Mənim
güzgüm atamdır – Nurəddin Mehdixanlı sevimli əşyalarından
danışır
Bir dəfə Sabir Azəri ilə görüşdə iştirak edirdik. İş elə gətirdi ki, qələm gərək oldu, mən çantamı açanacan, Sabir müəllim öz qələmini verdi. Sonra həmin qələm gərək olan şəxs, başqa bir adama onu uzatdı, o da nəsə yazdı. Bu mənzərəni görəndə Sabir müəllim müdrik bir fikir söylədi: "Qələm həmişə yiyəsindən uzağa gedir”. O cümlə, nədənsə, yaddaşımda yaşayır. Doğurdan da, yaxşı sənət, yaxşı qələm müəllifini, sahibini daha irəli aparır, onu daha başqa ünvanlara, yerlərə yetirir. Nurəddin Mehdixanlının səsi, yaddaşı, peşəkarlığı da başqasına uzatdığı qələmidir. O, səhnədən, ekrandan görünəndə "qələmini” tamaşaçıya "uzadır”, özünün gedə bilmədiyi, görmədiyi yerlərə gedə, çata bilir. Sənət sənətkarı beləcə gəzdirir, beləcə çoxları ilə həmnəfəs, yaşam ortağı edir… Xalq artisti Nurəddin Mehdixanlını səhnədən, ekrandan, canlı görüşlərdən tanıyanların sayı on minlərlə, yüz minlərlədir… Bu dəfə isə onu əşyaların gözü ilə tanıyaq, görək ən sevdiyi – onun üçün unudulmaz əşyaları hansılardır və onlar hansı günlərdən bizə soraq verir:
– Səhnə həyatınızla bağlı fərqli geyimlərdən tutmuş, rol dəftərlərinə kimi, daim müxtəlif əşyalarla təmasdasınız. Bu mənada, Nurəddin Mehdixanlı üçün əşyaların fəlsəfəsi nədən ibarətdir?
– Əslində, əşyalar insanlardan daha çox yaşayır, nəsildən-nəslə ötürülür. Əşyalar yaddaşdır, xatirələrdir. Əşyalar nəsilləri bir-birinə bağlayan bir vasitədir. Əşyalar bizim ömrümüz, bizimlə bərabər yaşayan dostumuzdur. Bəzən dərdimizi bölüşdüyümüz bir nəsnədir. Bir də görürsən ki, kiçik bir əşya bir millətin taleyini kökündən dəyişir, bizi min illərin o başına apara bilir. Ya da bəzən kiçik bir əşya bütöv bir nəslin taleyini göz qarşısında canlandırır. O əşya bir kitab, təşbeh, qılınc, dəbilqə, döyüş əlbisəsi, bir geyim, lap onun bir parçası, bir üzük, ya şəcərə kitabı da ola bilər. Bu mənada təbii ki, mənim üçün də müəyyən əşyalar çox qiymətlidir. Onların arasında elələri var ki, sən onları özünlə gəzdirə bilirsən. Amma elələri də var ki, onlara heç əşya deməyə dilin gəlmir, çünki artıq həyatımın bir parçasıdır, onlar sənə yaddaşınla, ailənlə, köklərinlə, nəslinlə birgə bağlıdır və onları özünlə daşıya, harasa apara bilməzsən. Məsələn, ola bilər həyətinizdə bir tut ağacı var, bütün bir nəsil o tut ağacının altında böyüyüb. Birinin həyətində o, çinar ağacıdır, birində qoz ağacı və s. Təkcə bir nəfərin yox, o nəsildəki əksər adamların həmin ağacla bağlı xatirəsi var. Zaqatalada 700 ildən artıq ömrü olan bir çinar ağacı vardı. Neçə nəsil dəyişib, kimləri görməyib bu ağac? Mən kənd uşağıyam, kəndimizin həm yuxarı, həm də aşağı tərəfindən çay axır. Qarşı tərəfdə də meşə var. O meşədə bir ağac vardı, biz ona "dik palıd” deyərdik. 90-95 yaşında kişilər həmin ağacdan danışardılar. O dik palıdı biz də gördük, bizdən sonrakılar da. Mütləq şəkildə hər birimizin onunla bağlı bir xatirəmiz var.
