Sənətşünaslığımızın Sabiri

 

Və ya rəssamların dostu, “şəkil çəkənlər”in isə düşməni

 

Təməli Sadiq bəy Əfşarın "Qanun üs-süvər” ("Təsvirin qanunları”) risaləsi ilə qoyulan Azərbaycan sənətşünaslıq elminin çağdaş dövrdə daha geniş vüsət almasında əvəzsiz rolu olan sənətşünaslarımızdan biri də Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ziyadxan Əliyevdir.

Tanışlıq üçün qeyd edək ki, Ziyadxan Alxan oğlu Əliyev 1948-ci ildə anadan olmuşdur. İxtisas təhsilini əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində (1970-1974) almış və bu təhsil ocağının rəngkarlıq şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. Sonra isə İ.Y.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun sənətşünaslıq fakültəsində (1976-1982) təhsil almışdır.

 

40 ildən çoxdur ki, elmi yaradıcılıqla məşğul olan Ziyadxan Əliyev, bu illər ərzində yerlixarici ölkələrin (ABŞ, Rumıniya, Rusiya, Ukrayna, Özbəkistan, Qırğızıstan və s.) mətbuatında dərc olunan çoxsaylı elmi məqalələrin müəllifidir. Dövrünün bədii yaradıcılıq proseslərinə obyektiv "bədii güzgü” tutması, düzə-düz, əyriyə-əyri deyə bilməsi onu yaşlı və gənc həmkarlarından daim fərqləndirmişdir. Elə bu səbəbdən, onun rəssamlar arasında "acı dil” sənətşünas kimi tanınması da haradasa təbii görünür. Vaxtilə "peşə namusuna xəyanət edən yaşlı "həmkar”larının yanlış qənaətlərinə sərt mövqe bildirən sənətşünas Ziyadxan Əliyev, öz milli-mənəvi kimliyinə sadiq qalmaqla, özünün, bu gündə nümayiş etdirdiyi əqidə saflığını və əzmkarlığını qoruyub saxlamaqdadır. Bu mənada, əgər zamanında, əhatələndiyi gerçəkliyə ədalətli tənqidi baxışlarına görə, Əzim Əzimzadəni "rəssamlığımızın Sabiri” ayaması ilə fərqləndirmişiksə, yazılarında və çıxışlarında sənət məkanında yaşanan bədii proseslərə obyektiv-kimlərəsə xoş gəlməyən münasibət göstərən Ziyadxan Əliyevi də "sənətşünaslığımızın Sabirikimi dəyərləndirmək mümkündür.

Bəzən, yazdığı məqalələrdə ifadə etdiyi tənqidlər birmənalı qəbul olunmasa da, o, məhz bu mövqeyinə görə "əsl rəssamların dostu, "şəkil çəkənlər”in düşməni” kimi yaddaşlara həkk olunmuşdur.

 

Ziyadxan Əliyevin özünəməxsus cəhətlərindən biriözünün təbirincə desək, özündən sonra gələn gənc sənətşünas nəslinə xeyirxah münasibət göstərməsidir. Belə ki, ona müraciət edən gənclərdən heç vaxt öz mənəvi dəstəyini əsirgəməmişdir. Əksinə, onlara bu sahənin incəliklərinin dərindən mənimsənilməsində böyük köməklik göstərmiş, məqalə yazmaqda – sənətşünaslığın sirlərinə yiyələnməkdə lazımi istiqamət vermişdir. Gənc yazarlara daha yaxşı sənətşünas olmaq üçün təsviri sənətin hər hansı bir növünə müəyyən qədər yiyələnməyi, quru təsvirçilikdən uzaq olmağı və tənqidetmə bacarığını mənimsəməyi yorulmadan tövsiyə edir. Ziyadxan Əliyevin uzun illər ərzində Azərbaycan Rəssamlar İttifaqındakı müxtəlif nəsil təmsilçilərinin bir araya gəldiyi "Tənqid və sənətşünaslıq” bölməsinə rəhbərlik etməsi də, ona, həmkarlarının rəğbətinin ifadəsinin nəticəsidir.

 

Azərbaycanda və ölkədən kənarda fəaliyyət göstərən çağdaş Azərbaycan təsviri sənəti nümayəndələrinin əksəriyyətinin  tanınmasında da bilavasitə Ziyadxan Əliyevin rolu böyük olmuşdur. Demək olar ki, o, Azərbaycanda bütün tanınmış və görkəmli rəssamların emalatxanasına daim baş çəkməklə, onların yaradıcılıqlarını müxtəlif illərdə müxtəlif yazılarla işıqlandırmışdır.

