Şeir içimdəki mənfi duyğulardan arınmaq vasitəsidir

 

Gənc şairə Məsumə Əhədova: “Bayağı hisslərlə də şeir yazmaq olar, ali fikirlərlə də”

 

– Məsumə, sənin çox gözəl şeirlərin var, amma niyə görəsə ədəbi mühitdən "gizlənirsən”.

Çox sağ ol, Fəridə. Ədəbiyyatdakı qadınlardan biri də sənsən. Səncə, biz gizlənirik? Məncə, yox. Düzdür, kişilər ədəbiyyatda da üstünlük təşkil edir. Amma daim göz önündə olmaq da yaxşı yazmaq göstəricisi deyil. Bir dövr var idi ki, yaxşı yazırdım, şeirlərimi ictimailəşdirməkdə maraqlı idim, çox böyük gözləntilərim var idi. O dövr 5-10 oxucu qazanmaqla qapandı. Tanınmaq üçün, "gənc şair ədəbiyyata ilk addımını atdı" sözünü eşitmək üçün gərək mənfəət münasibətləri qurardım, qarşılıqlı təriflər yağdıracağım qapalı bir ədəbiyyat çevrəsinə qatılardım. Bunlar da təbiətimə ziddir. Bunları etsəydim, yaza bilməzdim. Gözlədiyim uğuru tapmadığıma görə, bir xeyli məyus olmuşdum, amma həm də sonda mənəvi rahatlıq tapmışdım. Artıq ədəbiyyata daha sakit, laqeyd baxıram. Özüm üçün yazıram və ya heç nə yazmıram. Buna gizlənmək də demək olar, fərd olaraq özünü tükətməmək də.

 

Melih Cevdet Anday bütün yazılarda "şeir duyğularla yox, fikirlərlə yazılır” deyir. Bəs səncə, şeir yaza bilmək üçün hansı mövzularda müəyyən fikrə, düşüncəyə sahib olmalıdır şair?

– Məncə, yazmağın müəyyən bir qaydası, düsturu yoxdur. Bayağı hisslərlə də şeir yazmaq olar, ali fikirlərlə də. Çox alçaq adam da ola bilərsən, hamının görəndə yolunu dəyişdiyi darıxdırıcı adam da.

 

– Məşhur şairlərin əksəri bu fikirdədir ki, şair özünü müəyyən ruh halına salıb daim o vəziyyətdən zövq almağa çalışır. Bu bir növ onun faciədən qaçış şəklidir. Sənin bu haqda fikirlərini eşitmək maraqlıdır.

– Səni yazmağa vadar edən məsələ nə qədər ağrılı olsa da, şeir üçün ona dönə-dönə qayıdıb özünü incidə bilərsən. Bu, tullantılardan nəsə düzəldib yararlı hala salmaq kimidir: "Hər şey çox absurddur, elə isə bu haqda bir şeir yazım!" Həm də bir mənəvi travmanı, kədərli xatirəni qəhrəmanına yükləyib özünü xilas edə bilərsən. Bu, insana rahatlıq gətirir.

 

Dünya ədəbiyyatından hansı müəllifləri oxuyursan, izləyirsən, ən sevdiyin şairlər kimlərdir?

– Əsasən rus ədəbiyyatını oxuyuram. Brodski və Axmatovanın şeirlərini xüsusilə sevirəm.

 

Camal Sürəyya deyib ki "şeirdən qorxuram, zaman-zaman ondan qaçdığım da olub". Sən necə, şeirdən qorxduğun, ondan qurtulmağa çalışdığın anlar olurmu? Ümumiyyətlə, şairin şeirdən qaçmaq cəhdi, səncə, uğurlu alına bilirmi? Bunlar haqda nə düşünürsən?

Şeir məni qovalayırmı, bilmirəm. Bu sualın yadıma uşaqlığımı saldı. "Yeməyini qurtarmasan, dalınca gələcək",- deyə qorxudurdular. Arxamca qaçan bir qoğal, toyuq, kartof xəyal edirdimçox gülməli gəlirdi.