Məsələn,
mən çox əziz olan bir möhür var ki, o həm də
bütün nəslimiz üçün dəyərlidir. Mən
əslən cənubluyam, əfşar nəslindənəm.
Ulu babam Qulu bəy Əfşar şah qvardiyasında Məhəmməd
şah Xudavəndənin vaxtında qorçubaşı olub. Azərbaycan
tarixi çoxcildlisinin birinci cildində mənim babam
haqqında məlumat var. Yəni deməyim odur ki, bizim nəslin
özünün xüsusi möhürü olub. Bu
möhürün kiçik forması xüsusi sənədlərə,
məktublara basmaq, böyük forması isə mal-qaranın
bud yerinə damğa vurmaq üçün idi. İndi həmin möhür məndədir,
saxlayıram. Əslində, bu, çox
xırda bir şeydir, amma ona toxunanda min illərin o
başına gedib çıxmaq olur. Hiss eləyirsən
ki, sənin əvvəlin haradan başlayıb, əsrlərdən
bu yana damarlarda axan hansı qanın
daşıyıcısısan, hansı ocağın
övladısan və istər-istəməz
yaşayışında, davranışında bunu nəzərə
alırsan. Məsələn, bir hadisə olur, o
saat soruşurlar bunu edən kimdir, kimlərdəndir?
Cavab nə olursa, ona müvafiq deyirlər: o edər, bəllidir
kimlərdəndir. Yaxud da reaksiya gözlənilənin əksi
olur: o eləməz, axı əsli-nəsli var, onların
şəcərəsindən elə uşaq çıxmaz. Buradan çıxış edib deyirəm ki, bəzi
əşyalar bizə nəsihət kimi
ötürülüb. Yəni biləsən,
sən kimsən, özünü necə aparmalısan, necə
davranmalısan. Bu cür əşyalar bizə
daim kimliyimizi xatırladır. Tarixi abidələr
də bu səbəbdən bizim üçün dəyərlidir.
Bəzən qəribə bir daş,
yarısınıq bir saxsı qab olsa belə, onu qiymətli
hesab edirik. Burada artıq həmin əşyanı,
tarixi abidəni qorumalı olan yalnız konkret bir fərd deyil,
bütövlükdə millətin özüdür. Məsələn, Cəlilabadda qazıntılar
zamanı göyə baxaraq ulayan qurd və aypara təsvir
olunmuş bir heykəl tapılmışdı. Bu heykəl bizə türkün qədim kultundan xəbər
verir. Nağıl kimi, söz-söz yox,
real əşya kimi bizim dövrümüzə gəlib
danışır.
– Bəhs etdiyiniz möhür sizə
necə gəlib çatıb?
– Hər bir ailənin təbii şəkildə
seçilmiş bir üzvü olur. Bu əşyalar
atama, ondan da bizə qalıb. Məsələn,
bizim nəslə məxsus bir xəncər böyük
qardaşım Qabildədir. Atamın qədim
bir saatı var, kiçik qardaşım Salehdədir. Möhür isə mənə verilib. O ki
qaldı hansı əşyanın kimə verilməyinə, o
da təbii seçim əsasında baş verib və indi də
niyəsini düşünəndə baxıram ki, elə ən
doğru bölgü, ən ideal seçib belə olmalı
idi.
İnsanlar var ki, haradan gəlib hara getdiklərini, şəcərə
tarixlərini bilmirlər, amma öyrənsə,
araşdırsa, ona məlum olar ki, əslində, qədim bir
nəslin nümayəndəsidir. Düzdür,
qayıdıb keçmişdə yaşamaq mümkün
deyil, amma keçmişi bilmək çox faydalıdır.
