Turizm sahəsini inkişaf etdirmək üçün əsas prioritetlər
Ekspertlər deyir ki, ilk növbədə savadlı,
işini bilən kadrların yetişdirilməsinə,
keyfiyyət göstəricilərinin
yüksəldilməsinə xüsusi diqqət ayırmaq lazımdır
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin Turizm və Menecment Universitetində məzunlarla
görüşü keçirilib. AZƏRTAC xəbər
verir ki, görüş zamanı agentliyin sədri turizmlə bağlı bəzi məqamlara toxunub: "Hazırda Azərbaycanda ixtisaslı kadrlara ehtiyac duyulan yeni turizm
sənayesi inkişaf edir. Müstəqilliyimizin
ilk illərində daha
çox neft və qaz ehtiyatlarının
istehsalı, daşınması
və idarə edilməsi sahəsində
mütəxəssislərə ehtiyac duyulurdusa, post-neft dövründə əsas diqqət Prezident İlham Əliyevin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin
təsdiq edilməsi"
haqqında Fərmanında
qeyd olunan digər prioritet sahələrin inkişafı
üzrə ixtisaslı
kadrların formalaşdırılmasına
yönəldilir”.
F.Nağıyev görüşdə həmçinin agentliyin bundan sonrakı mərhələdə hansı
sahələrə daha
çox diqqət ayıracağını, hansı
sahələrin prioritet
seçildiyini də açıqlayıb: "Yeni
turizm siyasəti formalaşdırılacaq, turizm
sənayesinin bütün
üzvləri prosesə
cəlb olunacaq, daha uzunmüddətli inkişaf üçün
araşdırma və
statistikanın yaxşılaşdırılması
üzərində işlər
görüləcək, turizmdə
innovasiyalar və müasir texnologiyaların
imkanlarından maksimum
istifadə ediləcək,
dövlət-özəl biznes
əməkdaşlığının genişlənməsində səylər
artırılacaq. Turizmdə özəl
biznesin müasir inkişaf standartlarına çatması üçün
dövlət tərəfindən
dəstək veriləcək.
Turistlərin məmnunluğunu artırmaq, qalma müddətini uzatmaq və mövsümiliyi aradan qaldırmaq üçün yeni turizm məhsulları işlənib hazırlanacaq.
Həmçinin Azərbaycanın turizm brendi yenidən
formalaşdırılacaq. Ölkəmizin tanıdılması üçün turizm bazarlarında daimi turizm nümayəndəlikləri
yaradılacaq”.
Agentliyin sədrinin qeyd etdiyi məsələlərin
növbəti mərhələdə
turizm sahəsinin inkişafına necə təsir edəcəyini, hansı üstünlükləri
gətirəcəyini, həmçinin
bu sahədə başqa hansı addımların atılmalı
olduğu öyrənməyə
çalışdıq.
Azərbaycan Turizm Assosiasiyası
(AzTA) sədrinin müşaviri Müzəffər
Ağakərimov deyir ki, ilk olaraq savadlı, işini bilən kadrların yetişdirilməsinə, işin
keyfiyyət göstəricilərinin
yüksəldilməsinə xüsusi diqqət ayırmaq lazımdır:
"Ümumiyyətlə, bu
sahənin inkişaf etdirilməsi həm turizm üzrə strateji yol xəritəsində,
həm də cənab prezident İlham Əliyevin verdiyi sərəncamlarda öz əksini tapıb. Turizm Şurasının yaradılması və bu kimi digər
sərəncamların verilməsi
turizmin inkişafında
böyük rol oynayır. Digər turizm qurumları
da bunlara əsasən işini qurur. Turizm sahəsində aparıcı
ölkələrdən birinə
çevrilmək üçün
hələ çox işlər görülməlidir.
Bu işlərin bir çoxu isə strateji yol xəritəsində öz əksini tapıb. 2020-2025-ci illər üçün bizim əsas məqsəd və vəzifələrimizdən biri
də dünyanın turizm üzrə 20 aparıcı ölkələri
siyahısına Azərbaycanın
da adını yazdırmaqdır. Bunun üçün
də ilk növbədə
peşəkar kadra, həmin kadrların ön plana çəkilməsinə
ehtiyac var. Çünki
hər bir sahədə olduğu kimi, turizmdə də insan amili
mühüm rol oynayır. İnsan olmasa, müasir texnikanı kim
işlədə bilər?
