“Güzgü
Chen Yonglin
hekayə
Bu qızı tanıyan hər kəs ona deyirdi ki, o tərbiyəsizdir. "Hər kəs”
deyəndə ona yaxın olanlar, babası, nənəsi,
atası, anası, eləcə də, əmiləri,
dayıları, xalaları, bibiləri, başqa qohumları və
kənddə yaşayan bütün adamları nəzərdə
tuturam. Sonralar, zaman keçdikcə hətta
onu tanımayanlar da onu tərbiyəsiz qız hesab edirdi.
Qız da özünü tərbiyəsiz, pis
qız hesab edirdi. Buna görə də o tərbiyəsiz
qızlar kimi hərəkət edirdi. Bədəninə
tatuirovka döydürür, saçını tez-tez müxtəlif
rənglərə boyayır, məktəbə getmir, getsə
də bir neçə dərsdə iştirak edib aradan
çıxırdı. Başqa
uşaqları döyür, siqaret çəkir, kəndin tərbiyəsiz
adamları ilə oturub-dururdu. Bir cümə
günü o yenə də o iki dərsdə iştirak etdi,
üçüncü dərsdən qaçmaq istədi.
Üçüncü dərs əmək təlimi
dərsi idi. O idman meydançasını süpürmək,
üst-başını toza batırmaq istəmirdi. Ona görə də məktəb darvazasına tərəf
getdi. Qapıçı kişi
qapını açmaq istəməyəndə o kişinin
üstünə qışqırdı:
– Nədir?
Yenə də könlündən döyülmək
keçir?
Keçən dəfə o dərsdən qaçanda
kiçik darvazanı açmaqdan imtina etmişdi, o da məktəbdə
oxumayan uşaqlarla birlikdə onu döymüşdü. Ona görə də kişi bu dəfə onu görən kimi
darvazanı açdı.
O məktəbin
həyətindən çıxdı. Ancaq hara
gedəcəyini bilmirdi.
Evlərinə getmək istəmirdi, çünki evə
girən kimi valideynləri onu danlayacaqdı. Valideynləri
onu düşünmürdü, yalnız onu döyür və
qarğış edirdilər. Anası bir dəfə ona
demişdi:
– Sən
evimizə bədbəxtlik gətirdin. Hər dəfə
səni görəndə itən balaca oğlum yadıma
düşür. Bu vaxt nəfəs ala
bilmirəm, ürəyim sancır. Çəkil gözlərimin
qabağından, gözlərim səni görməsin!
O vaxtdan bəri
o imkan olan qədər anasının gözündən uzaq
olmağa çalışırdı.
Dərsdən qaçıb nə edəcəyini
bilmirdi. Vaxtını harda keçirəcəyini fikirləşirdi.
Nəhayət, o yolun qırağındakı otun
üstündə oturdu. Yenə də həmişəki kimi
çantasından güzgünü çıxartdı.
Güzgüdən ona balaca bir oğlan baxırdı, qız
üzünü güzgüyə tutub dedi:
– Balaca
qardaşım, sən indi hardasan? O vaxtdan 8 il keçib, indi sənin
11 yaşın var. Balaca qardaşım, onu bilirsənmi mənim
belə olmağımın səbəbkarı sənsən?
...Həmin
il onun 5 yaşı var idi. Valideynləri
tarlada işləməyə getmiş, onu isə evdə
qoymuşdular ki, balaca qardaşının qayğısına
qalsın.
Birdən
küçədən təbil səsi eşitdi, bir nəfər
təbil çalır, onun yanındakı bir nəfər isə
qışqırırdı:
– Lampa
fitilləri ilə toyuq tükünü dəyişirəm!
Qız təbil səsini eşidən kimi
qardaşını da qucağına alıb yola
qaçdı.
"Lampa fitilləri ilə toyuq tükünü dəyişirəm!”
deyən kişinin yaşı 40-dan çox olardı. Bu kişi
ona iki dənə konfet verdi, birini ona, birini də balaca
qardaşına. Konfeti soran kimi onun başı
gicəlləndi və gözlərini yummağa məcbur oldu.