Keçmiş sənin bünövrəndir, həyatın,
varın-yoxun onun üstündə dayanıb. O yoxdursa,
ondan xəbərdar deyilsənsə, gözün həmişə
orda-burda olacaq, özünü axtaracaqsan. Kimliyini,
haradan gəldiyini bilməmək çox ağrılı bir
hissdir.
Atam bizi, balaca olanda Qazan köşkünə aparardı. Bu, Cəlilabadda bir dağ zirvəsidir. Çayın o tayından Güney Azərbaycan görünür. Babamın kəndləri, torpaqları, qəbri ilə aramızda 1 kilometr məsafə vardı. Atamız bizə əli ilə o uzaqları göstərib deyərdi ki, baxın, oralar da bizim torpaqlardır. Və biz həmişə ora yollananda atam bir molla da çağırar, uzaqdan-uzağa da olsa rəhmətə gedən əzizlərinə yasin oxutdurardı. İndi mən də öz övladlarımı ora aparıram. Əvvəllər qızlarım da bizimlə gəlirdi, indi onların imkanı olmayanda, oğlumla gedirəm. Sovetlər dağılandan sonra o taya gedib orda yaşayan qohumları da tapdıq, köhnə əlaqələri bərpa etdik, indi bağlarımızın qırılmasına imkan vermirik.
Başqa bir misal da göstərim, məsələn, bişirilmə qaydası, resepti bizim ailəyə məxsus olan xüsusi bir yeməyimiz var. Yalnız təbiət oyananda, Novruz bayramı ərəfəsində süfrəmizi bəzəyər. Mən onun da bişirilmə prosesini çəkib, video-rolik halında saxlayıram. Uşaqlara da tövsiyə etmişəm ki, onlar da öz övladlarına bu ənənəni ötürsünlər.
Digər bir əşyadan, külqabılardan danışaq. Mən uzun illər
siqaret çəkmişəm, son on ildə tərgidə
bildim. Atam da çəkərdi, onun Allah bilə neçə
yaşı olan külqabısı indi kiçik
qardaşımdadır. Bir də əvvəllər
fərqli görünüşlü kibrit qutuları
olardı. Onlardan birini mənə rejissor
Yavər Rzayev bağışlamışdı. Çox qəribə metal qutudur, üstündə səmazənin
təsviri var. Qiymətli bir əşyadır. Bir də qədim bir portsiqarım var. Onu da mənə
Yavər bağışlayıb. Hər
ikisi mənim üçün qiymətli əşyadır,
çünki onları bağışlayan insan da mənim
üçün çox dəyərlidir. Yavər Rzayev həm dostum, həm dərd
ortağım, həm filmimin rejissorudur, o əşyaları da
filmin çəkiliş prosesində mənə
bağışlayıb. Onlar mənə
dostumu, o çəkiliş günlərini xatırladır.
– Bilmək istərdim, hansı əşya
olmaq istəyərdiniz?
– Mən qılınc olmaq istəyərdim.
Qılınc – həm qoruyandı, həm
mühafizədir, həm də hücum. Qılıncla
şərəf, ləyaqət, namus, vətən
torpağı qorunur. O, bir kişinin başını dik
saxlayan vasitələrdəndir. Mən də
qılınc kimi kəskinəm. Sözü
üzə deyənəm. Düzdür,
buna görə məni gözü götürməyənlər
də var. Amma mən beləyəm, dəyişmək də
istəməzdim. Ona görə, dediyim
kimi, qılınc olmaq istəyərdim.
– Tanrı gec versin, dünyanın
sizsiz illərində hansı əşya sizin yoxluğunuzdan,
eyni zamanda, varlığınızdan xəbər verəcək?
