Təbiətcə zarafatcıl olan rejissorun düşüncə axtarışı

 

 

Təbiətcə zarafatcıl olan rejissorun düşüncə axtarışı

Hər zaman onu görərkən bu sual fikrimdə formalaşır: Görəsən nə üçün çox zaman komediya janrında olan pyeslər üzərində işləməyə üstünlük verir? Hər dəfə də eyni cavabı alıram. "Təbiətcə zarafatcıl adam olduğum üçün”. Bu, bir həqiqətdir. Demək olar ki, onunla hər gün görüşürəm. Hər gün də üzündə çox maraqlı bir sevinc duyuram. O, hər zaman zarafatları sevir. Duzlu, məzəli söhbətləri ilə teatrda hər kəsin diqqətini özünə cəlb edə bilir. Ancaq bununla belə, onun yaradıcılığına nəzər salarkən psixoloji pyesləri də daha dərindən duyduğunun şahidi olursan. Qərb dramaturgiyasına, Azərbaycan klassik dramaturgiyasına müraciətləri müasirləri tərəfindən maraqla izlənilir. O, sənətkardır, sözün əsl mənasında sənət fədaisidir. Böyük  bir sənət məktəbi keçən və həm də özünün sənət məktəbini yarada bilən istedadlı bir rejissordur, Xalq  artisti Vaqif  Şərifov. 

 

Vaqif Abdulla oğlu Şərifov 1960-cı ildən teatrda əmək fəaliyyətinə başlayıb. 1967-ci ildə  Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. 1967-1974-cü illərdə Gəncə Dövlət Dram Teatrında rejissor, 1974-1977-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında baş rejissor, 1977-1981-ci illərdə Ağdam Dövlət Dram Teatrında baş rejissor, 1981-1984-cü illərdə Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor, 1984-1998-ci illərdə həmin teatrda direktor və bədii rəhbər vəzifəsində çalışıb. Müxtəlif illərdə  Azərbaycan teatrlarında 120-dən artıq tamaşalara səhnə həyatı bəxş edib. O, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. "Qanun dəllalı” tamaşasının quruluşuna görə, Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Qızıl Dərviş” mükafatını alıb. 2013-cü ildə "Tərəqqi” medalı ilə təltif edilib, 1992-ci ildə Əməkdar incəsənət xadimi, 2014-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

 

Teatra nə vaxt  maraq və həvəsinin yarandığını xatırlamır. Kim bilir, bəlkə də, bu həvəs onda orta məktəb illərindən başlayıb. Orta məktəb illərini üçüncü sinfə qədər Ağstafada oxuyan Vaqif, qalan məktəb həyatını isə Gəncədə keçirib. Burada da o zamanlar "Alimlər evi” deyilən məkanda bir çox dərnəklər fəaliyyət göstərib. Dövrünün sayılıb-seçilən ziyalıları, pedaqoqları bu məkanda gənclərin yetişməsi, püxtələşməsi üçün əllərindən gələni əsirgəməyiblər. O illərdə Vaqif də dram dərnəyinə üzv yazılıb. "Alimlər evi”ndə fəaliyyət göstərən dram dərnəyinə xalq artisti Məhəmməd Burcəliyev rəhbərlik edib. Yəqin ki, elə bu sənətə gəlməyinin də ilk qığılcımları məhz bu dərnəkdən qaynaqlanıb. Sonralar isə Gəncə Dövlət Dram teatrının baş rejissoru və direktoru Hüseyn Sultanovun dəvəti ilə 1960-cı ildən başlayaraq taleyini Gəncə teatrına bağlayan Vaqifə, ilk vaxtlar kütləvi səhnələrdə çıxışlar etmək tapşırılırdı. Bir müddət sonra istedad və bacarığını görən rejissorlardan biri - Xalq artisti Məhəmməd Burcəliyev 14 aprel 1962-ci il tarixində quruluş verdiyi 5 pərdəli, 9 şəkildən ibarət olan Yusif Əzimzadənin "Anacan” pyesində (tamaşanın rəssamı Rza Məmmədov, bəstəkarı Şamil Yusifov) ona Dovşan Rəhim rolunu həvalə edir. Məhz bu ilk sınaq Vaqifin həyatında uğurlu olur. Gəncə teatrında iki il ərzində püxtələşən Vaqif 1962-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə göndərilir. 1967-ci ildə təhsilini bitirib doğma Gəncə teatrına qayıdır. Tələbəlik illərini bu gün də söhbətlərində şövqlə xatırlayır: "Bilirsiniz, doğrusu, mən ilk vaxtlarda aktyor olmaq istəyirdim. Çünki özümü səhnəsiz təsəvvür etmirdim. Vaxt bitdi, vədə yetişdi. Sənədlərimi İncəsənət İnstitutuna hazırlayan zaman, yenə də xalq artisti Məhəmməd Burcəliyev köməyimə çatdı. O, hər zaman mənim uğurlarıma görə sevinib və hər an mənə qol-qanad verirdi. Biləndə ki, mən İncəsənət İnstitutunun aktyorluq fakültəsinə getmək istəyirəm, yenə də dəyərli məsləhəti ilə köməyimə çatdı. Dedi ki, sən gözəl aktyor kimi artıq, demək olar ki, püxtələşibsən. Gəl, sənədlərini rejissorluq fakültəsinə ver. Onda səhnəni daha yaxşı duyacaqsan. Mən o zaman yenə də böyük sözünə qulaq asdım və belə də etdim”.