Gözünü açanda da hər şeyi iki
görür və gözlərinə qaranlıq
çökürdü. O, özünü süst hiss
edir, güclə yeriyirdi. Həmin anlarda bircə onu
gördü ki, kişi onun balaca qardaşını
əlindəki səbətə qoyur. Qız var
gücünü toplayıb səbəti dartmağa
başladı. Bu vaxt kişi cibindən
bir güzgü çıxarıb ona verdi. Qız
güzgünü görən kimi əlini səbətdən
çəkdi.
Hamı
ona dedi ki, o şeytandır, kinlidir, qardaşını bir
konfetə və bir güzgüyə satıb ki, bir daha onun
qayğısına qalmasın və valideynləri
ömürlərini yalnız ona həsr etsinlər. Bu sözləri ilk dəfə anası demişdi,
sonralar bütün qohumlar, kənd camaatı da eyni sözləri
təkrar edirdilər.
O vaxtdan bəri
hamı onu pis, tərbiyəsiz qız hesab edirdi.
O vaxtdan bəri
kənddə tay-tuşları heç vaxt onunla
oynamırdı. Əgər təsadüfən hansısa
uşaq onunla oynasaydı valideynləri həmin
uşağın üstünə
qışqırırdılar:
– Nədir?
Yoxsa sən də onun kimi olmaq istəyirsən?
Sən də qardaşını bir konfetə və
bir güzgüyə satmaq istəyirsən?
O
heç kimlə söhbət etmirdi. Əgər,
doğrudan da, söhbət etmək istəyirdisə o
güzgü ilə söhbət edirdi. Bu, sehrli
güzgü idi, ondan başqa heç kim o
güzgüdə onun balaca qardaşını görə
bilmirdi.
Adamlar onun güzgü ilə söhbət etdiyini
görüb onu dəli hesab edirdi. O isə elə
düşünürdü ki, əgər bu güzgü olmasa
o dəli ola bilər.
Qız
otun üstündə oturub güzgü ilə danışanda
birdən kiminsə qışqırığını
eşitdi:
–
Oğrunu tutun! Oğrunu tutun!
Qız dönüb səs gələn tərəfə
baxdı. Bir cavan oğlan ona sarı qaçır, bir qadın
da onun arxasınca gəlirdi. Oğlan ona çatanda
qadın qışqırdı:
– Mənə
kömək elə, onu tutum! O mənim pul qabımı
oğurlayıb!
Oğlan qıza çatanda gülümsədi, qız
da ona baxıb gülümsədi. Qadın gəlib onun
yanından keçəndə qız ayağını
uzatdı, qadın onun ayağına ilişib yerə
yıxıldı. Qadın ayağa durub
üst- başının tozunu çırpanda oğlan
artıq aradan çıxmışdı.
Qadın qızın qolundan tutdu, onu oğru oğlanla əlbir
olmaqda günahlandırdı. Qız onunla mübahisə
etmədi. Qadın tələb etdi ki, qız onunla polis
şöbəsinə getsin, qız "okey” dedi.
Polis şöbəsində bir zabit qızı
sorğu-suala tutdu.
Ondan adını soruşanda qız "Pis qız” dedi. Qız görəndə ki,
polis onun sözlərinə inanmır, əlavə etdi:
– Məni
tanıyan adamların hamısı məni belə
çağırır.
–
Hansı məktəbdə oxuyursan? – polis
soruşdu.
– Mən
məktəbdə oxumuram. Məni çoxdan məktəbdən
qovublar.
–
Neçə yaşın var?
– 18.
Polis ondan
oğru oğlanla əlbir olub-olmadığını
soruşdu, qız dedi ki, o, oğlanı tanımır. Bu vaxt
qadın ondan soruşdu:
–Yaxşı,
əgər sən oğlanla əlbir deyildinsə, bəs niyə
onun üzünə gülümsədin? Sən
ayağını irəli uzadıb məni niyə
yıxdın? Sən məni ona görə yıxdın
ki, oğlana çata bilməyim, o qaçıb aradan
çıxsın
Qız
güldü, polisə dedi:
– Əgər o belə deyirsə məni həbs edin. Mən hələ
həbsxanada olmamışam. İnanın
mənə, həbsxanada olmaq, oranın necə olduğun
görmək istəyirəm.
