Cümhuriyyətin ilk ədliyyə
naziri - Xəlil bəy Xasməmmədov
CÜMHURİYYƏT
- 100
O, “Azərbaycan davasını” ömrünün
sonuna kimi aparıb
"Özü üçün
yaşayanları bir neçə nəsil o yana heç kəs tanımır, millət üçün
yaşayanları isə
hamı hər an böyük qürur hissi ilə xatırlayır. Birincilər zamanın içində əriyirsə, ikincilər
zamandan ucada dayanır”.
Xasməmmədov qardaşları da Ziyadxanov qardaşları kimi təkcə Gəncədə deyil, Bakıda da tanınmış, istedadlı
hüquqşünas idilər. Hacıbaba kişinin
dörd oğlundan üçü Xəlil, Əliəkbər, Əsgər
Moskva Universitetində
hüquq təhsili almışdılar. Bu məqalədə
onlardan biri, Azərbaycan
Xalq Cümhuriyyətinin
qurucularından biri, Azərbaycanın ilk ədliyyə
naziri və ilk dəfə Ədliyyə Nazirliyinin Əsasnaməsini
hazırlayan Xəlil bəy Hacıbaba oğlu Xasməmmədov haqqında bəhs edəcəyik.
Xəlil bəy 1873-cü ildə Gəncədə anadan olub (bəzi mənbələrdə müxtəlif
rəqəmlər yazılır). Mədrəsə,
gimnaziya təhsili aldıqdan sonra Moskvada ali
təhsilə sahib olan
Xəlil bəy, ilk olaraq Gəncə dairə məhkəməsində
işə başlayıb.
Dərin
biliyə, yüksək
intellektə malik olan Xəlil bəy bütün ömrünü, bilik və bacarığını
millətinin azadlığı
uğrunda mübarizəyə
həsr edib.
1907-ci ildə Yelizavetpol quberniyasından 2-ci Dövlət
dumasına deputat seçilən Xəlil bəy, F.Xoyski ilə birlikdə Dumanın milli-dini bərabərlik komissiyasının,
Dumanın ikinci şöbəsinin və beş komissiyasının
üzvü olmuş, Xalq Azadlığı Partiyasını təmsil
etmişdir. II Dövlət
Duması işə başladıqdan az
sonra, 1907-ci ilin mart ayının 17-də Müsəlman
fraksiyası yenidən
təsis edildi. I Dumada olduğu
kimi, fraksiyaya 22 müsəlman vəkil daxil oldu. Azərbaycandan seçilmiş Duma
üzvləri də Müsəlman fraksiyasına
daxil oldular. Fətəli
xan Xoyski və Xəlil bəy Xasməmmədov isə fraksiyanın bürosunda təmsil olundular. Dumanın iclaslarında fəallıq
göstərən Azərbaycanlı
deputatlar birmənalı
olaraq Qafqaz müsəlmanlarının mənafeyi
uğrunda çox gərgin və ağır mübarizə
apardılar. Xəlil
bəy Duma deputatlarına bəyan etmişdir: "Dövlətimizin
siyasi quruluşunun bu və ya
başqa cür adlanması qətiyyən
vacib deyil, bu siyasi quruluşun
tələbatımızı, istəklərimizi yerinə
yetirməyə qadir olan məzmunu bizim üçün daha vacibdir”. Xasməmmədov Dumanın müsəlman
fraksiyasının iclasında
amnistiya məsələsini
qaldırmış və
onun qanunvericilik yolu ilə keçirilməsini
qəti şəkildə
təklif edib.
Xəlil bəy Xasməmmədov
3-cü Dövlət Dumasında
(1907-12) Azərbaycanı təmsil
edən yeganə deputat idi.
O, ilk dəfə 1911-ci ildə Qori müəllimlər seminariyasının
Azərbaycan şöbəsinin
Gəncəyə köçürülməsi
və onun müstəqil seminariyaya çevrilməsi məsələsini
irəli sürmüş
və məsələ
ilə bağlı Xalq Maarif Nazirliyinə
müraciət etmişdir.
Müsəlmanların maariflənməsi ilə yanaş, onların orduya çağırılmaması da onu narahat
edirdi. 1911-ci ilin noyabr ayında
keçirilən iclaslardan
birində o, hərbi mükəlləfiyyət barədə
qanun layihəsi üzrə çıxış
edərkən, hərbi
mükəlləfiyyətin müsəlmanlara da şamil olunmasını qətiyyətlə tələb
edir.
