Kastamonu Universitetinin
göyçəli rektoru
Seyid
Aydın:“Türk xalqlarının ortaq dili
olmalı və ortaq tarixi yazılmalıdır”
Türkiyənin şimalında, Qara dəniz bölgəsində
yerləşən, zəngin tarixi və gözəl təbiəti
olan Kastamonuda bir soydaşımızın universitet rektoru
olduğunu eşitmişdik. Onu öz kökünə,
elinə-obasına bağlı biri kimi tərif etmişdilər.
Qismət elə gətirdi ki, Kastamonuya səfər
etdik və bu səfər çərçivəsində həmin
insanla görüşmək, onun uğura gedən yolundan xəbər
tutmaq istədik. Kastamonu Universitetinin rektoru
Seyid Aydın bizimlə görüşməyi məmnuniyyətlə
qəbul etdi. Nəticədə,
görüşümüz hər iki tərəf
üçün xoş oldu. 1958-ci ildə
Amasiyada anadan olan müsahibimiz 1984-cü ildə Atatürk
Universiteti Əkinçilik mühəndisliyi fakültəsindən
məzun olub. 1992-ci ildə Atatürk
Universitetində doktorluğu müdafiə edib. 2003-2006-cı illərdə Qazi Universiteti, 2006-2011-ci
illərdə Kastamonu Universiteti, daha sonra bir müddət
Ərzincan Universitetində çalışıb. Həmin ildən Kastamonu Universitetinə rektor vəzifəsinə
təyinat alıb. O gündən etibarən onun rəhbərliyi
ilə universitetdə köklü dəyişikliklər
başlanıb.
- Seyid bəy, sizinlə - Türkiyənin
tarixi şəhərində azəri kökənli bir rektorla
görüşməkdən məmnunluq hissi duyuruq.
Maraqlıdır, necə oldu ki, bura qədər gəlib
çıxdınız?
- Əvvəla, onu deyim ki, mən əslən Azərbaycanın
Göyçə mahalındanam. Kəndimizin adı
Gölkənddir. Nəinki Gölkənddə, Çaykənddə,
Qazaxda və Azərbaycanın digər bölgələrində
də qohumlarımız var. Siz mənim məmləkətimdən
gəlmisiniz. Xoş gəlib, səfalar gətirmisiniz.
Azərbaycan bizim doğulduğumuz torpaqdır.
- Necə oldu ki, siz Amasiyada, sonra da
Kastamonuda məskunlaşdınız?
- Osmanlı-rus
müharibəsi illərində bizimkilər bura
köçüb gəliblər. Hətta
köç o qədər böyük olub ki, onun bir hissəsi
yolda tələf olub. Bizim nəsil Amasiyaya
gəlib çatıb. Onların bir qismi
Tokata, bir qismi isə Çorum, Qaraman, Qars, Ərdəhan,
Manisa və Türkiyənin digər məkanlarına
dağılıblar. Bizimkilərin də
Amasiyaya gəlişlərində bir səbəb var. Təsəvvüf
alimi Mir Həmzə Seyid Nigari həzrətləri bizim
qohumumuz olub. Naqşibəndi təriqəti
Şah İsmayıl Şirvani həzrətləri də
Amasiyalıdır. İsmayıl
Şirvaninin övladlarından Məmməd Rüştü
Paşa Osmanlı imperiyasının sərkərdəsi idi.
Bizimkilər dağı çox sevirlər.
Amasiya isə bataqlıqdır. Ona görə, 1200 metr yüksəklikdə bir
yaylağa çıxıblar. Amasiyanın
Suluova kəndində yaşayırıq. Amasiyanın
bir sıra kəndlərində bizim qohumlarımız da var.
Əbdülhəmid xan azərbaycanlıları yerləşdirərkən
Amasiyanın kəndlərinə yaxın olmalarını təmin
edib.
- Göyçəni görmək istərdinizmi?
- Əlbəttə...
Rəhmətlik əmim deyirdi ki, mən
torpaqlarımı görməsəm, gözüm
açıq gedərəm. O, dünyasını dəyişdi.
