MİRZƏ BALA MƏHƏMMƏDZADƏ
VƏ ONUN “GƏNCLƏR YURDU” MƏCMUƏSİ
Köhnə Tiflisin məşhur
Şeytanbazar meydanından Cümə Məscidinə doğru
ensiz, daş döşəkli bir küçə uzanır –
Botanika küçəsi... Bu küçənin
başlanğıcında yerləşən iki saylı
binanın ikinci mərtəbəsi yüz il əvvəl
Müsəlman (Azərbaycan) Qiraətxanası kimi
tanınır və fəaliyyət göstərirdi. 1918-ci
ilin isti yay günləri... Müsəlman
Qiraətxanasının qonaqlı-qaralı vaxtları idi.
İyul ayının əvvəllərində Tiflisə
təşrif gətirən alovlu vətənpərvər,
istiqlal mücahidi Mirzə Bala Məhəmmədzadə burada
yerli, milli ruhlu azərbaycanlı gənclər ilə
tanış olur. Qiraətxanada söhbət zamanı jurnal
çıxartmaq qərarına gəlirlər. Hətta, ilk
nömrənin materiallarını toplamaq barədə də məsləhətləşirlər.
Bakıda milli demokratik mətbuatın silah gücü ilə
susdurulduğu soyqırımından sonrakı dövrdə
Mirzə Balanın publisistik fəaliyyətini davam etdirmək
üçün bu yaxşı fürsət idi. Müsəlman
Qiraətxanasında nəşrin adını da
müəyyənləşdirdilər – "Gənclər
yurdu”! 1917-ci ildə Mirzə Balanın yaxın dostu Əbdül
Vahab Məhəmmədzadə Bakıda "Gənclər
sədası” adlı Azərbaycan və rus dillərində
qəzet də çıxartmışdı. Amma,
məcmuə qəzetdən fərqli biçimdə, mövzu
və mühafizə baxımından daha uzunömürlü
və cazibədar hesab edilirdi...
Beləliklə, Mirzə Bala yerli
gənclərdən mürəttiblik və çap işini
yaxşı bilən Firidun Hacızadə ilə jurnalın
nəşrinə icazə alırlar. "Gənclər yurdu”
məcmuəsinin ilk sayı 1918-ci il iyul ayının 23-də
Tiflisdə fəaliyyət göstərən "Şərq”
mətbəəsində daş basması üsulu ilə
işıq üzü görür. Bu nəşri Mirzə
Balanın 20 yaşının tamam olmasına qeyri-adi
töhfə də adlandırmaq olar. Dərginin ilk oxunduğu
və yayıldığı məkan Tiflisin Müsəlman
Qiraətxanası idi.
"Gənclər yurdu” jurnalında
məqalə müəlliflərinə
xatırladılırdı: "Yazılan məqalələr
aydın və sadə, türkcə olmalıdır.
Məqalələri düzəltməyə idarənin
ixtiyarı var”. M.B.Məhəmmədzadə sonuncu
xatırlatma ilə müəlliflik hüququ
məsələsinə aydınlıq gətirmiş, redaksiya
əməkdaşlarının və ya redaktorun mətn
üzərində redaktə işi aparmağa ixtiyarı
olduğunu xüsusi vurğulamışdır. Eyni zamanda ilk
səhifənin yuxarı hissəsində xüsusi, paralel
xətlər arasında yazılıb: "Hələlik on
beş gündə bir çıxan türk məcmuəsidir.
23 iyul 1918. 31 şəvval 1336. Ünvan: Tiflis, Botaniçeski
küçə, nömrə 2. Müsəlman
qiraətxanasında "Gənclər yurdu”. Qiyməti 60
qəpik”.
O dövrdə fərqli növə və
ölçüyə malik şriftlərin
qıtlığına baxmayaraq "Gənclər yurdu”
məcmuəsinin ilk sayı yüksək peşəkarlıqla
hazırlanmış, diqqətlə korrektə işləri
görülmüş, bəzək elementlərindən
yerli-yerində istifadə olunmuşdur. Gənclərin
böyük maraqla qarşıladığı jurnalın
məramını əks etdirən baş yazısı
Mirzə Balanın "Məqsədimiz nədir?”
məqaləsi ilə açılırdı. Redaktor
jurnalın məramını qısaca olaraq belə bəyan
edirdi: "Gürcüstanın paytaxtında nəşrə
başlayan "Gənclər yurdu” türk məcmuəsinin
əsas məqsədi və iqtisadi amalı Osmanlı,
Azərbaycan, Tatarıstan, Türkistan və Monqolustan kimi
parçalara bölünmüş türk millətini bir
yerdə görmək, Turan yurdunda yenidən diriltməkdir.
Fəqət başqaları ilə fərq
budur ki, bundan ötəri qılınca, qurşuna, oda, yalova
degil, ədəbiyyata, elmə, mədəniyyətə
müraciət ediləcəkdir.
