“Filmi gözəl edən onun
düşdüyü cəmiyyətdir”
Avni Kütükoğlu: Bir
rejissorun üzərinə düşən ən böyük
vəzifə tamaşaçılara nəyisə
çatdırmaqdır
Bizim uşaqlığımız köhnə yerli və türk filmlərini izləməklə keçib. Bəzən özümüzü o türk kinolarındakı – "Yeşilçam” filmlərindəki qəhrəmanların yerinə də qoyurduq. Sevə-sevə izlədiyimiz o filmlərin meydana gəlməsində öz imzası olan Avni Kütükoğlu ilə bu günlərdə görüşmək şansı əldə etdik. Avni bəy "Ateşteki kağıtlar”, "Beni de götür”, "Nene Hatun”, "Gerçeye dönüş”, "Çenber”, "Savunma”, "Duygular”, "Öfke”, "Babam ve ben” kimi filmlərin, eləcə də "Naciyeyi kim sevmez?”, "Marziye”, "Mavi Rüya”, "Umutların ötesi”, "Sırlar dünyası”, "İlişkiler”, "Ana kuzusu”, "Kızım ve ben”, "Düşler” kimi bir çox məşhur serialların rejissorudur. A.Kütükoğlu bizimlə söhbətində köhnə və yeni filmlərin hazırlanması prosesindəki fərqlərdən, aktual məsələlərdən danışdı.
- Avni bəy, sizin
atanız film sahəsində çalışıb. Film
çəkməyi ondan öyrənmisiniz?
- Uşaqlığım film çəkən aparatların içində keçib. Bodrumda bağçalı evimiz vardı. Odunların, kömürlərin toplandığı yerdə film qutularımız var idi. Həyatı dərk etməyə başlayanda, o filmlərin içərisindəki lentləri çıxarırdım. Arxadan şamlar yandırırdım. Filmin siluetini düşünüb məhəllədəki uşaqlarla oynamağa başlayırdım. Bizim dövrümüzdə telefonlar, kompyuterlər, noutbuklar yox idi. Texnologiya bu qədər inkişaf etməmişdi. Misal üçün, evimizə telefonun bağlandığı günü, televizorun gəldiyi ərəfələri çox gözəl xatırlayıram.
- Bizə bir az o illərdən danışa bilərsinizmi? Çox çətin illər idi...
- Həm çətin, bir o qədər də gülməli. Bizim evə ilk telefon xətti çəkildikdə, məhəllədəki hər kəs bizə gəlirdi. 1957-60-ci illəriydi, mən də uşaq idim, telefonun nə olduğunu başa düşmürdüm.
- Bildiyimiz qədər, yeniyetmə çağınızda aktyorluqla da məşğul olmusunuz.
- Açığı, mənim aktyor kimi çalışdığım illər o qədər də önəmli deyil. Məktəblərdə və qastrol səfərlərinə gedən teatrlarda çalışdım. Gəncliyimin ən gözəl çağlarında Türkiyədə qarışıq siyasi hadisələr baş verməyə başladı. Müxtəlif siyasi cərəyanları təmsil edən qüvvələr arasında gərgin mübarizə gedirdi. Biz öz içimizdəki ideologiya ilə mədəniyyətə çox yaxın idik. Teatrda öz ideologiyamızı təbliğ edə biləcək tamaşalar oynayırdıq. 1980-ci illərdən sonra Türkiyədə televiziya sahəsində dəyişikliklərin baş qaldırdığı dönəmlər idi. Dostlarım reklam sahəsində çalışırdılar. Mən də reklamlar çəkə-çəkə artıq reklam rejissoru olmağa başladım. Reklamlardan sonra film sahəsində özümü sınadım və ilk filmim "Karınca katarı” oldu. O film həmin dövrün uğurlu filmlərindən sayılır. Daha sonra "Yeşilçam”da bir çox filmlər çəkdim. Nə xoş mənə ki, o dövrdə yaşadım və həmin ab-havada az da olsa işlədim. "Yeşilçam” türk filminin ən önəmli və başlanğıc nöqtəsidir. Həmin illər yoxluqlar içərisindən filmin ərsəyə gəldiyi çox çətin ərəfələr idi. Əlimizdə olan çox az büdcə və ləvazimatlarla qısa zaman çərçivəsində film çəkmək məcburiyyətində qalırdıq. Türk televiziyaları "Yeşilçam”dan bəslənib. Kino sənətinə bələd olan kifayət qədər rejissor və operatorlar yox idi. Hətta TRT-nin ilk seriallarını "Yeşilçam”ın kamera arxasında və kamera önündə çalışanları çəkirdilər. Sonra özəl televiziyalarla birgə yenə filmlər çəkildi.
