ƏŞYALARIN
FƏLSƏFƏSİ
Bizi müxtəlif əşyalar əhatə edir. Onlar haqqında çox az məlumatlıyıq, desəm yanılmaram. Biz onları hər gün görür, istifadə
edir, kolleksiya yığır, hətta onlara aşiq olur, bəzən
əziz adamımımı kimi bağlanırıq da. Məşhur
ədəbi qəhrəman Şerlok Holms Vatsonla söhbətində
belə deyir: "Əşyalar insanlar haqqında daha çox
danışır, nəinki insanlar əşyalar
haqqında". Oxşar paradoksu Albert Eynşteyn (alman nəzəriyyəçisi
– 1879-1955) sudakı balıqlarla bağlı
formullaşdırmışdır: "Ömrü boyu
üzdüyü su haqqında balıq nə bilə bilər
ki?" və ya "Su haqqında məlumatı olan ən
sonuncu məxluq balıqdır" Doğrudan da,
dünyanı ən sonuncu dərk edən çağdaş
insandır. Özü də ki, söhbət hər birimizin
yaşadığı, mexaniki olaraq, adətimiz üzrə
elektriklə, istiliklə, küçə səs-küyüylə,
internetdəki yeniliklərlə və s. birgə
keçirdiyimiz gündəlik dünyadan gedir. "Gündəlik
strukturlar" əsərində Fernan Brodel (fransız
tarixçisi – 1902-1985) qeyd edir ki, keçən əsrlərdə
yaşayan insanlar intellektual planda faktiki olaraq bizim müasirlərimizdir:
"...onların ruhu, istəyi bizimkinə olduqca yaxın
olaraq qalır ki, biz özümüzü başqa bir
dünyada hiss etməyək". Lakin əgər
hansısa möcüzə nəticəsində, məsələn,
Volterin evinə – XVIII əsrə düşə bilsəydik,
o zaman "bizi onun gündəlik həyatının
bütün detalları dərindən heyrətləndirəcəkdi.
Hətta onun özünə göstərdiyi qayğı belə...
Onunla bizim aramızda uçurum yaranardı: evin axşam
işıqlandırılmasında, istilikdə, nəqliyyat
vasitələrində, qidada, xəstəliklərdə,
müalicə metodlarında...". Əgər
zaman maşınında heç olmasa iyirmi-otuz il
geriyə qayıdıb 1980-ci illərdə Sovet
İttifaqına düşə bilsəydik, demək olar ki,
eynən bu cür uçurum ən xırda detallarda da
yaranardı. Mis qəpiklər, şüşə süd
butulkaları, böyük maqnitofonlar, sərnişinlərin
vicdanına buraxılan baxımsız avtobus kassaları,
"Troynoy" odikolonu, "Moskva" markalı yazı
makinası, nərildəyən "Polyus" soyuducusu, iyirmi
qəpiyə satılan kağız stəkanlardakı plombir
dondurmaları, çox da keyfiyyətli olmayan lampalı
"Rubin" televizorları, əlləsıxmalı
paltaryuyan maşınlar... – bütün bunlar hansısa
alternativ dünyanın əlamətləri, başqa planetin
dekorasiyalarıdır. Özü də ki, hər
bir əşya xüsusi, daha çox sirli texniki
davranış tələb edirdi. Məsələn,
birqəpikliyi "Xarkov" su avtomatına xüsusi istedadla
fırlayıb atsaydın, qeyri-qanuni olaraq üç qəpik
dəyərində olan siroplu qazlı su götürə bilərdin.
Bundan başqa, "Su döyüşü" tipli avtomat
oyunlarının, əl antenalı televizorların, mexaniki zəngli
saatların, küçə taksofonlarının, qapı
kilidlərinin, mikrofonların və s. də öz xüsusi
sirləri vardı. Gündəlik reallıqlar
daha tez axıb gedir, nəinki dövlətlər qurulur və
dağılır, nəsillər bir-birini əvəz edir,
kitablar çap olunur. Gündəlik əşyaların
dünyası birdəfəlik yox olur, gedir və biz
acımadan tez köhnələn televizor, avtomobil, kompüter
proqramlarıyla vidalaşırıq.
