«Dəbi sən yarat»
şüarı ilə yola çıxan xanım
Aytən Xəlilzadə: “Mənim
üçün həyatda ən böyük həzz kiminsə
«edə bilməzsən» dediyini etməkdir”
"Mən hər geyimdən bir dənə olsun” prinsipi ilə yola çıxdım. Çünki xanımların belə bir psixologiyası var: məndə olan geyimdən başqasında olmasın. Bu, onlar üçün önəmlidir. Bəzən bir məclisdə iki xanımda geyimin rəngi belə eyni olması onların xoşuna gəlmir. Özüm də xanım olduğuma görə o psixologiyanı yaxşı bilirdim. Ona görə də qərara aldım ki, tək ölçü, tək dizayn, tək xanım üçün işlər hazırlayım” – bu sözləri bizimlə söhbətində "Rozsev”in təsisçisi Aytən Xəlilzadə söylədi.
Onunla öz geyim brendini yaratması ilə bağlı keçdiyi yoldan və işinin bugünkü durumundan danışdıq.
- Tarix üzrə təhsil almısınız, amma bu gün moda sahəsindəsiniz. Demək ki, əsas marağınız bu istiqamətə olub...
- Uşaqlıqdan modaya marağım olub. Ali təhsil
zamanı gələndə də məqsədim əslində,
Rəssamlıq Akademiyasında oxumaq idi, ancaq birinci turdan
keçsəm də, ikincidən cüzi balla kəsildim. Ona
görə tarix fakültəsində oxudum. Amma marağım
yox idi, dərslərə həvəslə getmirdim, gecikirdim,
dərsdən qaçırdım. Dərsdə hamı
mühazirə yazanda, mən arxa partada oturub eskiz çəkirdim.
Təşkilata gedirdim, orada "Fashion Academy” layihəsi var
idi. İdeya müəllifi idim, orda özüm də
iştirak edirdim. Universitet bitirdikdən sonra valideynlərimi
razı salıb İstanbulda "Moda Akademiyası”na getdim,
orda markanı yaratmaqla bağlı "Workshop”da iştirak
etdim. Oradan qayıdanda artıq əmin idim ki, mən bu işi
görməliyəm. Və tikməyi öyrənməyə
başladım. Sonra öyrənə-öyrənə həm
də pul qazanırdım. Münasib qiymətə
parçalar alıb anama paltarlar tikirdim. Anamda geyimlərimi
görən iş yoldaşları mənim müştərim
olmağa başladılar. Həm öyrənirdim, həm də
pul qazanırdım. İki ilə yaxın belə öyrənmə
davam etdi. Moda biznesi qurmaqla bağlı hətta treninq belə
keçmişdim. Amma bu işi biznes halına gətirməklə
bağlı sanki məni itələyən qüvvə yox
idi. Kömək etmək istəyən insanlar az idi, təcrübəli
də deyildim. Ona görə yıxıla-yıxıla öyrəndim.
- Bəs bu
işi artıq sistemli biznes halına gətirmək qərarını
necə verdiniz? Sizə təkan verən qüvvə oldumu?
- Bu ilin aprel ayında real həyatdan götürülmüş nümunələr əsasında çəkilmiş "Boss girl” filminə baxdım. Bu, motivasiya verdi ki, mən də sıfırdan başlaya bilərəm. Orda heç nəyi olmayan qız bir gecənin içində moda aləmində işə başlamaq qərarı verir. Onlayn ticarətlə 10 dollara aldığı geyimi 600 dollara satır. Sonra artıq böyük bir iş qurmağa nail olur. Bu filmdən sonra dedim ki, mən də bu işə başlayacam.
- Ancaq hər
şey filmlərdəki qədər asan olmur...
- Təbii
ki. Amma film sadəcə, mənə təkanverici
qüvvə oldu. Filmi izlədiyim
günün səhərisi rəfiqəmlə görüşdüm.
O vaxta qədər əlimdə bəzi tikdiklərim var idi ki,
özüm üçün evdə saxlayırdım. Məndən
başqa heç kim onları görməmişdi.
Bu da məni daha çox üzürdü.
Rəfiqəm mənə dedi ki, sadəcə,
özünü yoxla, heç nə itirmirsən ki. İnternetdə elan yazdım. Mənimlə
ödənişsiz işləmək istəyən fotoqraflar,
modellər, vizajist tapdım. Elə oldu ki,
iki həftə ərzində çəkilişimiz baş
tutdu. Bilirsiniz, sıfırdan başlamaq həmişə
çətin olur. Komandanız yoxdursa,
ikiqat çətin olur. Çox soyuq havada
ziyafət geyimlərində modellərin şəkillərini
çəkdik. Ödənişsiz gəlsələr
də, onlar o havada işləməyə dözdülər.
