İnsanın bədbəxtliyinə səbəbdir
doyumsuzluğu. Torpaq torpaqdır ki, suyu istədiyi qədər
içir. Artığını udmur, qalır. Suyun
özünə nə verirsən ver, qənd, duz, lap bal, doyana
qədər əridir, udur. Doydu, qurtardı. Qalanla işi
yoxdur. Amma insan?! Barmağını qatla ki, nədən doyur.
Heç nədən! Odur ki, gen dünyanı gəzsən
xoşbəxt Adəm övladı tapmazsan. Doysa
tapılardı. Nəfs qoymur insanı xoşbəxt
olmağa” ("Yetim”)
Göründüyü
kimi müəllif insan xarakteri ilə təbiət hadisələri
arasındakı oxşar və fərqli cəhətləri əks
etdirərək, maraqlı məqamların bədii paralellərini
təqdim edir.
"Yetim"
povestinin bədii tutumu, məna dərinliyi, obraz yeniliyi ilə
diqqət çəkən əsər, süjet
baxımından da olduqca maraqlıdır. Əsərdə
obrazların təsviri ilə əhvalatların gedişi
müəyyən bir harmoniya, ahəngdarlıq təşkil
edir. Natəvan Dəmirçioğlunun dininə, dilinə,
tanrısına qəlbən bağlılıq kimi keyfiyyətləri,
təmiz, saf türkçülük ruhu və soykökünə,
milliliyinə sadiqlik hissi "Yetim"də özünü
qabarıq büruzə verir. "Yetim" əsərində
müəllifi düşündürən ən böyük
faciə isə insanın Allahdan yetim qalmasıdır. Diqqət edirik: "Bir olan
Tanrım! Adı minbir bir, özü bir olan Tanrım! Özündən yetim qoyma məni!”
Müəllifin xarakter cizgilərini açmaqda sanki bir
kod açarı rolu oynayan bu əsəri
yazıçının və ümumən müstəqillik
dövrü Azərbaycan ədəbiyyatının uğuru
hesab etmək olar. Ayıqdüşüncəli, həssas müəllif məhz
"Yetim" əsərində olduqca bəşəri bir
mövzuya toxunmaqla, bütün dövrlər üçün aktual olan ümumbəşəri
məsələ qaldırmışdır: Şərin, şeytanın
qarşısında yenilməmək, daxili gücünə və
Tanrısına tapınmaq. "Özündən
yetim qoyma məni!" nidası ilə təkrarən
Tanrısına xitab edən müəllif bütün
oxucularını, bütün gəncliyi bu
çağırışa qoşulmağa səsləyib.
Müəllifin nida dolu, hiss-həyəcan dolu bu
çağırışında təbiiliklə
yanaşı həm də gərgin bir ciddilik vəhdət təşkil
edir.
Əlbəttə, simvolik məna daşıyan
"Yetim" əsəri həm də ikiqatlı,
ikiplanlı təqdim olunur. Üst qatda dediyim kimi
adi bir yetimdən bəhs olunsa da, ikinci qatda "Allahdan yetim
qalmağın" xofu müəllifi dinc buraxmır.
Diqqət edirik: "...Dərd odur ki, körpə
ata-anasız, yaşlı adam
oğul-uşaqsız olsun. Bunlardan da
ağır dərd odur ki, Allahdan yetim qalasan”. Müəllif əsərdə yenə
də humanizm prinsiplərinə söykənərək gah
müdrik bir insan kimi çıxış edir, öyüd-nəsihət
verir, yol göstərir, gah təbiilikdən, sadəlikdən
danışır, gah da təcrübələrini oxucu ilə
bölüşür: "Molla Feyzullah eşitdirmişdi ki,
subay qocalan adamın günah yükündən onun ətrafındakılara,
qohumlara da pay düşür. Subayları evləndirin.”
"...Ata-babalarımızın dərdini çəkməyin.
Ən böyük kefi onlar görüblər.
Ətrafla heç bir əlaqəsi, ünsiyyəti
olmayan qadın, yığılmış enerji, xərclənməmiş
emosiya deməkdi. Bizim ata-babalarımız
bax, buna sahib olublar". ("Yetim”) Və yaxud: "Nə
öyrənirsən uşaq vaxtı öyrənirsən. Böyüyəndə insan heç nə öyrənmir.