"Gənclər yurdu”nun fikrincə
həyati-bəşəriyyə ancaq millətlərin
tərəqqi və təlimləri ilə məmnundur.
..."Gənclər yurdu” zənn edir ki,
birləşmiş bir türk milləti görmək
üçün ümumi bir dil düzəltmək
lazımdır. Türk qövmlərini mədəni
cəhətcə birləşdirmək gərəkdir.
"Gənclər yurdu” bu
məqsədlə öz səhifələrində türk
dili, türk ədəbiyyatı, türk tarixi, türk
sənayeyi-nəfisəsinə dair məlumatlar verəcək.
Anadolu, Azərbaycan, Türküstan,
Krım, Tatarıstan və Monqolustan türklərinin
həyati-ictimaiyyə, siyasiyyə və
mədəniyyətlərilə öz oxucularını
tanış edəcək.
"Gənclər yurdu” tam mənasilə
yeni fikir tərəfdarı olduğunu göstərmək
üçün var qüvvəsilə milləti xalqdan
ibarət biləcək, onun hüququnu, onun hakimiyyətini
müdafiə edəcək, təki ədəbiyyat,
mədəniyyət də xəlqiləşsin, daha qədim
kimi mədəniyyət yalnız bəylərə, xanlara aid
olmasun.
"Gənclər yurdu” bütün
türk gənclərinə bir yurd olacaq səhifələrini
cümlə gənclərə açacaq” (Məqsədimiz
nədir? "Gənclər yurdu”, Tiflis, 1918, 23 iyul, ¹ 1,
səh.1).
Onu da vurğulamağa ehtiyac duyulur ki,
"Gənclər yurdu” Azərbaycan Cümhuriyyəti
dövründə nəşr edilən ilk milli jurnaldır.
Ayrı-ayrı istisnalar nəzərə alınmaq
şərtilə bütün materialları demək olar ki,
Mirzə Bala yazmışdır. Dərginin səhifələrində
yer alan "Azərbaycan Cümhuriyyəti”
məqaləsində M.B.Məhəmmədzadə çox
ciddi problemlərə toxunmuş, öz
düşüncələrini, qənaətlərini
bildirməkdən çəkinməmişdir. O dövr
üçün Mirzə Balanın toxunduğu ən qlobal
problemlərdən biri yenicə istiqlalını elan
edilmiş Cümhuriyyətimizin ərazisi, sərhəd
məsələsidir. Azərbaycan hökumətinin 1918-ci ilin
iyulunda daşnak-bolşevik qüvvələri ilə Bakının
qurtuluşu uğrunda ölüm-dirim mübarizəsi
apardığı bir zamanda M.B.Məhəmmədzadə
yazırdı: "Azərbaycanın xəritəsi və
sərhəddi: Şimaldan Qafqaz dağları, cənubda Urmiya
gölü və Farsistan, Şərqdə Xəzər
dənizi, Qərbdə Ermənistan və Gürcüstandır.
Söylədiyim hal ilə yüz sənə irəli
Azərbaycan var idi. Onun tarixi, ədəbiyyatı,
mədəniyyəti, coğrafiya və etnoqrafiya halı bunu
təsdiq edir və Azərbaycan haqqında dəyərli
məlumat verə bilir. Fəqət yüz on dörd
sənə bundan irəli Azərbaycan iki hissəyə
ayrıldı. Arasdan cənubu İranda, şimalı Rusiyaya
getdi. İndi Rusiya Azərbaycanı xilas etmiş,
müstəqil bir hökumət halına gəlmişdir.
Cənub hissəsi barəsində bir
söz söyləyə bilmərik. Fəqət arzumuz bu iki
parçanın birləşməsidir”
(Məhəmmədzadə Mirzə Bala. Azərbaycan Cümhuriyyəti.
"Gənclər yurdu”, Tiflis, 1918, 23 iyul, ¹ 1, səh. 4).
Azərbaycanın xəritəsi zaman-zaman
müxtəlif səviyyələrdə və məkanlarda,
fərqli biçimdə cızılmışdır. Lakin
Xalq Cümhuriyyəti dövründə Mirzə Bala ilk
dəfə mətbuat vasitəsilə Azərbaycanın
bütöv ərazisini, sərhədlərinin konturunu oxucularına
təqdim edirdi. Əslində, bu xatırlatma
parçalanmış vətənin bütövlüyü,
birliyi, monolitliyi uğrunda gələcək
mübarizələrə incə bir işarə idi.
Mirzə Balanı narahat edən ciddi
problemlərdən digəri yeni qurulmuş dövlətin
idarəçilik sükanının arxasına hansı
əqidəyə malik insanın gətirilməsi
məsələsidir. Onun fikrincə, Azərbaycan
Cümhuriyyətində millətimizin bütün
təbəqələrinin hüququ
düşünülməli və təmin olunmalıdır.