 

O, artıq 58 ildir teatrda işləyir. Bu 58 ildə uzun-uzadı bir sənət yolunda böyük bir axtarışlarla səfərdədir. Onun düşüncələrində sənət axtarışları böyük bir sonsuzluğa gedir, tamamlanması isə mümkün deyil. Sənətdə özünü tapmaq söhbətinə gəldikdə isə deyir ki, bu, çətin məsələdir: "Əgər sənət yolundasansa, axtarışdasansa özünü tapa bilməzsən. Axtarırsan, maneələrə, çətinliklərə rast gəlirsən, daş-kəsəkli yollar keçirsən, yaxşı işin də olur, bərbad işin də. Baxmayaraq ki, dövlət teatrlarında 120-dən artıq tamaşaya quruluşlar vermişəm. Bu o demək deyil ki, hamısı yüksək səviyyədə qurulan tamaşalar olub. Əlbəttə, yenə də bu tamaşaların hər birində axtarışda olmuşam. Hələ də mən özümü tapmamışam. Deyə bilmərəm ki, özümü tapmışam və yüksək zirvəyə qalxmışam. Mənə belə gəlir ki, bu sözü heç kəs belə deyə bilməz. Bu baxımdan axtarışdayam və ömrümün sonunadək də yəqin ki, axtarışda olacağam”.

 

Teatrın səhnəsində qızğın məşqlər gedir. Saatın əqrəbləri 11-i göstərən zaman teatrın daxili foyesindəki radio qovşağında rejissor köməkçisinin səsi eşidilir: "Diqqət! Məşq başlanır!”

 

Rejissor Vaqif Şərifov yenə də axtarışdadır. Çünki bu dəfə müraciət etdiyi əsərin səhnə taleyi onu daha çox düşündürür. O, Altay Məmmədovun qələmə aldığı "Dəli Domrul” qəhrəmanlıq komediyasını doğma teatrının səhnəsində hazırlamalı idi. Məşq başlayır. Aktyor heyəti öz yerini tutur.

 

Qeyd etmək istəyirəm ki, Altay Məmmədovun "Dəli Domrul” pyesinin mövzusu uzaq tarixi keçmişimizin qiymətli yazılı abidəsi olan "Dədə Qorqud” dastanından alınıb. Dastanın Dəli Domrul boyundan istifadə edərək orijinal səhnə əsəri yaradan Altay Məmmədov, eyniadlı pyesdə ciddi mətləblərə toxunub. Pyesin ideya-bədii istiqaməti çox böyük fəlsəfi fikirlər axınında müəyyənləşir. Dramaturq dastanın dili və ifadə üslubunu özündə saxlamaqla, komediyanın mərkəzində xeyirlə şər qüvvənin, həyatla ölümün mübarizəsini konkret cizgilərlə göstərə bilib.