Ancaq onun yerinə mən Azərbaycana getdim, lakin
torpaqlarımıza gedib çıxa bilmədim...
- Seyid bəy,
istərdik, Kastamonu Universitetinin tarixi ilə bağlı bizi məlumatlandırasınız.
- Kastamonu
çox gənc universitetdir. 2006-cı ildə
yaradılıb. 2011-ci ildə mən bura rektor
təyin edildim. O zaman universitetin cəmi 3 fakültəsi
vardı. Kollec səviyyəsində 2 məktəbimiz
fəaliyyət göstərirdi.
- Sizin gəlişinizdən sonra
universitetdə hansı yeniliklər oldu?
- İndi
13 fakültəmiz, 3 məktəbimiz, 14 iki illik yüksək
məktəbimiz, 20-dən çox araşdırma, elmi
inkişaf mərkəzimiz var. İbtidai sinfə qədər
olan məktəbimiz də fəaliyyət göstərir. Həmin məktəbdə əvvəlcə öz
işçilərimizin uşaqlarına dərs veririk, daha
sonra kənardan uşaqlar qəbul olunur. Fənn
və ədəbiyyat, meşə, pedaqoji, balıqçılıq,
mühəndislik, iqtisadi-idarə elmləri, ilahiyyat, gözəl
sənətlər, beynəlxalq əlaqələr, jurnalistika
fakültələrimiz artıq fəaliyyətdədir. Tibb və baytarlıq ixtisasını isə bu
yaxınlarda açacağıq. 3
fakültə, 2 kollec, 1 texniki məktəblə fəaliyyətə
başladığımız ötən illərdə
böyük uğurlarla Türkiyənin təhsil sisteminə
fəal qoşulmuşuq. İndi yolumuzu 13
fakültə, 2 institut, 3 kollec və 14 peşə məktəbi
ilə uğurla davam etdirməkdəyik. Fakültələrimiz
mərkəzdəki 2 universitet şəhərciyində yerləşir,
1 şəhərciyimiz isə tikilməkdədir. Burada tibb fakültəmiz yerləşəcək.
İlk qəbul edilən tələbələrimiz
indi Ankarada təhsil almaqdadırlar. Yaxın
2 ildə universitet xəstəxanamızı da quracaq, tələbələrimizi
Kastamonuya gətirəcəyik. Baytarlıq
fakültəmiz də təşkil olunmaq ərəfəsindədir.
Vilayətin 13 rayonunda 14 peşə ixtisası
verən texniki məktəblərimiz yerləşir. 3 kollecimiz isə mərkəzi şəhərciyimizdədir.
Təyyarəçilik kollecimizin sınaq
laboratoriyası və təyyarəmiz hazırdır, 2018-də
fəaliyyətə başlayacaq. Xarici dillər
kolleci yardımçı bir təhsil ocağıdır.
Hazırda universitetdə 29 500 tələbəmiz
var. Onların 2 200-ü əcnəbi, yerdə qalanları isə
Türkiyə vətəndaşıdır. Buraya magistratura və doktorantura da daxildir. 4 minə yaxın magistr tələbəmiz var.
Universitetimizdə 800 müəllim çalışır.
Müəllimlərdən 21 nəfəri əcnəbidir.
Onların 4-ü, məni də saysaq, 5-i azərbaycanlıdır.
44 ayrı ölkədən tələbələrimiz
var. 2700 nəfərlik qızlar yataqxanamız var. Mühəndislik
sahəsində onluqda 2-ci, atom enerjisinin tədqiqatlarında
3-cü yerdə göstərilirik. Yeri gəlmişkən,
Türk Atom Enerjisi Qurumu dünyada birincidir. Fizika sahəsində universitetimiz ilk onluqda, 6-cı
yerdədir. Meşəçilik sənayesi
ixtisasının tədrisində yenə də dünya nəhəngləri
ilə bir sıradayıq. Balıqçılıq
və su vasitələri sahəsində Çanaqqala 18 Mart
Universiteti ilə ilk yerlərdəyik. Ümumiyyətlə,
23 sahədə aparılan dəyərləndirmələrin
6-sında ilk onluqda yer almaqdayıq. Elmi
çalışmalarımızı uğurla davam etdiririk.