2017-ci ildə demək olar ki, heç nə yazmadım. Özümə yazmamağa icazə verdim. Həyatı yaşamaq, yeni təcrübələr qazanmaq, özünü yaxşı ilə, pis ilə imtahan etmək lazım idi. Daha əvvəl 15 yaşımda da belə etmişdim, bir də 21 yaşım olanda şeirə qayıtmışdım. Amma o müddətdə həmişə içimdə bir əminlik var idi ki, bacaracağam. İstədiyim vaxt buraxa, istədiyim vaxt başlaya bilərəm. Artıq məndə elə bir əminlik, xüsusi yazmaq ehtirası yoxdur. Amma qorxum var ki, yaza bilmərəm, həyatı mənalandırmaq cəhdlərindən ən gözəlini itirərəm. Bu baxımdan mən şeirdən qorxmuram, qaçmıram, əksinə onu arzulayıram.

 

Rasim Qaracanın İran ədəbi dərgilərindən birində getmiş müsahibəsində belə bir fikir vardı: "Bugünkü əsərlər sanki şüşə içərisində dənizə atılmış məktublar kimi yazılır. Haray xarakterlidir. Sanki hardasa kimlərsə səsimizi eşidəcək və yardım əlini uzadacaq”. Sən necə düşünürsən bəs? Ədəbiyyat el, əslində, "haray”, "eşidilmə ehtiyacı” deyilmi?

– Yazdığım şeirlər çox mən-mərkəzlidir, özümə ünvanlanıb. Özünüifadə, özünüdərk daha vacib olub, nəinki eşidilmək. Bunu dəyişmək istəyirəm. Şeirimin mərkəzinə özümü yox, hər hansı insanı, hadisəni gətirmək istəyirəm. Sonra da şüşə içərisində dənizə atmaq.

 

– Niyə insan özünü xoşbəxt hiss edəndə yazmaq çətinləşir, səncə? Ya belə deyil?

Nikbin şeirlərim yox dərəcəsindədir. Mənim üçün şeir içimdəki mənfi duyğulardan arınmaq vasitəsidir. Müsbəti isə daha çox özümə saxlayıram. Başım həyata qarışanda çox da yazmaq istəmirəm. Anı yaşamaq daha maraqlı gəlir.

 

– Şeirlər sənin üçün həyatından hansısa yaşanmış, bəlli günlərin nəticəsində yaranır, yaxud həyatının hansısa mərhələsinin, dövrünün?

Çox vaxt şeirlərimi müəyyən bir mərhələnin, çıxarılmış həyat dərsi, təcrübənin yekunu kimi yazmışam. Çox nadir olub ki, bir günün təəssüratlarından şeir yazım.

 

– Ümumiyyətlə, sənin üçün bəşəri şeir anlayışı nədir? Şeirin zaman, məkan, cins, irq, din və mədəniyyət məsafələrini aşa bilməsi üçün nəyə ehtiyacı var?

– Bəşəri şeir başqa mədəniyyətə, keçmişə mənsub insanlara da xitab edə bilən şeirdir. Şeirin zaman, məkan, irq, din və mədəniyyət məsafələrini aşa bilməsi üçün bunları aşmış şairə ehtiyacı var. Bunun üçünaradabir dəyərləri, inancları yoxlamaq, təzələmək lazımdır, əzbəri unutmaq lazımdır. Əslində bir az milli düşüncə çatışmazlığım var deyə narahatam.

 

Sonda bəlkə bir-iki şeir oxuyasan?

Daş-divar içində bir parça yaşıl ot

yadların içində tanış sima tək

gülümsəyir üzünə.

Səni tanıyan bir nəfər varsa,

sağsan, deməli

diriliyin, artımın carçısıdır ot.

Azalmasın yalnızlıq,

amma davam etsin deyə həyat öz axarıyla -

sənsiz bəlkə, daha tənha səssiz -

Özününkü bilməyəsən gərək heç nəyi,

tanışı yerindən dərməyəsən,

Quruyacaq əllərin dəysə,

dəniz .

 

***

 

On hekayə yazaram,

heç birində yollarımız kəsişməz

Pişiyini sevmərəm,

"qonşudeməzsən mənə,

qohum ola bilmərik.

Dünyalar bir dəfə toqquşur,

həmişəlik ayrılır

eyni əsrdə yaşamaq bizi doğma eləmir.

Sevmək imkansızdır,

artıq şeirdə .

 

Söhbətləşdi: Fəridə Uğur

 

Kaspi  2018.- 10-12 fevral.- S.18.