Şuşa “konservatoriya”sının unudulmaz məzunu

 

Onun bütün əsərləri Azərbaycan musiqisinin inciləri sayılır

 

Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən olan bəstəkar, dirijor, pedaqoq, xalq artisti Süleyman Ələsgərov zəngin yaradıcılıq yoluna malik şəxsiyyət olub. Mahnı janrından başlayaraq opera kimi böyük musiqi əsərləri yazan ustadın bu sahədəki xidmətlərinin əvəzi yoxdur. Ömrü boyu milli musiqiyə və folklora bağlı olan Süleyman Ələsgərov bir bəstəkar kimi xalq yaradıcılığından istifadə edərək yaratdığı əsərlərdə xəlqilik prinsipinə həmişə sadiqliyi ilə seçilmişdir.

 

Süleyman Ələsgərov 1924-cü il fevralın 22-də qədim Şuşa şəhərində anadan olmuşdur. Hələ uşaqlıq illərindən musiqiyə böyük maraq göstərən yeniyetmə Süleyman, Şuşa dağlarının ucalığından, çəmənlərinin ətrindən, bulaqlarının saflığından elə bəhrələnmişdir ki, ömrü boyu ilhamının ünvanı Şuşa oldu. Bu da səbəbsiz deyildir. Mütəxəssislər Şuşanı "Azərbaycanın konservatoriyası" adlandırmışlar. Musiqi tariximizə nəzər saldıqda neçə məşhur el sənətkarının, xanəndənin, dünya şöhrətli bəstəkarın məhz Şuşada doğulduğu, soykökü etibarilə bu qədim şəhərə bağlılığı haqqında maraqlı faktlar var. Şuşanın suyunu içən hər kəsin gözəl səsi, təbi, ilhamı, bir sözlə, yaradıcılıq potensialı olur. Ona görə də Süleyman Ələsgərovun musiqiyə, sənətə meyli təbii idi. O, 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdi. Uşaq mahnılarından başlamış operaya qədər müxtəlif janrlarda bəstələdiyi 300-ə yaxın musiqi nümunələrində, bir bəstəkar kimi Azərbaycan xalq melodiyalarının zənginliyindən, ritmik çalarlarından, dramaturji inkişafın prinsip və üsullarından istifadə edərək, estetik dəyərini həmişə saxlayan əsərlər yaratmışdır.

 

İstedadlı bəstəkar həm də Azərbaycan xalq musiqisinin toplanmasında, nota köçürülməsində böyük fədakarlıq göstərmişdir. Musiqi fondunda saxlanılan bir sıra muğamlar, rənglər ("Qarabağ şikəstəsi", "Segah rəngi" və s.), xalq mahnıları Süleyman Ələsgərovun zəhmətinin bəhrəsidir. O, yurdumuzu qarış-qarış gəzərək yaddaşlarda yaşayan, el şənliklərində ifa olunan mahnıları seçərək nota köçürürdü. Ötən əsrin 50-ci illərində nota alınan "Girdim yarın bağçasına", "Bazarda alma", "Anacan" və digər mahnılar müğənnilər arasında geniş yayılmağa başladı.

 

Süleyman Ələsgərov həmişə tamaşaçılar tərəfindən sevilən, alqışlarla qarşılanan bəstəkarlardan olub. Həm kinofilmlərə, həm tamaşalara yazdığı musiqilər ifadə və təsir tərzinə görə mütəxəssislərin diqqətini çəkib. "Ulduz", "Özümüz bilərik", "Olmadı elə, oldu belə", "Milyonçunun dilənçi oğlu", "Hardasan, ay subaylıq?", "Sevindik qız axtarır", "Həmişəxanım" kimi operettaları Musiqili Komediya Teatrının repertuarında uzun müddət yer tutan ən uğurlu tamaşalardan olub. İndibu operettalara maraq sönməyib. Süleyman Ələsgərov unudulmaz bəstəkarımız Üzeyir Hacıbəyov yolunun ən layiqli davamçılarından biri idi. "BahadurSona", "Solğun çiçəklər" operaları onun bu möhtəşəm və mürəkkəb janrda işləmək qabiliyyətini təsdiqlədi. Zəngin musiqi irsinə malik olan Süleyman Ələsgərov Azərbaycan professional musiqisinin əksər janrlarında gözəl əsərlər yaradıb. Bəstəkar 12 musiqili komediyanın, 2 operanın, 2 simfoniyanın, "Bayatı-Şiraz" adlı simfonik muğamın, uvertüraların, simfonik poemaların, 6 kantatanın, bir sıra kamera instrumental nümunələrin, 300-ə yaxın mahnı və romansların, eləcə də digər janrda yazılmış əsərlərin müəllifidir. Sözə böyük həssaslıq və məsuliyyətlə yanaşan Süleyman Ələsgərov Nizaminin, Nəsiminin, Füzulinin, Müşfiqin, C.Cabbarlının, S.Rüstəmin, Sabirin şeirlərinə əbədiyaşar musiqi bəstələyib. Səməd Vurğunun sözlərinə yazdığı "Eşq olsun sənətkara" balladası Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuşdur. Vətən gözəlliklərini vəsf etməkdən xüsusi zövq alan Süleyman Ələsgərov insan əməyinin qüdrətini, yenilməzliyini əks etdirən sözlərə də nəğmə qanadı verərdi. Yaradıcılığından sarı sim kimi keçən əmək nəğmələri bəstəkarın musiqisinə xüsusi təravət gətirmişdi. Onun bu mövzudakı mahnılarında əmək adamlarının xarüqələr yaradan ağır zəhməti təbii və məhəbbətlə tərənnüm edilib.