Mirzə Bala bu barədə haqlı olaraq yazır:
"Zənn edirik ki, millətimizin qanı, canı,
dövləti və namusu ilə azad olunmuş
vətənimizdə ögey və doğma olmayacaq. Millətimizin
bəyi, xanı, çobanı, əkinçisi,
qadını bərabər hüquqa, müsavi həqqə
malik olacaqlardır.”
Mirzə Bala yeni qurulan cəmiyyətdə
sosial ədalət prinsipinin vacibliyini, əhəmiyyətini
vurğulamaqla Cümhuriyyət məmurlarını,
əslində, sayıqlığa, haqqa, ədalətə,
obyektivliyə, azərbaycançılığa
səsləyirdi.
Gənc Mirzə Balanın dövlət
və hökumət anlayışına münasibəti
də çox maraqlıdır. Onun fikrincə:
"Mətləb burdadır ki, Cümhuriyyət başqa,
hökumət başqa şeydir. Cümhuriyyət bir
hökumətin üsul idarəsidir. Yuxarıda biz bunu
müdafiə edirdik. Bizim dediyimiz odur ki, yeni Azərbaycan
hökuməti cümhuriyyət əsasilə
qurulmalıdır.
Bəs hökumət özü nədir?
Hökumət üç mühüm əsasdan ibarət
və təşkil olunan padşahlıqdır. O
əsasların biri idarə, ikincisi topraq, üçüncüsü
əhalidir.
...Toprağı, dövləti,
sərhəddi olmayan bir yerdə idarə də, hökumət
də olmaz. Odur ki, Azərbaycan hökuməti ilk sırada bu
ağır məsələni həllə qalxmışdır”
(Məhəmmədzadə Mirzə Bala. Azərbaycan
Cümhuriyyəti. "Gənclər yurdu”, Tiflis, 1918, 23 iyul,
¹ 1, səh. 4).
Əlbəttə, bu
düşüncələrlə tanış olduqca 20
yaşlı gənc Mirzə Bala Məhəmmədzadənin
siyasi dünyagörüşünə,
dövlətçilik təfəkkürünə heyran
qalmaya bilmirsən. Onun baxışlarına görə
hökumətin üç mühüm əsasının,
prinsipinin sıralanmasında cüzi dəyişiklik etsək;
torpaq (vətən anlamında – A.R.), millət və
dövlət düsturunun nə qədər dəqiq ifadə
edildiyinin fərqinə varmış olarıq. Biz sonralar
dövlətçiliyin üç mühüm əsas
düsturuna Cümhuriyyət liderlərinin, o
cümlədən Üzeyir Bəy Hacıbəylinin
çıxış və məqalələrində də rast
gəlirik...
"Gənclər yurdu” məcmuəsinin
ilk sayında Mirzə Balanın "Azərbaycan
Cümhuriyyəti” analitik yazısı,
"Əksinqilabçılar” hekayəsi, "Dilimizdə
işlədilən özgə sözlər” məqaləsi,
Fikrət Ziyanın "Türk yurdu” məcmuəsindən
alınmış "İmamın qanunları” nəzmi,
Əhməd Cavadın "Qara dəniz”, "Dilimiz”
şeirləri, Azər Ellinin "Türk teatrosu”, "F.T.”
imzalı müəllifin (Firidun Tofiq oğlu Hacızadə –
A.R.) "Qadınlara haqq” yazısı, "Acı sevgi”
romanından bir parça, Rəbiyyə Xanımın
"Altun çiçəklər”, eləcə də
"Türk dünyası” adlı dövrün
xəbərlər bloku və b. materiallar verilmişdir.
"Gənclər yurdu” məcmuəsinin ilk sayının
sonuncu səhifəsində redaktorlar yerində: "Çıxaranlar:
M.Bala Məhəmməd, F.Hacızadə” –
yazılmışdır.
M.B.Məhəmmədzadənin
"Əksinqilabçılar” hekayəsi 1918-ci il Mart
soyqırımına həsr edilmiş ilk bədii
əsərdir. Mirzə Bala bu hekayəsi ilə Rusiyanın
ideoloji təsiri altına düşmüş Azərbaycan
ziyalısının soyqırımı faciəsini öz
gözləri ilə görsə də, hadisələrdə
öz yaxınlarını, əzizlərini itirsə də,
yenə də qətlə yetirilənlərin
"əksinqilabçılar” olduğunu söyləməsi,
həqiqəti görə bilməkdə və dilə
gətirməkdə çətinlik çəkməsi,
problemin mahiyyətini dəyərləndirməkdə rus
bolşeviki, erməni daşnakı kimi
düşünməsi məsələsini qabartmış,
nəticədə bu gün də aktual səslənən
mükəmməl bir Hüseyn obrazı yaratmışdır.
