Allah bizi lazımsız əşyaya
çevrilməkdən qorusun
“Əşyaların taleyi” layihəsində
Lüğətlər sözlərdən yaranıb. Sözlər, anlayışlar artdıqca lüğətdəki dürlü, müxtəlif mənalar da çoxalır, yeni fikirlər, anlayışlar yaranır. Eksperiment üçün ətrafımızdakı insanların əməllərinə, kimliklərinə nəzər salsaq, araşdırsaq, hasil etdiyimiz qənaətlərimizi sözlər, anlayışlar kimi ifadə etsək, onda yeni havacatda, təzə-tər ruhda sözlüklər, lüğətlər meydana gələr. Məsələn, elə insan var ki, o ədaləti, əyintisiz yaşamağı simvolizə edir, eləsi də var ki, əliəyriliyi, qana susamağı, xudpəsəndliyi. Ətrafımızdakı insanları anlayışlar kimi qavrasaq, elə lüğətdəki kimi yaxşılı-yamanlı sözlərin əhatəsində yaşadığımızın fərqinə vararıq. Ancaq bircə məqam fərqli olar: Hər kəsi öz adı ilə çağırmış olarıq...
Haqqında danışacağım, söhbətini təqdim edəcəyim şəxs əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, tanınmış aktyor, rejissor Nofəl Vəliyevdir. Bir söz kimi qavrasaydım, onu mütləqdir ki, "ZƏHMƏT” adlandırardım. Çünki özü, sənəti ilə tanış olduğum yeddi il ərzində onu daim çalışan, ideyalarla dolub-daşan, bildiklərini, öyrəndiklərini tələbələrinə ötürən, onların uğurlarına göz dolusu baxan, ürəkdən sevinən görmüşəm. Teatrlarla bir neçə il həmnəfəs olmağım, tamaşalardan ardıcıl yazılar, müsahibələr, reportajlar hazırlamağım mənə o mühitlə, həmin sənət ocaqları ilə yaxından tanış olmağa imkan yaratdı. O illərdə Nofəl Vəliyevi də tamaşaçı kimi tanıdım və yəqinim də bu oldu ki, o, həmişə səhnə məsuliyyətini tamaşaçıya ötürməyi bacarır, epizodik rollarını belə baş rol kimi ifa edir.
İndi Nofəl Vəliyevin siması fotokollaja, "qalereyaya çevrilib”. O gözümüzün önünə Məhəmmədhəsən əmi – ("Məkkəyə yol”, Cəlil. Məmmədquluzadə), Şahbaz, Müsyo Jordan – ("Hekayəti Müsyö Jordan və dərviş Məstəli şah”, Mirzə Fətəli Axundzadə) Knyaz Mışkın – ("İdiot”, Fyodr Mixayloviç Dostoyevski) Motsart – ("Motsart və Salyeri”, Aleksandr Sergeyeviç Puşkin) Məğrur – ("Axırıncı qatar”, İlqar Fəhmi, O.Kazımi) Ksanf – ("Ezop”, Gilyermo Fiqeyredo) Osvald – ("Kabuslar”, Henrix İbsen) Corc – ("Adamlar və siçanlar”, Con Steynbek) Kreont – ("Şah Edip”, Sofokl), Montekki ("Romeo və Cülyetta” Uliyam Şekspir) və neçə-neçə başqa obrazlarda gəlir. Ancaq o obrazların arxasında, teatr, səhnə taleyi ilə qoşa addımlayan biri – Nofəl Vəliyev var.
Əşyalar bizdə dünyaya hərislik də yarada bilir, eyni zamanda əlimizi dünyadan soyuda, daha gözü-könlü tox, nəfsiislah olmağa səsləyir. Səlim Babullaoğlu "Sentyabr. Eylül. Veresen. September” adlı şeirində yazır:
Pəncərə önündə tozlu əlcək
sözsüz bir yazıdır: dünyadan əl çək!