Səhəri gün dedim ki, şəkillər hazırdır,
loqo vurulub, amma hələ də mənim komandam yoxdur. Modellər bir günlük gəlib çəkildilər,
getdilər. Amma komanda lazımdır.
Öz-özümə dedim, Aytən, filmi
göz önünə gətir, utanma, çəkinmə. Sevdiyim bir söz var. Deyir ki, sən yeriməyə
başlayanda yol görünəcək. Sosial
şəbəkədə ikinci bir paylaşımı etdim.
Çətinliklərimi, nədən
başladığımı, nə istədiyimi yazdım.
Çünki ən böyük silah səmimiyyətdir.
Əgər səmimisənsə, insanlar sənə
inanacaq, dəstəkləyəcək. Mən
isə möcüzələrə inanıram,
mümkünsüz heç nə yoxdur. Ona
görə də axıra qədər mübarizə
aparmağa başladım. Dəstək
olanlarla yanaşı, "alınmayacaq” deyənlər də
oldu. Paylaşımdan sonra gördüm ki, mənim kimi bu
sahədə çalışmaq, nələrsə etmək
arzusunda olan nə qədər xanım var. Gözləyirlər
ki, kimsə onlara təkan versin. İçində
ümidsiz olanları da var idi ki, bu işi istəyirdilər,
amma alınacağına inanmırdılar. Mənsə seçimimi etdim. Hazırda
komandamda 5 nəfər xanım var. Hələ ki ilk
aylardayıq deyə ödənişsiz işləyirlər və
hər şeydə mənə kömək edirlər.
- Əvvəldən bu
işdə var idiniz, amma sonra fasilə verdiniz. Bu ilin aprelində yenidən
başladınız. Fasiləyə səbəb
olan nə idi?
-
Yaradıcı insanam və məndə ruhən
düşüb-qalxmalar çox olur. Bəzən
özümü elə hiss edərəm ki, məndə
heç nə alınmaz, esksiz çəkə bilmərəm.
Bəzən isə 5 dəqiqənin içərisində
5 geyim ideyası yaranır və çatdırıb çəkə
bilmirəm. Bir az maddi cəhətdən
problem oldu, komanda da yox idi. Düşündüm
ki, özümü toplayım, konkret nə istədiyimi müəyyənləşdirim.
Düzgün vaxt yetişməmişdi. Əvvəllər bu sahədə fəaliyyət
göstərirdim, amma kolleksiya hazırlamamışdım.
Bundan bir az çəkinirdim. Sadəcə sifarişlər qəbul edirdim,
hazırlayıb öyrənirdim. Sonra sanki məndə
bir az durğunluq dövrü oldu, artıq
sifariş götürmək istəmirdim. Sadəcə,
çəkirdim, düşünürdüm. Sonra yenidən bu işi qurmaq qərarı verdim.
Daha sifariş əsasında işləmədim,
ancaq mənim öz geyimlərim olacaqdı. Mən markalaşmağa çox meyilliyəm. İşim üçün bəzi prinsiplərim
var və onlardan keçmirəm.
- "Rozsev” maraqlı
addır. Bunun mənası
nədir?
- Bizdə
hansısa brend yaradanda, adətən hamı öz
adını qoyur. Mənim adım onsuz da brendin
təsisçisi kimi qalacaq. Ancaq sevdiyim iki
xanım var ki, onlar mənim həyatımda böyük rol
oynayıblar. Nənəm (Roza) və anam
(Sevinc). Adlarının əvvəlini birləşdirib
bir ad düzəltdim. İstədim ki,
onlar da yaddaşlarda qalsınlar. Nənəm
rəhmətə getməmişdəm 2-3 həftə öncə
qərar vermişdim, onun adını verəcəyimi də
bilirdi.
- Dediniz ki, ilk vaxtlar sifarişləri
götürəndə həm də bu işi öyrənirdiniz.
İşinizdən narazı qalan müştərilər
olurdu?
- Qətiyyən.
Çünki çox məsuliyyətli idim.
Anam həmişə mənə deyirdi ki, nə iş
görürsən-gör, səliqəli gör. Mənə tikişi öyrədən xanım həmişə
deyirdi ki, "bilmirəm” sözünü demə. De ki, bilirəm, mən sənə kömək edəcəyəm.