 

Ötən əsrin 40-cı illərində Tbilisidə Zaqafqaziya respublikalarının mədəniyyət ongünlüyü keçirilirdi. Həmin tədbirdə Süleyman Ələsgərov da iştirak edirdi. Ən çox dinlənilən və uğur qazanan əsər Süleyman Ələsgərovun "Gözlə məni" mahnısı oldu. Maraqlıdır ki, mahnının sözlərini ikinci dünya müharibəsində həlak olmuş şair Şirzad Əliyev yazıb. İfaçısı isə Bülbül idi. O dövrdə bu mahnı çox məşhurlaşmışdı. Beləliklə, bəstəkarın mahnı yaradıcılığında yeni bir xətt də uğurla davam etməyə başladı. Bu da hərbi vətənpərvərlik mövzusunda yazılmış əsərlər idi. Bir-birinin ardınca "Xatirə", "Bayram" uvertürası "Vətən" simfoniyası, bir sözlə, yurd sevgisindən doğan həm simfonik orkestr üçün yazılmış əsərlər, həm də mahnılar yarandı.

 

Süleyman Ələsgərovun məşhur "Bayatı-Şiraz" muğamı bu janrda olan "Şur", "Kürdovşarı", "Rast"dan sonra yazılmış gözəl nümunədir. Mütəxəssislər onu "minçalarlı, minçiçəkli musiqi çələngi" adlandırıblar. Buna da səbəb əsərin monumentallığı, eləcə də kamil formaya, dərin melodik dolğunluğa malik olmasıdır.

 

Azərbaycanda musiqili komediya janrının inkişafında öz dəst-xətti ilə tanınan Süleyman Ələsgərovun "Ulduz" musiqili komediyası 60 ildən çoxdur  ki, tamaşaçı zövqünü oxşayır. Bu əsər nəinki Azərbaycanda, dünyanın bir çox ölkəsində, eləcə də Moskvanın Kreml Teatrında göstərilmişdir. Qızıl fonda daxil olmuş "Ulduz" 1964-cü ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılmışdır.

 

O, yalnız bəstəkar deyildi. Uzun müddət Dövlət Musiqili Komediya Teatrında baş dirijor, direktor vəzifəsində çalışmışdır. Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulmuş 20-dən artıq əsərə musiqi yazmışdır. Mədəniyyət Nazirliyində incəsənət şöbəsinin müdiri, A.Zeynallı adına musiqi məktəbinin direktoru, eləcə də Dövlət RadioTeleviziya Xalq Çalğı Alətləri Orkestrinin dirijoru olmuşdur. Onun bütün əsərləri Azərbaycan musiqisinin inciləri sayılır. 1974-cü ildə xalq artisti adına layiq görülən Süleyman Ələsgərovun çox sevdiyi bir təltif də, Üzeyir Hacıbəyli adına respublika mükafatı laureatına layiq görülməsi olmuşdur. Bəstəkarlıqla yanaşı pedaqoji fəaliyyətini də uğurla davam etdirən unudulmaz bəstəkar 1957-ci ildən Ü.Hacıbəyli adına Dövlət Konservatoriyasında dərs demişdir. Uzun müddət burada kafedra müdiri olan Süleyman Ələsgərov ömrünün son illərində Bakı Musiqi Akademiyasının professoru idi. Bir müddət də akademiyanın Şuşa filialının direktoru vəzifəsində çalışmışdır.

 

Elə insanlar var ki, onların adları çəkiləndə adamın ürəyi əsir, çünki yada doğulduqları yurd düşür. Soltan Hacıbəyov, Natəvan, Bülbül, Süleyman Ələsgərov... Bu unudulmaz sənətkarların yaddaşlara iz salmış adlarının sırasında bir nisgilin yeri var. Bu, Şuşadır. Süleyman Ələsgərov Şuşada anadan olmuşdu. Ömrünün ahıl çağında Şuşanın düşmən tapdağında qalması ürəyinə dərd verdi. Bəstələdiyi mahnılara qəmli notlar gətirdi. Xan Şuşinsikinin böyük ehtiramla, dərin mənalarla oxuduğu bir mahnı dilinin əzbərinə çevrilmişdi: "Şuşanın dağları başı dumanlı..." Bəlkə də o, bu mövzuda nəsə bəstələmək istəyirdi. Amma ömür vəfa etmədi. Ruhu, eləcə, Şuşaya qanadlandı. Azərbaycan musiqi mədəniyyətində isə həmişəyaşarlıq qazanmış sənət inciləri qaldı. Yaradıcılığı ilə musiqi tariximizin parlaq səhifəsini əks etdirən Süleyman Ələsgərov, muğam sənətimizin dərin bilicilərindən biri idi. Ömrü boyu da bu sənət yolunda mühafizəkar oldu. İndi yaza uzanan bu günlərdə unudulmaz bəstəkarın - ruhu Şuşada dolaşan Süleyman Ələsgərovun 94 yaşı tamamlandı. Belə yerdə adamın nitqi tutulur. Görəsən bizi Şuşaya aparan günvaxt gələcək?

 

Flora XƏLİLZADƏ,

Əməkdar jurnalist

 

Kaspi 2018.- 22 fevral .- S.15.