 

Ziyadxan Əliyev yaradıcılığının xarakterik xüsusiyyətlərindən biri də yazdığı məqalələrin mövzu dairəsinin geniş olmasıdır. Müstəqillik illərində yazılan dissertasiyaların ədəbiyyat siyahısına nəzər yetirməklə, buna əmin olmaq mümkündür.

 

 Etiraf edək ki, onun təsviri sənətin bütün sahələri, eləcə də dekorativ-tətbiqi sənət və memarlıq haqqında olan monoqrafiyaları, kitabkataloq yazıları, çoxsaylı məqalələri öz aktuallığı və oxunaqlılığı ilə daim tədqiqatçıların diqqət mərkəzində qalmaqdadır. Belə ki, onun yaradıcılığını təşkil edən "Famil Əliyev” (1986), "Azərbaycan eklibrisi” (1989), "Mir Möhsün Nəvvabın rənglər aləmi” (1996), "Naməlum Səttar” (2006), "Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə” (2007), "Xilas olunmuş gözəllik” (2007), "Sənətin Məcnunu” (2009), "Günahlı dünyanın günahsız adamı və yaxud Səttar Bəhlulzadə romantizmi” (2014), "Azərbaycan rəqs geyimləri” (2010), "Səməd Vurğun təsviri sənətdə” (2010), "Cizgilərə hopan ömür. Cəmil Müfidzadə” (2011), "Tənha döyüşçü. Zakir Hüseynov” (2011), "Altay Hacıyev” (E.Qasımova ilə birlikdə, 2011), "Azərbaycan incəsənəti ensiklopediyası. I-III cildlər. (A.Xəlilovla birlikdə, 2010-2011), "Fəxrəddin Məmmədvəliyev” (2012), "Sabir təsviri sənətdə” (2012), "Sönmüş ocağın işıqları” (2013), "Plastikanın poetik çalarları. Görüş Nurəddinoğlu” (2013), "İlmələrin hikməti. Eldar Mikayılzadə” (2013), "Arif Hüseynov” (2014), "Boyalı gülüşlər” (2014), "Gerçəkliyin rəngi. Tamilla Seyidova” (2014), "Sənətkar ömrü. Şaiq Məmmədov” (2016) və "Bəhruz bəy Kəngərli taleyi” (2017) kitabları aktuallığını qorumaqla, zamansızlığa qovuşan elmi-mənəvi qaynaq kimi qəbul olunmaqdadır. Onun hazırda yeni kitablar üzərində çalışması göstərir ki, tezliklə sənətşünaslığımız maraqlı tədqiqatlarla zənginləşəcəkdir.

 

 Sənətşünasın yaradıcılıq bioqrafiyasında atribusiya, yəni, müəllifləri bu vaxta qədər naməlum qalan əsərlərin kimliyinin müəyyənləşdirilməsi məsələsinin yer alması da onu digər həmkarlarından fərqləndirir. Bu mənada Azərbaycan Milli İncəsənət Muzeyinin elmi şöbəsinə rəhbərlik etdiyi müddətdə P.Klass, J.Düpre, K.Korovin, F.Hals, Zivər bəy Əhmədbəyov, Usta Qənbər Qarabağib. müəlliflərin əsərlərinin müəllifliyini elmi əsaslarla təsdiqləməsi, zamanında mədəni hadisə kimi dəyərləndirilmişdir.

 

 Ziyadxan Əliyev 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüş, 2014-cü ildə isə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Səttar Bəhlulzadənin yaradıcılığında romantizmmövzusunda dissertasiya müdafiə etmişdir. Maarifçilik fəaliyyətinə görə, 2018-ci ildə nüfuzlu "Kaspi” mükafatına layiq görülmüşdür.

 

 Ziyadxan Əliyev həmçinin 2017-ci ildə təsis etdiyi "Sənətşünaslığın təbliği” ictimai birliyinin sədridir. O, müxtəlif illərdə Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Yaradıcılıq Fondu, Azərbaycan Rəssamlar İttifaqında əmək fəaliyyəti göstərmiş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Hazırda isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının İncəsənət tarixi kafedrasının dosenti vəzifəsində çalışır.

 

Aslan XƏLİLOV

Azərbaycan Rəssamlar İttifaqının üzvü

Kaspi.- 2018.- S.15.