Maraqlıdır ki, niyə hansısa əşyalar bir
başqalarını geridə qoyur, hansısa boş, mənasız
bir şey sevilir, bəyənilir, lakin həyati vacib
texnologiyalar (məsələn, ekoloji cəhətdən
özünü təsdiqləmiş) ictimaiyyət tərəfindən
qəbul olunmur. Pis vərdişlər və predmetlər
(siqaret, alkoqol, narkotik, silah və s.) yaşayır və qalib
olur, lakin heç olmasa fiziki sağlamlıqçün
yararlı və həm də vacib olan şeylər istifadəçilərin
şüur və istək rəqabətinə dözə
bilmir.
Əşyanın əsas xüsusiyyəti ondan ibarətdir
ki, o nəyisə xəbər verir, məlumat
ötürür, bilgiləndirir. Əşya danışa bilir, o,
özünə xas xüsusiyyətlərdən başqa da
hansısa məna daşıyıcısı ola
bilir. Əşyaları duymaq da
mümkündür. Onları eşitmək,
başa düşmək, anlamaq olur. Əşyalarla
dialoq çox mühüm bir məsələdir. Axı əşyalar həm özləri, həm də
onu əhatə edən, başqa əşyalar haqqında
informasiya ötürülür.
Ekran ekranlaşdırır, o görünməyən və
ya təhrif olumuş bir ortamdır. Hansı ki, indi daha
insanlara dünyanı açmır, əksinə,
yalançı obrazlar təqdim etməklə dünyanı
insançün bağlayır. Bu yerdə Hans Kristian
Andersenun (danimarkalı yazıçısı –1805-1875) məşhur
"Qar kraliçası" əsərindəki sınıq
güzgü yada düşür: insanın yaxınları və
dünyayla əlaqəsini dağıtmaqdan ötrü balaca
bir şüşə parçasının gözə
düşməsi kifayət edir. Bəlkə də,
dövrümüzün əsas problemlərindən biri
insanların əşyalarla sadə münasibətlərinin
korlanmasıdır. Söhbət adi əşyalardan
deyil, bizim dünyaya və əşyalara qarşı
münasibətimizin sadəliyindən gedir.
Bizi əhatə edən, diqqətimizi çəkən əşyalar,
hətta bizim marağımızın xüsusiyyəti
planında da sirli qalır. Şak Lakan (fransız psixoanalitiki,
filosof – 1901-1981) əşyalarla bağlı yazır:
"Əşyalarla münasibət – görmə qabiliyyətliylə
yaranan və təsəvvür fiqurlarıyla nizamlanan, qaydaya
salınan münasibətlərdə həmişə
sürüşüb aradan çıxan, bir yerdən
başqa yerə keçən, bizdən yaxa qurtaran nəsə
var".
Gündəlik əşya təyinatına görə
artıq təkcə predimet deyil, o həm də nitq aktı,
müzakirə mövzusu, işlək bir şeydir. Əşya məlumat
ötürəndir. O, əşyalar arasında
münasibətlərin ansamblıdır. Çünki əşyaların
müasir istehsal-istehlak bumu əvvəldən seriya, dəst,
tiraj və s. şəkildə mövcuddur. Özünə
uyğun, oxşar və ya onu dəstəkləyən
texnologiya və elementlər kompleksindən ayrılanda əşya
dərhal öz cazibə və dəyərini itirir. Məsələn, əgər klaviaturayla yazan vaxtda
kompüter İnternet şəbəkəsindən ayrılsa,
insan özünü dünyadan təcrid olunmuş Robinzon
Kruzo kimi hiss edər. Bu anda monitor da daha çox təklik
və dilxorçuluq ekranına çevrilər. Və kompüter adi yazı makinası olar. Lakin kompüteri şəbəkəyə qoşub,
bir neçə möcüzəli düymələri basmaqla
kompüter yenidən "canlanar" və əşya
ansamblına qoşulub insana məmnunluq verər. Səlində, demək olar ki, hər birimizdə
baş verə biləcək haldı bu.
Əşya əgər daxili aləmdən bir əşyadırsa, onda fizika və ümumiyətlə, elm öz yerini müasir əşyaların rasional və şüursuz şəkildə mövcudluğunun vacibliyini araşdıran fəlsəfə və psixologiyaya verməlidir. Bu nöqteyi-nəzərdən məişət əşyası fenomendi, hadisədi, təzahürdü... Və bu danmaq olmaz.