- "Yeşilçam”ın filmləri
Azərbaycanda da çox sevilir. O illərdə filmlərə
çəkilən Türkan Şoray, Fatma Girik, Kadir
İnanır və başqa aktyorların filmlərini əzbər
bilirik. Türkiyədə hazırda çəkilən filmlər
"Yeşilçam” filmlərinin yerini doldururmu?
- Əslində, filmi gözəl edən onun düşdüyü toplum və cəmiyyətdir. Məsələyə başqa yöndən baxmaq lazımdır. Bu, iqtisadiyyatın və sosial vəziyyətin hansı səviyyədə inkişaf etməyindən asılıdır. 60-70-ci illər Türkiyənin ekonomik mənada o qədər də rahat olduğu illər deyildi. Həmin filmlərin çəkildiyi zamanlarda hər kəsin evində televizor yox idi. Təkcə kinoteatrlar vardı. Filmlərimizin heç biri xaricdə satılmır, göstərilmirdi. Çünki biz o zaman bu sahədə bir az məlumatsız idik. Avropada, Amerikada heç istifadə edilməyən, xüsusilə də Rusiyada çəkilən filmləri izləyirdik. O dövrlərdə kifayət qədər alternativlərimiz də yox idi. Nə zaman ki Amerika sərmayəsi gəlib bütün kinoteatrları aldı, həmin dövrü "Yeşilçam”ın çökdüyü ərəfə adlandırdıq. Həmin ərəfələrdə Amerikada, Avropada çəkilən filmlər 6 ay, hətta bir il sonra Türkiyəyə gəlirdi. Nə zaman ki Amerika industriyası kinoteatrlarımızı kirayələdi və burada öz filmlərini nümayiş etdirməyə başladı, tamaşaçı yerli türk filmlərindən imtina etdi. Çünki daha keyfiyyətli filmlərə baxmaq şansı qazanıldı. Ondan əvvəl isə tamaşaçıların izləməyə heç bir alternativi yox idi. Tamaşaçının evində televizor olmadığından yeganə əyləncə yeri kinoteatr idi. Film sektorunda çalışan rejissorlar və prodüserlər cəmiyyətin o dövrdəki qavramasına görə işlərini qururdular. Kamera arxasında və kamera önündəki təhsilsiz usta və onun tələbəsi ilə çalışdığımız bir dövrdə ulduz sənətçilərə ehtiyac var idi. Yarışmalardan gözəl qadınları toplayıb, onları ulduza çevirirdilər.
- Yəqin
ki, moda ustalarını, modelləri nəzərdə
tutursunuz.
- O dövrlər heç manekenlik də yox idi. Həmin dövrlərdə tekstil inkişaf etməmişdi. Manekenlərin axtarıldığı bir vaxtda tekstil, şirkətlərin məhsul istehsal etməsi genişləndi. Belə ki, məhsul istehsal edən şirkətlər öz geyimlərini daşıya biləcək modellər axtaran zaman belə bir sənətin olduğu üzə çıxdı. Ancaq film sektoru tamamilə başqadır. Film, sözün əsl mənasında bir "star” yaratmalı idi. Türkiyənin mərhum sənətkarı Ayhan İşıkdan sonra türk filmi ulduz tapmaq sıxıntısına düşdü. Ondan sonra çəkilən filmlərdə Tarık Akan və Kadır İnanır həqiqətən ulduz oldular. Onlar toplumun alternativsiz ulduzları idi. Bu mənada rejissorlar çox da seçim edə bilmirdilər. İndi isə türk film və seriallarında məşhur alternativlər çoxdur. Əvvəllər fənərbağçalılar və qalatasaraylılar kimi Kadır İnanır və Tarık Akanı sevənlər vardı. Ona görə də qeyd edirəm ki, cəmiyyətin, toplumun sosial qatından çox şey asılıdır. O illərdə hazırlanan filmlərin maddi tərəfi də müzakirə oluna bilməyəcək qədər fərqlidir. Artıq biz dünya standartlarında ən keyfiyyətli və mükəmməl filmləri istehsal edirik. Çox peşəkar aktyor və rejissorlarımız var. Çünki aktyorluğun təməli olan təhsil sistemi formalaşıb və Türkiyənin bir çox yerində aktyorluq məktəbləri var.
