Mingəçevirdə “Sadığın toyu” ilə müşayiət olunan yubiley

 

Bu ilin mart ayının 10-da peşəkar Azərbaycan teatrının yaranmasının 145-ci ili tamam olur. 145 illik şərəfli bir yol keçən Azərbaycan teatrında neçə-neçə sənət məbədləri yaratmaqla yanaşı, böyük aktyor nəsli də yetişdirib. Bu aktyor nəsli öz yaradıcılığında dövrünün aktual problemlərini göstərməklə yanaşı, həm də repertuar zənginliyi ilə böyük tamaşaçı auditoriyasını ətrafına cəlb edə bilib. Bu illər ərzində peşəkar səhnədə öz sözüyeri olan teatrlarımızdan biri də Mingəçevir Dövlət Dram teatrıdır. Artıq bu teatr özünün 50-ci mövsümünü uğurla davam etdirir.

 

1968-ci ilin sonları gənclər şəhəri kimi tanınan Mingəçevirin mədəni-ictimai həyatında bir dönüş ili olaraq yaddaşlarda yaşayır. Belə ki, məhz həmin ildə Mingəçevirdə Dövlət Dram teatrının yenidən yaradılması ilə bağlı tarixi bir sərəncam olub. Bu zaman Mingəçevir Mədəniyyət sarayının nəzdində fəaliyyət göstərən Xalq Teatrının truppasının bazasında Mingəçevir Dövlət Dram teatrı yaradılıb. Bu tarixi qərardan sonra teatr 1969-cu il mart ayının 28-də Beynəlxalq teatr günü ərəfəsində öz pərdələrini Cəfər Cabbarlının "Almazpyesinin ilk tamaşası ilə açıb. 1974-cü ildən 1990-cı ilin sonlarınadək teatr SSRİ xalq artisti Mərziyyə Davudovanın adını daşıyıb. 50 illik tarixi bir yol keçən teatrın repertuarında klassikmüasir dramaturqların pyesləri hər zaman geniş yer tutub. Belə ki, M. İbrahimovun "Kəndçi qızı”, İ. Əfəndiyevin "Mahnı dağlarda qaldı”, "Unuda bilmirəm”, "Məhv olmuş gündəliklər”, S. S. Axundovun "Eşqintiqam”, N. V. Qoqolun "Müfəttiş”, M. F. Axundzadənin "Hacı Qara”, "Sərgüzəşti-vəziri-xani-Lənkəran”, C. Cabbarlının "Aydın”, "Solğun çiçəklər”, İ. Hüseynovun "Haray”, C. Məmmədquluzadənin "Ölülər”, H. Cavidin "Ana”, M. Zarudninin "Yol kənarı”, N. Xəzrinin "Qütb ulduzu”, A. Arbuzovun "Sərt oyunlar”, S. Azərinin "Duman çəkilir”, Ə. B. Haqverdiyevin "Pəri cadu”, V. Vinniçenkonun "Günəşli yer” və başqa uğurlu səhnə taleyi yaşayan pyesləri məhz Mingəçevir Dövlət Dram Teatrının səhnəsində maraqlı rejissor traktofkasında tamaşaçılara təqdim olunub.

 

Hər zaman repertuar zənginliyinə xüsusi önəm verən Mingəçevir Dövlət Dram Teatrının yaradıcı kollektivi filologiya üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi, şair-dramaturq Sahib İbrahimlinin "Sadığın toyu” adlı iki hissəli məzhəkəsini yubiley ərəfəsində tamaşaçılara təqdim edib. Qeyd etməliyəm ki, 1992-ci ildə ilk dəfə olaraq qələmə aldığı "Maşın” komediyası ilə Gəncə Dövlət Dram Teatrında tamaşaçılarının görüşünə gələn Sahib İbrahimli dramaturgiyasına Mingəçevir Dövlət Dram Teatrı birinci dəfədir müraciət edir. "Maşın” komediyasından sonra Sahib İbrahimlinin qələmə aldığı "Bəylər və xanımlar” və "Yaponlar gəlir” komediyaları da peşəkar Azərbaycan dramaturgiyasında yeni bir fikir və baxış kimi səciyyəvidir. "Sadığın toyu” komediyası 2016-cı ildə ilk uğurlu səhnə taleyini rejissor, xalq artisti Vaqif Şərifovun quruluşunda Gəncə Dövlət Dram Teatrında, daha sonra isə 2017-ci ildə Ağdam Dövlət Dram Teatrında rejissor Kərim Həsənlinin quruluşunda tapıb. Qeyd etməliyəm ki, Azərbaycan dramaturgiyasında komediya janrında Sabit Rəhman yaradıcılığından sonra yaranan boşluğu öz tamlığı ilə 60 və 80-ci illərdə aradan qaldıra biləcək Altay Məmmədov dramaturgiyası mövcud idisə, bu gün artıq bu janrda dramaturgiyanın ən layiqli davamçısı məhz Sahib İbrahimli komediyalarıdır.   