– Varlığımı çox
güman ki, mənim işlərim xatırladacaq. Çəkildiyim filmlər, televiziya
tamaşaları, teatr səhnəsində oynadığım
rollar, yazılarım, üç-beş şeirim. Ömrümün qırx ilini bu sənətə həsr
eləmişəm və belə olacağına inanıram.
Amma ailəmə, nəslimə məni qoruyub
saxladığımız ailə ənənələri, bayaq
sadaladığım əşyalar xatırladacaq. Bir dəfə məndən soruşdular ki,
övladlarınıza nə qoyub gedəcəksiz? O an çəkinmədən "Cavad xan”
filminin adını çəkmişdim və indi də bu
filmi gələcək nəsillər üçün dəyərli
bir irs hesab edirəm. Mənə elə gəlir
ki, bizim fiziki mövcudluğumuz əsl ömrümüz deyil.
Bu, çox qısadır, fanidir. Əsl ömür, əsl yaşam biz öləndən
sonra başlayır.
– Aktyorlar hansısa rola uyğun
olaraq, onlara təqdim olunmuş libasa öyrəşirlər,
o əlbisə özlərinə məxsus ev
geyimləri kimi doğmalaşır. Sonra o
libası başqa aktyorun əynində görəndə, bu,
onlara ağır gəlir. Sizdə necə
baş verir bu əşyaötürmə prosesi?
– Əgər qarşı tərəf
o paltarı geyinib dəyərli iş görürsə, onda
hamıya xoş olar, mənə də. Amma bir məsəl
var: ayaqqabımı geyə bilərsən, amma mənim kimi
yeriyə bilməzsən. Baxın, "Vaqif”
tamaşasında baş rolu ifa edən bütün aktyorlar səhnədə
mərhum sənətkarımız Ələsgər Ələkbərovun
başına qoyduğu papağı taxırlar: İsmayıl
Dağıstanlı, Həsənağa Turabov, Əlabbas Qədirov,
Nurəddin Mehdixanlı. Məsələ
ondadır ki, biz bu papağı başımızda necə gəzdiririk?
Bu mənada bizdən sonrakı nəsil, daha yaxşı
iş ortaya qoysa, buna yalnız sevinmək olar. Çünki
sənət bizimlə bitmir. Yeni istedadlar
doğulur və həmin istedadın da, buna vasitəçi
olan əşyaların da yaşamaq haqqı var. İlk insanlar
ova getməmişdən həmin səhnəni qurub, məşq
edib sonra bəxtlərini sınamağa gedirdilər. Bu, qədim sənətdir, onu bütün vasitələri,
əşyaları, hər şeyi ilə birgə yaşatmaq
lazımdır. İnsanlar təbii-kortəbii,
daim özlərinə, həyatlarına, keçmişlərinə
kənardan baxmaq istəyirlər. Bunu da canlı
olaraq yalnız teatr reallaşdıra bilər. Hətta kinonun da mövqeyi bu cəhətdən zəifdir.
– Elə bir əşya olubmu ki, siz
onu itiribsiniz, sonra xatirəsi sizə rahatlıq verməyib,
onun yenidən sizdə olmasını arzulayıbsınız? Varsa, mümkünsə, tarixçəsindən də
bəhs edərdiniz.
– Elə itkilər var ki, adamı
yandırır. Atamın iki təsbehi vardı: Kəhrəba
təsbeh Elman qardaşımdadır; Mərcan təsbeh isə
məndə idi. Teatrda məndən kimsə
aldı, sonra bir də baxdım ki, itib. Hər
yadıma düşəndə ürəyimin başı
göynəyir. Məsələ onun maddi dəyərində
deyil. O təsbeh mənə atamın barmaqlarını, əllərini
xatırladardı. Xatirəmi, o barmaqların
istisini, illərin, dünyaların arxasından ona toxuna bilmək
imkanımı itirdim, elə bil. Təsbeh
toplamağı sevirəm. Onların
arasında mənə əziz olanları da var. Məsələn,
o gün Cavad xanı xatırladım, avtomatik əlim filmdə
işlətdiyim təsbehə sarı getdi. Bu da dəyərlidir, hətta bəzən
çaşıram, elə bilirəm, atamınkıdır,
sonra baxıram yox, o deyil.
