Şıxı Yaqubov:
“Mən o tamaşada özümü oynayırdım”
Bu il Mingəçevir
Teatrının 50 yaşı
tamam olur. 50 yaşlı teatrın
yaranmasında və inkişafında xüsusi
rol oynayan, öz obrazları ilə tamaşaçıların
yaddaşında iz qoyan, sevgisini qazanan aktyorları sözün əsil mənasında sənət
fədailəri adlandırmaq
olar. Bu günkü
müsahibimiz də ömrünün 43 ilini məhz Mingəçevir Teatrına həsr edən əməkdar
artist Şıxı Yaqubovdur.
Aktyor 43 il
ərzində teatrda çox sayda rollara can verib. Bu gün teatrın tarixindən danışarkən gəncliyini
xatırlayan aktyor o illərə yenidən qayıtmağı arzu edir. Deyir ki, bu gün teatrlarının sütunları olacaq yaşlı aktyorlardan yalnız əməkdar
artist Ella Yaqubova və
bir də o qalıb.
- Şıxı müəllim,
ilk olaraq Mingəçevir
teatrının 50 yaşı
olması münasibəti
ilə sizi təbrik edirik.
- Çox sağ
olun, təşəkkür
edirəm. Qəzetinizin
teatrımızın yubileyinə göstərdiyi
diqqətin fərqindəyik.
Bunun üçün sizə minnətdarlığımızı bildiririk.
- Bizə bir qədər
Mingəçevir teatrının
yaranma prosesindən
danışardınız.
- Mən teatr yaranandan bir neçə il
sonra buraya gəlmişəm. İlk olaraq
bu teatra bizim tanınmış və sevilən aktrisamız Ella Yaqubova gəlib. Ancaq bildiyim qədəri
ilə sizə deyə bilərəm ki, Mərkəzi komitənin qərarı ilə 1968-ci ildə Mingəçevir xalq teatrının bazasında
Dövlət Dram Teatrının
yaradılması əmri
verildi. Bu məqsədlə
bütün teatrlara, ali təhsil
ocaqlarına müraciət
olundu, aktyorlar dəvət olunmağa başladı. Həmin ərəfələrdə Şəki Dövlət
Dram Teatrı bağlanmışdı.
Oradan Mingəçevir teatrına
aktyorlar dəvət edildi. Nəinki Şəkidən, digər bölgələrdən
də bizə aktyorlar gəldilər.
Beləcə teatrın
kollektivi yığıldı.. İlk tamaşamız isə
Cəfər Cabbarlının
"Almaz” əsəri
oldu. Ella xanım orada
baş rolu canlandırdı. Mən teatra gələndə
burada böyük bir truppa ilə
rastlaşdım. Gəray
Gərayev, Qasım Qasımov, Lətifə Hüseynova, Sara Məmmədova,
Gülsolmaz
Qafarova kimi sənətkarla işləmək
həqiqətən gözəl
hisslər idi. Onlar sözün əsil mənasında əvəz
olunmaz aktyorlar idi. Qasım Qasımovla biz televiziyaya
çəkilişə gedirdik.
Studiyada hər kəs onun başına yığılırdı. İndi onların bəziləri dünyasını dəyişib,
bəziləri teatrı
tərk edib. Biz teatra gələndə çox az,
gənc aktyor var idi, yerdə
qalanların hamısı
yaşlı aktyorlar idi. Ancaq indi hər şey əksinədir.
İki nəfər yaşlı aktyor qalmışıq-
Ella Yaqubova və mən. Hesab edirəm ki,
bugünün gəncləri
teatrın gələcəkdə
yükünü daşıya
biləcəklər.
- Sizcə nə üçün bəzi bölgə teatları yaşlı
aktyorlardan qıtlıq
çəkir?
- Yaşları ilə əlaqədar bəzi aktyorlarımız
işdən çıxdılar.
Bəlkə də teatrda
qalıb işləsəydilər
təbii ki, bölgə teatrlarında
da yaşlı aktyorların sayı çox olardı. Onların bir neçəsi Bakıya və başqa teatrlara getdilər. Bizdə yaşa dolanlardan
Akif Mirabov işdən çıxdı.
O, çox yaxşı
aktyor idi. Yaxşı olardı ki, aktyorun sağlamlığı
icazə verirsə, səhnədə olsun və gəncliyini bu sənətə fəda etdiyi kimi yaşlı zamanlarında da teatrda çalışsın.
Əgər sağlamlığı icazə verirsə və səhnədə obrazlar canlandıra bilirsə, niyə də olmasın? Təki Allah hər kəsə can sağlığı
versin.
- Qeyd etdiniz ki, teatrda
iki qocaman sənətkar var. Bəs bu günün gənc aktyorları necə, özlərini doğrulda bilirmi?
- Əlbəttə. Onların
bəziləri teatrın
nəzdində fəaliyyət
göstərən dərnəklərdə
yetişib. Səhnə də onları
püxtələşdirir və
müxtəlif səpkili
obrazlar canlandırırlar. Hələ gəncdirlər, davamlı olaraq öz üzərlərində
işləyirlər. İşlərinə
böyük məsuliyyətlə
yanaşsalar, təbii ki, daha da
yaxşı olar. Bu işdə bizim də məsuliyyətimiz az deyil.
- İndiki
gənclərin timsalında
öz gəncliyinizi görə bilirsinizmi?
- Bir neçə aktyor var ki,
onlara böyük ümidim var. Həmin gənclər gələcəyin
peşəkar aktyorları
ola bilərlər.
Mən öz işimi görmüşəm, əməyimiz
də qiymətləndirilib.