Problemləri həll edə-edə təcrübə
toplayır. Bir də pislərlə bacarmaq
üçün pisliklər öyrənir”, "...O bir-birini
sevib gəzənlər var ha, onlar sevgilərini yolda izdə
itirə-itirə gəlir, axıra bir şey qalmır” ("Səbət”)
və s. bu kimi deyimlərlə oxucuya çox şey öyrədir.
İnsanın
ali keyfiyyəti kimi elmi, ağılı, təmizliyi,
halallığı və səbri üstün keyfiyyət
sayan müəllif hətta, şeytanın da səbri dəyərləndirdiyini
önə çəkir: "Səbri ver mənə.
Yalvarıram, səbri ver mənə! Kimlər sənə
əzizdir, onların canına and verirəm, səbri ver mənə!”
("Yetim”)
Müasirliklə milliliyin
qovşağında yaranan "Yetim" əsəri dil zənginliyi,
təsvir və ifadə bolluğu ilə də diqqəti
çəkir: "Qarını büküb beş
yaşlı uşağın qucağına vermək
olardı" (litota), "Dərd odur ki, bir millət Allahdan
yetim qala" (metonimiya)," "Kəlağayı
doqqazın eşik tərəfində, mafənin üstündə
yellənirdi... Neçə yas
görmüşdü bu baş örtüyü. Yiyəsinin
ağladığı qədər duzlu göz yaşları
udmuşdu ucları" (metafora), "Səni görüm
ölmüyəsən, quruyub-quruyub quşca ətinə
dönəsən"(qarğış) ("Yetim”) və s.
Povestdə
müəllif "Qəlp mal yiyəsinindir", "Allah səni
göylər kimi dirəksiz saxlasın", "El içində,
öl içində",
"Erməni qan gördü!", "Müsəlmanın
sonrakı ağlı",
"İslanmışın yağışdan nə
qorxusu" və sair bu kimi el deyimlərindən də
yerli-yerində istifadə edib.
Ara
sözlər, dialekt və şivələr də əsərin
bədii tutumuna əsla xələl gətirmir, əksinə
onu bir az da rəngarəng və
oxunaqlı edir.
Natəvan Dəmirçioğlu "Yetim” əsərində
insanın mifoloji görüşlərinin, mistik
düşüncəsinin ən dərin qatlarına çox cəsarətlə
eniş edir. Hətta, biz, bu qədər dərinliyə enməni
müstəqillik dövrü ədəbiyyatımızda kişi yazarların əsərlərində
belə görmürük. Natəvan Dəmirçioğlu
"Yetim” povestində olduqca orijinal yazıçı qələmini
bir daha təsdiq edir.
"Ölümcül
ayıldığı yuxudan dörd bir yana baxdı. Onu axtardı. Heç kəs yox
idi. Bəs bu səs hardan gəlirdi?
-
Axırına çıxacam sənin!
- Allah sənə
lənət eləsin. Özündən
böyük danışma. Axıra
çıxan sən deyilsən. "Əzrail”
deyil onun adı?
- Əzraildən əvvəl mən gəlirəm, sonra
O gəlir.
- Allah lənət
eləsin sənə.
- Onu demə! Bircə onu demə!
Aman ver! Heç uymamısan mənə?
İndi deyəcəksən ki, yox!? Budur deyirəm: Torpaqdan
yaranıb, torpağa dönənin bircəsi də məndən
ötəmməz. Tanımıram eləsini!
- Lənət sənə, olub elə
iş. Qeybət eləmişəm. Bir də
tanış qadın haqqında "O
düz yolun adamı deyil” demişəm.
- Bildim, olanı demisən.
- Olanı, ya olmayanı! Elə pisi də odur ki, hamının bildiyi pislikdən
danışasan. Ya hamının
tanıdığı axmağa "axmaq” deyəsən.
- Sənə Əzrail lazım
deyil. Mənlik də bir işin qalmır.
Özün öz axırına çıxacaqsan...”