Gəncənin ictimai həyatında yaxından iştirak edən Xəlil bəy və qardaşları Gəncə
Xeyriyyə Cəmiyyətinin
ən fəal üzvü olublar. 1913-1917-ci illər ərzində Gəncə şəhər
bələdiyyə rəisi
işləyən Xəlil
bəy, qardaşları
Ələkbər və
Əsgərlə Gəncədə
yeni məktəblərin
açılmasında, şəhərin
abadlaşmasında əllərindən
gələni əsirgəməyiblər.
1917-ci ilin əvvəllərindən
Xəlil bəy fəaliyyətini daha çox siyasi işlərə istiqamətləndirir.
Həmin ildə Gəncədə
yaradılan Türk Ədəmi-Mərkəziyyət Partiyasını yaradanlardan
biri də Nəsib bəyin ən yaxın dostu Xəlil bəy idi. O, amal yoldaşları ilə birlikdə 1917-ci ilin aprelində Bakıda, may ayında isə Moskvada keçirilən Ümumrusiya
Müsəlmanları Qurultayında
iştirak etmişdir.
Həmən ilin oktyabrında Bakıda toplanan "Müsavat” partiyasının birinci qurultayında Mərkəzi
Komitənin üzvü
seçilmiş Xəlil
bə,y Cümhuriyyətin
qələbəsinə kimi
Gəncə Qəza İcraiyyə Komitəsinin
sədri və Zaqafqaziya komissarlığında
dövlət nəzarəti
komissarı vəzifələrində
çalışmışdır.
Cümhuriyyətin qələbəsindən sonra X.Xasməmmədov daha məsul vəzifələri icra etmişdir. O, 1-ci Hökumət
kabinəsində ədliyyə
naziri, 2-ci kabinədə
əvvəlcə portfelsiz
nazir, 1918-ci il 6 oktyabrda kabinədaxili dəyişikliklərdən sonra
ədliyyə naziri,
3-cü kabinədə daxili
işlər naziri,
5-ci kabinədə ədliyyə
naziri vəzifələrində
çalışmışdır. İlk dəfə Ədliyyə Nazirliyinin Əsasnaməsini
hazırlayan Xəlil bəy, bu əsasnaməni
milli maraqları nəzərə almaqla, dünyəvi dəyərlər
zəmində hazırlamışdır.
Heç
də təsadüfi deyil ki, bu
gün də Azərbaycanda məhkəmə
palatasının, onun
Əsasnaməsinin, fəaliyyət
mexanizminin yaradılması
Xəlil bəyin adı ilə bağlıdır.
"Müsavat” partiyasından Azərbaycan parlamentinin üzvü olan X.Xasməmmədov 1920-ci ilin
aprelində Azərbaycan
Xalq Cümhuriyyətinin
Türkiyədə səfiri
təyin edilir və aprel işğalı
nəticəsində Türkiyəyə
yola düşə bilmir. İşğaldan bir necə gün sonra N.Nərimanovun təkidi ilə Türkiyəyə
keçməyə məcbur
olur. Bu, Xəlil bəyin vətəndən sonuncu gedişi idi. Ömrünün sonuna kimi vətən həsrəti
ilə alışıb-yanan
Xəlil bəy aylar, illər ötdükcə bu acı həqiqətlə
barışmalı olur. Vətəndə bolşeviklərin əzizlərinə yaşatdığı
cəhənnəm əzabından
xəbər tutan Xəlil bəy, bir daha Azərbaycana
dönüşün mümkünsüzlüyünü
dərk edir.
... Xəlil bəy
istəsə də, istəməsə də bu acılarla barışmalı olur və mübarizəsini davam etdirir. O, mühacirətdə mübarizəsini
əsasən qələmi,
sözü ilə apardı. "Yeni Qafqasya”, "Azəri-türk”,
"Odlu yurd”, "Azərbaycan yurd bilgisi”, "Prometey”, "Kavkaz”, "İstiqlal” və "Qurtuluş” adlı qəzet və jurnalla da siyasi məzmunda
məqalələrlə mütəmadi
çıxış edərək
siyasi publisistikanın
gözəl nümunələrini
yaratdı.
