Dinləyici sevgisinin
xoşbəxt etdiyi sənət adamı
Qayğısız illəri
xatırladan səs – Lalə Məmmədovanın konsertindən
reportaj
Özümü "siniri çıxarılmış diş” kimi hiss edəndə, bir guşəyə çəkilib, 5 əllə "playlist”imdəki musiqilərin yaxasından yapışmaq vərdişim var, çoxunuz kimi. Ona görə ki, musiqilərin sarı simdən daha yaxşı başı çıxır, nəinki doğmanın, dost-tanışın. Ona görə ki, musiqi hüznümüzü ev-eşik edib, gözü sulu xatirələrə yiyə çıxmağı bacarır. Təbii ki, söhbət əsl musiqidən gedir. Niyə musiqinin sarı simindən başladım? Heç bilmirəm. Deyəsən, Konfusi söyləmişdi: "Həyat iztirab və kədər versə, sükunəti musiqidə axtarın”.
Yox, bu gün nə iztirab, nə də kədərdən yazmaq fikrim var. Bu dəfə xoş avazı ilə ruhumuza layla söyləyən, qayğısız illəri həmişə xatirdə təzələyən səsdən – səhnəmizin gənc Leylisi, əməkdar artist Lalə Məmmədovanın hamımızı sehrlədiyi gecədən söz açmaq istəyirəm.
Mən onu ən qayğısız – məktəb illərindən bu tərəfə dinləyirəm, tanıyıram. Daha sonra isə xanım Məmmədovanı Opera və Balet Teatrının səhnəsində Leyli kimi sevmişdim. Mükəmməl aktrisalıq bacarığı ilə premyeranın əsas simasına çevrilən Lalə xanım məşhur "Şam səhnəsi"ndə fərqli ampluası ilə bir daha heyrətimə səbəb olmuşdu.
23 fevral həm də sənətçinin dünyaya göz açdığı gündü. Yəni bayram bayrama qarışmışdı desəm, heç yanılmaram. Lalə xanım Muğam Mərkəzinin səhnəsində həm doğum gününü qeyd etdi, həm də keçən əsrin dillər əzbəri olmuş mahnılarına yeni bir nəfəs verməklə dinləyicilərinə xoş saatlar yaşatdı. Bundan başqa, ifaçı repertuarında səslənib sevilən bəstəkar mahnılarını da sevənləri üçün ifa etdi.
Muğam Mərkəzinin və "Mədəniyyət” kanalının birgə layihəsi olan konsertdə ifaçını Azərbaycan Televiziyasının Gülarə Əliyeva adına "Dan Ulduzu” instrumental ansamblı müşayiət edirdi. Qeyd edək ki, ansamblın bədii rəhbəri əməkdar artist Tariyel Abbasovdur.
Konsertdə ifaçını tək qoymayan sənət dostları, bir sıra ziyalılar, tanınmış incəsənət və mədəniyyət xadimləri qonaq qismində iştirak edirdilər.
Qonaqların bəzilərindən konsertdən öncə və sonra aldığım təəssüratları sizinlə də bölüşmək istərdim:
Filologiya üzrə fəlsəfə doktoru, şairə Sona Vəliyeva: "Lalə Məmmədova sənəti, səsi, mənəvi keyfiyyətləri ilə seçilən bir sənətkardır. Onunla əməkdaşlığımız olub və çox da məmnun qalmışam. Mənim iki - "Gedəcəm” və "Narın yağış” şeirlərimi oxuyub. Bu gün isə bizim böyük sənətkarımız İlhamə Quliyevanın repertuarından sevilən "Qaragilə” mahnısını ifa edəcək. Lalənin sənətinə, özünə böyük hörmətim var. O həm də iki uşaq anasıdır. Bu qədər işin içərisində uşaqlarına vaxt ayırmağı bacarır. Bu mənada, o həm də sənətdə olub, övlad böyütməyi tam məsuliyyəti ilə dərk edən bir qadın kimi dəyərlidir. Bundan başqa, mən onun "Leyli”sini səhnədə görmüşəm. Yaratdığı özünəməxsus "Leyli” dinləyicilərlə bərabər, ədəbiyyatsevərlərin də marağına səbəb olmuşdu. Lalə xanım həm də müəllimədir. Bir neçə ay öncə ədəbiyyat üzrə fəlsəfə doktorluğunu müdafiə etdi. Xanımlığı ilə, mənəviyyatı ilə, müəllim keyfiyyətləri ilə cəmiyyətdə seçilən, hörmət edilib dəyər verilən bir xanımdır. Məramını hər zaman bu cür qorumağını arzu edirəm”.
Əməkdar incəsənət xadimi, bəstəkar Faiq Sücəddinov: "Lalə Məmmədovanı səsinə, mədəniyyətinə, gözəl repertuarına görə sevib, dinləyirəm. Bilirsiz, bütün hallarda müğənninin səsində də mədəniyyət özünü büruzə verir. O, bəstəkarlar məktəbinin faktiki təmsilçisidir. Özü də yaradıcı insandır. Mən ona həyatında, karyerasında uğurlar arzulayıram”.