("Yetim”)
Turançılıq, tanrıçılıq, totemist
görüşlər, mifoloji düşüncə tərzi
Natəvan Dəmirçioğlunun əsərlərinin əsas
qayəsidir. Qəribədir ki, xanım müəllif mifoloji qatda
çox sərbəst işləyir. Təhkiyə dili və
obrazların dialoqu həyatda olduğu kimi təbiidir:
"...Səssizlik oldu bir an. Bəlkə
də bir kirpik çalımı. Buza dönmüş boynunu döndərib
dala baxdı. Bəlkə arxada kimsə var?
Yoxdur heç kəs. Səs yaxından gəldi
bir də: ("Yetim”)
Tədqiqatçılar Natəvan Dəmirçioğlunun
əsərlərində etnoqrafik yaddaşın, mifoloji
düşüncə tərzinin güclü olduğunu dəfələrlə
qeyd edirlər.
Professor Nizaməddin Şəmsizadə də Natəvan Dəmirçioğlunun
yaradıcılığından bəhs edən "Azərbaycan
milli mənəviyyatının böyük təssübkeşi”
məqaləsində bu cəhəti xüsusi
vurğulayır: "Bu əsərlərdə Azərbaycan
mifik təfəkküründən, Azərbaycan epos mədəniyyətindən,
Türk epos mədəniyyətindən gəlmə bir
şirinlik, bir doğmalıq var” deyə yazır və
professor eyni zamanda, "Natəvan xanımın əsərlərinin
gücü, gözəlliyi gözlənilməzliyindədir”
deyir.
Etnoqrafik
doğmalıq, mili xüsusiyyət xanım müəllifin əsərlərində
həm bədii mətnin daxili strukturunda, həm obrazların
nitqində və xarakterində, həm də əsərin üst hissəsində
membranında özünü göstərir:
"...Açıq darvazadan içəri girdi. Bir doğmalıq duydu. ...Yazağzıydı
deyə, xırdaca otlar göyərmişdi. Torpaq və ot ətri vurdu onu. Allah, Allah burda
necə də hər şey doğmaydı. Uzaq-uzaq keçmişləri yada salırdı.
Bir tərəfdə araba təkəri
atılıb qalmışdı, qoyun-quzu bir-birinə
qarışmasın deyə xalxal kəsilmişdi quzulara.
Ocağın üstündə mis qazanda su buxarlanırdı,
ağsaqqal bir kişi ağac
kötüyünün üstündə oturub təsbehini
dizinə keçirmişdi, bir az aralıda xoruz toyuqları
başına yığıb eşələnirdi. Axşam tərəfinin alatoranı bu sakit həyətə
daha bir sakitlik ələmişdi. O, heç vaxt görmədiyi
bu həyətdə bir doğmalıq hiss edib, quruyub
qalmışdı. ("Yetim”)
Natəvanın hekayə və povestlərində
yazılma tarixindən asılı olmayaraq dəyişməz
milli kolorit var. Eyni zamanda bu bədii materiallar dünyanın
bir sıra dillərinə tərcümə olunub və
uğur qazanıb. Natəvan doğrudan-doğruya
istedadlı Azərbaycan yazıçısıdır. Qəribədir
ki, azərbaycanlılıq onda bir keyfiyyət kimidir, hər sətrində duyulur.
Bəlkə də bu ondan irəli gəlir ki, Natəvan Dəmirçioğlunun
nəsri bir çoxlarında olduğu kimi
mütaliədən yox, həyatdan gəlir.
"Yetim”
əsərindən kiçik, amma mükəmməl bir detal:
"...Nənəsi yarpıza göndərmişdi onu. Yarpızı çoxdan yığmışdı.
Torbanın ağzını bağlayıb,
atmışdı arxın qırağında otların
üstünə. Gün günortadan əyildiyindən
su isinmişdi. Yay idi deyə hər yerdə
yarpız qatıb ötmüşdü. Arxın
qırağında, sudöyəndə isə həmişə
təzə yarpız olurdu. Bəs deyincə oynadı:
üzünü suya salıb, açıq gözlərlə
arxın dibinə baxdı, hardansa axıb gələn bir əlçim
yunu çubuğa keçirib bayraq kimi havada yellədi,
qızlara verməyə beş dənə yumru,
sığallı "beşdaş daşı” tapdı, dəvədabanı
yarpağının üstünə qoydu, suyun kənarında,
palçıqlıqda dalbadal gedən on adamın ayaq izini
düzəltdi, otlardan yolub suda axıtdı "kef elədi”. Birdən
yadına düşdü ki, nənəsi onu gözləyir...”
