QONAQLIQ

 

Hekayə

 

Yolçuluq onu yormuşdu. Zarafat deyil, gecə səhərə kimi yol gəlmişdi, həm Qazax-Bakı  qatarı ilə. Öz-özünə deyinirdi: " zəhərə dönsün kasıblığı, ağlı olan da plaskartda yol gedər? Yan-yörəndəkinin iyi-qoxu, xorultusu bir yana, üstəlik vaqondan-vaqona keçənlərin tapa-turupu, fısıltısı, xısıltısı adamı təngə gətirər”. Onu ən çox yandıran isə, yol yoldaşı Ehsan Kəpəzin yaradıcılıq "əsərləri”ni dinləmək məcburiyyətində qalması idi. Amma haqq üçün, adamın yazdıqları şeirdən başqa nəyə bənzəsə , kişi bütün yaradıcılığını əzbər bilirdi. Hətta bir anlıq yol yoldaşının fövqəladə yaddaş tutumuna həsəd aparmışdı. Əlindəki sovetski papka, elə bil arxivdi, içində kim yoxdu, yoxdu, şeirlərini ki elə həvəslə, ehtirasla deyir, şeirbilməzlər ağzıaçıq dinləyər şairi. Deməli, kişi yanılmıyıf  Kəpəz təxəllüsünü götürəndə...”

 ...Budəfəki çəkilişə dəvət alanda əməllicə təəccüblənmişdi. Televiziya kanalı hara, əyalət şairi hara? Görəsən, onu məqsədlə çağırırdılar Bakıya? Axırıncı dəfə efirə əyalət kanalında çıxmışdı.

Uzun götür-qoydan sonra budəfəki çəkilişə razılıq vermişdi. Həm onu verilişə dəvət edən inandığı, güvəndiyi bir dostu idi. Təbii ki, bu dostu da xahiş etmişdi ki, mərhum şair dostu ilə bağlı xatirələrini söyləsin. Ortada bir müəmmalı məsələ var idi; işin-gücün bu vədəsində, üstəlik pul-para yox, neyləsin? Düşünüb-daşınandan sonra iki tay un almaq üçün ayırdığı 50 manatı götürüb, "Allaha pənah”, – deyərək yola çıxmışdı.

Qatara birtəhər çatdı. Rahat-rahat sabahkı  günü planlaşdırdı. Deməli, ilk növbədə deyilən çəkilişdə olacaq, sonra uzun müddətdir sosial şəbəkədən tanıdığı, dostluq etdiyi, rəsmlərini sevə-sevə paylaşdığı rəssamla görüşəcək, sonra bir-iki istəyən-sevən dostlarla görüş gecə yenidən qatarla evinə-eşiyinə dönəcəkdi.

Gəncədə qatara minən, şairi görən kimi ikiəlli onunla görüşən Ehsan Kəpəz, Hacıqabula qədər onun nəinki qulaqlarını, gözlərini, hətta fikirlərini "mazol” eləmişdi. Dəqiq yadında deyil vaxt yuxuya getdiyi. Bircə onu bilirdi ki, arada böyür-başdan deyinənlər olsa da, Ehsan yenə susmurdu. Hətta bir-iki dəfə ondan kitablarını soruşmuşdu, o isə çantasını əlləri ilə bərk-bərk tutaraq, "yox, təəssüf ki, kitablarımdan üstümdə yoxdur” – deyə, cavab vermişdi. Axı cəmi bir kitab götürmüşdü. O da rəssam dostunun adına yazılmışdı.

Bakıya çatanda çox sevindi. Ehsan hələ yuxuda idi. Az qaldı ki, Biləcəridəcə düşsün onun "əsərlərini” dinləmək əzabından qurtulsun. Amma, deyəsən, Kəpəzin şeirə həvəsi qalmamışdı. Yuxulu idi...

Çəkiliş başa çatandan sonra Bakıda tanıdığı ünvan olan 28 May metrosunun yanına getdi. Ən məşhur məkanda – Cabbarlının heykəlinin altında dayanaraq, üzünü görmədiyi dostuna zəng etdi:

- Oo, şair, xoş gəlifsən! Həmişə böyük şəhərlərdə.

Rəssamın mehriban səsi, dost qarşılamağa tələsməsi onu sevindirdi. Düşündü; "kişi el-oba adətini yenə saxlayır, qonaqsevərdi”. Dedi:

- Xoş günün olsun, dərdiş, mən burdayam.

- Harda, şair?