Dildə deməyə, söz pəhləvanlığı eləməyə nə var, əl çəkmək, geri itələmək, şirnikməmək həmişə mümkündürmü? Hər halda mümkündürsə də o da alilərin, övliyaların talelərinə yazılmış qətiyyətdir, dünyanı an-an, ay-ay, il-il dərk edənlərin yox, zaman kəsiyi kimi anlayanların böyüklüyüdür. Sadə insanlar, sənət adamları, fikir adamlarının çoxu isə güzəran boğanağında, vaxtın əlində olan bəndələrdir və onlardan hər saat övliya, peyğəmbər xisləti ummaq da düzgün deyil. Bizi dünyadan əl çəkməyə, əksinə beş əlli yapışmağa vadar edən nəsnələr həm də əşyalardır. Əşyalarını ən çox sevən, qısqanan kəsimlərdən biri də "aktyor tayfası”dır. Onların əşyalara münasibəti, onlarla ünsiyyəti bir başqadır. Bu dəfə "Əşyaların taleyi” layihəsində Nofəl Vəliyevlə danışmışıq. Bu dəfə o, dünyagörüşünü əşyalarının "dili ilə” anladıb, yaxud bu dəfə əşyalarına münasibətdə onun psixoloji portreti bizə aydın olacaq:
–
İnsanı doğulan gündən əşyalarla ünsiyyəti
yaranır: bələyə bələnir, sonra da bütün
ömrü boyunca cürbəcür əşyaları olur. Siz
aktyor olaraq əşyalarla sıx təmasdasınız. Bəs
onların sizin həyatınızda rolu və önəmi nədən
ibarətdir?
– Bu müsahibəyə görə əşyaları seçərkən anladım ki, əslində, onların ən önəmliləri kənddə – böyüdüyüm evdədir. Həmin əşyaları görmək məni təzədən uşaqlığıma qaytarır. Valideynlərimin hər ikisi fizikdirlər, atam isə eyni zamanda çoxlu bədii kitablar oxuyur. Ona görə də evimizin hər küncündə, hətta, pəncərədə, çarpayının altında belə çoxlu kitablar var. Onlardan ən doğma olanı isə atamın mənə hədiyyə etdiyi Sovet Ensiklopediyasıdır. Bundan başqa Göyçayda aş çəkmək üçün xüsusi boşqablardan istifadə olunur. Kəndə hər dəfə gedəndə anamdan o boşqabların bir-ikisini mənə verməsini xahiş edirəm, amma nədənsə həmişə bura gətirmək yadımdan çıxır. Bir də evimizdə nənəmdən qalmış köhnə xalça mənə çox əzizdir. Həmin xalçanı bura gətirmək üçün anamdan çox çətinliklə icazə ala bilmişdim. Onu evimdə qızımın otağına sərmişik. Bilirsiniz, əşyalar çox qəribədirlər. O xalçanın mənəvi dəyəri mənə görə ölçüyəgəlməzdir, amma o, qızım üçün sadəcə bir xalçadır. Keçmişi xatırlamağa anamın evimizdəki şkafını açmaq bəs edir. Həyat yoldaşımın da həyatında əşyaların xüsusi mənəvi dəyəri var. Anasından yadigar piyalənin üzərində əsir. Bu saydıqlarım mənə bir insan kimi doğmadır, aktyor olaraq deyə bilərəm ki, bizlər üçün səhnə geyimlərimiz xüsusi məna daşıyır və onlara qarşı hədsiz qısqancıq. Məsələn, bir aktyorun geyimini digəri geyinsə, kostyum sexində bunun üstündə mübahisə yaranar. Mən enerjiyə çox inandığımdan düşünürəm ki, başqasının paltarını geyinsəm, səhnədə rolumu onun kimi oynayacağam. Bu məsələ ilə bağlı maraqlı bir hadisə danışım: həyat yoldaşım bir dəfə digər aktrisanın paltarını geyinmişdi. Mənə dedi ki, özüm kimi oynaya bilmirdim, elə bil səhnədə o idim. Həmçinin aktyorlar üçün bəzi rekvizitlər var. Məsələn, mən tamaşalardan qabaq şeirləri bir vərəqə yazıram, sonra onları tullaya bilmirəm. Əslində, onlar adicə kağızlardır, amma qıymıram. Rol dəftərlərimiz də biz aktyorlar üçün çox dəyərlidir. Aktyor işdən ayrılanda mütləq rol dəftərlərini özü ilə aparır. Çexov "Albalı bağı” pyesində yazır ki, bu divarlar nələrə şahid olmayıb. O rol dəftərləri də aktyorun həyatında nələrə şahid olmayıb ki...