Professor
Cahangir Məmmədli "Natəvan Dəmirçioğlunun
nəsr dünyası çox maraqlı obrazlarla zəngindir... Natəvan Dəmirçioğlunun
nəsri çox müasir ritmə malikdir” fikrini xanım
yazarın əsərlərindən gətirdiyi misallarla elmi cəhətdən
sübut edir.
Təsadüfü
deyil ki, Natəvan Dəmirçioğlunun "Yetim" əsəri
həm də qonşu, qardaş Türkiyə ədəbi
mühitində çox böyük maraqla
qarşılanıb və 2014-cü ildə ayrıca kitab
şəklində çap olunub. Onu da deyək ki, Azərbaycanlı
yazıçı Natəvan Dəmirçioğlunun
"Yetim” əsəri Türkiyədə "Ölmədən
öncə okumanızgərəkən 1001 kitab” seryasından
"İlin ən yaxşı 50 romanı" seriyasında nəşr
edilib.
Turançılıq,
tanrıçılıq, azərbaycançılıq Natəvan xanımın əsərlərinin
əsas qayəsidir. Onun digər əsərlərində
də, dövlətçilik tarixinin qədimliyini sübuta
yetirən çoxlu faktlara, dəlillərə rast gəlirik. "Üç nöqtə”,
"Avey əfsanəsi”, "Kələğayı” kimi əsərlərinə
hətta tarixi
əsər demək olar.
"Üç nöqtə”, əsərində dilimizin
saflığı uğrunda mübarizə, 90-ci illər 20
yanvar faciəsini
xatırladan təsirli lövhələr təqdim olunur.
Qazaxda məşhur
Avey dağının yaranması ilə bağlı yarı
tarixi, yarı əfsanəvi rəvayət "Avey əfsanəsi"
əsərinin süjetini təşkil edir. "Kəlağayı"da
kəlağayını isə müəllif Azərbaycan
qadınlarının abır-həya, ismət, xanımlıq rəmzi kimi dəyərləndirib.
Hələ
gənclik illərində qələmə aldığı
"Avey əfsanəsi" hekayəsində hər detal nə
qədər təbiidir: "...Bənövşə onun
yanına gəldi. Avey sudan barmaq boyda iki dənə
rəngli balıq tutub göstərdi. Qız
sevincdən atılıb düşdü. Sonra
ağ-appaq əllərini çökəldib dedi:
- At
ovcuma.
Avey də susuz qalmış sürüşkən
balıqları onun ovcuna qoydu. Elə o anda qız
qışqırıb balıqları yerə atdı.
Əllərinə baxdı, heç nə yox idi. Avey utana-utana dedi:
- Niyə qorxursan ki, onlar heç nə eliyə
bilməzlər...”
Professor Buludxan Xəlilov
Natəvan Dəmirçioğlunu "Hər sətirində
yaddaş tarixi, düşüncə tarixi olan
yazıçı” adlandıraraq yazır: "Natəvan Dəmirçioğlu
seçilənlərdəndir. Natəvan Dəmirçioğlu
ədəbiyyata gələndə yeni nəfəslə gəldi.
Bu nəfəs hələ ədəbiyyatımızda
yeni-yeni hadisələr yaradacaq”.
İlk
yaradıcılıq nümunələrindən bu
günkü yazılarına kimi Natəvan Dəmirçioğlunun
yaradıcılığı öz təbiiliyini və
yenilikçiliyini qoruyub-saxlayır və hələ daha
çox inkişaf edəcək. Xanım yazar
hal-hazırda yeni roman üzərində işləyir.
Əsərləri hələlik Amerikada, Moskvada, Türkiyədə,
İranda və digər ölkələrdə nəşr
olunan Natəvan Dəmirçioğluna uğurlar arzulayaraq,
bundan sonra da onun daha böyük layihələrə imza
atacağına, seviləcəyinə və oxunacağına
inanırıq.
Leyla Məmmədəliyeva
Kaspi
2018.- 10-12 fevral.- S.22-23.