Yaddaşlarda sovet casusu kimi qalan aktyor

 

Tixonov 81 yaşında başa düşdü ki, ömrü boyu yalnız keçmişdə qalan qızı sevib

 

"Vyaçeslav Tixonov - bu böyük aktyor, milyonlarla tamaşaçının qəlbində həmişə birinci dərəcəli sovet casusu olaraq qalacaq”. Görkəmli rus aktyorunun 90 illiyi Rusiya mətbuatında bu cümlələrlə qeyd edilir. Ştirlis rolu təkcə aktyorun özü üçün deyil, bütünlüklə SSRİ kinematoqrafiyası üçün böyük uğur idi. "Baharın on yeddi anı”nda çəkilən bütün aktyorlar film ekranlara çıxan günün səhəri, yuxudan məşhur oyandılar.

Vyaçeslav Tixonov isə kinodakı fəaliyyəti boyu 70-dən artıq rola çəkilsə də, tamaşaçılar üçün "Ştirlis” olaraq qaldı. Bu, bəzən onu qıcıqlandırır: "Məndən kəşfiyyatçı düzəltdiniz” deyirdi.

Moskvanın mərkəzində aktyorun xatirəsinə həsr olunan "Həyatın 17 anı” adlı sərgi isə Vyaçeslav Tixonovun bütün həyat yaradıcılığından söz açır.

Kino səmasında parlaq ulduz

Vyaçeslav Tixonov Moskva vilayətinin Pavlov qəsəbəsində anadan olub. Onun atası fabrikdə fəhlə, anası isə uşaq bağçasında tərbiyəçi işləyirdi. O, ilk peşəsini özü seçmişdi. Məktəbi bitirəndən sonra xarratlığa yiyələnmək üçün texniki peşə məktəbində oxudu. İkinci Dünya Müharibəsi bitənədək xarrat kimi işlədi. Praktiki olaraq Vyaçeslav bütün günü hərbi zavodda işləyir, yalnız axşamlar qonşuluqda yerləşən «Vulkan» kinoteatrının çox da böyük olmayan kölgəsinə çəkilərək dincəlməyə macal tapırdı.

Vyaçeslav həyatda çox şeylərə öz intuisiyası ilə nail olmuşdu. O, böyük həvəslə kinematoqrafiya ilə maraqlanmağa başlayır. SSRİ-nin müharibəyə həsr olunan filmləri onu sanki ovsunlamışdı. Məhz bunun sayəsində gənc oğlanda kinoaktyor olmağa maraq yaranır. O, daim kino qəhrəmanlarını yamsılamağa çalışırdı. Amma ciddi məşqlər üçün demək olar ki, nə yeri, nə də vaxtı var idi. Vyaçeslav 1945-ci ildə Ümumittifaq Kinematoqrafiya İnstitutuna daxil olmaq üçün Moskvaya getsə də, qəbul imtahanlarından kəsilir. Arzuladığı diplomu almaq üçün ona xoşbəxt bir təsadüf kömək olur. İnstitutun müəllimi Boris Bibikovun oğlana heyfi gəlir və onu plandan kənar olaraq, öz fakültəsinə qəbul edir. Bununla da sovet kinematoqrafiyası səmasına parlaq bir ulduz bəxş edir.  

Kinoda ilk çəkiliş ona ikinci kursda oxuyarkən - 1948-ci ildə nəsib olur. «Gənc qvardiyaçılar» filmində ona kiçik rol verilmişdi. Təbii ki, böyük uğuru hələ qazana bilməzdi. Növbəti rolu isə gənc aktyora institutu bitirəndən sonra verilir.

1950-ci ildə Vyaçeslav Tixonov illərlə arzusunda olduğu müqəddəs diplomu almağa nail olur. Diplomla bərabər Vladimir Braunun «Asudə günlər» filminə çəkilmək üçün dəvət də alır. Bundan sonra ona dalbadal sovet filmlərinə çəkilməyə dəvətlər gəlir. O,  kinoya çəkilməklə bərabər, həm də kinoteatrın səhnəsində oynayır. Maksim Qorki adına kinostudiyada daimi işləməyə başlayır. Sonralar gənc aktyor teatrı tərk edib özünü bütünlüklə kinematoqrafiyaya həsr etmək qərarına gəlir.