Mirzə Bala yazırdı: "Şamaxı hadisəsi
Krım, Türküstan hadisələri kimi Hüseyni o
qədər düşündürmədi. Çünki,
müəqqəq mənbələrdən aldığı
məlumata görə o türk ocaqlarında qırılanlar
"əksinqilabçı” imişlər. Fəqət, indi
isə Bakı həyəcanlı günlər keçirirdi.
Şəhər od içində yanırdı. Pulemyot, top,
tüfəng, qurşun səsilə paraxodların
bombardmanı, cəmaətin qışqırığı,
çoluq-çocuğun, qadın-qızların
ah-fəryadı məhşəri anladırdı. Ölən,
yanan, qaçan, çığıran, dağıdan,
kəsən, kəsilən bir-birinə
qarışmışdı...
Dəstə ilə qadınlar, qızlar,
qocalar başları açıq, ayaq yalın
evdən-evə, küncdən-küncə
qaçırdı. Bu nə üçün idi?!
Bunlar türk-islamlar idi. Bunlar hürriyyət, muxtariyyət
arzulayanlardır. Bunlar əsrlərlə əsarət,
əziyyət, həqarətdən usanmış, daha
insancasına yaşamaq arzu etmişlərdi. Ona görə
cəzalanıblar. Əksinqilabçıdılar. Yəni
"Velikorus” imperialistliyinə tabe olmaq
istəməyirlər. Bilməm bunları Hüseyn
görürmü?!” (Mirzə Bala.
"Əksinqilabçılar”. "Gənclər yurdu”,
Tiflis, 1918, 23 iyul, ¹ 1, səh. 2-3).
Müəllif "Əksinqilabçılar” hekayəsi
vasitəsilə oxucularına bildirmək istəyir ki,
soyqırımından daha dəhşətlisi öz
millətinin ziyalısının xalqının
faciəsinə biganə qalması, günahı, qanlı
cinayətlərin səbəbini qatildə,
qaniçəndə deyil, məzlumda, məsumda
görməsidir.
Məcmuənin 3–4-cü səhifələrində yer alan
Əhməd Cavadın məşhur "Qara dəniz”
şeirinin birinci bəndi sonrakı nəşrlərdə
fərqli şəkildə çap olunduğu
üçün müqayisə məqsədilə təqdim
etdiyimiz ilk mətbu variantı belədir:
Çırpınardı Qara dəniz,
Baxıb türkün bayrağına.
"Ah” – deyərik, heç ölməzdim,
Düşə bilsəm ayağına...
Birinci və üçüncü misralarda
dəyişiklik cüzi də olsa, mənaya təsir etmək
gücünə malikdir.
"Gənclər yurdu”nun "Türk dünyası”
rubrikası altında təqdim etdiyi informasiyalar,
xəbərlər, məlumatlar dövrün, mühitin ictimai
proseslərini izləmək, təhlil etmək və
dəyərləndirmək nöqteyi-nəzərindən
diqqət çəkir.
"Türk dünyası. Azərbaycanın Bakını
xilas etmək üçün müharibəsi davam ediyor.
Şamaxı tərəfdə ermənilər Ağsuya
çəkilmişlər. Cənuba gedən
qüvvələr rəvayətə görə Muğan
və Səlyanı tutmuşlar. Dəmir yolunda isə
türklər Ələtə qədər
yüyrümüşlər.
***
Gəncədə çıxmağa başlayan
"Türk sözü” adlı bir qəzetə aldıq.
Qəzetə hələlik rusca-türkcə
çıxır.
***
Məktəb kitabları almaq üçün Azərbaycan
Hökuməti İstanbula nümayəndə
göndərmişdir”.
"Türk dünyası” rubrikası altında yalnız
Azərbaycandan deyil, Türkiyədən,
Qırğızıstandan, Türkstandan, Başqırdstandan,
Krımdan və b. türk yurdlarından, ocaqlarından
xəbərlər, məlumatlar yer almışdır.
"Gənclər yurdu” məcmuəsinin 1918-ci il 14 avqust
tarixli ikinci sayı Gəncədə vəba
xəstəliyindən vəfat etmiş görkəmli
Azərbaycan şairi Abbas Səhhət Mehdizadənin portreti
ilə açılır. Jurnalın ikinci və
dördüncü səhifələrində Mirzə Bala
Məhəmmədzadənin "Abbas Səhhət” adlı
məqaləsi verilmişdir. Şairin həyat və
yaradıcılığından, pedaqoji
fəaliyyətindən, vətənpərvərliyindən,
amalından, əqidəsindən bəhs edən Mirzə Bala
ədibə böyük ehtiramla yazırdı: "Milli
ədəbiyyatı, milli mədəniyyəti olmayan bir millət
özünün millət olduğunu sübut eyləyə
bilməz. O hətta bir millət adı altında yaşaya
bilməz. Qüvvətli, mədəni bir millətin təsiri
mədəniyyəti altında dəyişib gedər...
İngiltərə üç yüz milyonluq Hindistanı
buraxaram, Şekspiri vermərəm – deyir.