– Sizi hazırda üç rakursdan
görə bilirəm: üz-üzə; siz
danışdıqca daxili dünyanıza nəzər salaraq;
bir də otaqda güzgü var, əksiniz profildən ora da
düşüb. Bir aktyor üçün
güzgü nədir? Güzgü sənət
qarşısında hesabatın son dayanacağıdır,
yoxsa biz bilmədiyimiz başqa dəyər(lər)i
var? Daim onun qarşısındasınız, bilmək
istərdim, həyat fəlsəfənizdə aynaların rolu
nədən ibarətdir?
– Teatr səhnəsi özü
aynadır. Güzgülər bizə, biz də
səhnədən sizə ayna tutarıq. Güzgü
elə bir əşyadır ki, bir insanın həyatdan
getdiyini, sərhədi adlayıb o biri dünyaya keçməyini
də onun vasitəsi ilə yoxlayırlar. Amma
güzgülər həmişə düz göstərmirlər.
Düzdür, bəzən deyirik ki, güzgü
sənə əyrilərini göstərirsə, onu
sındırma, əyrini düzəlt. Lakin bu da var: bəzən
güzgülər də yanıla bilir. Mənə
belə gəlir ki, əslində, lazım olan ayna insanın
öz içindədir. Gördüyümüz
güzgüyə sən heç vaxt hesabat verə bilməzsən,
ümumiyyətlə bu güzgülər səndən
heç nə tələb etməz. Amma
daxili güzgün səni daim öz qarşısına
çəkər, hesabat istəyər, nəticələrə
ayna tutar. Real güzgülər isə sadəcə,
formadır, məzmun deyil. Biz onların
arxa tərəfini görə bilmərik. Hər
görünən həqiqət ola bilməz,
həqiqi olanı yaşanan şeylər doğur. Sadəcə,
güzgü digər şüşələrdən qiymətlidir,
adi şüşələr güzgü ola
bilmirlər.
– Nəsiminin bir misrası var:
möminin miratı mömindir. Yəni bir
mömin başqa bir möminə baxıb özünü
düzəldə bilər. Həyatınızda,
teatr həyatınızda bu mənada güzgü-adamlar
varmı? Və ya kiminsə
güzgüsü olduğunuzu duyduğunuz anlar olubmu?
– Sənət nöqteyi-nəzərdən,
təbii ki var. İdealım olan, amma görmədiyim iki
böyük sənətkar var: həyatını da bu sənətə
qurban verən, milli teatrımızın banisi Hüseyn Ərəblinski
və London teatr muzeyində Şekspirin obrazlarına nəfəs
vermiş aktyorların arasına düşmüş ilk
müsəlman aktyor, repressiya qurbanı Abbas Mirzə Şərifzadə.
Həyatda görüb dəyər verdiyim
insanlardan isə Məmmədrza Şeyxzamanovun adını
çəkərdim. Mən xaraktercə
bütöv, qılınc adamları özümə ideal
seçmişəm. O ki qaldı güzgüyə, mənim
güzgüm atamdır. Dünyasını
neçə illərdi dəyişib, amma o, yenə də mənim
yeganə güzgümdür. Mən
özümdən başqa yalnız onun, o ayna-adamın
qarşısında hesabat verə bilərəm. Bunu da mənə
özü öyrətmişdi: sən qılınc əfşarsan,
əfşar yalan danışmaz, əfşar sınmaz, əyilməz...
– Sadaladıqlarınız çox
üstün keyfiyyətlərdir. Amma bunları
qoruyaraq yaşamaq çox çətindir. Xüsusən, indiki dövrdə. Bütün ömrü boyu bunları nəzərə
alıb yaşamaq ümumən başqa istəklərinizə
də zəncir vurub, sizə daxili buxov altında saxlamır
ki?