Bu sırada simpozium və konfranslar da önəmlidir. Türk
dünyasının öyrənilməsi daha böyük
önəm daşıyır. Bu, həm də
universitetimizin bir Türk dünyası universiteti olması
üçün atılan addımlardandır. Türkiyədən kənar 85 xarici universitetlə
müqavilələrimiz var.
- Azərbaycan universitetləri ilə
münasibətiniz nə yerdədir?
- Bizim Azərbaycan universitetləri ilə yaxşı əlaqələrimiz
var. 12 universitetlə əməkdaşlığımız
mövcuddur.
- Hansı universitetlərlə?
- Bakı
Dövlət, Azərbaycan Turizm və Menecment, Xəzər,
Pedaqoji, İqtisadiyyat, Bakı Biznes, Naxçıvan Dövlət,
Texnoloji, eləcə də Gəncə Kənd Təsərrüfatı
və Gəncə Dövlət universitetləri ilə
qarşılıqlı əməkdaşlıqlarımız
var. Özəl universitetlərdən Avrasiya ilə müqavilələrimiz
var. Onların bəziləri ilə ikili müqavilələrimiz
mövcuddur.
- İkili müqavilə
dedikdə, nəyi nəzərdə tutursunuz?
- Belə
ki, tələbə iki il bizdə, iki il isə
müqavilə bağladığımız universitetdə
oxuyur. Biz təkcə müqavilələr
bağlamırıq, bir çox layihələrə imza
atırıq. Belə ki, 2015-ci ildə
Turizm və Menecment Universiteti ilə simpozium etdik. Ötən
il Bakıda Türkiyə-Azərbaycan
münasibətləri simpoziumu keçirdik. Ötən il keçirdiyimiz bir çox layihələr
Bakıda gerçəkləşdi. Bu ilki layihələrin
hamısı Kastamonuda baş tutacaq. Çünki bu il Kastamonu türk dünyası mədəniyyət
paytaxtı seçilib. Mədəniyyət
paytaxtı olduğumuz üçün proqramlar
hazırlayırıq.
- Bəs Kastamonu Universitetində
azərbaycanlı tələbələr varmı?
- Əlbəttə var. Hazırda Kastamonu Universitetində
303 Azərbaycanlı tələbə təhsil alır.
Onların içərisində
yaxşı oxuyanlar çoxdur. Oxuyub yaxşı yerdə
işləyənlər də az deyil. Hətta xaricdə yaxşı vəzifədə
işləyənlər də var. Onu da deyim ki, bizim tələbələrdən
ikisi – Əbülfəz Mehdisoy 4 dəfə, Eldar Əlizadə
isə iki dəfə kinq-boksda dünya çempionu olublar.
Eldar Əlizadə iqtisadiyyat, Əbülfəz
isə turizm fakültələrini bitiriblər. Əbülfəzi müəllim olaraq Kastamonu
Universitetinə işə dəvət etmişik. Eldar burada qalıb öz işini qurdu.
- Fevralın 26-da Xocalı faciəsinin
26-cı ili tamam olacaq. Xalqımızın
başına gətirilən bu faciənin tanıdılması
istiqamətində işlər görürsünüzmü?