Bununla şairin bir millət nəzərində nə
qədər qiyməti olduğunu söyləyor.
Millətimizin quruluşu, yaşayışı və
yüksəlməsi üçün biz də şairlərə
öylə əhəmiyyət verməliyik. Mədəni
millətlər bizim kimi geridə olan millətlərə bir
örnək olmalıdırlar.
Öylə ikən bizi bu yavuqda itirmiş olduğumuz Abbas
Səhhət Mehdizadə - Azərbaycan türk şairimizin
ölümü ağlatmalıdır. Zira, o millətimizin
varlığı, ədəbiyyatı və mədəniyyəti
yolunda çalışan bir mücahid idi.
Abbas Səhhətə həyatda Mirzə Abbasqulu
deyilərdi. Doğulduğu yer – Azərbaycana bir
neçə yazıçı və şairlər vermiş,
Sabirlər yaratmış Şamaxı şəhəridir.
İlk tərbiyəsini vətəni olan Şamaxıda
görübdür. Ərəb, fars, türk lisanlarını
öyrənəndən sonra İrana getmiş, Tehranda Avropa
məktəbinə girmişdir. İrandan gəldikdən
sonra Mirzə Abbasqulu bir neçə vəqt qeyri-rəsmi
surətdə müəllimliyə başlamışdır.
O vəqtdən Abbas Səhhət mətbuat aləmində
işləyor. Son zamanlarda Şamaxı Edadiyyəsində
türk dili müəllimliyini ediyordu.
14-18 mart Şamaxı hadisəsindən sonra Abbas
Səhhət yurdunu buraxıb Göyçay tərəfə
gəlmişdi. Fəqət burada xilas olmamış, vəbaya
düçar olub axırda canını təslim etmişdir”
(Məhəmmədzadə Mirzə Bala. "Abbas Səhhət”.
"Gənclər yurdu”, Tiflis, 1918, 14 avqust, ¹ 2, səh. 2-4).
İndiyədək heç bir elmi mənbədə,
biblioqrafiyada vurğulanmayan bu məqalə Mirzə Balanın
ədəbi-mədəni həyata həssas
münasibətinin, şairə, ziyalıya qarşı
qədirşünaslığının ən bariz nümunəsidir.
"Gənclər yurdu” məcmuəsinin ikinci sayında
Mirzə Balanın "Məqsədimiz haqqında”,
"Məktəb şagirdi”, "Azərbaycan
Cümhuriyyəti” məqaləsinin 3-cü hissəsi, F.Tofiqin
"Qadınlara haqq”, Azər Ellinin "Türk yerləri”
məqalələri, Rəbiyyə Xanımın "Altun
çiçəklər” (davamı), "Acı sevgi”
pomanının davamı, Ümmügülsümün
"Türk qızlarına”, imzasız "Qafqaz”,
Əhməd Cavadın "Marş” şeirləri,
eləcə də "Türk dünyası”
sərlövhəli xəbərlər və s. materiallar
verilmişdir.
Əhməd Cavad 1918-ci il iyunun 12-də yazdığı
və iyulun 29-da "Gənclər yurdu” məcmuəsinə
göndərərək çap etdirdiyi "Marş”
şeirinin iki bəndi belədir:
Millətimin tarixində,
Şan və şərəf əkməliyim!
Şu, qarşıkı yad Qələyə,
Bir al bayrak tikməliyim!
Düşmənlərə göstərdim ki,
Bənim kibi əsgəri yox.
Bənim qılınc urmadığım,
Dünyanın heç bir yeri yox...
Beş bəndlik "Marş”ın sonunda Əhməd Cavad
aşağıdakı qeydləri yazmışdır:
"B.T. Bu "Marş”ı Qafqaz İslam Ordusu Baş
komandanı Nuri Paşa həzrətlərinin arzusuna
müvafiq bizim Azərbaycan türk ordusu üçün
söylədim. Fəqət hələlik bəstələnmədiyinə
görə nasıl çıxacağı bəlli degildir.
Cavad. 29 təmmuz 1918” (Cavad. Marş. Tiflis, "Gənclər
yurdu” jur. 1918, 14 avqust, ¹ 2, səh.2).
Nuru Paşanın arzusu, təşəbbüsü ilə
Əhməd Cavadın Azərbaycan türk ordusu
üçün "Marş” yazması
diqqətçəkən hadisədir. "Marş”ın
mətni Ə.Cavadın kitablarına daxil edilsə də,
qeydlər təəssüf ki, nəşrlərdən
çıxarılmışdır.
"Gənclər yurdu” məcmuəsinin ikinci
sayının sonunda ədəbi "Yarış” elan
olunması, daha çox ziyalıların, qələm
əhlinin diqqətini jurnala cəlb etməkdən ibarət
idi. Mirzə Bala bildirişdə yazılırdı:
"Qadın həyatından nəsr və ya nəzmən
təsvir edib bu yarışı qazanacaq gənc
əfəndilərə məcmuəmiz hədiyyə
olunacaqdır” (Yarış. Tiflis, "Gənclər yurdu” jur.