– Əksinə, bu
keyfiyyətlər mənim azadlığımdır. Mənə hərəkətlərimdə,
davranışımda, iş-gücümdə qəribə
rahatlıq verir. Boynu, beli əyilmiş,
dili qısıq vəziyyətdə gəzmirəm. Mənə
hədsiz böyük azadlıq verir bu. Bu keyfiyyətlər
adama iki cür kömək olur: ya itirib qazanacaqsan, ya da
qazanacaqsan. Əyil, döz, qəbul elə...
haracan? Elementar bir şeyi deyim də,
neçə illərdi bu teatrda çalışıram.
Burda kişi kimi xatırlananlar, sadəcə
xatırlananlar və unudulanlar var. Hətta bəzən
insanın böyük sənəti belə onu xilas eləmir. Zaman keçdikcə insanların ən çox qəbul
elədiyi şey bir sənətkarın şəxsiyyəti
olur. Sən özünü sıxmaqla,
yönəltməklə də olmur bu işlər. Nə qədər çabalasan da, beynin, qanın,
hüceyrələrin hara çəkəcəksə, ora gedəcəksən.
Sənətdə fərqli
olanlar qalır, inqubator cücəsi olmaq lazım deyil.
Qırx, əlli il bundan əvvəlki
yazarın da düşüncəsi, yazı texnikası fərqli
olanda sevilirdi. İndi də vəziyyət belədir.
Nizamidən üzü bəri Füzuli, Sabir, Cəlil Məmmədquluzadə,
Səməd Vurğun, Məmməd Araz, Sabir Rüstəmxanlı,
Ramiz Rövşən, sonra yenə fərqli bir
düşüncə gəlir – Salam Sarvan, Əli Qismət,
Şəhriyar del Gerani çıxır ortalığa və
bunlar öz fərqlilikləri ilə maraqlıdırlar. Aqşin Yeniseyin şeirlərini oxuyursan, adamın
başından tüstü çıxır, Aqşin Evrən
düşündürür. Hamısı
fərqli olduqlarına görə bizə təsir edir.
"Palaza bürün
elnən sürün”, "El üçün ağlayan
göz kor olar” – mən yüz faiz sizə deyirəm ki, bu,
türk təfəkkürünə məxsus deyim olmayıb.
Bu sırınma deyimdir, köləliyə, mütiliyə
öyrədir insanımızı. "Başını
aşağı sal, işini gör” – hərdən bu ifadəni
elə bir ağsaqqaldan, elə bir ziyalıdan eşidirsən
ki, adam məəttəl qalır. Dünya,
dili başına bəla olanların sayəsində bu səviyyəyə
gəlib çıxıb. Dünyanı
var edən, yeniliklərə, mədəni, siyasi, elmi
inqilablara imza atanlar, elə dili başına bəla olanlar idi
də. Heç kimin bir
başqasının nə yaşayışı, nə
düşüncəsi üstündə hökmü
olmamalıdır. Qanunlar var, cəmiyyətin
ümumi mənada həyatı onlarla tənzimlənir. Amma hər bir nizam insanların xoşbəxtliyinə
xidmət eləməlidir. İnsana çox şeyi tənzimləmək
üçün elə vicdanı bəs edir..
– Mənə həmişə qəribə
gələn bir tendensiya da var ki, bunu rəssamların,
aktyorların, ədəbiyyat adamlarının mühitində
də hiss eləmişəm. Deməli, yeni bir nəsil
yetişir, təbii olaraq ötən nəsil, onların
xoşagəlməz əməlləri də arxada qalır.