Vyaçeslav Tixonov bir çox filmlərdə çəkilir. «Baharın 17 anı», «Bazar ertəsinə kimi yaşayaq», «Hərb və sülh», «Əhvalat Penkovda baş vermişdi», «Qaraqulaq ağ Bim» və s. filmlər onun tamaşaçılara sevdirir. 

Vyaçeslav Tixonov tez-tez çəkilirdi, ona görə də 50 il ərzində sovet kinematoqrafiyasının canlı təmsilçisinə və əsas ulduzuna çevrilə bilmişdi. O, knyazları və casusları, məktəb müəllimini və KQB-nin zabitlərini oynayırdı. Buna baxmayaraq, hər bir yeni rolu almaq ona çətinliklə başa gəlirdi. Sovet ideologiya maşını tez-tez əngəllər törədirdi. Aktyorun xarici görünüşünü «aristokrat», «qeyri-rus» və «avropasayağı» adlandırırdılar. Amma lazım olanda aktyorun dostları köməyinə çatırdı. Sonralar çəkildiyi filmlərin çox hissəsi klassik sovet kinematoqrafiyasına aid idi. 2006-cı ildə Vyaçeslav Tixonov «Andersen. Məhəbbətsiz həyat» filmində Allah roluna çəkilir və bu ekran əsəri onun həyatında sonuncu olur.

Tixonovun qadınları

SSRİ-nin az qala bütün qadınları ona vurulmuşdu. İki dəfə evli olan aktyorun ilk həyat yoldaşı tanınmış sovet aktrisası Nonna Mordyukova idi. Onlar birlikdə 13 il yaşayıblar. Bu nikahdan onların Vladimir adlı övladları dünyaya gəlib. Voldoya 1990-cı ildə - qırx yaşında dünyasını dəyişib. Çox az adam bilir ki, ekranların qəhrəmanı həyatda yumşaq və aciz insan olub. Onun bu   iradəsizliyi vaxtilə Nonna Mordyukovanı ondan uzaqlaşdırmışdı. Kazak qızı olan Mordyukova çılğın xasiyyətli qadın idi. Tixinovun səbir kasası öz həyat yoldaşını başqası ilə sevişərkən gördüyü zaman doldu. Və o zaman Tixonov qapını çırpıb gedəndə Mordyukova «Axır ki, emosiyasını büruzə verdi deyərək, sevincini gizlətməmişdi. O zaman  Volodyanın 13 yaşı var idi. Valideynlərinin ayrılmasına baxmayaraq, üzərində hər ikisinin məhəbbətini hiss edirdi. Hərçənd, bu sevgi onu faciəli ölümdən qurtarmadı. 18 yaşı olarkən Volodya narkotik aludəçisinə çevrilir. Tixonov da, Mordyukova da bu pis vərdişdən onu yayındırmaq üçün müxtəlif rollara çəkilməyə təhrik edirdilər. Volodya müqavimət göstərsə də, rollara çəkilirdi. Tezliklə Volodya aktrisa Natalya Varleyin «Qafqaz əsiri»ndəki rolunu görüb, ona vurulur. Onlar evlənirlər. Tixonova Vasili adlı nəvə hədiyyə etsələr də, bu evlilik uzun sürmür...

Vyaçeslav Tixonov həyat yoldaşından ayrılanda 40 yaşı vardı. O, 25 yaşlı ingilis dili müəlliməsi Tamara İvanovna ilə evlənir. Onlar «Kişi və qadın» fransız filmi üzərində işləyərkən tanış olurlar. Aktyor baş qəhrəmanı səsləndirirdi, Tamara İvanovna isə o zamanlar institutda işləyirdi. Qadın evli idi, ancaq o, Vyaçeslava görə həyat yoldaşından boşanır. Qırx iki il davam edən bu evlilikdən aktyorun Anna adlı qızı doğulur.