 

Məhz Altay Məmmədovun "Dəli Domrul” pyesinin yaradıcı heyəti, xüsusilə rejissor Vaqif Şərifov cərəyan edən hadisələrin mahiyyətini müasir dövrümüzlə bilavasitə səsləşən xətlərini qabartmaqla, xeyrin şər üzərində qələbəsini, xalqımızın mübarizə əzminin nə qədər böyük olduğunu bir daha göstərməyə çalışıb. Bu tamaşa uzun illər teatrın repertuarında əsas yerlərdən birini tutmaqla, böyük tamaşaçı rəğbəti qazanmağa müvəffəq olub. Sözsüz ki, burada yaradıcı kollektivin böyük zəhmətini qeyd etməmək mümkün deyil. Ancaq bununla yanaşı, tamaşanın uğurlu səhnə taleyi məhz quruluşçu rejissor Vaqif Şərifovun adı ilə bağlıdır.

 

"Dəli Domrul”un gərgin məşqlərini xatırlayarkən, rejissor ani olaraq fikrə daldı və çöhrəsində təbəssüm dolu narahat bir baxışla dedi: "Bir həqiqəti də etiraf edim ki, rejissorluq adamdan əhatəli dünyagörüşü, bilik və seçdiyi sənətə məhəbbət tələb edir. Tamaşaya hazırladığım bu əsərdə də yalnız teatr divarları arasında yox, gəzintidə də, evdə də hər zaman onunla bir yerdə olub, ondan heç zaman ayrılmadım. Hətta məşq zamanı tapa bilmədiyim detallar, həll edə bilmədiyim mizanlar da işdən sonra fikrimdə həmişə məni məşğul edib, rahat buraxmayıb. Hər zaman səhnə həllini verməyə çalışdığım "Dəli Domrul”u düşündüyüm tərzdə aktyorlara elə çatdırmağa çalışırdım ki, səhnədə də deyilənlərə şübhə ilə yanaşmasınlar. Məhz tamaşanın uğurlu səhnə taleyi üçün bunlar mənə hava-su kimi lazım idi. Bax tamaşadan sonra azca da olsa sevinirəmsə, bu, mənim bəsimdir. Demək, zəhmətim hədər getməyib”.

 

Gəncə Dövlət Dram Teatrı hər zaman repertuar siyasətini qoruyub saxlayıb. Müraciət etdikləri hər bir yeni əsər tamaşaçıların böyük rəğbətini qazanmaqla, uzunömürlü olub. Elə bu gün də bu prinsip əsas götürülür. Rejissor Vaqif Şərifovun bu tendensiyanı əsas götürməsi yenə də teatrda neçə-neçə gənc aktyor heyətinin buraya cəlb olunmasında öz müsbət nəticəsini verməkdədir. Belə olmasaydı, onsuz da kadr çatışmazlığından əziyyət çəkən teatrlarımızın bir çoxu kimi, Gəncə Dövlət Dram teatrı da bu problemlə üz-üzə qala bilər, Şekspirin təbirincə desək, "olum və ya ölüm” məngənəsində sıxılardı. Ancaq bu gün teatrın özünün yetişdirdiyi gənc aktyor nəsli var və bu gənclər, sözün əsl mənasında, sənətin çətinliklərinə alışaraq, böyük məktəb keçərək püxtələşirlər.

 

Gənc aktyor heyətinə baxdıqda, rejissor öz hisslərini cilovlaya bilmir və gözləri yaşarır: "Mən də teatra bax, beləcə, gənc olanda böyük həvəslə gəldim. O zaman bizim xeyirxahlarımız var idi. Sənətin çətin, əzablı yollarında bizimlə birgə addımlayanlar vardı. Ancaq indi... İndi belə təsadüflər çox az olur. Sevinirəm ki, bu gün mənə, qocaman sənətkarlarımızdan miras qalan bu işi heç olmasa qoruyub saxlaya bilirəm. Bu gün müasir teatr gənclərin olmalı və onların üzərində repertuar siyasəti qurulmalıdır. Əks halda sənətimizi qoruyub saxlaya bilmərik”.