Amma təzə nəslin içindən də
mütləq elə adamlar çıxır ki, eyni əməlləri,
eyni naqisliklə təkrarlayırlar. Qəribədir
ki, eyni şeyləri bir vaxt eləyən adamlar da bu yenilərin
naqisliklərini bağışlamır, eləməyənlər
də. Sizcə, bu ziddiyyət nə ilə
əlaqədardır?
– Hərə özünə öz
güzgüsündən baxır. Ona görə də
insanların özlərinə daim başqa aynadan baxma
ehtiyacı var. Hər kəsin öz həqiqəti var. Amma hər
kəsin həqiqəti ilə yanaşı, o böyük Həqiqət
də var. Qızıl ortanı hər adam
tuta bilmir. Tərəzi kimin əlindədir, buna
da fikir vermək lazımdır. Amma
bütün insanlardan da qəhrəmanlıq gözləmək
olmaz. Çünki hamı eyni gücdə,
eyni davamlılıqda, eyni dözümdə deyil. Dəmir bir istilikdə, alüminium bir başqa, polad
tamam başqa dərəcədə əriyir. İnsanlar da belədir. Dözüm
şərtləri, həyatın dərəcələri var.
Diriliyimizdə haqqımızda deyilənlər bizi narahat eləməməlidir,
əsas, biz öləndən sonra nə deyəcəklər,
bax, odur.
Mənim sənət müəllimim xalq artisti Ədil
İskəndərov olub. Deməli, o vaxtı sənətkar Akademik
Milli Teatrda direktor, bədii rəhbər olub. Təzə-təzə bunun yanına adamlar gəlirmiş
ki, Ədil müəllim, filan aktyor sizin haqqınızda belə
deyir, filan aktyor haqqınızda mənfi rəy
formalaşdırır. O saat
tapşırırmış katibəyə, zəng vur, filan
aktyoru çağır gəlsin bura. Bayaqkı adam getmək istəyəndə qoymurmuş. Xəbərlənən
adam gəlirmiş, sənətkar elə xəbərçinin
yanında özündən soruşurmuş nəyi deyib, nəyi
demədiyini. İndi burada bir sual yaranır, onları üzləşdirməklə
nəyə nail olurdu Ədil?
– İkisinin də mahiyyətini
açırmış...
– Bəli, bununla da bütün teatr
bilirdi ki, bu adama xəbərçilik fəndləri təsir
eləmir. İkincisi də, mən
düşünürəm ki, sənət adamının
üzgörənlik eləməyə ehtiyacı yoxdur. Ortabab şeyə əla, pisə yaxşı demək
olmaz. Mən də indi cavanlarla
dürüst davranmağa çalışıram. Yaxşı oynayıbsa, təbrik edirəm. Xoşuma gəlmirsə, bunu eləmək məcburiyyətində
deyiləm. Eləsəm, özüm öz
gözümdən düşərəm. Yoxsa kim nə eləsə, "əla”, "sən
dahisən” deməyin nə mənası var? İndi
dəb düşüb, ucdantutma hamıya dahi deyillər.
"Korifey” sözünün təyinatını
bilmirlər. Bilmirlər ki, Antik dövrdə
əsl aktyorlar tamaşada rollarını ifa edərdilər və
fasilə zamanı isə başqa bacarıqlı adamlar
çıxardılar anturajda bir qədər qısa,
maraqlı səhnəciklər göstərib
tamaşaçıların fikrini dağıdar, əhvalını
dəyişərmişlər. İndi isə
bu sözü, mənasını bilən də, bilməyən
də işlədir.
Bu gün Azərbaycanda
kitab çap eləmək çox asan məsələdir.
Hamısı da qalın-qalın. İndi mənə de görüm, bayaq adını
sadaladığım şairlərin belə qalın
kitabları var?
– Yoxdur...
– Şeir kitabının
ağırlığı 3 kq ola bilməz
e, qardaş. Bir də görürsən,
qapımıza kimi gəlib çıxır o kitablar. "Böyük sənətkar Nurəddin
Mehdixanlıya müəllifdən”, açırsan içini,
heç nə yoxdur. Belə olmaz axı.