- Qeyd etdiniz ki,
Amerikada çəkilən filmlər haradasa bir ildən sonra
Türkiyəyə gəlib çatırdı. Ancaq indi
türk filmləri dünyanın müxtəlif ölkələrində
tərcümə olunaraq nümayiş olunur.
Aktyorlarınız Ərəbistanda, Avropada sevgi ilə
qarşılanır. Türk film sektoru qısa bir zaman çərçivəsində
bu uğura necə nail oldu?
- Türkiyədə film
bazarı formalaşdıqdan sonra Amerikada çəkilən
yeni filmlər bir həftəyə bizim kinoteatrlarda göstərilməyə
başlandı. Demək ki, hansı şərtlərdə və
hansı səviyyədə olursa-olsun, bir məhsulu istehsal
etdiyiniz nöqtədə ən önəmlisi onu
tamaşaçılarla görüşdürməkdir – yəni
bazardır. Sizə onu deyim ki, Berlin Film Festivalında "Beni de
götür” filmim yarışmadan kənar nümayiş
olunacaq. Artıq beynəlxalq bazarlara o qədər
açığıq ki, filmlərimizi bazara çıxara
bilirik. Türkiyədə elə seriallar
var ki, türk televiziyalarından aldığı pullar və
reytinqlər onlar üçün o qədər də önəmli
deyil. Nə qədər az pula çəksələr,
o da önəmli deyil. Çünki filmə
çəkdiyi xərcin iki mislini xarici bazardan qazanırlar.
- Hazırda bizim kinoteatrlarda komediya
filmləri rəqabətdə qalibiyyət qazanır. Bəs
Türkiyədə necə, tamaşaçılar hansı
janrda çəkilən filmlərə üstünlük
verirlər?
- Bizim
televiziyalarımız və kinoteatrlarımız da komediya
filmlərinə üstünlük verirlər. O qədər
komediya dedilər ki, iki il bundan əvvəl
bir komediya çəkdim. Ancaq o filmi öz istədiyim
şəkildə çəkdim. Həmin
film bu yaxınlarda nümayiş olunacaq. Türkiyədə
bir nömrəli əyləncə vasitəsi televiziyadır.
Ondan sonra kinoteatrlar gəlir. Təəssüf ki, Türkiyədə ən
çox pul gətirən filmlər Recep İvedik tipdə
çəkilənlərdir. Türkiyə kimi
böyük bir ölkədə bunlara baxılırsa, Azərbaycanda
da sulu komediyalara təbii ki, baxılmalıdır.
Bəzi kütlə var ki, kinoteatra əyləncə
məqsədilə gedir. Əlbəttə ki, film sənəti
əyləncəli ola bilər, amma
düşündürən, içində bir mesajı olan,
tamaşaçıya nəyisə çatdıran
olmalıdır. Bir rejissorun üzərinə
düºən ən böyük vəzifə
tamaşaçılara nəyisə çatdırmaqdır.
"Həyat xoşdur, gerisi boşdur” deyib əyləncə
tipli bir film çəkmək istəmərəm. Hər ölkənin film sənayesində və
televiziyasında komediya olmalıdır. Amma
digər janrlı filmlərə də yer verilməlidir.
Əgər Türkiyədə gözəl bir
eşq hekayəsi çəksəm və orada üzü
tanınmış, məşhur olmayan aktyorlara rol versəm,
onun tamaşaçı toplaması bir qədər risklidir.
Ancaq həmin aktyorlarla ucuz bir komediya çəksək,
bu, çox asan şəkildə öz bazarını tapacaq.
Çünki televiziyalar boş zamanlarında
komediya göstərər ki, insanlar gülüb əylənsinlər.
Onsuz da insanlar problemlərin içərisindədir.
Ona görə də insanların nəyə
daha çox diqqəti varsa, bazarı yaxşı bilən
rejissorlar onu çəkir. Azərbaycanda
mayın sonunda dram çəkəcəyik. Komediya bazarına risklə daxil olacağıq.
Azərbaycan film və teatrlarının
tanınmış aktyorlarına müraciət etmişik.
Adını isə "Qadın sevərsə”
qoymağı düşünürdük. Mövzu onlardan bəhs edir.
- Yeni
çəkilən filmlərdən söhbət
düşmüşkən, Can Ulkayın "Ayla” filmi Azərbaycanda
kifayət qədər sevildi. Filmin "Oskar” mükafatı
alacağını gözlədiyimiz halda, namizədlər
sırasında onun adını görə bilmədik.