–
Danışmaq üçün üç əşya
seçdiniz. Həmin əşyaları sizin
üçün xüsusi dəyəri
nədən ibarətdir?
– Bilirsiniz, aktyorların həyatını dəyişən, iki hissəyə bölən: ona qədər və ondan sonra – bəzi rollar olur. Mənim üçün belə əhəmiyyətli rol Aydın obrazıdır. Seçdiyim əşyalardan birincisi Aydının geyimidir. Bu paltar mənim üçün elə önəmlidir ki, əgər o olmasa, səhnəyə çıxmaram. Yaxşı yadımdadır, "Aydın” tamaşasına hazırlıq zamanı bir neçə paltar gətirdilər, amma "təsəvvürümdəki bu deyil” deyib imtina etdim. Çünki təklif etdikləri geyimlər tam olaraq Aydını ifadə etmirdi. Bir gün Sahil metrosunun yanından keçəndə ikinci əl paltar satılan mağazaya rast gəldim. Uzaqdan bu köynəyi gördüm. Qiyməti iki manat idi. İki fərqli rəngini aldım. Əynimdə görəndə, hamı dedi ki, bax, indi əsl Aydınsan. Gənc Tamaşaçılar teatrının kostyum sexində çalışan Səmayə xanım hərdən gileylənir ki, gəl, sənə təzə paltar verim, bu köhnəlib, amma qəbul etmirəm. O köhnəlibsə, deməli, mən də köhnəlmişəm. Həqiqətən də, Aydını oynamaq üçün artıq qocayam. Əgər, qismət olsa, başqa gənc bir aktyoru bu rol üçün hazırlaşdırıb, özüm uzaqlaşacağam.
– Seçdiyiniz əşyalardan biri olan rol dəftərlərinizə baxıram, hamısı səliqəli xətlə yazılıb. Deyəsən, əl yazısının sizin üçün xüsusi önəmi var.
– Bəli. Mən
qələmlə yazanda düşünə bilirəm, mətn
yaddaşımda daha yaxşı qalır. Kompüterdə eyni
effekti ala bilmirəm. Həm də zəhmət çəkilən
iş dəyərli olur. Bununla yanaşı, sanki o dəftərlər
yanımda olanda özümü rahat hiss edirəm. Rolumu əzbər
bilsəm də, onların yanımda olması məndə
arxayınlıq yaradır ki, hansısa sözü, səhnəni
unutsam o saat baxacağam. Rol dəftərlərimin quruluşu
iki yerə bölünür. Bir tərəfində mətn
olur, digərində isə qeydlər edirəm.
– Bəs
tamaşalar səhnədən düşəndən,
repertuarda olmayandan sonra da rol dəftərlərinə
açıb baxırsınızmı və nə vaxtsa həmin
rollarda oynayacağınız fikrinə ürəyinizdə
meydan verirsinizmi?
– Gənc Tamaşaçılar
Teatrında monotamaşalar paradı keçirirdilər. Orada mənim
iki monotamaşam var idi – aktyor kimi oynadığım və
quruluş verdiyim "Sonluğun sonu” tamaşası. Amma qəfildən truppanın müdiri
"İdiot”u oynaya bilərsənmi” deyə soruşdu.
"Hə, əlbəttə, oynaya bilərəm,
yadımdadır” dedim. Razılıq versəm də, 5-6 il bundan əvvəl ifa etdiyimdən
yaddaşımda heç nə qalmamışdı. Afişa hazırlananda çox peşman olmuşdum.
Cənnət xanım da "Xüsusən,
"İdiot”a yaxşı hazırlaş” söyləyəndə
narahatlığım daha da artdı. Evə
gedib rol dəftərimi axtardım, amma tapa bilmədim. Nigaranlıqdan gecələr yata bilmirdim. Həyat
yoldaşımdan kömək istədim, dedim sən axtar. Qadın böyük qüvvədir, axtarıb
tapdı. Həmin anda necə sevinirdim, izah
edə bilmərəm. Dəftərdəki
qeydlərə baxdıqca sanki tamaşanı başdan-sona bir
də oynadım. Çox gözəl hislər idi...