Tixonov Tamara ilə bütün rollarını, hər səhnəni detallarına qədər müzakirə edirdi. Onlar uzun illər bir yerdə yaşadıqlarına baxmayaraq, Tamara qısqanc idi. Yəqin elə buna görə də Tixonov daha az-az çəkilməyə başlamışdı. Sonra isə demək olar ki, heç çəkilmirdi. Qocalığında isə qadının qısqanclığı patoloji həddə çatdı. Tamara İvanovna tam mənası ilə telefonun yanında «növbə çəkməyə» başladı. Tixonovu qadın soruşduğu an, Tamara hətta isterikaya düşürdü. Ən çox isə Tamara Tixonovadan cavan jurnalist qızlar «zərər” çəkirdilər. "Vyaçeslav Vasilyeviç gənclərlə ünsiyyəti çox sevirdi - deyə «zərərçəkmiş» jurnalist Anna Verşinina xatırlayır: «Öz təcrübəsini bölüşmək onun xoşuna gəlirdi. Həm də gənc qızlarla zarafatlaşardı. Tamara Tixonova isə dəstəyi onun əlindən alıb qışqıraraq «Mən bilirəm ki, bu, sənin məşuqəndir!” deyərdi. Axı, bu, gülməlidir”. O zamanlar Tixonovun 80 yaşı var idi.

"Yadımdadır ki, Tixonov Nonnanın dəfninə gəlməmişdi – Nonnanın bacısı Mordyukova Natalya danışır: "Gəlmədiyinə görə, hətta özlüyümdə «Allah bəlasını versin» dedim. Amma sonra onun ağılsız həyat yoldaşı Tamara yadıma düşdü. Fikirləşdim ki, yəqin Tixonovu dəfnə gəlməkdən o çəkindirib. Slava özü Nonnaya hörmət edirdi. Həm də özgə insanlar deyildilər axı. Tamara isə hətta telefonla belə onlara danışmağı qadağan etmişdi”.

Tamara İvanovna Tixonovu öz qısqanclığı ilə o qədər bezdirmişdi ki, onlar evi yarı bölüb ömürlərinin axırına qədər ayrı yaşadılar. Evin bir yarısında Vyaçeslav Tixonov, digər yarısında isə Tamara. Vyaçeslav Vasilyeviç nişan üzüyünü belə çıxarmışdı. Tamara İvanovna isə deyirdi ki, Tixonov onun həyatını puç etdi. Tamara əsəblərini sakitləşdirməkdən ötrü möhkəm içməyə başladı, hətta bir neçə dəfə intihara təşəbbüs etdi. Tixonovun qızı Anya valideynlərinin Moskvadakı mənzilində yaşayırdı. Amma anasını yoluxmaqdan ötrü tez-tez Moskva ətrafındakı evlərinə gəlməyə başlamışdı. Tixonov nəvələrini – əkizlər Slavik və Qoşanı mütəmadi görməkdən çox sevinirdi.

Qoca yaşlarında Vyaçeslav Vasilyeviç qapalı həyat tərzi keçirməyə başlayır. Çünki artıq dostluq etmək üçün heç kim qalmamışdı. Yaxın dostu və onu bir çox filmlərdə çəkən Stanislav Rostoskiy və həmkarları Yuri Nikulin, Nikolay Kryuçkov həyatdan köçmüşdülər. Yeni dostları isə bu yaşda tapmaq çox çətin idi. Vyaçeslav Tixonov bərəkətli yerdə – Nikolina Dağda yaşayırdı. Burada o, özünə qırmızı kərpicdən - «Baharın on yeddi anı» filmindəki Ştirlisin evinə bənzər ev tikdirmişdi. Dostları sağ olduğu zamanlarda o, tez-tez və mütəmadi olaraq onlarla balıq tutmağa gedər, özü ilə Stenka adlı itini də aparardı. Cins olmayan bu küçə itini hələ küçük ikən onun qapısına atmışdılar. Bir gün bu dördayaqlıya bədbəxtlik baş verdi – o, itdi. Amma bir müddət sonra kimsə itin xaltasını Vyaçeslav Vasilyeviçə atdı. Bununla da aktyor demək olar ki, təklikdə çölə çıxmağı tərgidir. Vaxtını televizorun qarşısında keçirməyə və az-az içki qəbul etməyə başlayır. Tixonov həyatın başa çatdığını heç cür qəbul edə bilmirdi... O, son vaxtlar ürək ağrılarından şikayət etməyə başlamışdı. Ürək əməliyyatından sonra sağlamlığı bərpa olundu. Sonra əzələlərində ağrılar başladı. Onu yenə xəstəxanaya yatırdılar və növbəti əməliyyatı etdilər. Amma bir müddət sonra o, böyrəklərindən şikayətlənməyə başladı. Həkimlər aktyoru sağaltmaq üçün əllərindən gələni edirdilər. Lakin xəstəyə lazımi qulluq olunmadığından və illərlə siqaret çəkdiyindən, artıq ciyərlərində problemlər yaranmışdı. Kədərlidir, amma Tixonovun qəbri üzərində ağlayan bir kəsi qalmamışdı. Ömrünün axırında onun yalnız iki yaxını var idi: həyat yoldaşı Tamara və qızı Anna.