Nəyə lazımdır bu qədər
makulatura? Bəlkə də o az qisim
istedadlar seçilsin deyə, belələri olmalıdır. Təbiətdə də belədir, dəmir filizi
çoxdur, amma qızıl min bir zülmlə tapılır.
– Otağınızda çərçivəyə
salınmış bir əşya diqqətimi cəlb elədi.
Bu şəkil, diplom, yaxud təltif deyil, adi dəftərdir,
amma çərçivəyə salınıb.
– Televiziyada "Ürək dostum”
adlı bir veriliş var. Məni dəvət eləmişdilər
ora. Amma əvvəlcə başqa məsələni
deyim. Deməli, uzun illər öncə
İncəsənət İnstitutunu seçdiyimə görə,
atam məni evdən qovmuşdu. Gecələr
işləyib gündüzlər oxuyurdum. Heç
kəs bilmirdi. Bilənlər də
atamın qorxusundan mənə kömək eləmirdilər.
Müsahibələrimin birində demişdim ki,
mənə hətta bir dəftər belə alıb verməyiblər.
Bu verilişin də rejissoru və aparıcısı məni
həmin proqrama dəvət edəndə bu dəftəri
bağışladı, üstündə də
yazılıb: "Ürək dostum” verilişindən Nurəddinə
uzun illər gözlədiyi dəftər hədiyyəsi”.
– Başqa hansı əşyalar
sizin üçün dəyərlidir, mümkündürsə,
onlardan da danışaq.
– Bu üzük mənə "Cavad
xan” filmindən yadigardır. Bu, Cavad xanın
filmdə qırılıb-dağılan təsbehidir.
– Yenidən bərpa eləyibsiniz?
– Bəli, yadigar saxlayıram. Bu, bayaq haqqında danışdığım kibrit
qutusu. Səmazən təsviri var
üstündə, arxasında da görürsünüz, Cəlaləddin
Ruminin minarəsi. Bu da həmin siqar
qabı.
– Neçənci illərə aiddir?
– Aşağısı altmış
yaşı var. Sovet istehsalı deyil.
– Oynadığınız elə əsər
qəhrəmanı varmı ki, o, artıq sizin
üçün obraz olmaqdan çıxıb, real insanlar kimi
o obraz da canlıdır, diridir?
– Cavad xan. Başda
duran odur.
– Bəs teatr səhnəsində?
– İlk rolum – məni
tamaşaçılara tanıtdıran, aktyor kimi qəbul
etdirən Akademik Milli Teatrın səhnəsində İlyas
Əfəndiyevin "Unuda bilmirəm” tamaşasında
oynadığım Kamran obrazı. Sonra Bəxtiyar
Vahabzadənin "Özümüzü kəsən
qılınc” əsərində Kürşad obrazı – əsər
on il teatrın repertuarında olub, Türkiyəni gəzmişik
o tamaşa ilə. Əsər özündə
türk əqidəsini, türk ruhunu əks etdirir. Bir də bu rolların arasında heç vaxt
unutmayacağım biri də var. Mikayıl Mirzənin
quruluş verdiyi, Cəfər Cabbarlının "Aydın”
pyesi əsasında hazırlanan "Aydın”
tamaşasıdır. Orda
oynadığım rol mənim taleyimdə bir sənət
möhürüdür. Yəni əslində,
rolların hər biri sənin üçün bir mərhələdir,
sənin inkişaf istiqamətini göstərir. Və müəyyən obrazlar var ki, onlar həmişə
diridirlər. Məsələn, Şeyx Nəsrullah.
Nə yaxşı ki, belə obrazlar var və biz öz
sözümüzü, cəmiyyətin dərdlərini
onların vasitəsi ilə də xalqa
çatdırırıq...
Mehdixanlı Nurəddin
Kaspi.-2018.- 7 iyul .- S.12-13.