1918, 14 avqust, ¹ 2, səh.8).
Bu bildirişi oxuduqda istər-istəməz Seyid Hüseynin
"Qurtuluş” dərgisində "Yazı
yarışı” adlı elanı yada düşür. O vaxt
həmin yarışın qalibləri Mirzə Bala
Məhəmmədzadə və Cəfər Cabbarzadə elan
edilmişdir.
"Gənclər yurdu” məcmuəsinin 11 oktyabr tarixli
3-cü sayı vəfat etmiş türk diplomatı, Brest –
Litoski sülh konfransının üzvü İbrahim Həqqi
Paşanın rəsmi ilə açılır. Jurnalda
Mirzə Balanın "Yoldaşım” hekayəsi, "Din
və mədəniyyətə bir baxış”
məqaləsi, Məhəmməd Əmin Bəyin "Ey
türk oyan”, Rəbiyyə Xanımın "Altun
çiçəklər” əsərinin davamı,
"Türk dünyası” yer almışdır.
"Qadınların alçalması və
örtülməsi” (F.Tofiq) yazısı istisna olunmaqla
bütün məqalələr, o cümlədən
imzasız materiallar M.B.Məhəmmədzadəyə
məxsusdur. Redaktor məcmuənin 3-cü sayında
Bakının işğaldan azad edilməsi haqqında
məlumat vermişdir. Məlumatda yazılır: "Altı
ay qanlı və ağır müharibədən sonra
Azərbaycan hökuməti sentyabrın 16-nda 1918-ci ildə (9
zilhiccə) Bakını alıb bütün mənasilə
bir hökumət halına girməgə müvəffəq
oldu. Hökumət Bakıya köçmüşdür.
Gürcüstan, Ermənistan, Almaniya, Türkiyə,
Avstraliya, Macarıstan hökumətləri öz siyasi
nümayəndələrini Azərbaycana yollamışlar”
(Türk dünyası. Tiflis, "Gənclər yurdu” jur. 1918,
11 oktyabr, ¹ 3, səh.8).
Bakının bolşevik – daşnak
tör-töküntülərindən azad edilməsi 15
sentyabr 1918-ci ildə baş vermişdir. Çox güman ki,
bu tarixi hadisənin sentyabrın 16-na aid edilməsi sadə bir
yanlışlığın nəticəsidir.
M.B.Məhəmmədzadənin rəhbərliyi ilə
uğurla nəşr edilən "Gənclər yurdu”
məcmuəsinin 1918-ci il 1 noyabr tarixli 4-cü sayında
"Qələmilə millətlərin intibahına
çalışan böyük türk şairi
Məhəmməd Əmin Bəy həzrətləri”nin iri
portreti verilmiş, onun əvvəlki saylardan başlayan "Ey
türk oyan” şeirinin davamı dərc olunmuş, Mirzə
Balanın "Azərbaycan Cümhuriyyəti” silsilə
məqaləsinin ardı işıq üzü görmüş,
"Mədəniyyət dünyası”, Məbud
Zeynallının "Sevgi”, Azər Ellinin "Azadə yurduma”
şeiri, "Ana. İlk sevgi”, Türk dünyası”
məqaləsi, "Altun çiçəklər”in
davamı, "Qızıl ehtiyatı və kağız
pullar” analitik yazısı, Əhməd Cavadın "Ana”
şeiri və digər materiallar məcmuədə yer
almışdır.
"Gənclər yurdu”nun 4-cü nömrəsi
əvvəlki saylardan həcm etibarilə fərqli olaraq
8-dən 12 səhifəyə çatdırıldı və
başlıq yeni dizaynda oxuculara ünvanlandı.
Dərginin 5-ci – sonuncu sayı 15 noyabr 1918-ci (15
təşrini-sani 1334) ildə işıq üzü
gördü. "Gənclər yurdu”nun ilk sayı istisna
olunmaqla birinci səhifəsində yeni portret – bu dəfə
Osmanlı sultanı Məhəmməd Xan
həzrətlərinin təsviri verilmişdir. Əvvəlki
saylardan fərqli olaraq məcmuənin bu sayında Mirzə
Bala naxışlı haşiyələrdən istifadə
etmiş, hətta dərc olunmuş materialların
mündəricatın da xüsusi tərtibatla vermişdir.