"Sadığın toyu” komediyası ailə-məişət mövzusunda qələmə alınıb. Tamaşa Dozanqurdu kəndinin kasıb ailələrindən olan Cəfər kişinin evində olan hadisələrlə başlayır. Lakin müəllif Sahib İbrahimli bir ailə daxilində baş verən əhvalatların miqyasını bilərəkdən genişləndirərək yaşadığımız cəmiyyətin neqativ görüntülərini bəzi reallıqları ilə üzvü şəkildə əlaqəli formada təsvir edə bilib. Əsərin qəhrəmanı olan Cəfər kişi (respublikanın əməkdar artisti Şıxı Yaqubov) qoduğu satıb evin sonuncu oğlu olan Sadığa (aktyor Eyvaz Əliyev) toy eləmək fikrinə düşür. Onun ömür-gün yoldaşı Nərgiz də (aktrisa Afət Əliyeva) ərinin bu fikri ilə razılaşır. Beləliklə, Cəfər kişi qoduğu öz həmkəndlisi olan Bığ Mürsələ (aktyor Asim Məmmədov) satır. Elə tamaşadakı bütün komik planda olan hadisələr də bundan sonra başlanır. Hadisələr bir qoduğun satıldığı məbləğin - min manatın başında cərəyan etməklə, daha da gərginləşir. İnsanların pula olan hərisliyi, rüşvətxorluq və korrupsiya hallarının baş alıb getməsi balaca bir kəndin həyatında maraqla izlənilir. Əslində müəllif  bu əsəri ilə bir daha göstərir ki, pula olan hərislik bütün insani keyfiyyətlərin fövqündə, öndədir. Pyesdə ailədaxili gərginliyi artıran ən maraqlı hadisələrdən biri də Sadığa evlənmək məsələsində - qız seçməkdə ailə başçısı Cəfər kişi ilə evin xanımı Nərgizin fikirlərinin qəti şəkildə bir-birindən ayrı olması, üst-üstə düşməməsidir. Onlar bu barədə bir-biri ilə bərk mübahisə edir və fərqli ailələrin qızlarını təkidlə oğullarına təklif edirlər. Sadıq isə bunun qarşılığında özünün sərbəst bir seçiminin olduğunu bildirərək, tamam başqa bir ailənin qızını sevdiyini bildirir.

 

Maraqlı cəhət burasındadır ki, hadisələrin cərəyanı fonunda çox keçmir ki, ailədəki bu gərginliyə başqa bir gərginlik də əlavə olunur. Belə ki, Cəfər kişinin ailəli oğlanları olan Mozu, Şəppəli, Hoppadan və hətta Moskvada yaşayan qızı Qızbəs də qoduğun satıldığını eşidib bu qazancdan onlara düşən payı təkidlə tələb edirlər. Hadisələrin cərəyanı fonunda övladların hər üçü də səhnədə çox dinamikmaraqla izlənilən xarakterlər kimi təqdim olunur. Mozu (aktyor Elvin Əkbərli), Şəppəli (aktyor İlqar Rəhimov), Hoppadan (aktyor Paşa Salmanov) obrazlara özlərinə xas olan ştrixlərlə hadisələrin daha da maraqla izlənməsinə şərait yarada bilirlər. Pyes boyu Cəfər kişi ilə Nərgiz xala övladlarına başa salmağa çalışırlar ki, qoduğun satışından əldə olunan pulla Sadığa toy eləmək istəyirlər. Lakin övladları valideynlərinin sözlərinə nəinki məhəl qoymur, hətta müxtəlif tərzdə atalarını hədələyirlər də.

 

Tamaşa boyu maraqla izlənilən obrazlardan biri də respublikanın əməkdar artisti Şıxı Yaqubovun yaratdığı Cəfər kişi obrazıdır. Cəfər kişi tamaşa boyu öz maraqlı danışığı ilə diqqət mərkəzində olmaqla, eləcə də obrazın xarakterinə uyğun olan təmkin və tədbirlidir. Kənar təzyiq və təsirlərə baxmayaraq Cəfər kişini heç bir qüvvə öz fikrindən döndərə bilmir. Respublikanın əməkdar artisti Şıxı Yaqubovun səhnədə hər bir sözü və jestləri rejissor traktofkası ilə uyğunlaşaraq əsərin mahiyyətinin açılmasında əsas rol oynayır. Aktyorun oyunu maraqla izlənilir.

 

Maraqlı obrazlardan birievin xanımı Nərgiz xaladır. Aktrisa Afət Əliyeva öz ifasında övladlarının hər birinin xarakterini dərindən bilən, hər birinin dili ilə onları danışdırmağı bacaran hətta yeri gəldikdə övladlarını təlqin edən bir obraz kimi göstərilir. Aktrisa obrazın daxili aləmini açaraq öz ifası ilə şöhrətpərəstlik və qohum olacağı şəxslərin hətta vəzifələrinə, tutduqları mövqelərinə görə seçilməsinin əsas olduğunu səhnədə böyük ustalıqla göstərə bilir. Nərgiz xalaaktrisa Afət Əliyeva həm də ailəsinin qürurunu qorumaqla, həyat yoldaşı Cəfər kişinin müdafiəsinə qalxmaqla, ailədaxili vəziyyətlərin dəqiq ştrixlərlə oynanılmasını maraqla göstərə bilir.   