İnsanlar özlərinə lazım olan əşyaları daxili istəklərinə, gündəlik tələbatlarına və s. görə seçirlər. Məsələn, uşaqlar oyuncaq dünyasından özləri üçün onun daha çox şüursuz sorğularını ifadə edən oyuncaqları toxunuşla, görünüşlə seçirlər. Böyüklərsə reklamları, müxtəlif "sərfəli" təklifləri xırdalıqlara varmaqla incələyir, əşyanı iyinə, rənginə, dadına, ümumi görünüşünə görə yoxlayır və artıq ondan sonra lap əvvəldən (bəlkə də, anadan olandan və ilk uşaqlıq fiksasiyalarından) daxili topologiyasının strukturunu təkrarlayan əşyanı alır.
İstəyin predmeti, əslində, mövcud deyil. Çünki
diqqət çəkən obyekt elə ki müəyyən və
istifadə olunan əşyaya çevrilir, dərhal başqa
bir şey – daha maraqlı, daha cəlbedici bir şey
tapılır. İstək konkret predmetdən
ayrılaraq bu seriyadan başqa əşyalara axıb gedir.
Və bu, davamlı şəkildə baş
verir. Bu istəklər, tələbatlar bir
əşyadan digərinə rahatlıqla keçid alır, dəyişilir.
Əşyalar, əşyalara qarşı istək və
tələbatla analiz edilir. Bu cür analiz
üçün ilk imkan əşyaların maraq, istək predmeti
kimi və ya Lakanın diliylə desək, istək səbəbi
obyektinin dəkredilməsi zamanı yaranır. Bu
baxış bucağı altında televizor, ayaqqabı,
telefon, avtomobil və s. gündəlik işlənən əşyaların
rolunu və məğzini dəyərləndirmək olar.
Başqa bir variant – aksentin istək obyektindən daha
radikal şəkildə marağa yönləndirilməsidir. Bu halda əşya
psixiki duruma, daxili kosmosun atomuna çevrilir. Bu mənada
ailə, yaş, zorakılık, sevgi və s. haqqında
danışmaq olar.
Əşyalarla bağlı mövzunun davamında
başqa maraqlı məqamlara toxunaq. İmmanuel Kant "Xalis zəkanın
tənqidi” kitabına "das Ding an sich”
ifadəsini daxil edib. İfadənin mənası
"özü özündə əşya”, yaxud da "əşya
özündə” anlamındadır. (Bu
cür terminlərə Platon və Aristotelin əsərlərində
də rast gəlmək olar.) Kantın bu
ifadəsi göstərir ki, əşyaların dərk
prosesində "insan üçün” olduğu məlum olsa
da, onlar elə özü özünə mövcuddur
("özündə”). Onun fikrincə,
"özündə əşyalar” dərkedilməzdir.
Kant yazırdı: "Bilik ancaq hadisəyə aiddir, əşya
isə özlüyündə dərkedilməz qalır”.
"...nəyisə dərk etməkdən ötrü əvvəlcə
həmin o şey haqqında düşünmək, onun haqda
ümumi təsəvvür yaratmaq, fikrində qurmaq
lazımdır. Və fikrində qurduğun zaman
əsas rolu təxəyyül oynayır. Deməli,
elm təbiətin qanunlarını açmaqdan çox,
onları təbiətə aid edir.” Kantın bu barədə
də qeydi var: "Ağıl qanunlarını (apriori) təbiətdən
götürmür, sadəcə onlara adi edir”. Bu
alman filosofunun fikrincə, əşyaların məğzini,
mahiyyətini şüurlu elmi biliklər öyrənmək
iqtidarında deyil. Çünki bundan
ötrü bütün dünyanı şüurla dərk etmək
lazım gələrdi. Elminsə buna gücü
çatmaz: o ancaq tam dünyadan müəyyən hissələri
"kəsir”, reallığın ayrı-ayrı aspektlərini
dərketmə obyekti kimi ayırır.
Göründüyü kimi əşyalar, onların fəlsəfi,
onlara olan tələbat, istək, sevgi haqqında müxtəlif
fikirlər var. Əşyalara vurğunluq, onlara daha çox
aludəliksə "əşyaviliyə”ə gətirir
çıxarır. Əşyaviliyin psixologiyası insanın
əşyalara aşırı dərəcədə aludəliyidir.
Və bu cür insanlar ətrafdakı insanlara da
əşyalarına görə qiymət verməyə
başlayırlar. Və beləliklə də,
əşyanın quluna çevrilirlər. Əşyalara vurulmaq, onları dəlicəsinə
arzulamaq yox, sadəcə, tələbat olduqca alıb istifadə
etmək daha yaxşıdır.
İnternet
materialları əsasında hazırlayan: Xanım Aydın
Kaspi 2018.- 10-12 fevral.-
S.10.