– Nofəl
bəy, tələbələrinizin ifasında görmək
istədiyiniz hansısa rol varmı?
– Mənim aktyorluq taleyimdə nakam
bir arzum olub. O da Romeo rolunu oynamaq. Amma nədənsə heç vaxt mənə qismət
olmadı. Amma tələbələrin
ifası heç bir problem yaratmır. Məni təkrarlamasalar
belə, onların hər ifasında məndən azacıq da
olsa, nə isə var. Ona görə də tamaşanı tələbələrimlə
hazırlamağa qərar verdim və deyim ki, çox
yaxşı iş ərsəyə gəldi. Bizim
çox böyük aktyorlarımız, aktrisalarımız
var ki, şöhrətlərinin pik nöqtəsində səhnədən
ayrılırlar. Buna fərqli adlar verilsə də, biz aktyorlar bilirik
ki, geri qayıtmaq sadəcə, mümkün deyil.
–
Maraqlıdır, haqqında danışacağınız
növbəti əşyanın – parikin sizin üçün
önəmi nədən ibarətdir?
– Tamaşaların da öz taleyi var.
Mişel de Gilderode "Eskoria” fəaliyyətim boyunca ən
sevimli rollarımdan olsa da, ömrü az oldu. Mən o tamaşada təlxək rolunu ifa edirdim.
Amma uyğun parik tapa bilmirdim. İrina
Perlova dedi ki, papaq olsaydı, əla
olardı. Mən də qızımın
papaqlarının birini evdən apardım, ondan parik düzəltdilər.
O parik indi də qrim otağımda, güzgümün
qabağındakı yeganə əşyadır. O olmasa,
darıxıram. Bu parikə həm
övladımın doğmalığı, həm də rəhmətlik
müəllimim İrina Perlovanın enerjisi hopub. Mən hər tamaşadan qabaq müəllimimin
şeirlərini oxuyuram. Bizi Moskvada Parisdən
sərgi üçün gələn məşhur bir
qalereyaya aparmışdılar. Van Qoqla Pol
Qoqenin orijinal rəsmləri nümayiş olunurdu. Sanki Van Qoq günəbaxanlardan ya da ulduzlu gecədən
boylanmışdı. Bu mənada enerjini hiss etmək
çox əhəmiyyətlidir.
– Əşyaların uğur gətirməsinə necə,
inanırsınızmı?
– Enerjiyə inanan biri olaraq fikrim təzadlı
səslənəcək, amma adi bir üzüyün, ya da hər
hansı əşyanın insana uğur gətirə biləcəyinə
heç bir vəchlə inanmıram.
– Bəs
özünüz hansı əşya olmaq istəyərdiniz?
– Doğrusu, bu barədə heç
düşünməmişdim. Şairlər kimi
"hansısa qızın qulağına sırğa,
barmağına üzük olmaq istərdim” deyə bilməyəcəyəm,
amma musiqi aləti –
məsələn, tar olmaq istəyərdim. Tennisi
Vilyams pyeslərinin birində yazır: "Şükür
edin ki, insansınız, toz dənəsi də ola
bilərdiniz”. Mən də şükür edim ki, Nofələm,
divan da ola bilərdim (gülür).
– Tamaşalarda müxtəlif alətlərdən,
əşyalardan istifadə edirsiniz, cürbəcür geyimlər
geyinirsiniz. Sonra başqa bir tamaşada yenə
eyni hallar təkrarlanır. Bütün
bunlar, bu cür gəldi-gedərlik əşyalara, ümumən
dünyaya münasibətdə sizdə fanilik duyğusu
yaradırmı?
– Dünyanın faniliyini anlamaq
üçün əşyalara ehtiyacım olmasa da, bəzən
bu duyğunu unuda bilirik. Həmin an əşyaların
bizdən daha çox yaşayacağını, daha çox
xatırlanacağını düşünəndə, bəli,
fanilik fikirləri beynimdə dolanır. Əşyalar
o qədər qiymətlidir ki, onu satmaq, dəyişdirmək
ağlımdan belə keçməz. Sadəcə
müstəsna hallarda bu cür hərəkətə haqq vermək
olar. Tamaşalarda istifadə etdiyim bəzi
əşyaları da tamaşa repertuardan
çıxarılandan sonra evimdə saxlayıram. Məsələn, Henrix İbsenin "Kabuslar” əsərindəki
qəlyan, istifadə etməsəm də, evimdədir.
