İmzaları deyil, əsərləri
dərc edən sayt
Artkaspi.az
17 fevralda artkaspi.az mədəniyyət və ədəbiyyat portalının 1 yaşı tamam olur. Bu münasibətlə saytın daimi müəlliflərinin fikirlərini öyrəndik:
Ülvi Babasoy (Bakı Mühəndislik Universitetinin müəllimi, ədəbi tənqidçi): Artkaspi.az yayımlanan gündən saytla əməkdaşlıq edirəm. Əslində, artkaspi.az "Kaspi” qəzetinin tərkib hissəsidir. Qəzetin Teatr və Ədəbiyyat əlavələri özünəxas kultroloji imic yaratmağı bacarmışdır. Saytın fəaliyyətə başlaması onlayn və daha operativ sistem yaratdı. Bir il ərzində Artkaspi.az ədəbi prosesdə məxsusi tərzi ilə seçildi. Gündəm və oxunma sayına hesablanan informasiya və mətnlərə üstünlük verilmədi. Heç buna gərək də yoxdur. Artkaspi.az ciddi ədəbi əsərlər, müəllif yazıları və müxtəlif ədəbi təmayülləri əks etdirən tərcümə mətnləri yayımlayır. Mənim üçün doğma ünvandır. Oxucularla maraqlı bir məqamı paylaşım: Saytda "Var olmayan eşqin var olan gözəlliyi” adlı bir essem yayımlandı. Essedə Maksim Qorkinin "Boles” hekayəsindən söhbət açılır. Unikal bir novelladır. Ürəyimdən keçirirdim ki, bu hekayə niyə ana dilimizdə yoxdur. Bir neçə gün sonra hekayə Artkaspi.az saytı tərəfindən çap edildi... Nəhayətdə onu deyə bilərəm ki, mənə saytda özümüifadə üçün imkan və auditoriya verildi. Yazılarıma müdaxilə və ixtisarlara rast gəlmədim. Bu baxımdan, özümü rahat hiss etdim və əməkdaşlığım davam edir. Saytın yaradıcı heyətini, əməkdaşlarını və ən əsası da oxucuları təbrik edirəm.
Sevil Gültən (tərcüməçi): Saytın 1 yaşını təbrik edirəm. Gün o gün olsun 10, 20, 50 yaşı qeyd olunsun! Bu saytı daim izləyirəm. Bu sayt mənim üçün bugünkü ədəbiyyatımızın güzgüsüdür.
Kənan Hacı (Yazar): Artkaspi.az saytını hər gün ziyarət edirəm. Saytdakı materialların ədəbi çəkisi, sanbalı məmnunluq doğurur. Sayt yüksək ədəbi zövqlə yenilənir və ədəbi meyarlar burda ciddiliklə qorunur. Dünya ədəbiyyatında gedən proseslər, Azərbaycan ədəbi mühitində baş verən yeniliklər, dolğun, əhatəli müsahibələr, orijinal layihələr artkaspi.az saytını ədəbi elitanın ən sevimli portalına çevirib. Mən hər dəfə bu portaldan nəsə oxuyanda içimdəki işıq bir az da çoxalır, yeni, təptəzə materialları görəndə gözüm sevinir, o yazıları su kimi içirəm. Başqa nə deyim? Saytın rəhbərliyi sağ olsun ki, mənə də ara-sıra qəlbimdən keçənləri yazıb gün işığına çıxarmaq üçün şərait yaradıb. Düzdür, başqa portallarda, qəzetlərdə də yazılarım dərc olunur. Amma Artkaspi.az-ın öz yazarları sırasında məni də görmək istəyi mənim üçün çox xoşdur. Ən gözəl arzularımı bildirirəm.
Ariz Tarverdiyev (Fars dilindən tərcüməçi): Mən hesab edirəm ki, artkaspi.az saytı son vaxtlar o qədər də rəngarəng nəzərə çarpmayan ədəbiyyat mühitinə yeni bir rəng qatmış oldu. Müasir dövrdə "Kaspi" ənənələrini yaşadan, maarifçiliyə xidmət edən mətbu orqanın bu formatda fəaliyyəti ancaq alqışlana bilər. artkaspi.az ədəbiyyat və mədəniyyət portalları arasında alternativ yarada bilib. Ədəbiyyata, mədəniyyətə, elmə-maarifə xidmət etmək müqəddəs işlərdir. Bu yolda sizə, bütün əməkdaşlara uğurlar arzu edirəm.
Səxavət Sahil (yazıçı): Artkaspi.az ədəbiyyat və mədəniyyət portalının fəaliyyətə başlaması ədəbi-mədəni həyatımızda yenilikdir və bu sahədə olan boşluğu doldurmağa xidmət edir. Portalın fəaliyyətini oxucu kimi daima yaxında izləyirəm. Buradakı yazılar kifayət qədər peşəkar və ciddidir. Etiraf edim ki, bu gün internet mediasında reytinqə hesablanan yazılar üstünlük təşkil edir. Lakin Artkaspi.az belə ucuz reytinq yarışından uzaqdır və bunu öz fəaliyyəti ilə təsdiq edir. Portalın daimi müəlliflərindən biri kimi vacib nüansı xüsusi ilə qeyd etmək istəyirəm ki, burada müəlliflərin fikrinə və mövzu seçiminə heç bir məhdudiyyət yoxdur və yazdığım yazılar da bunu deməyə əsas verir. Ən əsası isə portalda sağlam və ciddi rəqabət mühiti var və bu da müəlliflərə stimul verir. Müəllif kimi onu da vurğulayım ki, yazı baxımından portal mənə geniş imkanlar verib, istədiyim mövzuda öz fikrimi ifadə edə bilirəm. Ədəbi-mədəni həyatımızda qısa bir zamanda özünə yer tutan və peşəkarlığı ilə digər saytlardan fərqlənən Artkaspi.az ədəbiyyat və mədəniyyət portalının yaradıcı heyətini, müəlliflərini və oxucularını 1 yaşı münasibətilə təbrik edirəm. İnanıram ki, bundan sonrada portal öz fəaliyyətini daha da genişləndirib, oxucularımızı maraqlı yazılarla sevindirəcək.
