Ömrünün 43 ilini bölgə teatrına həsr edən əməkdar artist

 

Xanlar Həşimzadə: “Teatr dibçək kimi bir şeydir, ondan meyvə gözləmək lazım deyil”

 

"Səhnə tamaşaçıların əyləşdiyi yerdən bir qədər hündürdədir. O hündürlüyə qalxan insanlar isə zadəgan hesab edilirlər”- deyən müsahibimiz ömrünün 43 ilini  Şəki Dövlət Dram Teatrına həsr edib. Hazırda teatrın aparıcı səhnə ustasıdır. Şəkidə sevilir, tanınır. Paytaxtda isə onu yalnız teatr camesinin nümayəndələri tanıyır. Beləliklə, müsahibimiz əməkdar artist Xanlar Həşimzadədir. O, 200-ə yaxın tamaşalarda müxtəlif səpgili obrazlar canlandırıb. Oynadığı həm dramatik, həm də komik obrazlar nəinki respublikamızda, hətta Kubada, Praqada, Moskvada, Kazanda, Tiflisdə, Yoşkar-Olada, Daşkənddə, Səmərqənddə və başqa neçə xarici ölkədə, şəhərdə yüksək qiymətləndirilib. İki dəfə "Qızıl Dərviş” mükafatı ilə təltif edilib. Oynadığı obrazları ilə tamaşaçıların məhəbbətini qazanmış Xanlar Həşimzadə qəzetimizin suallarını cavablandırdı. Söhbətimizə isə onu 43 il teatrda saxlayan sənət sevgisindən başladıq:

 

- Yeniyetmə yaşlarımda Şəkidə  mərhum sənətkarımız Fərman Abdullayev ilə birlikdə dram dərnəyinə gedirdim.  Teatra dəvət olunanda istedadlı rejissorumuz Vaqif Abbasov məni yoxladı. Xoşbəxtəm ki, Vaqif Abbasovun təsiri altında teatra gəldim və ondan çox şey öyrəndim. O, çox erkən yaşda həyatını itirdi. Azərbaycan teatrı Vaqif müəllimin simasında böyük bir rejissor itirdi. Biz gənc idik, çoxumuzun 20 yaşı var idi. Hər şeyi bizə o öyrədirdi. Üzərimizdə Vaqif müəllimin böyük əziyyəti var. Nəinki Vaqif müəllim, bu siyahını uzada da bilərəm. Vaqif müəllimdən başqa Azərbaycan teatrı Rövşən Almuradlı adında böyük aktyoru itirdi. O rejissor kimi işləməyə başladıqdan sonra aktyorluq etmədi. Rövşən dünyada ən gənc-22 yaşında Kral Liri oynayan aktyor kimi tarixə düşdü. Mən sizə onun kimi nə qədər istedadlı sənətkarların adını çəkə bilərəm. Teatr mənə o insanları tanıma şansı yaratdı.

...Gürcüstanda festivalda olarkən bir jurnalist bizə dedi ki, Azərbaycan xalqı istedadlı xalqdır, di gəl ki, o torpaqlar istedadlar qəbiristanlığıdır. Bu xalqın böyüklüyünü hər kəs kənardan görür. Sadəcə olaraq özümüzü qorumağı bacarmalıyıq. Bu gün o qədər gözəl aktyorlarımız var ki... 43 il ərzində bir çox rejissor, aktyorlarla işləmişəm. Hər birindən nələrisə görüb, götürmüşəm. Hətta elə anlar olub ki, bu sənəti tərk etmək belə istəmişəm.

 

- Axı siz aktyorluq sənətini sevirsiniz. Belə olan halda nə üçün ayrılmaq istəyirdiniz?

- Başqa sahəyə getmək istəyirdim. Azad, qayğısız, problemsiz şəkildə yaşamağı arzu edirdim. Onda gənc idim, daha perspektivli həyat yaşamaq istəyirdim. Ancaq gördüm ki, alınmır. İncəsənət elə bir şeydir ki, insan ona qarışdımı ayrılmaq istəmir. Mən aktyorların hamısına zadəgan kimi baxıram. Bu zadəgan sənətidir. Səhnə hər zaman zaldan yuxarıdadır. Misal üçün xalq artisti Fuad Poladovun özünü aparmağı, təmkini, səbri bir zadəgan xarakteridir.

 

- Elə hesab edirsiniz ki, zadəgan həyatı yaşayırsınız?

- Qəlbən hə.

 

- Sizə elə gəlmir ki, bu zadəganlıq ancaq sözlərdə qalıb?