– Gələcəkdə
tamaşaçıların, sənətinizi sevənlərin
yaddaşında hansı tamaşadakı obraz kimi qalmaq istəyərdiniz?
– Fərid, mən həmişə tələbələrimə
teatrın amansız üzünü izah etməyə
çalışıram. Bizim işin ən
ağrılı tərəfi odur ki, tamaşaçı diktəsi
ilə yaşayırıq. Ona görə
də bu suala birmənalı cavab verə bilmərəm.
Yəqin, tamaşaçılar məni Aydın, Məhəmmədhəsən
əmi, yəhudi balası Elya, təlxək və s. obrazlarda
xatırlayacaqlar. Seçimi
tamaşaçının öhdəliyinə buraxmaq
lazımdır.
– Bəs səhnədə istifadə
etdiyiniz, yaxud geyindiyiniz hansısa əşya, paltar varmı
ki, məhz onlara görə bir də həmin tamaşada
oynamaq istəyərdiniz. Yəni əşyalar
sizin könlünüzdə xiffət duyğusu
oyadırmı?
– Əlbəttə,
var. Məsələn, "Albalı bağı”
tamaşasındakı plaşım. Bundan
başqa 6 gözəl paltarım da kənarda dayanıb geyilməyi
gözləyir.
– Əşyaların zamanla münasibət fəlsəfəsi
haqqında nə düşünürsünüz, yəni bir
zaman sizin olan əziz bir əşya sonradan yad nəsnəyə
çevrilirmi, vaxt onu sizə yadlaşdırırmı?
– Olur, əlbəttə, olur. Teatrda elə rollar var ki, hətta, məşq
üçün belə xüsusi geyim olmalıdır. Məsələn, Mirzə Fətəli Axundzadənin
"Hekayəti-Müsyö Jordan və dərviş Məstəli
şah” tamaşasına hazırlıq ərəfəsində
mən qız tələbələrimi uzun ətəksiz məşqə
buraxmırdım. Demək istəyirəm
ki, müəyyən vaxt ərzində məşq elədiyimiz
geyimlər səhnə üçün kostyumlar
hazırlandıqdan sonra unudula, yadlaşa bilir. Başqa tərəfdən yanaşsaq, əşyalar
unudulmasa insana ağrı verə bilər. Ad çəkmək istəmirəm, amma bir dostumuzun
cavan qardaşı rəhmətə getmişdi. Anası oğlunu xatırladan hər şeyi
gözünün qarşısında saxlayırdı. Əşyalara belə aludə olmaq lazım deyil.
Mənim də itirdiyim çox yaxın
adamım var, amma evimdə əşyaları yoxdur.
Əsas məsələ budur ki, Allah bizi lazımsız əşyaya
çevrilməkdən qorusun...
– Allah
sizə uzun ömür versin, amma nə zamansa dünyada
olmayanda, sizcə, hansı əşyanız sizi insanlara daha
çox xatırlanacaq?
– Yəqin ki, evdə olan
paltarlarım, ayaqqabılarım. Ölmüş
insanların ayaqqabıları mənə çox pis təsir
edir. Mən universitetin 5-ci kursunda oxuyanda əmioğlum
gənc ikən qəfildən rəhmətə getdi. Bu, bizim yaşda cavanlar üçün ilk itki idi.
Onunla bağlı bir hadisə
danışım. Heç yadımdan
çıxmaz, yanvarın iyirmi biri – ad günümdə kəndə
gedəndə əmimgilə baş çəkmişdim.
Ona pomidorla yumurta bişirmişdilər. Qəribədir ki, onun vəfatından sonra o yemək
həmişə mənə əmioğlumu xatırladır.
Yəni insanlar belə xırdaca detallarla
yaddaşda qala bilirlər. Mən meyvə
yeyəndə qızım əsəbiləşir ki, niyə
xırçıldada-xırçıldada yeyirsən? Bəlkə
də, insanların yaddaşında elə o cür meyvə yeməyimlə
qalacağam (gülür)...
Söhbətləşdi:
Fərid Hüseyn
Kaspi 2018.- 17-19 fevral.- S.16-17.