Xəlil bəy İstanbulda Fətəli xan Xoyskinin və Nəsib bəy Yusifbəylinin başsız qalan ailəsini hər gün yad edir, gücü çatan köməkliyi onlardan əsirgəmirdi. O, hər iki ailənin ən sevimli üzvünə çevrilmişdi. Elə Xəlil bəyin İstanbullu Suat xanımla ailə qurmasına səbəb də bu iki ailə olur. Bir necə ildən sonra Xəlil bəyin oğlu Rayfun dünyaya gəlişi, qismən onun qəlbini ovundura bilir. Amma bu xoşbəxtlik uzun sürmür. Yeganə övladının qəfil ölümü ona sarsıdıcı zərbə vurur.
1922-ci ilin aprelində Xəlil bəy bir daha vətəndən ağır xəbər aldı. Qardaşı Ələsgəri yenə həbs etmişdilər. Ələsgər bəy birinci dəfə XI Ordunun xüsusi şöbəsinin və Azərbaycan FK-nın əmri ilə 1920-ci ilin 29 mayından 4 iyununa qədər heç bir səbəb olmadan həbsdə saxlanılır. Ağır işgəncələrdən sonra buraxılır. 1929-cu ilin son ayları Xəlil bəy vətəndən daha dəhşətli xəbər alır. Xəlil bəy Xasməmmədovla qohumluq əlaqəsi olan bütün qohumlar həbsə və sürgünə məruz qalır. Əzizləri Ələkbər və Məmməd bəy 19 mart 1931-ci ildə, Nağı bəy isə 27 mart 1931-ci ildə ailələri ilə birlikdə, şəxsi əmlakları müsadirə edilməklə Qazaxıstana sürgün edilirlər. Beləliklə, əsilli-nəsilli Xasməmmədovları bolşeviklər darmadağın edirlər. Həbslər, sürgünlər, güllələmələr...
1930-cu illərdə bütün mühacirlərdə bir ruh düşkünlüyü yaranmışdı. Ağır mühacir həyatı, təqiblər, təzyiqlər, maddi çətinliklər, Vətən həsrəti öz "işini görür”dü. Tarıma çəkilən əsəblər mühacirlər arasında münasibətlərin soyuqluğuna səbəb olur. X.Xasməmmədov 1930-cu illərin əvvəllərində Azərbaycan Milli Mərkəzi Komitəsinin və "Müsavat” partiyasının xarici bürosunun 3 nəfərdən ibarət (bu büro 1924-cü ildən İstanbulda fəaliyyət göstərirdi - M.Ə.Rəsulzadə sədr, M.B.Məmmədzadə katib, Xəlil bəy isə xəzinədar idi) rəyasət heyətinin üzvü idi. Büro daxilindəki ixtilaflar Azərbaycan siyasi mühacirətinin parçalanması ilə nəticələnir. Mustafa bəy Vəkilov, Şəfi bəy Rüstəmbəyli və Xəlil bəy Xasməmmədov M.Ə.Rəsulzadəyə qarşı müxalif mövqedə dayanırdı. Hətta 1936-cı ildə Milli Müsavat Xalq Partiyasının Varşavada keçirilən konfransında Xəlil bəy Xasməmmədov partiya sıralarından xaric edilir.
Bunlara baxmayaraq, Xəlil bəy "Azərbaycan davasını” ömrünün sonuna kimi davam etdirdi. Azərbaycanın bütün Qafqazın türk-müsəlman xalqları ilə sıx birliyinin qızğın tərəfdarı olan X.Xasməmmədov, Azərbaycan və Şimali Qafqaz mühacirləri tərəfindən yaradılmış "Azərbaycan-Dağlılar Birliyi” adlanan qurumun ilk sədri seçilmişdir. Gəncliyini, ahıllığını xalqı yolunda fəda edən Xəlil bəy, 1945-ci ildə həm məslək yoldaşlarından küskün, həm də vətənindən, əzizlərindən nigaran dünyasını dəyişdi! Dəyişməz olan onun müstəqil Azərbaycan arzusu oldu ki, bu gün bu arzunun çin olması, onun ruhunu şad etdi! Ruhun şad, torpağın yumşaq olsun, vətən fədaisi!
Qərənfil Dünyamin qızı
Əməkdar jurnalist
Kaspi 2018.- 21 fevral.-
S.15.