- Söz özü də qiymətlidir. Ancaq son dönəmlər dəyərli sözlər o qədər ucuz şəkildə işlənilir ki, insan səmimiyyətə də inanmır. Moskvada olarkən bir dondurmasatan qıza məni göstərib dedilər ki, bu insan aktyordur. Qızın gözləri böyüdü və dedi ki, ömrümdə ilk dəfədir ki, canlı aktyoru yaxından görürəm. Ancaq halbuki o məni tanımırdı. Deməyim odur ki,  münasibətdən və sənətə hörmətdən çox şey asılıdır. Teatr dibçək kimi bir şeydir, ondan meyvə gözləmək lazım deyil. Dibçək göz oxşayır, evin havasını gözəlləşdirir. Bizim sənət də qəlbin havasını və mənəviyyatı gözəlləşdirir. Bura da sadə insanlar gəlməlidir. İnsan var ki, teatra gəlir yolka oyuncağı kimi özünü parıldadır, ancaq elə bu oyuncaq kimi də heç bir çəkisi olmur. Narın içərisində də dənələrin hamısı qırmızı olmur ki, onun ağ kal dənələri də olur. Ümid edirəm ki, siz məni başa düşürsünüz.

Bu, təkcə bizdə deyil, hər bir sənətdə belədir. Teatr canlı sənət növüdür, onu qorumaq lazımdır. Teatr mənəviyyatın əlifbasıdır. Teatra baxmayan insan inanın ki, nə muzeyə gedir, nə də kitab oxuyur. Daxili zənginlik deyə bir şey var, mən zadəgan deyəndə bunu nəzərdə tuturam. Əgər aktyor özünü cılız aparırsa, ucuz tutursa istər-istəməz tamaşaçı ona başqa gözlə baxacaq. Bizim sənətimiz linza, lupa sənətidir. Misal üçün kənarda bir adam yeyib-içir keflənirsə hamı deyəcək ki, necə əhlikef insandır. Ancaq aktyor bunu edəndə isə deyirlər ki, bu əsl artistdir. Ona görə də bizim sənət ağ parça kimidir. Borcluyuq ki, bu parçanı ləkələməyək, təmiz vicdanla işlədək. Əgər bu yolu seçmisənsə sən buna məcbursan.

 

- 43 ildə bir dəfə də olsa başqa teatra keçmək istəmədinizmi? Axı bir insan 43 il eyni yerdə necə işləyə bilər?

- Sənət sevgisi deyilən bir şey var... Fərmanla bir dəfə Moskvaya getmişdik. Bizim gənclik arzularımız vardı. Elə bilirdik ki, orada hər kəs bizi sevib bəyənəcək. Ancaq işimiz alınmadı və teatra qayıtdıq. Düzdür, teatrı dəyişib başqa birinə getmək fikrim yaranmayıb. Boynuma alıram ki, çox tənbələm (gülürük). Bu xüsusiyyətim məni kənara çıxmağa qoymayıb.  Rəhmətlik Həsən Turabov 1992-ci ildə mono festivalda təklif etdi ki, Bakıya gəlim. Açığı onda kollektivimdən ayrıla bilmədim. 1998-ci ildə növbəti dəfə təklif aldım. Gördüm ki, bizim teatr məni özünə çox çəkir. Bizim sənət elədir ki, istəyirsən ki, etdiklərin görünsün. Bölgə teatrında sözü deyəndə qışqırmalısan ki, səni görsünlər, ancaq paytaxt teatrında pıçıltı ilə deyəndə belə arxa cərgədən dediklərin eşidilir.

 

- Yəqin mənimlə razılaşarsınız ki, paytaxt teatrından fərqli olaraq əyalət teatrının aktyorları çox az görünürlər.

- Elədir.

 

- Ancaq sizin rollarınız xarici səhnələrdə yüksək qiymətləndirilib.

- Bu, orada nümayiş etdirdiyimiz tamaşalardan irəli gəlir. Bəzilərində isə nail olduğumuz uğurlara görə mükafatlandırılmışıq. Xarici festivallarda, qastrol səfərlərində olmuşuq. Onlar bizim tamaşalarımızı yüksək qiymətləndiriblər. Vaqif müəllimin qoyduğu yolu digər rejissorlar davam etdiriblər. Belə ki, Hüseynağa Atakişiyev, Cahangir Novruzov, mərhum Mərdan Feyzullayev kimi rejissorların işlərini bəyənməmək mümkün deyil.

 

- Sizi Şəki teatrına gətirən yol nə oldu?

- Açığı mən teatra şöhrətdən ötrü gəlmişdim. Yeniyetmə olanda istəyirdim ki, hansısa bir formada məni tanısınlar və məşhurlaşım. Bu, bizim yaşıdımız olan hər bir gəncin arzusu idi. Lütfəli Abdullayevin, Bəşir Səfəroğlunun çıxışlarına baxırdım, onlara qibtə edirdim. İstəyirdim ki, mən də onlar kimi tanınım, şöhrətlənim. Bunun üçün dram dərnəyinə getdik. Düşündüm ki, teatrda əynində səliqəli kostyumda çıxırsan, tamaşada oynayırsan, rahat maaşını qazanırsan. Az əvvəl də qeyd etdim ki, axı məndə tənbəllik var. Bu sənətlə məşğul olsam nə daş daşıyacam, nə odun yaracam. Ancaq bu gün deyirəm ki, kaş daş daşımağa gedərdim. Sən demə teatr daha çətin imiş.

