Realizm estetikasına

 

Ziyadxan Əliyev "Sənətşünaslığın təbliği" ictimai birliyinin sədri

 

Rəssam Tariel Əhmədovun yaradıcılığı “izm”lərin mübarizəsi kontekstində...

 

Zamanın axarında bir-birini əvəzləyən sənət “izm”ləri arasında realizmlə naturalizm qədər bir-birinə bənzəyən-yaxın olanı çox azdır. Etiraf edək ki, ilk baxışdan cəlbedici və aldadıcı görünən bu “yaxınlığı” fərqləndirmək seyrçidən sənət aləminə müəyyən bələdçiliklə yanaşı incə duyum da tələb edir.

 

Bu mənada bədii cərəyanların və üslubların bir-birinə meydan oxuduğu indiki dövrdə onların rəqabətinə bir-iki cümlə ilə aydınlıq gətirməyin elə də asan olmadığını dilə gətirməyə məcburuq. Öncə deyək ki, həm realizm, həm də naturalizm həqiqəti əks etdirdiklərinə iddialıdırlar.

 

Odur ki, çox vaxt gerçəkliyə bu oxşar-vahid münasibətdə hər hansı problemin mövcud olduğunu söyləmək də çətinləşir.

 

Bu fərqi müəyyən qədər bu cərəyanların ideoloqlarının münasibətlərində duymaq olar. Hər ikisini çox qısa formada dəyərləndirməli olsaq, onda realizmin gerçəkliyə münasibətdə hər hansı süni sxemlərdən, mücərrəd baxışdan və görünənlərin bədii ifadəsinə mütləqiyyət “damğa”sı asmaqdan uzaq olduğunu deməliyik.

 

Realizmin xələfi olan naturalizm isə həm bədii, həm də düşüncə tərzi etibarilə çox yaxın məsafədən gördüklərinin surətinin çıxarılmasını özündə ehtiva edir.

 

Ona tapınanların təxəyyülü qanadlandırmağa, ön plandakıların arxasında nələrinsə mövcudluğuna tamaşaçısını inandırmağa bədii qüdrəti çatmır.

 

Başqa sözlə desək, realizmin görünənlərin duyğulandırıcı estetik qaynağa çevirməyi bacarması qarşılığında, naturalizmçilərin ərsəyə gətirdikləri “soyuq” auralı əsərlər məşhur “Madam Tyüssomuzeyinin eksponatları ilə anım-assosiasiya yaradan nümunələrinə bənzəyilər...

 

Bu, bir qədər də uzun görünə biləcək başlanğıcdan sonra demək istəyirik ki, çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan təsviri sənətində də hər iki cərəyana tapınan rəssamlarımız az olmayıb və bu günmövcuddurlar. Onlardan biri də yaradıcılığı respublikamızın müstəqillik illərinə təsadüf edən Tariel Əhmədovdur.

 

Hazırda ömrünün qırx altıncı baharını qarşılamağa hazırlaşan rəssam çoxları kimi ali ixtisas təhsili almayıb. Bu sahəyə olan sonsuz sevgisini 1988-1991-ci ildə Tambov (Rusiya) şəhər bədii təmayüllü peşə məktəbində “Xalq sənəti rəssamlığı” ixtisası üzrə təhsil alandan sonra ifadə etməyə başlayıb. İlkin yaradıcılıq nümunələrinin tamaşaçıları da yaxınları və dost-tanışları, eləcə də bəzi rəssamlar olub.

 

Onların davamlı təqdiri onu çəkdiklərini ictimailəşdirməyə ürəkləndirib. Beləliklə, 2011-ci ildən başlayaraq, onun müxtəlif janrlı əsərləri sərgi salonlarına və qalereyalara yol tapıb. Bu gün əsərlərinə olan tamaşaçı marağının gündən-günə gücənməsi qarşılığında demək olar ki, bu, ilk növbədə onun realizmin ənənəviləşən estetikasına özünəməxsus münasibətin, yeni bədii çalarlar əlavə etməsinin göstəricisidir...

 

Tariel Əhmədovun yaradıcılığında natürmort janrı xüsusi yer tutur.

 

Bu janrın avropalılarsayağı “cansız” əşyalardan ibarət olmasını qəbul edən rəssam, “sakit həyat” yaşamağa məhkum olan və maddi-mədəniyyət nümunəsi kimi səciyyələnən həmin əşyalara çox fərqli və özünəməxsus görünə biləcək bədii münasibət sərgilədiyini nümayiş etdirmişdir.

 

Onun bu çoxsaylı natürmortları ilk növbədə görməyə adət etdiyimiz müxtəlif əşyalarda gözəllik işartıları tapmaq, onların bədiiləşdirilməsindən sonra estetik qaynağa çevirmək istəyi diqqət çəkir.

 

Bu baxımdan onun məna-məzmun daşıyıcısına çevirdiyi kitabların, mis və saxsı qabların, meyvə və güllərin adını xüsusi vurğulamaq istərdik. Onun kitablara özünəməxsus bədii yanaşmasının Azərbaycan təsviri sənətində yeni olduğunu dilə gətirməklə, çəkdiyi kitablı natürmortların tamaşaçısını dialoqa çəkə biləcək mənəvi qaynaq olduğunu qeyd etmək istərdik. Rəng baxımından cildləri bir-birindən fərqlənən bu kitabların hamısının zahiri görkəmində yaşanmış günlərin-insan talelərinin əlaməti duyulmaqdadır. Kənarları “yeyilmiş” cildlərdə, saralmış vərəqlərin ləkələrində, qopmuş vərəqlərin kitabların qalınlığının səliqəsini pozan çıxıntılarında onlara qeyri-adi müəllif sevgisi hiss olunmaqdadır.

