Azərbaycanın ilk Ordu generalı: Səməd bəy Mehmandarov - Xalq Cümhuriyyəti-100

 

GÖRKƏMLİ HƏRB XADİMİNİN ÖMÜR VƏ FƏALİYYƏT YOLU İLƏ BAĞLI QEYDLƏR

 

Tanrı qisməti, alın yazısı. Tanrıdan qeyri kimsə bu qismətdən kimin payına nə düşdüyünü müəyyənləşdirə bilərmi? Bəlkə də insanı min illərlə qədərin hökmünə boyun əyməyə vadar edən ən böyük hikmətlərdən biri elə budur: insan heç vaxt öz taleyinin nə ilə bitəcəyindən xəbərdar olmayıb.

 

Bir də xalqın, millətin qismətinə düşən, yeri kimsəylə əvəzedilməyəcək, alnına bir parçası olduğu Vətənin taleyində müstəsna rol oynamaq qisməti yazılmış nadir insanlar var. Nə yaxşı ki, Azərbaycanın taleyində belə insanlar az olmayıb. Türk ellərində həmişə qüdrətli söz, sənət adamları, bir də ən böyük orduları çəkib ardınca aparmağa, ən qəvi düşmənə qalib gəlməyə qabil sərkərdələr olub.

 

Səməd bəy Mehmandarov bu millətin yetirdiyi qüdrətli sərkərdələrdən biridir. Tanrı ondan qabaq və sonra da türklərə neçə qüdrətli sərkərdə bəxş edib. Ancaq Səməd bəy bu neçələrin arasında adi sıra nəfəri deyil, onların ən uca mərtəbədə dayananlarından, adı ən ehtiramla çəkilməyə layiq olanlarından biridir. Səməd bəy Azərbaycanın taleyində çox böyük rol oynamış, ilk müstəqil respublikanın 40 min nəfərlik ordusunu yaratmış və bununla da yüz illərdən sonra xalqın əzəli haqlarından biri sayılan özünümüdafiə imkanlarını yenidən özünə qaytarmış bir şəxsiyyətdir. Səməd bəy bənzərsiz, iftixar olunmağa layiq, ancaq eyni zamanda, son dərəcə mürəkkəb və zəngin bir ömür yaşamış insandır. Əsla təsadüfi deyil ki, onun haqqında yazan bütün müəlliflər bu fikirdə olublar və onların hamısının eyni fikrə gəlməsində qəribə heç nə yoxdur. Çünki Səməd bəy sadəcə olaraq on minlərlə, yüz minlərlə adi yaradılmışlardan biri deyildi, o, tanrı tərəfindən bu Vətənin taleyində mühüm rol oynamaq üçün seçilmiş bir şəxs idi və özünün istəyi ilə onun adi bir insan ömrü yaşaması əslində mümkünsüzdü.

 