– Biz əvvəlcə
sənin valideynlərini bura gətirəcəyik, – polis dedi.
– Mənim
atam da, anam da ölüb. Nə? Məni kim böyüdüb? Mənim 18
yaşım var, neçə illərdir tək qalıram.
Polis onun çantasına baxanda orda dərslik
gördü, yuxarı sinfin sonuncu sinfinə aid dərslik. Eləcə də,
tapşırıq dəftərinin üstündə
qızın ad-familiyası yazılmışdı.
Polis məktəbə
zəng edəndə qız köks ötürdü:
– Eybi yox,
mən daha həbsxanaya düşmək istəmirəm.
– Sən
nə üçün həbsxanaya düşmək istəyirdin?
– Bilmirəm,
– qız başını buladı.
Polis qızın valideynlərini çağırdı,
valideynləri onu apardı. Evə çatan kimi anası yenə
də onu qarğış elədi:
– Sən
niyə evə gəldin? Niyə orda ölmədin?
Niyə özünü çaya atmadın?
Niyə özünü maşının
altına tullamadın? Niyə
özünü asmadın? Niyə
binanın başına çıxıb özünü ordan
yerə tullamadın? Onsuz da, gec-tez belə
olacaq. Sənin yaşadığın hər
gün mənim ömründən kəsilir.
Valideynləri
yatandan sonra qız yenə də güzgü ilə söhbət
etməyə başladı:
– Mənim
balaca qardaşım, sənin bacın səndən
ötrü çox darıxır. Həqiqətən,
darıxır. Sən indi evimizə
qayıda bilərsən. Sən evimizə
qayıtsan daha onlar mənə nifrət etməyəcək.
Beləcə,
qız güzgüyə çox söz dedi.
Bir neçə gün sonra polis onlara xəbər
göndərdi ki, qonşu kənddə yaşayan bir oğlan
qızın oğurlanmış qardaşına
oxşayır.
Qızın valideynləri sevindilər və DNT testi
üçün xəstəxanaya yollandılar.
Testin nəticələrinə görə məlum oldu
ki, oğlan, həqiqətən də, qızın balaca
qardaşıdır.
Qızın valideynləri polis şöbəsindən
oğlanı aparanda nə qədər təəccüblü
də olsa qıza da dedilər ki, o da onlarla gedə bilər. Ancaq qız
başını buladı.
Həmin
axşam o gedib evlərində qaldı, güzgünü
götürüb qardaşına çox söz dedi:
– Balaca qardaşım, elə bilmə ki, səni görmək istəmədiyim üçün evə getmədim. Yox, evə getməkdən qorxuram. Bilirəm ki, səni görən kimi çox şey yadıma düşəcək, necə pis qıza çevrilməyimi fikirləşəcəm. Buna görə də mən heç vaxt xoşbəxt olmayacam. Sən bacının bədbəxt olmağını istəmirsən, elə deyil? Sən evdə olanda mən özümü o evdə artıq hesab edəcəm. İnanmırdım ki, onlar səni taparlar, planlaşdırmışdım ki, ata-anam qocalanda onların qulluğunda durum. Balaca qardaşım, qoy bacın son dəfə səni öpsün!
Qız dodaqlarını güzgüyə yapışdırıb qardaşını öpdü. Sonra o güzgünü yerə çırpdı, 8 il onunla yoldaşlıq edən güzgü çilik-çilik oldu.
Dan yeri söküləndə qız məktəb çantasını götürüb evdən çıxdı.
O dəmir yol vağzalında platformada gəzişir, hansı şəhərə bilet alacağına qərar vermək istəyirdi.
Üzündə çapıq olan bir oğlan gözlərini ondan çəkmirdi. O əlindəki siqareti yerə atdı, onu dabanı ilə əzib qıza tərəf getdi.
İngilis dilindən
tərcümə edən: Sevil Gültən
Kaspi 2018.- 17-19 fevral.- S.23.