 

- Sizin teatrdan əlavə kino yaradıcılığınız da var. Adətən əyalət teatrının aktyorları film sahəsinə çox çətin düşürlər.

- Sərbəstlik istedadın bacısıdır. Aktyor sərbəst olarsa televiziyada da obrazları gözəl alınacaq. Aktyor adi bir zarafat edərkən belə sıxıla-sıxıla danışırsa bu əlbəttə ki, onda alınmır. Kamera qarşısında da elədir. Mən kameranı dinozavr kimi görürəm. Kamera məndən ötrü çox zəruri bir nöqtədir. Məndə bir kompleks var və bu mənə çox mane olur. Olur ki, filmi gəlib Şəkidə çəkirlər. O zaman yerli aktyorlardan istifadə edirlər. Mənim film sahəsində ən böyük işim Mirbala Səlimli ilə olub.  Teatrımızın baş rejissoru Mirbala Səlimlinin "Qırmızı bağ” filmi  bu yaxınlarda nümayiş olunub. O həm kino, həm də teatr rejissorudur. Çox istedadlı insandır.

Sənət dünyasında əslində əyalət söhbəti olmalı deyil. Necə ki, futbolda bir komanda bir şəhərdə başqa birisi başqa şəhərdədir. Hamısı göz qabağındadır. Teatrlar da belə olsa yaxşıdır. İstəyirəm ki, insanlar nəinki paytaxt, eyni zamanda bölgə teatrları ilə də yaxından maraqlansınlar.

 

- Bəs teatrda nisgilində olduğunuz obrazlar varmı?

- Olub, ancaq elə bir şey yazılmayıb. Öz beynimdə bir manyak obrazı canlandırmışam - o, səhnəyə çıxanda tamaşaçıları elə qorxu içərisində saxlasın ki, bu dəqiqə nəsə edəcək. Sonda da o səhnədə öləndə zalda əyləşənlərin hamısı rahat nəfəs alsın. Heç zaman Hamlet, Kral Lir kimi obrazların həvəsində olmamışam. Rejissorların mənə həvalə etdiyi rolları mənimsəmişəm.  Ola bilər rejissor nəsə səhv etsin, düzgün rol bölməsin. Ancaq bunun mənə dəxli yoxdur, alınmasa, bu mənim günahımdır. Düzdür, mən səhv bölgülər görməmişəm. Nə obraz verirlərsə yararlı bir obraz yaratmağa çalışmışam. Onlardan alınanı da olub, alınmayanı da.

 

- Alınmayan obrazlarınız hansılardır?

- Açığı, onu demək istəmirəm. Bəlkə tamaşaçı onu bəyənir, mən bəyənmirəm. Əslində bəyənməmək yaxşıdır, bu, aktyorun özündən razı olmasının qarşısını alır. Onsuz da bu sənətin zirvəsi yoxdur. Nə qədər fantaziyan varsa, o qədər də yüksəldəcəksən işini.

 

- Yeddi dəfə prezident mükafatına layiq görülmüsünüz. Bu sizə hansı hissləri bəxş edir?

- Səbəbkarlara minnətdarlığımı bildirirəm. Vaqif Aslan adlı şair deyir  ki, dünyada ən böyük dərd qədirbilməzlikdir. Doğurdan da biləndə ki, kimsə sənin əziyyətini qiymətləndirir, bu insana stimul, enerji verir və sən daha da həvəslənirsən. İnsan özünün lazımlı olduğunu hiss edəndə gücünə güc gəlir. Futbolçu rəqib komandanın qapısına qol vuranda necə sevinirsə biz də elə sevinir, həvəslənirik (gülürük).

 

- Həyata fərqli baxışınız var...

- Sağ olsunlar. Ancaq insanın içində bir şey var ki, teatrda mən varamsa mənimlə eyni səviyyədə bir sıra gözəl aktyorlarımız da var. Misal üçün o mükafatdan bir nəfərə deyil, iki nəfərə verilsə bu bizə daha nuş olardı. Təsəvvür edin ki, Ronaldo ilə Messi gözəl futbolçudurlar. Sən Ronaldonu qiymətləndirib Messini qiymətləndirməyəndə bu Messiyə hörmətsizlik olur. Təbii ki, bu mənim iqtidarımda olan bir şey deyil və mən buna heç müdaxilə də edə bilmərəm. Ancaq arzumdur ki, hər layiqli insan öz qiymətini alsın.

 

- Xanlar müəllim, neçə yaşınız var?

- Bu, ən ağır sualdır. Yaş həssas məsələdır. Nəinki qadınlardan, heç kişilərdən də soruşmaq lazım deyil. Ancaq sizə deyəcəyəm. 63 yaşım tamam oldu. 

Allah sizə uzun ömür versin. Yaradıcılığınızda uğurlar arzu edirəm.

 

Xəyalə Rəis

Teatrşünas

 

Kaspi.-2018.-15 fevral.-S.10.