"Gənclər yurdu”nun on iki səhifəlik bu
sayında Məhəmməd Əmin Bəyin "Ey türk
oyan!” şeirinin ardı, Əli Səbrinin "Ümid
işıqları” felyetonu, "Altun
çiçəklər”in növbəti hissəsi,
Ə.Qəribin "Ərbab qələm qadınları
haqqında”, M.Mirzə Balanın "Bizdə gözəl
sənətlər” məqaləsi, "Azərbaycan Cümhuriyyəti”
əsərinin son hissəsi, Ə.Cavadın "Şerim”,
F.Tofiqin "Gənc ordu” yazısı, "Acı sevgi”
romanının ardı, Ə.A.Seyfullazadənin
"Türklük”, M.Cəfərlinin "Tiflisdə Türk
teatrosu” və b. məqalələr yer almışdır.
"Türk dünyası” rubrikası altında isə
xəbərlər verilmişdir.
Mirzə Balanın "Bizdə gözəl
sənətlər” adlı məqaləsi
bütövlükdə mədəniyyətə,
incəsənətə həsr edilmişdir. Onun rəssamlıqdan,
heykəltəraşlıqdan, musiqidən, eləcə də
incəsənətin inkişafında dini fanatizmin bu
sahəyə yaratdığı maneələri təhlil
edərək dəyərləndirmişdir. Mirzə Bala
düşüncələrini gənc oxucularla
bölüşərək yazır: "İnsanın
əqli, düşüncəsi meydana yeni ixtiralar, yeni
kəşflər, makina və radiolar çıxartmağa
məşğul ikən, duyğusu da sənətlərin daha
incə, daha nəfis və daha gözəl olmaqları
üstə səy edirlər. Odur ki, iki yüz il bundan
irəli olan bir rəsm imdi Rafaelin şəkilləri
qarşısında bir çocuq çızığına
oxşayır. Sənət vasitəsilə insan
aldığı və ya istədiyi bir təsiratı
başqasında da oyatmağa müvəffəq olur”.
Mirzə Bala insan zövqünün,
düşüncəsinin inkişafında yüksək estetik
həzzə malik incəsənət əsərlərinin
tükənməz mənbə, ilham qaynağı olması
qənaətlərini məqalədə xüsusi
vurğulamışdır.
"Gənclər yurdu” məcmuəsinin beşinci
sayında Mirzə Balanın "Azərbaycan
Cümhuriyyəti” əsərinin yeddinci hissəsi yer
almışdır. Müəllif əsərinin son
hissəsini yazanda və nəşr etdirəndə artıq
Bakı şəhəri erməni-daşnak və bolşevik
tör-töküntülərindən təmizlənmiş,
Azərbaycan Cümhuriyyətinin paytaxtına çevrilmişdir.
Əsərin son hissəsində müəllifi daha qlobal
problemlər düşündürür: "Biz
Azərbaycanı Cümhuriyyət halında görmək
istədiyimiz kimi özünü də bütöv və
həqiqi bir Azərbaycan halında görmək
tərəfdarıyıq.
Əgər İran Azərbaycanı ilə Qafqasiya
birləşməgə müvəffəq olsalar o vəqt
ən xoşbəxt bir millət ola biləcəgiz deyiriz.
Təbiətcə dövlətli, mədəni,
Cümhuriyyətli Azərbaycan Qafqasiya dağlarından
Farslıqa kimi sərbülən (başı uca –A.R.) on milyonluq
bir əhalinin yurdu, vətəni olacaqdır”.
Mirzə Bala Azərbaycanın ərazi
bütövlüyünü, milli birliyini həmişə
millətin xoşbəxtliyi, səadəti hesab edib, idarə
üsulunda demokratik prinsipləri, hüquq bərabərliyini
dövlətçilikdə vacib, əhəmiyyətli
konsepsiya sayıb.
"Gənclər yurdu” məcmuəsi 5-ci sayının
11–12-ci səhifələrində "Türk dünyası
rubrikası altında Türkiyədən, Krımdan,
Qırğızıstandan, Azərbaycandan maraqlı
xəbərlər verilmişdir. Maraqlı informasiyalardan
bəzilərini nəzərdən keçirmək yerinə
düşərdi:
"Bakının alınması. Bakının
alınması münasibətilə İstanbul
qəzetləri xüsusi məqalələr yazıb
şadlıq etmişlər və İstanbulda olan Heyəti
Mürəxxəsəmizi təbrik etmişlər.
Hərbiyyə məktəbləri. Azərbaycan
Hökuməti 3 hərbiyyə məktəbi
güşadına əlli min ruble pul buraxmışdır.
İki aktyorun vəfatı. Azərbaycan
qəzetlərində oxuduğumuza görə Azərbaycan
türk səhnəsi iki böyük sənətkarını
itirmişdir. Onlardan biri Cahangir Zeynalovdur ki, (Azərbaycanın
xalq artisti Nəsibə Zeynalovanın atası – A.R.) otuz
sənədən yuxarı idi türk səhnəsi
üçün çalışırdı.
İkinci Hacı Cabbarzadədir ki, (Hacı Cabbarzadə – Hacınski
– C.Cabbarlının yaxın dostu – A.R.) hənuz cavan olub
aktyorluqda böyük məharət göstərməkdə
idi.