- Bu, Cəfər Cabbarlının heykəlinin yanında.

- Ayə, ay şair, orda işin var, heç olmasa Səməd Vurğunun yanına gəlsən...

- Yaxşı, şair, gəlerəm ora.

- Gözdüyürəm...

Aradan iyirmi dəqiqə keçməmiş, əlində qara planşet, bəstəboylu, bir az dolu, dən-dən saçları pərişan halda dağılmış bir nəfərin ona tərəf gəldiyini görüb, yaxınlaşdı.

- Salam əleyküm. Mən Bəxtiyaram.

Dostu sevincək əlini ona uzatdı dedi:

- Xoş gördük, şair, xoş gəlmisən. Şeirlərini oxumuşam, əladı ha... Bəs necə tanıdın məni?

- Nəvlem, elə kompüterdə görmüşdüm, ordan yadımda qalıfsan. Təzə kitabımı da gətirmişəm səninçün

- Ay çox sağ ol. Vallahi məni sevindirdin. Amma kitabı belə verməzlər, gedək bir yerdə onu tərtəmiz yuyaq sonra. – birdən dayandı: - Şair, mən orucam...

- Hası oruş, dərdiş?

Dostu dərin bir qəhqəhə çəkdi :

- Şairsən dəəəə, həm əsil şair. Deyirəm ki, oruc tutmuşam, amma istəyirəm bir üz-üzə oturaq... Şairin üzündə təbəssüm oyandı. Hətta oruc tutan adama "Allah qəbul eləsin”, deməyi unutmadı. – Gəlsənə günaha batmayaq, - dostu dedi.

- Nə deyirəm dərdiş.

Onlar qabaqlarına çıxan ilk yeraltı kafeyə yaxınlaşdılar. Kafe kiçik olsa da, sərin sakit idi. İkilikdə söhbət etmək üçün əla bir məkan seçdiklərinə sevindilər. Üz-üzə əyləşdilər, ofisianta yemək sifariş etdikdən sonra, ordan-burdan söhbətə başladılar. Bir azdan söhbət butulkadakı şəffaf  "can dərmanı”nın sayəsində daha maraqlı məcraya yönəlmişdi. Bayaqdan bəri kənd həyatından, ot biçimindən danışan şair artıq, ədəbiyyatda kor atı minib köndələninə çapanlardan söz açırdı. Hərdən öz əsas sənətini qoyub, ədəbiyyatı incəliyinə qədər çözən masa dostuna heyranlıqla baxsa da, "rəssamlıqda vəziyyət necədi”, deyə soruşmaq istəyir, lakin, dostu yenə maraqlı ədəbi çözümləri ilə ona imkan vermirdi. Hətta şairin ilk kitabını əlinə alan rəssam, kitabın avtoqrafına da nəzər yetirmədən içindəki şeirlərə diqqət edir "əhsən sənə” deməkdən yorulmurdu.

Məclis iki saata yaxın davam etdi. Dostlar deyə-gülə kafedən çıxanda rəssamın telefonuna zəng gəldi.

- Alo.

- ..............

- Sən Allah, bağışla, tamam yadımnan  çıxıb.

- ...............

- Zəng çatmırdı?

- .............

- Ola bilər. Orda yəqin ki şəbəkə tutmur.

- ............

- yerin altındadı. Belədi dəəə,  telefon şəhərin göbəyində tutmur.

- ...........

- Gəlirəm, oldu.

Telefon söhbətindən sonra üzünü şairə tutdu:

- Bir vacib görüşüm var idi, telefona zəng çatmırmış... Şairə gələn zəngi eşidib: - Götür, götür, yəqin sənə zəng çatmırmış, deyə, sözünü yarımçıq qoydu.

- Alo... alo, səsin asta gəler, dayan.. – Şair telefonu səsgücləndiriciyə qoydu.

- Alo, ayə, ay şair, belə olarmı, mən Cabbarlının heykəlinin yanında qalmışam, sənə zəng çatmır...

Şair qeyri-ixtiyari yanındakı adama baxdı: - Sən Metin bəy döyülsən?

- Yooox, mən şair Bahəddin Barlıyam...

Metin bəy hələ telefonun o başında şairi məzəmmət edirdi. Şairi isə kitabı düşündürürdü, axı onda cəmi bir kitab var idi, onu da Metin bəyə söz vermişdi. İndi Bahəddin Barlıdan kitabı necə geri qaytarsın...

 

İradə Aytel

Kaspi  2018.- 24 fevral .- S.22.