Aydan Umudova Çevik (Türkiyə ədəbiyyatı mütəxəssisi, tərçiməçi): Artkaspi.az saytı ədəbiyyat və mədəniyyət işçiləri üçün əvəzolunmaz bir portaldır. Biz ədəbiyyatçılar üçün bu saytda çox geniş imkanlar yaradılıb. Araşdırmalarımız, tədqiq etdiyimiz yazıçı və şairlərin bilinməyən fərqli tərəflərini göstərmək, cəmiyyətə düzgün bir şəkildə çatdırmaqda əvəzolunmaz vasitədir. Həmçinin oxucuları istedadlı gənc şair və yazıçıların əsərləri ilə tanış etmək, əlavə olaraq elektron kitabxana, mədəniyyət xəbərləri və s. – bunlar hamısı önəmlidir. Saytın işçilərinə minnətdarlığımı bildirirəm. Bir il ərzində əldə etdiyiniz uğurların daimi olması arzusuyla...
Xatirə Nurgül (tərcüməçi, şair): Həyatımın müəyyən dönəmində əməkdaşı olduğum artkaspi.az saytı mənə ədəbi çevrə ilə daha yaxından tanış olmaq imkanı yaratdı. Buradakı sağlam mühit, gözəl kollektiv insanı mənəvi cəhətdən ruhlandırır, özünəgüvən duyğusu aşılayır. Həm də bu sayt mənə mətnə məsuliyyətlə yanaşmağı öyrətdi və bu baxımdan özümü ona borclu hesab edirəm. Artkaspi.az sərhədləri təkcə ədəbiyyatla məhdudlaşmayan, maarifçilik ideyaları ilə fəaliyyət göstərərək izləyiciyə incəsənətin əksər sahələri haqqında məlumatların ötürüldüyü tam fərqli bir mədəniyyət portalıdır. Saytda yayımlanan materialların orijinallığı, ədəbi-mədəni problemlərə baxış tərzi cəmiyyətin nəzərindən qaçmır, onun "imzaları deyil, əsərləri dərc etmək” devizini alqışlayır.
Bu gün bu dəyərli saytın bir yaşı tamam olur. Bu münasibətlə saytın təsisçisi və əməkdaşlarını təbrik edirəm. Sizə yaradıcılıq uğurları, həmişə qətiyyətli addımlarla irəliləyərək mədəniyyətimizin keşiyində dayanmanızı arzulayıram.
Xanım Aydın (tərcüməçi, yazar): Artkaspi.az-ın 1 yaşını təbrik edirəm. Bu bir il sayt və həm də oxucuları üçün önəmli il oldu. Elə ilk addımlarımızdan ayaqlarımızı yerə möhkəm qoyduq. Böyüdük, inkişaf etdik. Və təəccüblü deyil ki, hekayələr, ədəbi tərcümələr, reportajlar, yeni məlumatlarla rəngarəng olan sayt bu gün ədəbi-mədəni portalları arasında birincidir. Çünki maraqlıdır, aktualdır, özünəməxsusdur. Bu, böyük uğurdur. Bir ildə saytla yaxından əməkdaşlıq etdiyim üçün məsudam. İmzaları yox, əsərləri dərc edən bir saytın əməkdaşı olmaq həm məsuliyyətlidir, həm də qürurverici. Qeyd edim ki, il boyu mənə həvalə olunan bütün materialları sevə-sevə, zövq ala-ala hazırlayıb təqdim etmişəm. İnternet əsrində yaşayırıq. Dünyanın istənilən nöqtəsində saytımız əlçatandır. Və oxucularımız hər yerdə var. Oxuyurlar, münasibət bildirirlər, müzakirə edirlər. Bu çox gözəldir. Yenə də Artkaspi.az-ı təbrik edirəm, uzun illər bir yerdə böyüməyimizi diləyirəm.
Elcan Salmanqızı (tərçüməçi): Ədəbiyyata həsr olunmuş hər yeni platforma, tribuna, layihə yüksək dəyərləndirilməlidir. Xüsusilə, Azərbaycan ədiblərinin dünyadakı ədəbi tendensiyalara yetəri qədər qoşula bilmədiyi dövrdə. Artkaspi-nin istər ənənəvi, istərsə də yeni formatlar əsasında reallaşdırdığı rubrikaların uğurlu alınması, diqqət görməsi ədəbiyyata xidmət edən bu söz məkanının ömrünü uzadacaq, bu isə çox sevindirici haldır. Burada beynəlxalq təcrübəyə uyğunlaşdırılaraq tətbiq edilən yeniliklər də gözlənildiyi kimi maraqla qarşılandı. İllərdir xarici mətbuatdan izlədiyimiz müəlliflərin, nəzəriyyələrin, ədəbi mükafatların artıq bizim ədəbi mühitin söhbət mövzusuna çevrilməsində artkaspi-nin rolunu danmaq olmaz.
Kaspi 2018.- 17-19 fevral.- S.11.