Azərbaycan Məclisi-Məbusanı. Hökumət
tərəfindən doktor Rəfiyevin
təhti-sədarətində seçilmiş xüsusi
komissiya Azərbaycan Məclisi-Məbusanı çağırmaq
hazırlığında bulunmadadır”.
Bu xəbərlər Cümhuriyyət dövrünün
əhval-ruhiyyəsini, siyasi-ideoloji məramını,
quruculuq istiqamətlərini özündə əks
etdirməklə yanaşı qürur mənbəyimiz,
şərəf tariximizdir.
Mirzə Bala və onun həmkarı Firidun Hacızadə
jurnalın beşinci sayının sonunda oxuculara
bildirirdilər: "Gənclər yurdu” məcmuəsinə
abunə dəftəri açıqdır. 48 ədədi (bir
il) – 80 ruble. 24 əd. (yarım il) – 40 ruble. 12 əd.
(üç ay) – 20 ruble, tək nüsxəsi 1 manat 50
qəpik.
Məcmuədə xalis gənclər iştirak edir.
Türk ədəbiyyatı, türk tarixi və türk
həyatına dair məlumat verilir”.
"Gənclər yurdu” məcmuəsinin ilk sayını
60 qəpik dəyərində oxuculara ünvanlayan
mühərrirlərin dörd ay ərzində
qiymətləri iki dəfədən çox artırması
yalnız jurnalın həcminin 8-dən 12 səhifəyə
genişləndirilməsi ilə bağlı deyildi.
Şübhəsiz ki, jurnalın sürətlə
qiymətinin yüksəldilməsi həm də inflyasiya amili
ilə sıx bağlı idi.
Məcmuədə verilmiş abunə haqqında
bildiriş də təsdiqləyir ki, jurnalın
təsisçisi olan Gənclər Cəmiyyəti və onun
mühərrirləri Mirzə Bala Məhəmmədzadə
və Firidun Tofiq oğlu Hacızadə "Gənclər
yurdu” məcmuəsinin fəaliyyətini uzun müddət davam
etdirmək niyyətində olublar. Lakin, dərginin son
sayında oxuculara xəbərdarlıq edilmədən
fəaliyyətinin qəfil dayandırılması fərqli
mülahizələrə yol açır. Və hətta
ehtimal var ki, "Gənclər yurdu” adlı jurnalın
Tiflisdə, Azərbaycan türkcəsində nəşri
burada yaşayan erməni, gürcü millətçilərində
ərazi iddiası kontekstində qıcıq
yaratdığı üçün məcmuə güc
strukturları tərəfindən xəbərdarlıq
edilmədən qapadılmışdır.
Professor Nazim Axundov "Azərbaycanda dövri mətbuat”
(1832-1920) adlı biblioqrafiyasında (Bakı, 1965, səh.52)
yazır ki, "Gənclər yurdu” jurnalının 1918-ci
ildə 23 iyuldan 15 noyabradək 35 nömrəsi çap
edilmişdir. Əlbəttə, iki həftədə bir
dəfə işıq üzü görən məcmuə
üçün bu rəqəm həddindən çox
şişirdilmişdir və mötəbər fakta
söykənmir. "Gənclər yurdu”nun qeyd olunan müddətdə
beş nömrəsinin işıq üzü
gördüyü məlumdur. O da məlumdur ki, Mirzə Bala
Məhəmmədzadə 1918-ci ilin noyabr ayında Tiflisdən
Bakıya qayıtmış, dekabr ayının 7-də
fəaliyyətə başlayan Cümhuriyyət
Parlamentində (Məclisi-Məbusanında) öz təbiri
ilə desək "zabit katibi” (stenoqrafçı)
vəzifəsində çalışmışdır.
Türk Gənclər Cəmiyyətinin orqanı olan
"Gənclər yurdu” məcmuəsi Azərbaycan
xalqının ən ağır, məşəqqətli
günlərində, müstəqillik, azadlıq uğrunda
ölüm-dirim savaşının getdiyi bir vaxtda Mirzə
Bala Məhəmmədzadənin təşəbbüsü
və rəhbərliyi ilə yaradılmış,
vətənpərvərlik, yurdsevərlik ruhunda
fəaliyyət göstərmiş Cümhuriyyət
dövrünün ilk dərgisidir.
Toxunduğu problemlərin böyük bir qismi bu gün
də aktual səslənən, milli mətbuat tariximizin ilk
istiqlal məcmuəsi olan 100 yaşlı "Gənclər
yurdu” – Cümhuriyyət qurucularının
maariflənməsində, səfərbər edilməsində,
məfkurəvi düşüncəsinin formalaşmasında
nümunəvi xidmətlərinə görə geniş elmi
tədqiqat müstəvisinə gətirilməyə və
yüksək dəyərləndirilməyə layiqdir.
Asif Rüstəmli
Kaspi.- 2018.- 7 iyul.- S. 19-20.