 

Lirik, psixoloji pyeslərdən söhbət düşdükdə, Vaqif Şərifovun yaradıcılıq üslubuna daha çox yaxın olan amillər göz qabağına gəlir. Belə ki, rejissor özünün də dediyi kimi, bir çox janrlarda işləməyə üstünlük versə də, lirik-psixoloji pyeslərə də müraciət etməyi sevir və daha dərindən duyur, görür. Gəncə Dövlət Dram Teatrının səhnəsində uğurlu səhnə taleyi yaşayan Nüşabə Əsəd Məmmədlinin "Unutmaq istəyirəm” lirik-psixoloji pyesi də Vaqif Şərifov duyumunun bəhrəsidir. Rejissorun quruluş verdiyi səhnələrdə hər zaman məhəbbət macəraları ilə dolu olan insan taleyi, dövrün, zamanın axarında puç olan arzuların reallaşması, gələcəyə böyük ümidlərlə baxan nikbin bir məhəbbət alovu və ən nəhayət, insan taleyi, onun arzuları dayanır.

 

Personajlar elə bir zaman kəsiyində səhnə həlli tapmış olurlar ki, cərəyan edən hadisələr bir an belə səni rahat buraxmır, əksinə, həyatın insan psixologiyasına gətirdiyi anları ilə qarşı-qarşıya qoyur. Tamaşada rejissor traktofkası, rəssam işi və musiqi bir ahənglik və tamlıq təşkil edərək, günümüzün aktual problemlərinə çevrilən məişət qayğılarını daha da qabarıq şəkildə təqdim edir, həlli yollarının araşdırılmasında sanki bir yol göstərir.

 

Xalq artisti Vaqif Şərifovun Gəncə Dövlət Dram Teatrının səhnəsində son quruluş verdiyi pyeslərdən biri də Elçinin "Qatil” psixoloji dramıdır. Pyesdə cərəyan edən hadisələr günümüzün reallıqlarını özündə əks etdirməklə yanaşı, insan taleyindən, həyat məngənəsində sıxılan acı talelərin gətirdiyi bədbəxtliklərdən və sonda həyatın özünün, insanı amansızcasına qatilə çevrilməsindən bəhs edir. Hadisələr rejissor tərəfindən o qədər böyük maraq və dəqiq detallar vasitəsilə işlənib ki, gedişat, səhnədə bir an belə insanı rahat buraxmır, mizanlar hər an dəyişir və ani olaraq səni xəyallarda yaşadır. Bu xəyallar çox zaman insanı vadar edir ki, düşünsün. Öz həyatında baş verənlər haqqında düşünürsən və bu düşüncələr elə sənin özünü də bir növ tamaşanın maraqlı bir iştirakçısına çevirə bilir. Pyesdə orta məktəbdə dərs deyən kimya müəlliməsi xəyallarının gerçəkləşməsini mavi səmada olan ulduzlar arasında axtarır və baş verənlərin məhz onların vasitəsilə tapılmasını taleyinin bir hissəsi, qisməti bilir. O, ailə həyatı qurmayıb və hər zaman da tələbələrinin yazı dəftərini yoxlaya-yoxlaya onların xəyalları ilə danışır və bununla da özündə mənəvi bir dinclik, rahatlıq tapır. Ancaq çox zaman da təhlükədən qorxur. Elə bu qorxu hissləri də onu sonda qatilə çevirir. Pyesdə müəllif tərəfindən günümüzün ən aktual problemlərindən olan pula hərislik, rüşvətxorluq, yalanlar üzərində qurulan həyat macəraları Vaqif Şərifovun rejissor üslub və baxışlarında maraqlı detallarla tamaşaçıya çatdırılır.

 

Rejissor Vaqif  Şərifov bu gün də axtarışdadır, beyni düşünür, qəlbi yeni-yeni yaradıcılıq nigarançılığındadır. Bu dəfə də həmişəki kimi, daha da məsuliyyətlə yeni bir pyes üzərində çalışır. Əlbəttə ki, hər bir yaranan yeni səhnə əsəri onun yuxusuz gecələrinin, narahatçılığının ən başlıcası isə qəlbinin, ürəyinin alovu ilə yanan sənət eşqinin yadigarıdır. Özünün də dediyi kimi, səhnəyə hər gün yeni bir məsuliyyətlə gəlir və düşünərək düşündürür. Onun hər gəlişi bir varlıqdır. Bitməz, tükənməz bir varlıq. Bu varlıq daim bir qüvvəyə sahibdir ki, o qüvvəni sənət müəllimlərindən alıb və bu gün də qoruyub saxlamaqla gələcək nəsillərə ötürmək istəyir.

 

Anar Bürcəliyev teatrşünas

Kaspi.- 2018.- 6 iyun.-S.15