Amma dünyasını dəyişən
o qədər aktyorlarımız
var ki, heç
bir adları yoxdur. Böyük bir məktəb
keçmişəm. Qazanc əldə
etmək üçün
mütləq böyük
əziyyətlər olmalıdır.
- Ömrünüzün 43 ilini
Mingəçevir teatrında
keçirmisiniz. Yəqin ki,
bu şəhər sizin üçün doğmalaşıb.
- Mingəçevirə
1975-ci ildə gəlmişəm.
O zaman ilk dəfə idi ki, buraları
görürdüm. Həmin
il şəhərimiz
mənə çox qeyri-adi görünürdü.
Çox
gözəl və yaraşıqlı şəhərdir.
Bu şəhərlə taleyimi bağladım və düşünürəm
ki, nə yaxşı ki, doğru qərar vermişəm.
İndiyə qədər də
fikrim dəyişməyib.
Çox şükür
bu gün Prezident
mükafatçısıyam, Respublikanın Əməkdar
artistiyəm,
nailiyyətlərimə görə evlə təmin olunmuşam. Bu mənim əməyimə
verilən böyük
qiymətdir. Bir aktyor bundan artıq
nəyə nail ola bilər ki?
- Teatrda ən son hansı tamaşalar nümayiş olunub? Ümumiyyətlə Mingəçevir teatrında yaradıcı
mühit hansı səviyyədədir?
- Bizim teatrda hər
zaman yaradıcı mühit olub. İndi də teatrımızın
direktoru da, baş rejissoru da bu mühitin
qorunması üçün
əlindən gələni
edir. Teatrımızda hər rüb
müxtəlif səpkili
yeni tamaşalar hazırlanır. Həm də
bu tamaşaları təkcə teatrımızın
rejissorları hazırlamır.
Bunun üçün
digər teatrlardan, hətta paytaxtdan belə rejissorlar dəvət edirik .
İşini bəyəndiyim rejissorlardan
olan Bəhram Osmanov bizim teatrda
"Nənələr ərə
gedir” tamaşasını
hazırladı. Tamaşa çox maraqlı
və bir o qədər də baxımlıdır. Bundan
başqa Kərim Həsənlinin quruluşunda "Sadığın toyu” tamaşasını təhvil
verdik, tamaşa barədə mətbuatda da geniş rəylər
yazıldı. Teatrımızın baş rejissoru Xəzər Gəncəli
artıq 3 ildir bizimlə işləyir.
Çox
yaxşı rejissordur.
O bizə, biz də ona uyğunlaşırıq.
Rejissor səhnədə aktyora sərbəstlik verəndə
o tamaşa çox maraqlı və keyfiyyətli alınır.
Adlarını sadaladığım rejissorlar bu xüsusiyyətə sahibdirlər.
- Bundan sonra özünüzü
hansı tamaşada, hansı rolda görmək istərdiniz?
- İnsanlar yaşa
dolduqdan sonra həyata baxışı
dəyişir. Mən bir çox
tamaşalarda oynamışam,
demək olar ki nisgilli qaldığım
bir obraz olmayıb. Sərvər
Əliyevin quruluşunda
Rafiq Rəhimlinin "Gizli məhəbbət” adlı tamaşasında rol aldım. O rolum ürəyimcə oldu. Ümumiyyətlə bir çox
baş və epizodik rollar canlandırmışam. Demək
olar ki, ürəyimdən
keçən bütün
rolları oynamışam.
İndi aktyorluqdan əlavə Mingəçevir İcra hakimiyyətinin təşkil
etdiyi bayram tədbirlərində
aparıcı kimi çıxış edirəm.
- Eşitdiyimizə
görə həm də yaxşı səsiniz var?
- Bəli, boş vaxtlarımda hətta toylara da getmişəm
(gülürük).
- Bəs səhnədə necə, bu səsdən
istifadə etməmisinizmi?
- Vaqif Əsədov bizdə hansı əsəri səhnələşdirirdisə orada
səsimdən istifadə
edirdi. Keçən il Rəhman Rəhmanov bizdə tamaşa hazırladı,
orda da mahnı
ifa etdim. Yeni il şənliyinin tamaşalarının
hamısında canlı
oxumuşam. Bəhram Osmanovun "Son reportaj” tamaşasında da mahnı ifa etmişəm. Yeri gəlmişkən biz bu tamaşa ilə Türkiyənin Giresun
şəhərində keçirilən
Beynəlxalq "Giresun
Aksu” Festivalı çərçivəsində tanınmış teatr ustası Fevzi Bayazitoğlunun xatirəsinə
həsr olunmuş 23-cü Beynəlxalq
Giresun Teatr festivalında iştirak etdik. Tamaşamız uğurla nümayiş
olundu.
Bu tamaşa mənə uğur gətirən tamaşalardandır.
- Nə mənada?
- Bu tamaşada canlandırdığım qəhrəmanı özümə çox bənzədirəm. Tamaşada Arif Babayevin repertuarında bir mahnını oxuyurdum. Mənim bu ifam da tamaşaçıların diqqətini çəkdi. Tamaşa yaşlı aktyorun kölgədə qalmasından və heç də layiq olmayan bir aktyorun daim diqqət mərkəzində olmasından bəhs edirdi. Jurnalistlər isə həmin yaşlı aktyorun ifasını dinləyir və diqqətin əslində həmin aktyora yönəlməsinin tərəfdarı olurlar. Mən o tamaşada özümü oynayırdım. Bəlkə də bu tamaşadan sonra mənə fəxri ad verdilər. İndi uzun müddətdir ki, həmin tamaşanı oynamıram..
Xəyalə Rəis
Kaspi.-2018.-22 fevral.-S.11.