- Biz hər il Azərbaycan xalqının başına gətirilən faciələri, soyqırımları qeyd edir və bu barədə türk və digər vətəndaşları məlumatlandırırıq. Bu il də fevralın 22-də Xocalı qətliamına həsr olunmuş tədbir keçirəcəyik. Əslində, bu tədbiri fevralın 26-da keçirməliydik. Ancaq səfirlə millət vəkillərinin iştirakına görə bu tarixdə keçirəcəyik. Bundan başqa, 28-30 mayda Azərbaycanın istiqlal gününü qeyd edəcəyik. İstiqlalın, Cümhuriyyətin 100-cü ilidir. İyulun 15-17-də Nuru Paşanın Bakıya girişi - Azərbaycan-Türkiyə münasibətləri mövzusunda simpozium keçirəcəyik. Biz Azərbaycanın rəsmi bayram və matəm günlərini yaxşı bilirik və hər zaman da diqqətimizdə saxlayırıq. Bayramlarımızı, xüsusən də Novruz bayramını böyük təntənə ilə qeyd edirik. Belə ki, 5 ildir Novruz bayramını özünəməxsus şəkildə keçiririk. Dünyanın fərqli ölkələrindən gələn tələbələrimiz mahnılarına uyğun rəqs edirlər. Şəhər yürüşü edirik. Hətta bu yürüşdə vali, bələdiyyə rəisi iştirak edir. Hərə öz millətinin yeməyini bişirir. Novruzu belə keçiririk. Bu il də Novruz bayramını həm TÜRKSOY çərçivəsində, həm də özümüz geniş şəkildə qeyd edəcəyik.
- Universitet olaraq qarşıda
hansı layihələriniz var?
- Əlbəttə, layihələrimiz və
qarşıya qoyduğumuz məqsədlərimiz çoxdur. Misal
üçün, Türk dünyası universitetlərinin
idman yarışlarını keçirmək niyyətindəyik.
Bu, olimpiada şəklində keçiriləcək.
Aprelin 25-də türk uşaq dünyası tədbiri
keçirəcəyik. 13-14 oktyabrda
türk dünyası rektorlar qurultayını həyata
keçirməyi planlaşdırırıq. 4-6 mayda Şeyx Şaban Vəli həftəsi
keçirəcəyik. Biz bunu hər il
keçiririk. Millətlərarası Türk
dünyası turizm simpoziumunu iyul ayında burada təşkil
edəcəyik. Çingiz Aytmatovun 90 illiyi
münasibətilə tədbir keçirəcəyik. Ötən tədbirimizdə onun oğlunu gətirmişdik.
Millətlərarası mühəndislik
konqresimiz olacaq. Bundan başqa,
Qırğızıstan, Qazaxıstan, Özbəkistan,
Türkmənistan, Azərbaycan, Şimali Kipr Türk
cümhuriyyəti günləri keçirməyi
planlaşdırırıq.
- Bu günləri keçirməkdə
məqsəd nədir?
- Bu günləri keçirməkdə əsas məqsədimiz Türk dünyasının ortaq tarixini yazmaqdır. İstəyirik ki, məktəblərdə bizim ortaq tariximiz dərsliklərə salınsın. Biz burada Anadolu türk tarixini oxuyuruq. Sizə bir misal deyim, Nuru Paşanın Bakını erməni daşnaklarından və bolşeviklərdən xilas etməsini Bakıya gələndə öyrəndim. O vaxta qədər mən bunu bilmirdim. Düşünürəm ki, Türk dövlətlərinin ortaq tarixi hazırlanmalıdır. Çox istərdim ki, təhsil nazirlərimiz bu mövzunu düşünsünlər. Hesab edirəm ki, türk xalqlarının ortaq bir dili olmalıdır. Keçirdiyimiz türkdilli ölkələrin həftələrində bunlarla bağlı müzakirələrimiz olacaq. Əsas vəzifə ortaq dil və ortaq tarix yazmaq və bunlardan tədris sistemində istifadə etməkdir. Türk dünyası muzeyi qurmağa çalışırıq. Bunu da universitetin tərkibində hazırlayacağıq. Çadırlardan qurulmuş Türk dünyası otağı olacaq. Türk dünyası ilə əlaqədar Əhməd Yasəvi ilə bağlı kitab çap etmişik. Azərbaycanda Seyid Yəhya Şirvaninin həyatı kitabını çıxaracağıq. Yavaş-yavaş türkdilli ölkələrin dahi insanları haqqında belə kitablar çap edəcəyik. Bir sözlə, görəcəyimiz çox işlər var...
Xəyalə Rəis
Kastamonu
Kaspi 2018.- 15 fevral.- S.7.