Keçmişdə qalan qız

Aktyorun qızı Anna həyat yoldaşı ilə çox da böyük olmayan kinostudiya yaradıb Vyaçeslav Vasilyeviçin iştirakı ilə filmlər çəkməyə başlayır. Anna atasının hesabına biznesini genişləndirmişdi. O, bu pullarla ailəsini saxlayır və anasını ayıldırdı. Vyaçeslav Vasilyeviçin istəyi ilə isə heç kim maraqlanmırdı. Hətta, onun vəsiyyətinə belə heç kim əhəmiyyət verməmişdi. Tixnov vəsiyyətində oğlu Volodya ilə eyni qəbiristanlıqda basdırılmaq istədiyini yazmışdı. Elə həmin yerdə də ilk həyat yoldaşı Nonna Mardyukova uyuyurdu. Burada da qızının və ikinci həyat yoldaşının qısqanclığı özünü göstərdi və onu Novodeviçye qəbiristanlığında  - Oleq Yankovskinin yanında basdırdılar. Elə burada qonşuluqda Tamara Tixonova özünə qəbir yeri aldı. Yalnız bir şeydə Tixonovun bəxti gətirmişdi. Ölümündən bir neçə il əvvəl həyatının mənasını tapdı. 50 illik ayrılıqdan sonra o, ilk sevgilisi Yulya ilə danışmağa başladı.

Bu əhvalat Tixonovun kiçik vətənində – Pavlovskiy Pasadda baş vermişdi. Onuncu sinif şagirdi Slava doqquzuncu sinifdə oxuyan Yulyaya vurulmuşdu. Gənclər hətta evlənməyi belə qərara almışdılar. Amma Tixonov Moskvaya oxumağa yollandı. Neçə illər sonra artıq Mordyukova ilə evli olarkən o, tez-tez Pavlovskiy Pasada Yuliyanın yanına gələrdi. "Bu, mənə əzab verirdi”-deyə Yuliya xatırlayırdı: "Mən bilirdim ki, onun Moskvada hamilə həyat yoldaşı Mordyukova var. O isə mənə yaltaqlanır. Ona da yazığım gəlirdi, mən özüm də əzab çəkirdim”. Bir müddət sonra həyat onları ayırdı. Amma Tixonov bu qızı unuda bilmirdi. Ahıl yaşlarında Yuliyanı axtarıb tapmaq qərarına gəlir və qızının həyat yoldaşı Nikolaya müraciət edir. Yuliya Rossiyskaya həmin gecəni gözəl xatırlayır: "Zəng çalındı və dəstəkdən tanış və doğma səs ucaldı: «Yuliya, bu mənəm, Slavadır». Onlar bir-birini 50 ildən sonra tapmışdılar. Əlbəttə, Tixonov onunla gizlicə, həyat yoldaşı evdə olmayan vaxtlarda danışardı. Amma bu söhbətlər onun ürəyincə olurdu. 81 yaşında Tixonov başa düşdü ki, ömrü boyu yalnız Yuliyanı – keçmişdə qalan qızı sevib. Onlar görüşmək istəyirdilər, amma hərdən birinin ağrıları tuturdu. Beləliklə, onlar görüşməyə vaxt tapmadılar. Aktyor 2009-cu ilin 4 oktyabrında 82 yaşında dünyasını dəyişir...

 

Rusiya mətbuatından tərcümə etdi

Təranə Məhərrəmova

 

Kaspi 2018.- 17-19 fevral.- S.8.