 

Bu, ilk baxışda “səliqəsiz” görünən həmin kitabların cismani tutumu müəllifin özünəməxsus bədii təqdimatında elə “əridilib” ki, tamaşaçı onu uzaq-yaxın keçmişə qaytarmaq gücündə olan bu qaynaqda duyğulandırıcı estetik dəyərlər tapa bilir. Əlavə edək ki, bu kitablar heç də ətraf mühitdən təcrid olunmuş halda təqdim olunmayıblar. Onlar digər əşyalarla qovşaqda bədiiləşdiriliblər. Belə qədim kitabların qonşuluğunda saralmış-köhnəlmiş bu kitabları əski misgərlik nümunələri, palaz-kilimlə, əntiq mebel, rəngkarlıq tablosu, şamdan, pul kisəsi, lələk, məktub, müxtəlif meyvə və s. görüntüyə gətirilməsi də dediklərimizin təsdiqidir.

 

Onun kompozisiyaları kitablarsız olan natürmortlarında da bu janrla bağlı əvvəllər rastlaşmadığımız bədii-estetik məziyyətlərlə qarşılaşırıq. Onun “Sərpuş və lavaşla natürmort”,”Mis dolça və heybə ilə natürmort”, “Narlar”, “Heyvalar”, “Quru balıqlar”, “Payız natürmortu”, “Lahıcın mis qabları” və s. əsərlərində duyğulandırıcı əşya-tamaşaçı təmasına yönəli bədii şərhə şahidlik etmək mümkündür. İncə rəng keçidləri ilə əldə olunan cəlbedicilikdə təqdim olunan əşyaların insan həyatında əhəmiyyətini vurğulamaq niyyəti hiss olunandır.

 

Tariel Əhmədovun çoxsaylı natürmortlarında görünənlərdə gözəllik işartısı axtarışından əlavə, tamaşaçısını dialoqa çəkə biləcək bədii-psixoloji auranın da mövcudluğu duyulmaqdadır. Ona görə də bir qayda olaraq natürmortların yığcamlığına və rəng uyarlığına üstünlük verən rəssam, son nəticədə, cəlbedici bədii effektlər əvəzinə, ümumi auranın “dincliyi” müqabilində tamaşaçısını kompozisiyanı təşkil edən hər bir detalın dominant kimi qəbuluna yönəldə bilmişdir.

 

Realizm üslubunun estetikasından digər janrlarda yaratdığı əsərlərdə də geniş istifadə edən Tariel Əhmədov gördüklərinə realist münasibətini çəkdiyi portretlərdə də nümayiş etdirmişdir.

 

Naturalizmin quru “obyektivliyi”ndən uzaq olduğunu dəfələrlə sərgiəyən rəssam, müxtəlif peşə adamlarına həsr etdiyi portretlərdə də, fantaziyasını qandlandırmaq gücünə malik olduğunu çəkdiklərinin bədii həllində göstərə bilmişdir.

 

İngilis dili müəllimi Şükufə Əhmədovanın portreti”, Xalq rəssamı Ağali İbrahimov”, “Memar Telman Babayev”, “Şamaxılı çoban” və s. əsərlərində insan psixologiyasına tutulan “bədii güzgünün obrazların ikonoqrafik dəqiqliyi ilə yanaşı, mənəvi dünyalarının cəlbedici və təsirli ifadəsinə yönəldilməsinin nəticəsidir ki, yaddaqalan bədii tutum almış bu portretlər həm də müəyyən dövrün insani keyfiyyətlərinin daşıyıcıları kimi qəbul olunurlar.

 

Rəssamın digər janrda çəkdiyi tablolarda da gerçəklikdə gördüklərinə realizm prizmasından baxış duyulmaqdadır. “İzm”ləin mübarizəsinin xaotik tutum aldığı indiki şəraitdə realizm estetikasının nə qədər nəhayətsiz olduğuna tamaşaçıları inandıra bilən Tariel Əhmədov, çəkdiyi süjetli kompozisiyalarda və mənzərələrdə də inandırıcılıq üzərində ucalan bədii şərhin hələ bundan sonra da milyonlarla seyrçiyə etibarlı mənəvi qaynaq olacağına ətrafını inandırır.

 

Realizmi gerçəkliyin kətan üzərində olduğu kimi təsviri kimi başa düşmək olmaz. Obrazlı bədii tutumun əldə olunması təbiətə təqlid uzaq olmalıdır. Əks halda realizmduyğularını naturalizmə qurban verək təhlükəsi yarana bilər. Realizm bədii prinsipinə yaradıcı yanaşma hər bir sənətkarın heyrətinə səbəb olan hadisə və süjet, şəxsiyyət və əşya barəsində düşüncələrini pərvazlandırmaq üçün vasitədir. Yaxşı haldır ki, Tariel Əhmədovun yaradıcılığında həyata, onun hadisə və insanlarına, eləcə də təbiətinə və nemətlərinə bu cür yanaşma duyulmaqdadır...

 

Kaspi  2018.- 17-19 fevral.- S.24.