Müğənni Zamiq: "Lalə Məmmədovanın musiqi zövqü, seçimləri çox yaxşıdır. Lalə ilə biz bu gün deyil, neçə illərin dostuyuq. Bir-birimizin sənətinə diqqət edirik. Lalə mənim sənətimdə ən çox sevdiyim səslərdən biridir. Və onun yaradıcılığına hər zaman böyük sevgim olub”.
Bəstəkar Aygün Səmədzadə: "Lalə Məmmədovanın yaradıcılığında hər kəsi cəlb edən "Məktəb illəri” mahnısı bizim birgə əməyimizdir. Maraqlı ifaçıdır. Bəstəkarın dəst-xəttini qoruyub-saxlamağı bacarır. Bu, sırf mənim, yaxud digər bəstəkarların mahnılarına şamil deyil. Lalə xanımın yaradıcılığında klassiklərimizə müraciətdə də məhz bu cür münasibəti görmək mümkündür. Mənim üçün dinlədiyim zaman əsəb gətirməyən səsdir, yəni dinlədikcə baxırsan ki, heç bir təhrifə yol vermir. Öz üzərində işləyib, mütəmadi konsertlər verir. Və bir şeyi qeyd edim ki, bu gün Lalənin konsert auditoriyaları daha geniş səhnələri tuta biləcəyi halda, o, kiçik auditoriyalarla kifayətlənir. Bəlkə də bu onun öz prinsipləri ilə bağlıdır. Sıx kütlə arasında görünməyi özü istəmir. Lalə ilə əməkdaşlığımız, dostluğumuz uzunmüddətlidir və ümidvaram ki, məhz belə də davam edəcək. Uzun illərdir biz birgə addımlayırıq. Mənim bir neçə bəstəmə - ilk işimiz olan "Ömrümün istəyi”, eləcə də "Bağışla”, "Dəli eşq”, "Məktəb illəri”, bu yaxınlarda oxunmuş "Bir sevgi”yə özünəməxsus nəfəs verib. Mənim mahnılarımı çox sevdiyini deyir. Nə zaman yeni bəstəm işıq üzü görərsə, ona həm professional nöqteyi-nəzərdən, həm də doğma bir insan kimi öz fikrini, rəyini bildirir. Sonra da bir dərkənar edir ki, "bunu kaş mən ifa edəydim”. Arzulayıram ki, işbirliyimizin ömrü uzun olsun”.
Şairə Kəmalə Abıyeva: "Lalə mənim sevdiyim, dinləməkdən zövq aldığım ifaçıdır. Bütünlüklə – səhnə mədəniyyəti, səliqəli avazı, oxuma tərzi, sadəliyi, xalq, retro mahnıları ustalıqla ifa etdiyi üçün o mənim seçilənimdir. Bir-birimizin yaradıcılığında rollarımız danılmazdır. Yəni biz bir günün içərisində "Məktəb illəri” mahnısı ilə bütün Azərbaycana səs salan bir işbirliyinə imza atmışdıq. Əlbəttə ki, burada Aygün Səmədzadənin rolu da böyükdür. Lalə özü də hər zaman qeyd edir ki, bu mahnı mənim sənətdəki vizit kartımdır. Daha sonra "Bir sevgi”, həmçinin Elçin İmanovla birgə "Qar yağır” mahnımız birgə əməyimizdir. Bu işlərimiz alınanda, seviləndə, mən əməyi keçən hər kəslə, həmçinin öz əziyyətimlə də fərəhlənirəm. Sözün qədrini bilmək lazımdır. Laləni mən öz doğma övladım qədər sevirəm. Ona bütün işlərində uğurlar arzulayıram. Həqiqətən də, uğurlu proyektlərinin sədasını eşidəndə çox sevinirəm”.
Şair, tərcüməçi Vahid Əziz: "Lalə Məmmədovanın yaradıcılığında məni ən çox cəlb edən məqam onun səsidir. Çox savadlı oxuyur. İnsan elmli olmalıdır. Lalə ziyalı qızdır, ingilis dilini mükəmməl bilir. Elmi dərəcə müdafiə edib. Bütün bunlar ona gətirib çıxarıb ki, Lalə Məmmədova bu gün öz mədəniyyəti, kübarlığı və musiqi elmini həm də savadla mənimsədiyi üçün özünə xüsusi bir sevgi qazanıb. Lalə xanım mənim də sözlərimə bir neçə mahnı ifa edib. Bundan başqa, mən onunla həm də illərin dostuyam. Hətta mənim sözlərimə Elçin İmanov "Çinarə” adlı bir mahnı bəstələmişdi. Onu da öz qızı üçün ifa edib. Yəni Lalə Məmmədova sıradan bir müğənni deyil. Ciddi səsdir. Öz adını, statusunu illəridir, qoruyub saxlayır. İnanıram ki, bu minvalla da davam edəcək”.