Ona görə, məncə,
ilk növbədə savadlı,
işini bilən kadrların yetişdirilməsinə,
işin keyfiyyət göstəricilərinin yüksəldilməsinə
xüsusi diqqət ayırmaq lazımdır.
Burada da əsas iş turizm sahəsi üzrə ali
və orta təhsil ocaqlarının
üzərinə düşür”.
Müsahibimiz turizm sahəsində inkişaf əldə etmək üçün hansı məqamlara xüsusi önəm verilməli olduğunu dedi: "Turizmin yeni növlərini yaratmaq və inkişaf etdirmək üçün mütləq ekspert qrupları yaradılmalıdır. Həmin qrupa da bu sahədə kifayət qədər təcrübəsi olan, savadlı mütəxəssislər cəlb olunmalıdır. Bu ekspert qrupu turizmin gələcək konsepsiyasını, hansı növlərinin ölkəmizdə inkişafının daha münasib olduğunu müəyyən etməlidir. Yəni bu sahənin inkişafında mütəxəssis rəyinə ehtiyac var. Bundan başqa, otellərin və şirkətlərin nəzarət mexanizmi həyata keçirilməlidir. Çünki nəzarət olmasa, bu sahədə xaos yaranar, keyfiyyət göstəriciləri aşağı düşər. Həmçinin yeni açılan otellərdə və turizm şirkətlərində işləyənlərə bu sahə ilə bağlı təlimlər keçilməlidir. Çünki ölkəmizə qonaq gələn turistə yüksək səviyyədə xidmət göstərilməlidir. Əgər o, buradakı xidməti bəyənməzsə, çox güman, bir də ölkəmizə gəlməz. Bir çox otellərdə xidmətlə qiymət üst-üstə düşmür. Xüsusilə də bayram günlərində otellərdə süni qiymət artımı olar. Ona görə də bu kimi halların qarşısını almaq üçün nəzarət mexanizmi vacibdir. Digər tərəfdən, diqqət edilməli məqamlardan biri də tur bələdçiləridir. Tur bələdçilərinin həm dil, həm də ölkəmiz haqqında bilgisi çox yüksək səviyyədə olmalıdır. Çünki onlar turistlə birbaşa əlaqədə olan əsas şəxslərdir”.
Ümumdünya Sağlamlıq Turizm Təşkilatının prezidenti Ruslan Quliyev Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin fikirlərini yüksək qiymətləndirdiyini və agentliyin qarşısına qoyduğu prioritet məsələlərin həyata keçirilməsi nəticəsində turizmin kifayət qədər inkişaf edəcəyini bildirdi: "Atılan bütün addımlar turizmin inkişafına xidmət edir. Agentlik də Azərbaycan turizm brendinin daha geniş ərazidə yayılması üçün bu istiqamətdə çox əhəmiyyətli işlər həyata keçirir. Təbii ki, burada strateji yol xəritəsində qeyd edilən məqamlar da əsas götürülür. Agentliyin uğurlu fəaliyyəti nəticəsində bu il turizm haqqında qanununun parlamentdə müzakirəsi tamamlandıqdan sonra təsdiqlənməsi gözlənilir. Bununla paralel olaraq, kadr hazırlığının daha da təkmilləşdirilməsi, turizm sahəsində olan ali və orta təhsil müəssisələrinin beynəlxalq təcrübəyə əsaslanan fəaliyyətinin genişləndirilməsi də qarşıya qoyulan məqsədlərdəndir”.
Təşkilatın rəhbərindən dövlətin bu sahədəki özəl biznesə dəstəyini də soruşduq: "Dövlətin təşviq və subsidiya siyasəti, eyni zamanda bölgələrdə turizm yönlü müəssisələrin yaradılması bu istiqamətdə aparılan işlərdəndir. Bu addım turizm sahəsinə yatırım edən yerli sahibkarlar üçün çox əlverişlidir. Təşviq məsələlərinə torpaq və əmlak vergisindən 7 il azad olma, mənfəət vergisində təxminən 50 faiz güzəştlərin tətbiq olunması, eyni zamanda sığorta fondunun yaradılması aiddir.
Düşünürəm ki, bu, çox vacib addımdır. Bu addım qısa müddətdə ölkəmizdə mehmanxanaların sayının artmasına şərait yaradacaq”.
Günel
Azadə
Kaspi.- 2018.- 5 iyul.- S.11.