Səməd bəy Mehmandarov 1855-ci il oktyabr ayının 16-da Lənkəran quberniyasın Lənkəran şəhərində anadan olmuşdur. Quberniya katibi işləyən atası Sadıqbəy Qarabağdan köçüb gəlmiş zadəgan idi və onun öz oğluna istənilən səviyyədə təhsil verməyə imkanı çatırdı. Buna görə də ilk təhsilini Bakı realnı məktəbində alan Səməd bəyin biliklərə kifayət qədər yiyələndiyi təqdirdə, Qərbin istənilən ali məktəbində oxuması mümkün idi. O isə doğrudan da, hərtərəfli bilik qazanmaq üçün ciddi səy göstərmiş, realnı məktəbin proqramı çərçivəsində öyrədilənləri tam  mənimsəmiş, gələcəkdə əldə edəcəyi mükəmməl elmi biliklərin ilkin təməlini yaratmışdı. Ancaq atasının və atasının əmisi oğlu Xanı bəy kimi yaxın qohumlarının tövsiyələrinə baxmayaraq, 16 yaşlı Səməd mülki təhsil ardınca getmək, sonra quberniya idarələrindən birində hansısa vəzifə tutmaq fikrində deyildi. Bəlkə də məhz bu yolu seçmiş atasının yolunu davam etdirməsi ona daha sakit və uzaqmənzilli bir həyat bəxş edə bilərdi. O isə bunu istəmirdi, ona görə də bu sayaq təkliflərə eyni, konkret cavabı verirdi, "yox". Damarlarında qanı qaynayan bu coşğun gəncin məqsədi tamam başqa idi. O, hərbçi olmaq, millətini əsgəri xidmətə belə layiq görməyən bir dövlətdə rütbələr almaq, çiyinlərində fərqləndirici zabit ulduzu gəzdirmək istəyirdi. Yalnız şöhrət xatirinəmi, yaxud hərbçi geyiminin Qafqazın bir parçası olan Azərbaycan kimi "milli ucqar" sayılan bir məmləkətdə xarici görünüşcə cəlbedici olmaq üçünmü? Bəlkə bu sənətin arxasınca düşməsində yaşına uyğun bir macəraçılıq həvəsi vardı, yoxsa gənclik romantikası idimi onu çəkən? Bütün bu sualların da bir cavabı vardı: xeyr. Tək özünə məlum idi ki, bu yolu təsadüfi seçməyib, hələlik axıradək izah edə bilməyəcəyi hisslər, onu ani istiqamətiəndirən güclü daxili istək məhz bu addımı atacağına qəti inam yaratmışdı. Özü də bu qəti fikrindən onu kimsə döndərə bilməzdi, çünki bu yol tanrı qisməti ilə cızılmışdı, hərbçi ömrü yaşamaq onun alın yazısı idi.

 

Seçimində qəti israr edən Səməd 16 yaşında ikən Peterburqda yerləşən ikinci Konstantinovka artilleriya məktəbinə daxil olur və 1875-ci ildə təhsilini uğurla başa vurur. Qarşıda isə ən uzun və ağır hərbi xidmət illəri gözləyirdi. Bu illərin çox böyük bir hissəsini o qanlı müharibələrdə, ölüm-dirim savaşlarında keçirəcək, Vətəndən xeyli uzaqlarda olacaq və ən başlıcası təmsil elədiyi millətin adını həmişə ucaldacaqdı. Hələlik isə 1875-ci il idi və Peterburqda yunkerlər məktəbini yenicə bitirmiş Səməd bəy ilk təyinat yerinə göndərilirdi. Ancaq ilk addımdan özünü nizam-intizamlı və bacarıqlı kadr kimi göstərən Səməd bəyin podpyamçik rütbəsi alması üçün o qədər də müddət lazım gəlmir.

 

Elə həmin ilin dekabr ayında ona bu rütbəni verirlər. Bir neçə müddətdən sonra isə xidmətdə xüsusi fərqləndiyinə görə, o, üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilir.

 

"Odlar yurdu" qəzetinin 13 iyul 1989-cu il tarixli 13-cü sayında böyük sərkərdənin həyatının bundan bir qədər sonrakı dövrü, daha konkret desək, 15 il keçəndən sonrakı xidmət illəri haqqında yazan M.Əliyev aşağıdakı məlumatları çatdırırdı: "Səməd bəy 1890-cı ildə kapitan rütbəsi almış, 1891-ci ildə isə ikinci dərəcəli "Müqəddəs Stanislav" ordeninə layiq görülmüşdür. 1894-cü ildə Səməd bəy hərbi komandanlığın əmri ilə Varşava hərbi dairəsinin sərancamına göndərilmşdir. 1896-cı ildə o, ikinci dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilmişdir. 1898-ci ildə podpolkovnik rütbəsi alan Səməd bəy Mehmandarov Zabaykalye artilleriya diviziyasının komandiri təyin edilmişdir. O illərdə diviziya Mancuriyada yerləşirdi. 1900-1901-ci illərdə Çində antiimperialist hərəkatının yatırılmasında Səməd bəy Mehmandarovun komandir olduğu diviziya da iştirak etmişdir. Lakin Səməd bəy Mehmandarov silahsız Çin əsgərlərinə atəş açmağa razı olmamışdır. 1901-ci ildə S.Mehmandarov polkovnik rütbəsi və üçüncü dərəcəli "Müqəddəs Vladimir" ordeni, habelə üstündə "Qəhrəmancasına fərqlənməyə görə" sözləri yazılmış qızıl qılınc almışdır. Rus-yapon müharibəsi zamanı Port-Artur şəhərini qəhrəmancasına müdafiə edən Səməd bəy Mehmandarov 1904-cü il oktyabr ayının 22-də general-mayor rütbəsinə və dördüncü dərəcəli "Müqəddəs Georgi" ordeninə layiq görülmüşdür. 1907-1910-cu illərdə Səməd bəy Mehmandarov 3-cü Sibir ordusunda artilleriya rəisi işləmişdir. 1908-ci il iyulun 13-də hərbi xidmətlərinə görə ona general-leytenant rütbəsi verilmişdir.