 

Sadığın (aktyor Eyvaz Əliyev) ata-anasından xəbərsiz sevdiyi Lalənin (aktrisa Nargilə Abdullayeva) az qala zor gücünə bu evin gəlini olmaq cəhdi, qoduğu alan Bığ Mürsəlin (aktyor Asim Məmmədov) öz sövdasını pozmaq, verdiyi pulu geri almaq istəyi də tamaşadakı ümumi gərginliyə yeni bir rəng qatır.

 

Aktyor Eyvaz Əliyevin səhnədəki Sadıq obrazı ilə maraqlı ifası tamaşanın ümumi axarına, maraqla izlənilməsinə və hadisələrin cərəyanına böyük təsir göstərir. Aktyorun tamaşa boyu jestləri və rəqsi səhnədə onun istedadlı bir aktyor kimi püxtələşməsindən xəbər verir. 

 

Kənd məmurları - kənd icra nümayəndəsi Tanrıverdinin (aktyor Aydın Quliyev), kənd bələdiyyəsinin sədri Salmanın (aktyor Qabil İbrahimli) və polis sahə müvəkkili Qoçuyevin (aktyor Firuz Hacıyev) gəlişi ilə tamaşadakı gərginliyin yeni və həm də daha güclü bir dalğası başlanır. Belə ki, hər zaman "Kəndin ağası” sayılan bu "qoçular” – kənd rəsmiləri də qoduğun satışından əldə olunan puldan pay umurlarbunun üçün müxtəlif hiylələrə əl atırlar. Hər vəchlə Cəfər kişidən pul qoparmağa çalışan bu "kənd ağaları” onu min bir bəhanə ilə şərləsələr də, sonda istəklərinə çata bilmirlər. Tamaşa gözlənilməz və nikbin bir sonluqla başa çatır. Belə ki, heç kimin gözləmədiyi halda, Sadıq və Lalə bir-birilərinə qovuşurlar.

 

Tamaşanın quruluşçu rejissoru, Ağdam Dövlət Dram Teatrından dəvət olunan rejissor Kərim Həsənlidir. Rejissor pyesin ideyasına, ana xəttinə uyğun olaraq maraqlı bir səhnə əsərinin ərsəyə gəlməsinə nail ola bilib. Onun quruluşunda səhnədə olan hər bir detal belə maraqla izlənilir və baxılır. Əslində hadisələr pyesdə müəllifin ideyasına görə bir məkanda cərəyan edir. Ancaq rejissor Kərim Həsənlinin bir məkan görünüşünü öz traktofkası ilə ikiyə bölməsi tamaşanın daha da baxımlı olması üçün ümdə şərait yarada bilib. Rejissor maraqlı səhnə mizanları ilə hadisələrin daha dolğun bir formada çatdırılması üçün bütün imkanlardan istifadə edə bilib. Rejissor Kərim Həsənli insanların pula olan hərisliyini xüsusi olaraq balaca bir kəndin həyatında, yaddaqalan formada təqdim etməyə çalışıb və buna nail olub.

Tamaşanın maraqla izlənilməsində quruluşçu rəssamın da işi xüsusi olaraq qeyd edilməlidir. Quruluşçu rəssam, respublikanın əməkdar rəssamı Rafael Həşimovdur. Rəssamın maraqlı tərtibatı rejissor işi ilə həmahəng səslənməklə, səhnədə maraqla baxılır. Kənd həyatının canlılığı və absurd təxəyyül mənbəyi olan detalların daha çox istifadə edilməsi həm də tamaşaya xüsusi bir zövq verməklə diqqəti cəlb edir.

 

Tamaşanın musiqi tərtibatı Elnur Rəsulova məxsusdur. Səhnədə baş verənlərin fonunda hadisələrin daha dinamikoptimal bir şəraitdə göstərilməsi, təqdim olunmasında musiqi tərtibatının xüsusi önəm daşıdığı qeyd edilməlidir.

 

Tamaşanın finalında toy olacağını müjdə verən Sadıq, əslində bir daha insanları gənclərin qayğısına qalmağa, ailədə sağlam əhval-ruhiyyə yaratmağa, mənəvi-əxlaqi dəyərlərimizə hörmət və ehtiramla yanaşmağa, pul hərisliyindən çəkinməyə, məmur özbaşınalığına, eləcə də tamahkarlığa qarşı mübarizəyə səsləyir.

 

Sahib İbrahimlinin "Sadığın toyu” komediyası bir daha göstərir ki, əslində teatr bir növ ictimai səsdir, baxışdır, qınaqdır, xalqın fikridilidir. Xalq həyatda gördüklərini fərdi olaraq düşünər, amma vahid dili olmadığına görə danışa bilməz. Məhz teatrbu kimi digər sənət növləri xalqın dilidir. Məhz teatr bu cür neqativ halları və gördüklərini səsləndirər. Sətirlərin arasında incə bir halda, komediya janrında səsləndirər və xəfifcə gülər.

 

Anar Bürcəliyev

Teatrşünas

 

Kaspi  2018.- 15 fevral.- S.15.