- O mənim
dostumun filmidir. Mən onun "Oskar”a namizəd
olduğunu bilmirdim. Bundan xəbərim
yoxdur. İki aydır ki, Bakıdayam.
Dünya film sahəsində çox məşhur
olan mükafatlandırma törənləri, elə
"Oskar”ın özündə də lobbiçilik önə
keçir. Əslində, bu mövzu ilə
bağlı sabaha qədər danışa bilərəm.
Ancaq sizə onu deyim ki, üçüncü
dünya ölkələrinin – yəni bizim kimi ölkələrin
filmləri əvvəllər texniki baxımdan o müsabiqələrə
gedib çıxa bilmirdi. Amma indi texniki və
filmin çəkilmə səviyyəsi baxımdan indi
dünya film sektoru ilə eyni səviyyədəyik.
- Sizcə, bu film Hollivudda çəkilsəydi,
"Oskar”a namizəd ola bilərdimi?
- Təbii
ki! Siyasi oyunlara görə "Ayla”nı
"Oskar”a namizəd olaraq götürməyiblər. Bu mənim fikrimdir. Ancaq
"Ayla”dan ümidli idim.
- Avni bəy, bəs Azərbaycan filmləri
barədə necə, ümidlisinizmi? Ümumiyyətlə, filmlərimizi izləyirsiniz?
- Son on
ildə çəkilən filmlərinizi izləmişəm. İki ildən çoxdur ki, Azərbaycana gəlib-gedirəm.
Sizin köhnə filmlərinizi çox sevirəm.
Azərbaycan filminin yaranma tarixinə baxıram.
O dövrdə çəkilən filmlər çox tərifəlayiq
və mükəmməl işlənib. Onlarda rus filmlərinin
də təsiri hiss edilir. Azərbaycanın
çox dəyərli rejissorları var. Müstəqillik
qazanandan sonra Azərbaycanın əldə etdiyi nailiyyətləri
o qədər də asan başa gələn hesab etməyin.
Xüsusilə də film sahəsindəki
inkişafı. Film çəkmək
üçün Türkiyədə rejissorlar hansı
texnikadan istifadə edirlərsə, Azərbaycanda həmin
texnikalar mövcuddur. Sizdə əsas problem Bakıdan kənarda,
digər bölgələrdə çox az
kinoteatrların olmasıdır. Bunlar nə qədər
çox olarsa, film bir o qədər inkişaf edər. Azərbaycan kinoları xaricə çıxarsa, daha
keyfiyyətli və gözəl işlər yaranar. Azərbaycanda da film sahəsi çox inkişaf edib.
Sadəcə olaraq burada onu bazara çıxarmaq problemi var.
Dünən və bu gün çəkilən filmlər
böyük risk altında idi. Görəsən
baxılacaqmı, yoxsa yox? Kinonun
yaxşı inkişaf etməsini istəyirsinizsə, ilk
növbədə onun doğru reklamını aparmalı və
bazarda yaxşı satışını təşkil etməlisiniz.
Bunlar edildiyi təqdirdə, Azərbaycan filmlərinin
heç bir problemi qalmaz. Biz 1990-cı illərdə
eyni problemlə qarşı-qarşıya idik. Hazırda isə Türkiyədə bir serialın
bir həftəlik büdcəsi çox böyük məbləğdir.
Filmləriniz xarici kinoteatrlara yol tapsa,
yaxşı gəlir əldə edər. O zaman çəkilən
film xarici və daxili kinoteatrlardan da pul götürər. Qazanc çox olduqda, daha keyfiyyətli filmlər
çəkilməyə başlanılır və beləliklə,
rejissorlarda film çəkmək üçün həvəs
yaranır. Ancaq bu gün Azərbaycanda
çəkilən ən bahalı film 250-300 min manat
civarındadır. Təbii ki, dövlətin
çəkdiyi filmlər xaric. Çünki
dövlətin dəstəyi ilə çəkilən filmlərdən
pul qazanmaq kimi tələb yoxdur və bu filmlər mədəniyyət,
kino aləminin inkişafı naminə çəkilir. Onlar çox böyük büdcə ilə milli-mənəvi
dəyərlərin qorunmasına dair maraqlı hekayələrə
müraciət edirlər. Bir sözlə,
nə qədər çox pul xərclənsə o qədər
də keyfiyyətli işlər görərsiniz.
Xəyalə Rəis
Kaspi 2018.- 21
fevral.- S.12.