İlk vaxtlar mənə sifariş verənlər
professional olmadığımı bilirdilər, sadəcə,
anama o qədər səliqəli tikirdim ki, bunu
görürdülər. Əgər paltar
mənim əlimdədirsə, onu bitirməyənə kimi əl
çəkmirəm. Bəzən manyak kimi
işləyirdim. Hətta mənə tikməyi
öyrədən xanımdan baha tikirdim. Məsuliyyətli
idim, tez və səliqəli işləyirdim. Bəzən ad günümə müştərilərim
hədiyyə göndərir, məni təbrik edirdilər.
Bu da mənə xoş gəlirdi.
- Maddi dəstək
almırdız heç kimdən? Çünki bu, bir az işi rahat edə bilərdi...
- Bizdə
adətən, belədir ki, bir gənc iş qurmaq istəyəndə
valideynləri, ya ayrı yaxınları ona dəstək olur,
yaxud kimləsə iş birliyi edirlər. Amma mən
heç vaxt partnyorluğun tərəfdarı
olmamışam. Bunun müəllif
hüquqları mənə aiddirsə, paylaşa bilmərəm.
Valideynlərimdən də dəstək almaq istəmirdim.
Çünki öz gücümə bunu etmək
istəyirdim. Çətin
olacağını da bilirdim. Uğur hekayələrini
oxumağı çox sevirdim. İnsanların
sıfırdan başlamaları mənə maraqlı gəlirdi.
Mübarizliyi sevirəm. Mənim
üçün həyatda ən böyük həzz kiminsə
«edə bilməzsən» dediyini etməkdir. Mən ilk dəfə tikməyi öyrənəndə
belə, hamı asan model götürəndə mən gedib ən
çətin modelləri götürürdüm. Soruşurdular ki, bu səndə nə xəstəlikdir?
Cavab verirdim ki, bu daha çox xoşuma gəlir.
Təbii ki, işin çətin tərəfləri
çoxdur. Mənimlə işləyən
xanımların hamısı işi yeni öyrənənlərdir,
ona görə məsuliyyət mənim üstümdədir.
Üstəlik, bu iş üçün lazım olan digər
işləri də mən görürəm. Kənardan
baxanlar mənə deyirlər ki, sən çox xoşbəxtsən,
maraqlı işin var. Hətta asan olduğunu deyənlər də
var, amma heç də kənardan göründüyü kimi
deyil (Gülür).
- Geyimlərinizi
özünüz hazırlayırsınız?
- Məndə
əsas istiqamət ziyafət geyimləridir. Ona
görə özümün, anamın və bacımın
ziyafət geyimlərini özüm tikirəm. Tikməyi öyrənəndən sonra paltara pul xərcləmək
istəmədim. Baxırdım,
görürdüm ki, model xoşuma gəlir, gedib parça
alıb özüm tikirdim. İnsanlar da
gördükdə bəyənib istəyirlər. Həmişə ziyafətlərə gedəndə
öz geyimlərimi geyinirəm. Çünki
modelyer olduğunu biləndə, öncə sənin geyindiklərinə
baxırlar. Özüm tikib-tikmədiyimi
soruşurlar, tikişlərinə baxırlar. Gündəlik geyimləri isə çox vaxt
alıram. Bəzən olur ki, onları da
tikirəm.
- Dəbi izləyirsiniz?
- Rənglərlə bağlı trendləri hə, amma dəblə bağlı verilişləri çox da yox. Mən «Dəbi sən yarat» şüarı ilə yola çıxmışam. Sən yarat, qoy hamı səndə görüb təkrarlasın. Başqalarının işlərinə baxıb eskiz cızanda adama elə gələ bilər ki, öz ideyandır, amma başqasının olar. Yəni elə bilirsən ki, sənin ideyandır, amma əslində başqasında görmüsən, şüuraltında qalıb.
- Bəs, dəbi
yarada bilisiniz?
- Hə, dəb cəsarət deməkdir və
o hamı üçün deyil. Çünki elə insanlar
var ki, individuallığı sevmir. Mən bunu təəssüf
hissi ilə deyirəm. Bəzən küçədə gedəndə
görürsən ki, bütün xanımların stili eynidir,
individuallıq azdır. İndividual tərzi olan xanım
tapmaq çətindir. Cəsarətli xanımlar görəndə
çox xoşuma gəlir. Cəsarət deyəndə, dekolte
nəzərdə tutmuram, yəni öz stilini
formalaşdırırsan, yaraşdırırsan və geyinirsən.
Bəzən elə bir geyim, elə bir rəng olur ki, çox
adam onu geyinməyə cəsarət etmir. Ancaq onlar onu geyinir.
Cəsarətli xanımlara bütün geyimlər
yaraşır.
Aygün
Asimqızı
Kaspi 2018.- 7 iyul .- S.8.