Əməkdar artist Gülüstan Əliyeva: "Laləni çox sevirəm. Müasir Azərbaycan estradasında dönə-dönə dinlədiyim bir səsdir. Onun ən çox sevdiyim cəhəti "yoruldum” demədən fəaliyyət göstərməsidir. Heç bir maddi çətinliklərə baxmadan daim sənəti naminə sanballı işlər ortaya qoya bilir. Lalə həm də çox qayğıkeş bir anadır. Yaradıcılığında hər zaman yeni repertuar, fərqli musiqi seçimləri ilə yeniliklər edir. Bunun bugünkü konsertdə də şahidi olduq. Laləyə səadət diləyirəm, hər zaman bu cür şövqlə sənətinə yanaşsın. Çünki sənət insanını xoşbəxt edə biləcək ən vacib məqam dinləyici sevgisidir. Arzu edirəm ki, hər zaman bu sevgi içərisində itib-batsın”.
Əməkdar artist Firuzə
İbadova: "Bugünkü
konsertdən zövq aldım. Uzun zaman idi belə
dincəlmirdim. Belə musiqilərə özümdə
aclıq hiss edəndə
qocaldığımı hiss edirəm, öz yaşım yadıma düşür. Bu cür musiqilər məndə nostalji hisslər yaradır.
Qayıdıram qayğısız, o gözəl illərə.
Konsertdə əməyi keçən
hər kəsə, vaxtını ayırıb,
iştirak edən hörmətli ziyalılarımıza,
sənət adamlarına
təşəkkür edirəm.
Lalə xanıma isə bu cür davam
etməsini, hər zaman bu cür
peşərkarlıq nümayiş
etdirməsini arzulayıram.
Allah onun səsini
Azərbaycan musiqisindən
əskik etməsin”.
Əməkdar artist Tünzalə Ağayeva:
"Bu gün Lalə
məni darıxdığım,
ac olduğum bir dünyaya apardı. Darıxdığımız nədir? Azərbaycan mahnı
sənətinin, mədəniyyətinin
ənənəsi, gözəlliyi,
təntənəsi duyğularını
biz bu gün burada yaşadıq. Niyə darıxmışam? Çünki günümüzün musiqisi
nə yazıq ki, populyar kütlə
musiqisidir. Bu musiqilər isə süni yönə gedib, ticariləşir.
Biz də hardasa
istəmədən bunun
təsirinə düşürük.
Nə yaxşı ki, belə ənənələr
yaşayır. "Dan
ulduzu” instrumental ansamblı
bizim mahnı tariximizdir. Hansı birimizdən soruşsanız,
deyərik ki, "Dan ulduzu” bizə layla olub, bizi
tərbiyə edib.
Və nə yaxşı ki, bu gün
də yaşayır.
Dövlət televiziyası sağ
olsun. Bu işdə əziyyəti
keçən hər kəsə təşəkkür
edirəm. Və ən
əsası, Lalə kimi müasir ifaçı, müasir sənətkar günün
ticari musiqisinə qaçmadı, ənənələri
yaşatdı. Bu bir musiqiçi kimi məni çox qidalandırır.
Mahnılar, musiqi seçimləri
əlaydı. Bu gün həm də Lalənin dünyaya gəldiyi tarixdir. Ona həm bir tamaşaçı kimi, həm də həmkar kimi minnətdaram ki, çətin yolu seçir. O, sənətkarlara
sayğı ilə yanaşıb, ayaq üstə alqışlayıram
ki, onlar şərəfli, çətin,
böyük əzm, alın təri, intellekt, akademik bilgi, çalışqanlıq
və kökünü
bilmək dəyərlərini
tələb edən istiqaməti seçiblər.
Həmin
sənətkarlar heç
vaxt ölmürlər.
Bu gün Lalə
öz karyerasında yeni bir səhifə
açıb, onu məharətlə imzaladı.
Bu gün ifa
olunan klassik mahnılara bir möhür vurdu. Gələcək nəsillər o mahnıları
Lalənin ifasında mütləq sevəcək.
Neçə ki, bu gün biz klassiklərimizin
ifasında həmin musiqiləri əzbərimiz
etmişik, "onlar gözəl oxuyub” deyirik, gün o gün olsun, Lalə bunu özü yaşasın.
Həmkarıma bu şərəfli
yolda bol-bol sənət uğurları
arzu edirəm”.
Nə yaxşı ki, zövqümüzə sığal
çəkən savadlı,
mədəni, ürək
ovsunlayan sənət adamlarımız var... Onlar musiqiyə məzənnə
kimi baxmayıb, onun çəkisini dərk edən insanlardır.
Hazırladı: Aysu Kərimova
Kaspi 2018.- 28 fevral.- S.12.