 

Birinci Dünya Müharibəsində Səməd bəy Mehmandarov Varşava əməliyyatı istiqamətində olmuş və payızda burada rus qoşunları almanlar üzərində tam qələbə çalmışdılar. Bu və başqa cəbhələrdə göstərdiyi sərkərdəlik məharətinə görə Səməd bəy Mehmandarova 1915-ci il martın 22-də artilleriya üzrə tam general rütbəsi verilmişdir (bu, müasir Silahlı Qüvvələr sistemində Ordu generalı rütbəsinə bərabərdir - L.Ş). 1917-ci ilin aprel ayında o, istefaya çıxmışdır. Bu zaman o, Rusiyanın "Stanislav", "Anna", "Vladimir" və "Georgi" ordenlərinin bütün dərəcələrinə layiq görülmüş, İngiltərə, Fransa, Rumıniya və İranın ordenlərini almışdı. İstefaya çıxdıqdan sonra Vladiqafqaz şəhərindəki öz sakit mənzilində yaşayan Səməd bəy Mehmandarov 1918-ci ilin sentyabrında Bakıya gəlmiş, 1918-ci ilin oktyabrından hərbi nazirlikdə işləməyə başlamış və həmin il noyabrın 7-də hərbi nazirin müavini, dekabrın 15-də isə hərbi nazir təyin edilmişdir.

 

Birinci Dünya müharibəsindən qayıdan 15 minə yaxın azərbaycanlı Səməd bəy Mehmandarovun ətrafına toplaşmış, döyüşkən Azərbaycan generaliteti yaranmışdır. Ordu üçün 1918-ci ilin iyul ayında Gəncədə açılmış praporşik məktəbi 1919-cu ilin əvvəllərində Bakıya köçürülmüş, onun əsasında Azərbaycan ilk hərbi məktəbi təşkil edilmişdir. Bakıda istehkamçı və hərbi feldşer məktəbləri də təşkil edilmişdir. Gəncədə isə hərbiləşdirilmiş dəmiryolu məktəbi fəaliyyətə başlamışdır. 1920-ci ilin yanvarında bu məktəblərə müdavim hazırlayan xüsusi hərbi təmayüllü kadet korpusu təşkil olunmuşdur".

 

Əlbəttə, Səməd bəyin Azərbaycanın sovetləşməsinə qədərki həyatının çox böyük və hərbi xidməti ilə bağlı ən başlıca dövrünü əhatə edən bu tarixlərin arasında onun 1903-cü ilin əvvəllərində Jitomirli Yelizaveta Nikolayevna Teslavla ailə qurması, elə həmin il yeddi aylıq topçu zabitləri məktəbində təhsil alması, Port-Arturda qalanın xəyanətkarcasına təslim edilməsindən sonra rus-yapon mülıaribəsində əsir düşərək 1904-1906-cı illərdə Yaponiyaya aparılıb və buradan Portsmut müqaviləsi bağlandıqdan sonra qayıtması və bir sıra digər mühüm faktlar öz əksini tapmayıb.

 

(Ardı var)

 

Lətif ŞÜKÜROĞLU

Kaspi  2018.- 24 fevral.- S.7.